Məhkəmə qərarları › İş №1(012)-323/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-323/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-323/2023 13.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Füzuli rayonu Saracıq kəndində qeydiyyatda olmaqla Füzuli rayonu Zobcuq-4 qəsəbəsi ev 360-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən, Zərərçəkmiş şəxs avtomobil yuma məntəqəsində işlədiyi müddətdə, yəni 02 dekabr 2021-ci il tarixdə saat 19 radələrində sonuncuya məxsus “Mercedes Benz” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı 90 manat dəyərində olan 1 ədəd “Chrono” markalı kişi qol saatını və həmin məntəqədəki istirahət otağında saxlanılan 1700 manat dəyərində olan 1 ədəd “Omax” markalı avtomobil yuma aparatını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1790 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Füzuli rayonunda qeydiyyatda olsa da təxminən 3 il əvvəldən ailəsi ilə birlikdə Bakı şəhərinə gəlib, Bakıxanov qəsəbəsində kirayədə yaşamaqla iş axtarmağa başlamış, əvvəllər müxtəlif yerlərdə fəhləçilik edib pul qazansa da 2021-ci ilin sentyabr ayından Xırdalan şəhərində Bakı Hümanitar Kollecinin arxasında yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi avtomobil yuma yerində işləməyə başlamış, həmin yerdə 4 ay, yəni 2021-ci ilin sentyabr ayından dekabr ayının sonunadək işləmiş, 2021-ci ilin noyabr ayında ailə vəziyyəti ilə əlaqədar həyat yoldaşını və 3 azyaşlı övladını Füzuli rayonundakı evlərinə göndərib, sonra kirayə qaldığı evdən çıxıb, iş yernidəki istirahət otağında qalmağa başlamışdır. Həmin ərəfədə yəni, 02 dekabr 2021-ci il tarixdə axşamüstü Zərərçəkmiş şəxs ona özünə məxsus “Mercedes Benz” markalı avtomobilini yumağı tapşırmış, o da həmin maşınının salonunda təmizlik işləri aparardığı vaxt oradakı kiçik saxlanc yerində bir ədəd kişi qol saatı olduğunu görmüş, həmin vaxtı xəstə uşağına dərman almağa pulu olmadığına görə həmin saatı oğurlayıb satmaq qərarına gəlmiş və saatı götürüb cibinə qoymuş, az sonra İsgəndər gəlib maşınını sürüb getmişdir. O da iş yerində qaldığı istirahət otağında nasaz avtomobil yuma aparatını oğurlayıb satmaq qərarına gəlmiş və elə həmin günü saat 19 radələrində aparatın matorunu söküb taksi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, əvvəllər İsgəndərlə motor təmir etdirdikləri yerə aparıb, həmin yerdə işləyən Elmir adlı ustaya 60 manata satmış, oğurladığı saatı da Xırdalana qayıdarkən Bakı şəhəri 20 Yanvar dirəsində avtobus dayanacağında 15 manata tanımadığı cavan oğlana satmışdır. Əldə etdiyi pulu uşağına dərman almağa və şəxsi ehtiyaclarına xərcləmiş, bundan təxminən 20 gün sonra həmin yerdən işdən çıxıb ailəsinin yaşadığı Füzuli rayonu Zobcuq-4 qəsəbəsinə getmiş, 2-3 gün sonra İsgəndər ona zəng edib, maşınından qol saatını oğurladığını söyləmiş, o da əvvəl oğurlamadığını desə də İsgəndərin inanmadığını hiss edib, saatı götürdüyünü söyləmiş və işə qayıdıb saatının pulunu işləyib ödəyəcəyini söyləmiş, avtoyuma aparatını da oğurladığını İsgəndərin biləcəyini hiss edib işə qayıtmamış və telefonunu söndürmüş, İsgəndərin ondan şikayət etdiyini və axtarışda olduğunu bilməmişdir. Bundan başqa mən heç bir oğurluq etməmiş, nə usta Elmir, nə də saatı alan tanımadığı şəxs onun həmin əşyaları oğurladığını bilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri Nizami Gəncəvi küçəsi, ev 34-də yaşayır. Xırdalan şəhərində qardaşına məxsus avtomobil yuma məntəqəsində işləyir və oradakı işlərə nəzarət edir, obyektin bütün məsuliyyəti onun üzərindədir. xx.xx.1987-cı il də Kürdəmir rayonu, Qarabucaq kəndində anadan olan Təqsirləndirilən şəxs həmin avtomobil yuma məntəqəsində 3-4 ay müddətində yuyucu kimi işləmiş və 2021-ci ilin dekabr ayının sonunda ona demədən işdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə müvəqqəti olaraq avtomobil yuma məntəqəsinin içərisində olan istirahət otağında yaşamışdır. Rəşadın yaşadığı otaqda o, künc hissəyə sarı rəngli 1700 manat dəyərində “Omax” firmasına məxsus avtomobil yuma aparatı qoyaraq üzərinə işlənmiş avtomobil oturacağının üzlüklərini və ayaqaltılarını yığmışdır. Rəşad işdən getməmişdən bir neçə gün əvvəl övladının xəstə olduğunu deyərək ondan 80 manat borc pul almışdır. O, Rəşad işdən çıxdıqdan bir neçə gün sonra sonuncunun ona məxsus **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonundakı yük yerindən 90 manat dəyərində “Chorono” markalı qol saatını oğurladığını müəyyən edib, dərhal Rəşadının istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurmuş və saatını oğurladığını bildirmiş, Rəşad saatı götürmədiyini bildirsə də sonunda etiraf edərək geri qayıdıb işləyəcəyini və onun saatının pulunu ödəyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, avtomobil yuma məntəqəsinin istirahət otağında təmizlik işləri apararkən oradakı avtomobil oturacaqlarının üzlüklərini çıxaran zaman həmin yerə qoyduğu avtomobil yuma aparatıının yerində olmadığını görmüş və həmin aparatı da Rəşadın oğurladığını hiss edib sonuncunun mobil telefonuna dəfələrlə zəng etmiş, lakin telefon bağlı olduğundan Rəşadla danışa bilməmiş, bundan sonra avtomobil yuma aparatlarının təmiri ilə məşğul olan Elmir adlı ustanın ***-***-**-** mobil nömrəsinə zəng edib sonuncuya bu barədə danışmış, Elmir də Rəşadın həmin aparatı Yasamal rayonu ərazisində yerləşən təmir sexinə aparıb ona satdığını söyləmiş və aparatı satan şəxsin şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonun vhatsaap xidməti vasitəsi ilə onun mobil telefonuna göndərmiş, o da həmin şəkilə baxan kimi Təqsirləndirilən şəxs olduğunu görmüş, bundan sonra 1700 manat dəyərində olan avtomobil yuma aparatının və 90 manat dəyərində olan qol saatının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığına tam əmin olub polisə bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs onun həmin əşyaları oğurladığı tarixi dəqiq bilmir. Ona dəymiş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ailəmlə birlikdə Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi ev 50-də yaşayır. Təxminən 15 ilolar ki, məişət əşyalarının və su nasoslarının təmiri ilə məşğul olur. 7 il əvvəldən Yasamal rayonuunda yaşadığı yerə yaxınlıqda Şərifzadə küçəsindəki balaca təmir sexində işləyir. Zərərçəkmiş şəxs da bir neçə il olar tanıyır, sonuncu əvvəllər bir neçə dəfə onun işlədiyi sexə avtomobil yuma yerində işlətdikləri su vuran aparatı təmir etdirməyə gətirmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir cavan oğlan avtomobil yuma yeriinin su vuran nasosunu və motorunu gətirib, İsgəndərin avtomobil yuma məntəqəsində işlədiyini deyib, satmaq istədiyini bildirmiş, o da həmin vaxtı Rəşadı tanımadığı üçün şəxsiyyət vəsiqəsini istəmiş və motorla nasosu nə üçün satmaq istədiyini soruşmuş, Rəşad da yenisini aldılarına görə həmin nasola motoru satdığını bildirmiş, bundan sonra o, Rəşadın şəxsiyyət vəsiqəsinin ksero surətini alıb, gətirdiyi həmin nasosla motora baxmış və onları təmir edib sata biləcəyini hiss edib, 60 manata ala biləcəyini söyləmiş, Rəşad da heç bir söz demədən razılaşmış, o da 60 manat pul verib həmin nasosla motoru alıb işlədiyi sexə qoymuş, Rəşad da getmişdir. Bundan sonra o, Rəşadı görməmiş, sonuncudan aldığı nasosla motoru isə təxminən bir həftə sonra təmir edib tanımadığı müştəriyə satmışdır. Bir neçə gündən sonra İsgəndər ona zəng edib yaxın günlərdə kimnənsə avtomobil yuma aparatı alıb-almadığını soruşmuş, o da Rəşadın şəxsiyyət vəsiqəsinin ksero surətinin şəklini mobil telefonunun Vhatsaap xidməti vasitəsi ilə İsgəndərin mobil telefonuna göndərib, bir neçə gün əvvəl həmin adamın ona avtomobil yuma aparatının nasaz vəziyyətdə olan bir nasosunu və motorunu gətirib satdığını söyləmiş, İsgəndər şəkli görən kimi Rəşadın onun avtomobil yuma yerində işlədiyini və həmin nasosla motoru oğurlayıb ona satdığını söyləyib, şikayət edəcəyini bildirmişdir. Rəşadın həmin nasosla motoru oğurlayıb ona satdığını İsgəndər ona bu barədə söylədikdən sonra bilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 il, 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 740 nömrəli əfv fərmanına əsasən cəzadan azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, onun sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü qərardan görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxs ifadəsinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı himayəsində (xx.xx.2015-ci il təv. X2) bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Füzulu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il 11 ay 26 gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Füzulu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar