Məhkəmə qərarları › İş №1(012)-325/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-325/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-325/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X3, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Abşeron rayonu, Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndi, “Abeş” yaşayış massivində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24.03.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır kəndi, "Abeş" yaşayış massivində yerləşən yaşadığı fərdi evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs zərbələr vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunan sağ gözətrafı yumşaq toxumaların qançırı-şişkinlik halında əzilməsi, sol bazunun orta 1/3 hissəsinin, sağ saidin yuxarı 1/3 hissəsinin arxa səthinin, sol kürək nahiyəsinin və bel nahiyəsinin sol yarısının qançırları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı cinayət əməlini törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 28.08.2019-cu il tarixdə "instagram" sosial şəbəkəsində tanış olmuşdur. 30.08.2019-cu il tarixdə Türkanla görüşmüş, 2019-cu ilin oktyabr ayından Türkanla birlikdə yaşamışdır. O, bir müddət Türkiyə Cumhuriyyətində yaşadıqdan sonra 15.08.2020-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış, həmin vaxtdan ünvan 1 ünvanında Zərərçəkmiş şəxs atasına məxsus mənzildə yaşamağa başlamışdır. 2021-ci ilin fevral ayında Türkanla aralarında kiçik mübahisə olmuş, bu səbəbdən o, həmin ünvandan gedərək ayrı yaşamağa başlamışdır. 23.03.2021-ci il tarixdə saat 21:00 radələrində Türkana zəng edərək onu görmək istədiyini bildirmiş, Türkanı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşadığı evə çağırmışdır. Türkan taksi ilə həmin yerə gəlmiş, o, Türkanı qarşılamış, birlikdə yaşadığı evə getmişlər. Türkan evdə olan müddətdə o, 2 ədəd "GO" markalı spirtli içki qəbul etmişdir. Təxminən 2 saat Türkanla söhbət etmişdir. Türkan onun mobil telefonuna baxan zaman telefonunda tanımadığı qadının nömrəsini gördüyü üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı o, nalayiq ifadə işlətdiyi üçün Türkan ona irad bildirmişdir. Bu zaman o, ayağa qalxaraq Türkana bir neçə dəfə sillə zərbələri vurmuşdur. Türkan zərbənin təsirindən divanın üzərinə yıxılmışdır. Türkan səsini kəsmədiyi üçün o, Türkanın sifət nahiyəsinə bir neçə dəfə zərbə vurmuşdur. O, kənara çəkilsə də, Zərərçəkmiş şəxs səsini kəsməyərək qışqırmağa davam etmişdir. Qonşuların səsi eşidəcəyindən narahat olduğu üçün xalası – X2 zəng edərək, Zərərçəkmiş şəxs gəlib aparmağını istəmişdir. Təxminən 30 dəqiqə sonra dayısı – X6 və xalası – X4 həmin yerə gəlmişlər. Onlar gəldikdən sonra Zərərçəkmiş şəxs səsini kəsərək evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs həmçinin mübahisə zamanı Zərərçəkmiş şəxs ona zərbə vurmadığını, mübahisə zamanı həmin evdə o və Zərərçəkmiş şəxs başqa heç kim olmadığını, X6 və X4 həmin yerə gələn zaman artıq münaqişənin qurtardığını, Zərərçəkmiş şəxs ilə əvvəllər də bir neçə dəfə aralarında mübahisə və münaqişə olduğunu bildirmişdir. Münaqişə zamanı Təqsirləndirilən şəxs ülgüc götürərək Zərərçəkmiş şəxs üzünü kəsəcəyi ilə onu hədələməsi və 50 sm uzunluğunda 4 sm diametrli dəmir parçası ilə Zərərçəkmiş şəxs başına zərbə vurması ilə bağlı Təqsirləndirilən şəxs göstərilənlərin yalan olduğunu, münaqişə vaxtı ümumiyyətlə ülgüc götürmədiyini, Zərərçəkmiş şəxs dəmir parçası ilə vurmuş olsa, Zərərçəkmiş şəxs bədən xəsarətlərinin ağır olacağını, həmçinin Zərərçəkmiş şəxs vurmaqda məqsədinin səsini kəsməsi olduğunu bildirmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 28.08.2019-cu il tarixdə "instagram" sosial şəbəkəsində xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. 30.08.2019-cu il tarixdə Vüqarla görüşmüş, 2019-cu ilin oktyabr ayından Vüqarla birlikdə yaşamışdır. Vüqar bir müddət Türkiyə Cumhuriyyətində yaşadıqdan sonra 15.08.2020-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış, həmin vaxtdan ünvan 1 ünvanında Zərərçəkmiş şəxs atasına məxsus mənzildə valideynləri və Vüqarla yaşamağa başlamışdır. 2021-ci ilin fevral ayında Vüqar yaşadıqları ünvandan gedərək ayrı yaşamağa başlamışdır. 23.03.2021-ci il tarixdə saat 21:00 radələrində Vüqar ona zəng edərək onu görmək istədiyini bildirmiş, Abşeron rayonu, Masazır qəsəbəsi, "Nemət" marketin yaxınlığında yerləşən yaşadığı evə çağırmışdır. O, taksi ilə həmin yerə getmiş, Vüqar onu qarşılamış, birlikdə Vüqarın yaşadığı evə getmişlər. Həmin vaxtı Vüqarın spirtli içki qəbul etdiyi hiss olunmuşdur. Həmçinin o, evdə olan vaxtı Vüqar spirtli içki qəbul etməyə davam etmişdir. Ondan ayrı yaşamağına görə Vüqara irad bildirmişdir. Vüqar spirtli içkinin təsiri altında nalayiq ifadələr işlətmiş, o, səsini yüksəldərək nalayiq ifadə işlətməmisini istəmişdir. Vüqar ayağa duraraq onun başına yumruq zərbələri vurmuş, o, yıxılmışdır. Daha sonra sol gözünə yumruqla zərbə vurmuşdur. Ona zərbə vuran zaman valideynlərinin barəsində nalayiq ifadələr işlətmişdir. Ülgücü götürərək onun üzünü kəsəcəyi ilə hədələmişdir. Daha sonra sakitləşərək geri çəkilmişdir. Dayısına zəng edərək guya onun Vüqarı döyməyini demişdir. Qalib adlı dayısı və xalası həmin yerə gələrək onu evdən çıxarmışlar. O, evdən çıxdıqdan sonra DİN-nin "102 xidməti" zəng mərkəzi sisteminə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin Təqsirləndirilən şəxs başına, qollarına, ayaqlarına və kürəyinə yumruq zərbələri vurduğunu, yumruq zərbələri çox olduğu üçün sayını xatırlamadığını, Təqsirləndirilən şəxs daha sonra 50 sm uzunluğunda 4 sm diametrli dəmir parçası ilə başına zərbə vurduğunu, özünü müdafiə etmək məqsədilə Təqsirləndirilən şəxs üzünü cırmaqladığını və itələdiyini, Təqsirləndirilən şəxs onu döyən zaman həmin evdə Vüqar və ondan başqa heç kim olmadığını, Qalib adlı dayısı və xalası gələn zaman artıq münaqişənin qurtardığını, əvvəllər də bir neçə dəfə Təqsirləndirilən şəxsla aralarında mübahisə və münaqişə olduğunu bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxlə barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin МТЕ və PA ETT Birliyinin Abşeron rayon şöbəsinin 24.03.2021ci il tarixli 575 nömrəli ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunan sağ gözətrafı yumşaq toxumaların qançırışişkinlik halında əzilməsi, sol bazunun orta 1/3 hissəsinin, sağ saidin yuxarı 1/3 hissəsinin arxa səthinin, sol kürək nahiyəsinin və bel nahiyəsinin sol yarısının qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 24.03.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş Abşeron RİHB Masazır kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olamaqla yaşayır və yaşadığı müddətdə onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs oğlu ilə barışdıqlarını və aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhqiqat zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar