Məhkəmə qərarları › İş №1(012)-325/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-325/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-325/2024 19.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Caniş oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunda anadan olmuş, subay, orta təhsilli, işsiz, Naxçıvan MR, Culfa rayonu, Saltaq kəndində qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi nömrəsiz fərdi evdə kirayə yaşamış, Bakı şəhəri,Binəqədi rayon məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmış-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 16 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıb küçəsi, 90 nömrəlievin qarşısına küçədə yığdığı hər birinin qiyməti 40 manat dəyərində olmaqla ümumi 1080 manat dəyərində 27 ədəd dəmir boru dirəkləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1080 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstədi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evdə kirayə yaşamış və əvvəllər oğurluq cinayəti törətdiyi üçün məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə,saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində olan zaman yolda tanışı Şahid1 ilə rastlaşmışdır. Elçinlə söhbət zamanı Elçinə Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıb küçəsində yerləşən fərdi yaşayış evinin çöl hissəsində özünə məxsus dəmir dirəklərin olduğunu, həmin dirəkləri metal qəbulu məntəqəsinə vermək istədiyini, lakin aparmaq üçün nəqliyyat vasitəsi lazım olduğunu demişdir. Elçin ona “metal qəbulu məntəqəsinin özündə nəqliyyat vasitəsi olduğunu, onların özlərinin də gəlib dəmirləri apara biləcəklərini” demişdir. Bundan sonra onlar birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə getmişlər. Metal qəbulu məntəqəsində o, özünə məxsus dəmir dirəklərin olduğunu, həmin dəmir dirəkləri satmaq istədiyini bildirmişdir. Bundan sonra tanışı Şahid1lə metal qəbulu məntəqəsinə məxsus yük maşınına əyləşərək dəmir dirəklərin olduğu yerə getmişlər. Həmin yerə çatdıqda, Elçin bir daha ondan dəmir dirəklərin ona məxsus olub-olmadığını soruşmuşdur. O, əminliklə Elçinə bildirmişdir ki, həmin dəmir dirəklər ona məxsusdur. Heç bir problem yoxdur. Bundan sonra o, və Elçin dəmir dirəkləri yük maşınına yükləmişlər. 27 ədəd dəmir dirəyi maşına yüklədikdən sonra yük maşına əyləşib metal qəbulu məntəqəsinə tərəf getmişlər. Yolda olan zaman yük maşınının sürücüsü “Al marketin” qarşısında avtomobili saxlamış və “marketə düşüb su alacağını” demişdir. Onlar isə avtomobildə əyləşib gözləmişlər. Bu zaman tanışları Babəki marketin yanında görmüşlər. Babəklə görüşdükdən sonra Babək onlardan hara getdiklərini soruşmuşdur. O da Babəkə metal qəbulu məntəqəsinə getdiklərini bildirmiş və demişdir ki, “əyləşsin maşına bizimlə birlikdə gedək gələk”. Babək də etiraz etməyərək onlarla birlikdə avtomobilə əyləşmişdir. Sürücü su alıb gəldikdən sonra onlar metal qəbulu məntəqəsinə çatmışlar. Dəmirləri Elçin, o, və sürücü yerə boşaltmışlar. Bu zaman polis əməkdaşları onların yanına gələrək hər üçünü saxlamışlardə və polis idarəsinə aparmışlar. Hal-hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan aradan qaldırılmış,zərərçəkmiş şəxs ondan şikayətçi deyildir,məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi evdə ailəsilə birlikdə yaşayır. Evində təmir-tikinti işləri aparıldığı üçün dəmir dirəklər almış, həmin dirəkləri istifadə etdikdən sonra yaşadığı evin hasarından çöl hissəsində yerə yığmışdır. 16 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində işdən yaşadığı evinə gəldikdə yaşadığı evin hasarından çöl hissəsində yığdığı dəmir dirəklərin oğurlanmasını aşkar edib DİN-nin “102” xidmətinə zəng edərək, həyətindən dəmir dirəklərin oğurlanması barədə məlumat vermişdir. Həmin dəmir dirəklərin birinin qiyməti 40 manatdır. Onun yaşadığı evin hasarından çöl hissəsindən 27 ədəd dəmir dirək oğurlanmış və oğurluq nəticəsində ona ümumilikdə 1080 manat maddi ziyan dəymişdir.Hal-hazırda həmin 27 ədəd dəmir dirək ona qaytarılmış,Təqsirləndirilən şəxs şikyətçi deyildir,heç bir tələbi və mülki iddiası yoxdur,bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Abşeron polis idarəsinin ictimai təhlükəsizlik idarəsinin sahə rəisi vəzifəsində işləyir, polis mayorudur.16 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində iş yoldaşı Abşeron polis idarəsinin ictimai təhlükəsizlik idarəsinin sahə poli nəfəri polis baş serjantı Şahid4 Əliəşrəf oğlu ilə Abşeron rayonu, Masazır qəsəbəsi, ABEŞ adlanan yaşayış massivində xidmət aparan zaman ona telefonla yaxınlıqda yerləşən evin qarşısında yığılmış dəmir dirəklərin 3-4 nəfər şəxs tərəfindən oğurlanması və avtomobillə daşınması barədə məlumat daxil olmuşdur. Onlar məlumatı qəbul edib, məlumatda qeyd olunan metal qəbulu məntəqəsinə tərəf getmişlər. Metal qəbulu məntəqəsinə çatdıqda orada 3 nəfər şəxsin metal qəbulu məntəqəsinə dəmir dirəklərin təhvil verməsini görmüşlər. Həmin şəxslərdən dəmir dirəkləri haradan əldə etdiklərini soruşduqda həmin şəxslərdən biri, adının sonradan Təqsirləndirilən şəxs olması məlum olan şəxs bildirmişdir ki, “Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıb küçəsində yerləşən fərdi evin qarşısından oğurlayıb satmaq üçün metal qəbulu məntəqəsinə gətirmişdir”.Onlar kömək üçün ərazidə xidmət aparan polis nəfərlərindən ibarət avtopatrul maşını çağıraraq həmin şəxsləri polis nəfərləri ilə bir yerdə Abşeron rayon polis idarəsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron polis idarəsinin ictimai təhlükəsizlik şöbəsinin sahə polis nəfəri, polis baş serjantı Şahid4 Əliəşrəf oğlu Şahid3 ifadəsinə uyğun, eyni məzmunda ifadə verdi. Məhkəmə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Abşeron polis idarəsinin post patrul xidmətinin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır.16 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində iş yoldaşları Abşeron polis idarəsinin post patrul xidmətinin polis nəfərləri, polis serjantları Şahid6 və X1 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, ABEŞ adlanan yaşayış massivində xidmət aparan zaman sahə rəisi polis mayoru Şahid3 portativ texniki rabitə vasitəsi ilə yaxınlıqda yerləşən metal qəbulu məntəqəsində 3-4 nəfər şəxsin metal qəbulu məntəqəsinə oğurluq dəmir dirəklər verməsi barədə məlumat verərək onları oraya çağırmışdır. O, Abşeron polis idarəsinin post patrul xidmətinin polis nəfərləri, polis serjantları Şahid6 və X1 ilə birlikdə həmin yerə getmişlər. Metal qəbulu məntəqəsinə çatdıqda orada 3 nəfər şəxsin metal qəbulu məntəqəsinə dəmir dirəklərin təhvil verməsini görmüşdür. Həmin şəxslərdən dəmir dirəkləri haradan əldə etdiklərini soruşduqda həmin şəxslərdən biri adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs bildirmişdir ki, “Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıb küçəsində yerləşən fərdi evin qarşısından oğurlayıb satmaq üçün metal qəbulu məntəqəsinə gətirmişdir”. Onlar həmin şəxsləri avtopatrul maşınına mindirərək Abşeron rayon polis idarəsinə gətirib raport yazaraq növbətçi hissəyə təhvil vermişlər. İdarədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1987-ci il təvəllüdlü Şahid2, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.1972-ci il təvəllüdlü Şahid1dur. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron polis idarəsinin post patrul xidmətinin polis nəfərləri, polis serjantları Şahid6 və X1 Şahid5 ifadəsinə uyğun, eyni məzmunda ifadə verdi. İş materiallarında olan şübhəli şəxsin tutulması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə,saat 01:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə MSY-dən azad olunmuş və onun barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş,bundan başqa Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1,69.3-cü maddəsi ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün xx.xx.2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və hazırda icraatdadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Binəqədi rayon məhkəməsinin 1(001)-64/2023 saylı, 08 fevral 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi, başqa cinayət işi ilə bağlı həbsdə olduğu nəzərə alınması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən, yəni 08 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 02 fevral 2023-cü il tarixli 250 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində heç bir markalanma yazısı olmayan polad əsaslı ərintidən hazırlanmış tikintidə istifadə olanuan dirək istifadə olunub (üzərində istismar xarakterli qüsurlar var)və hal-hazırda təyinatı üzrə istifadəyə yaralı bir ədəd dirəyin 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti 40,0 manat, 27 ədəd dirəyin qiyməti isə 1080 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizədə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini,təqsirləndirilən şəxsə qarşı şikayətinin,heç bir tələbinin və mülki iddiasının olmadığını göstərmişdir. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən AR CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallardan hər hansı biri müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın həddini və hansı cəza növünü təyin etmək məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Binəqədi rayon məhkəməsinin 1(001)-64/2023 saylı, 08 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasını Təqsirləndirilən şəxs hazırki hökmlə müəyyən edilən cinayət əməllərini onun barəsində olan Binəqədi rayon məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmündən əvvəl törətdiyi üçün ona AR CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdən, 19 oktyabr 2022-ci il tarixədək tutulduğu 2 gün və Binəqədi rayon məhkəməsinin 1(001)-64/2023 saylı, 08 fevral 20223 -cü il tarixli hökmü ilə müəyyən edlmiş cinayət işi üzrə tutulduğu iki gün, 1 günə 1 gün hesablanmaqla,cəmi 4 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Zərərçəkmiş şəxs qaytarılmış 27 ədəd dəmir dirək zərərçəkmiş şəxsdə saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Caniş oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş azdlıqdan məhrumetmə cəzası Binəqədi rayon məhkəməsinin 1(001)-64/2023 saylı, 08 fevral 20223 -cü il tarixli hökmü ilə təyin olunmuş 1il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 01(bir) il 9(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdən, 18 oktyabr 2022-ci il tarixədək tutulduğu 2 gün və Binəqədi rayon məhkəməsinin 1(001)-64/2023 saylı, 08 fevral 20223 -cü il tarixli hökmü ilə müəyyən edlmiş cinayət işi üzrə tutulduğu iki gün, 1 günə 1 gün hesablanmaqla,cəmi 4 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 1(bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb Zərərçəkmiş şəxs qaytarılmış 27 ədəd dəmir dirək zərərçəkmiş şəxsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Caniş oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur, Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar