Məhkəmə qərarları › İş №1(012)-326/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-326/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-326/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə xx.xx.1972-ci ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, orta təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsi ev 10, mənzil 2-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən «Nurlan» marketin yaxınlığında bacısı Şahid3 kirayədə yaşadığı mənzilin sahibi Şahid1 və qonşuluqda yaşayan Şahid2 arasında borc məsələsi ilə bağlı yaranmış mübahisəyə müdaxilə etdiyinə görə digər qonşu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyyəsindən bir dəfə yumruqla qəsdən vuraraq, ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların – sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyə də əhatə olunmaqla qançırı, sol almacıq nahiyəsinin əzilmiş yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bacısı Səadətlə anası Güldəstə Mehdiabad qəsəbəsində «Nurlan» marketin yaxınlığında Təranə adlı şəxsə məxsus evdə kirayədə yaşamışlar. 2021-ci ilin mart ayında Səadət ona zəng edərək, maddi vəziyyətlərinin pis olması ilə əlaqədar kirayə haqqını ödəyə bilmədiklərini demiş və onları öz evinə aparmasını xahiş etmişdir. Buna görə də anası ilə bacısını öz evinə aparmışdır. Lakin 4 gün sonra anası Güldəstə onun evində qalsa da bacısı Səadət yenidən Təranənin evinə qayıtmış, 3-4 gün sonra isə yenə də ona zəng edərək oradan çıxmaq istədiyini bildirmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Səadətin kirayədə yaşadığı ünvana getmiş və sonuncunun əşyalarını maşına yığmağa başlamışdır. Həmin vaxt üzdən tanıdığı qadın onlara yaxınlaşaraq Səadətin ondan yuyucu vasitə aldığını və 42 manat borclu qaldığını deyərək, həmin pulu ondan tələb etmişdir. Bir qədər sonra isə ev sahibi Təranə oraya gələrək Səadətin kirayə haqqını ödəmədiyini bildirmiş və həmin pulu ondan tələb etmişdir. Bu zəmində Təranə və yanında olan qadınla onun arasında sözlə mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı sonradan adını bildiyi Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq nə baş verdiyini soruşduqda, cavabında Natiqə onu tanımadığını bildirərək söhbətlərinə müdaxilə etməməsini xahiş etmişdir. Həmin vaxt Natiq onun sifət nahiyyəsindən bir dəfə vurduğundan özünü müdafiə etmək üçün Natiqin sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra bacısı Səadət araya girərək onları ayırmışdır. Daha sonra bacısı ilə birlikdə idarə etdiyi «Volkswaqen» markalı, **-BL-*** d.q.n avtomobilə əyləşib oradan uzaqlaşmaq istəyən zaman Natiq avtomobilin qarşısını kəsərək getmələrinə imkan verməmiş və dirsəyi ilə onun idarə etdiyi nəqliyyat vasitəsinin alın şüşəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən şüşə çatladığından avtomobili bir qədər irəlidə saxlayıb avtomobildən düşmək istəmiş, lakin Səadət buna imkan verməyərək onu sakitləşdirmiş və onlar yola davam etmişlər. İlk əvvəl onun bununla əlaqədar şikayət etmək niyyəti olmasa da sonradan Natiqin onun barəsində şikayət etdiyini bildiyindən fikrini dəyişmiş və Mehdiabad PB-yə ərizə ilə müraciət etmişdir. Aralarında baş vermiş mübahisə 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada izahatında qeyd etdiyi şəxslərdən başqa heç kimin olmamış, Zərərçəkmiş şəxs vuran zaman əlində hər hansı bir alət və ya predmet olmamış, eləcə də sonuncunun onun bacısı Səadəti əli ilə itələmiş, həmçinin Zərərçəkmiş şəxs ona məxsus avtomobilin şüşəsini zədələməsi nəticəsində ona 120 manat məbləğdə maddi ziyan dəymişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində yaşadığı evə gedən zaman məhəllədə 2 nəfər şəxsin qonşuluqda yaşayan Təranə və onun yanında olan qadınla mübahisə etdiklərini görüb onlara yaxınlaşmış və nə baş verdiyini soruşaraq onları sakitləşdirmək istəmişdir. Həmin vaxt sonradan adını bildiyi Ədalət ona irad bildirərək nə üçün onların işinə qarışdığını soruşmuş, daha sonra isə onu «işverən» adlandıraraq təhqir etmişdir. Bu səbəbdən öz növbəsində Ədalətə təhqiramiz tərzdə cavab qaytarmışdır. Bu zaman Ədalət onun sol göz nahiyyəsindən yumruqla vurmuşdur. Zərbəni alarkən Ədalətin əlində dəmir açar olduğunu hiss etmişdir. Belə ki, yumruq zərbəsindən dərhal sonra onun gözü şişmiş və həmin nahiyyədən qan axmağa başlamışdır. Bunu görən Təranə yanındakı qadınla birlikdə dərhal onları ayırmışlar. Bundan sonra Ədalət Təranə və yanındakı qadınla mübahisəsini davam etdirmiş, oradan uzaqlaşaraq evinə doğru yol almışdır. Bir qədər sonra isə Ədalətin idarə etdiyi avtomobillə onun yanından keçib getdiyini görmüşdür. Evə qayıtdıqdan sonra DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Ədalətin bacısı Təranənin evində kirayədə yaşamış, lakin kirayə haqqını ödəmədiyindən onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Ədalətə hər hansı bir formada müqavimət göstərməmiş, eləcə də onun avtomobilinə zərər vurmamış, bu barədə göstərilənlərin tamamilə yalandır. Ədalətin əlində konkret olaraq hər hansı bir predmet görməsə də aldığı xəsarətin xarakterinə görə əlində açar olduğunu güman etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Çəkrəz qızı ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayından etibarən anası Güldəstə ilə birlikdə Mehdiabad qəsəbəsində Təranə adlı qadına məxsus evdə kirayədə yaşamağa başlamış, lakin son vaxtlarda maddi sıxıntılarla əlaqədar kirayə haqqını ödəyə bilməmişdir. Buna görə də xx.xx.2021-ci il tarixdə qardaşı Ədalətə zəng edərək onları öz evinə aparmasını xahiş etmiş, Ədalət isə onların bu xahişini elə həmin gün yerinə yetirmişdir. 4 gün Ədalətgildə qaldıqdan sonra yenidən Təranənin evinə qayıtmış, lakin kirayə haqqını ödəyə bilməyəcəyini düşünərək qəti şəkildə kirayədən çıxmaq qərarına gəlmişdir. Bu səbəbdən bir daha Ədalətə zəng edərək gəlib onu aparmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Ədalət onun yaşadığı ünvana gəlmiş və onlar birlikdə ona məxsus əşyaları maşına yığmağa başlamışlar. Həmin vaxt onun yuyucu vasitələr alıb 42 manat borclu qaldığı Azadə adlı qadın onlara yaxınlaşmış və ondan pulunu istədikdə, yaxın günlərdə borcunu ödəyəcəyini bildirdiyindən onlar razılaşmışlar. Azadə ilə söhbət edən zaman ev sahibi Təranə də oraya gələrək ondan kirayə haqqına borclu qaldığı 150 manat pulunu istəmişdir. Maddi imkanı yaxşılaşan zaman borcunu ödəyəcəyinə söz versə də Təranə onların evdən çıxdıqlarını görüb onun borcunu qardaşı Ədalətdən tələb etməyə başlamışdır. Bu səbəbdən onlar arasında sözlə mübahisə yaranmış və bu mübahisə zamanı sonradan adını bildiyi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onlara yaxınlaşaraq qonşuluqda yaşadığını bildirmiş və nə üçün mübahisə etdiklərini soruşmuşdur. Onlar isə öz növbələrində bu məsələnin ona heç bir aidiyyəti olmadığını bildirməklə çıxıb getməsini Zərərçəkmiş şəxs xahiş etmişlər. Bu zaman Natiq Ədalətin yaxasından yapışaraq sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuş, Ədalət isə özünü müdafiə etmək məqsədilə Natiqi kənara itələmişdir. Həmin vaxt araya keçərək onları ayırmağa cəhd edərkən Natiq onun çiyin nahiyyəsindən tutaraq onu kənara itələmiş və Ədalət Natiqin sifət nahiyyəsindən 2 dəfə yumruqla vurmuşdur. Bu vəziyyəti görən Ədalət sərxoş olduğunu xatırladıb Natiqdən oradan çıxıb getməsini istəmiş və Natiq çıxıb getmişdir. Bundan sonra onlar əşyaları maşına yığıb yola düşən zaman Natiq yenidən avtomobilin qarşısını kəsərək onlara yol verməmiş və dirsəyi ilə alın şüşəsinə zərbə vuraraq həmin şüşəni zədələmişdir. Bunu görən Ədalət şikayət etmək istəsə də Natiqin sərxoşluğun təsiri ilə bunları etdiyini bildirmiş və onu şikayət etməyə qoymamışdır. Lakin sonradan Natiqin şikayət etdiyini bildikdən sonra oda şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid3 2020-ci ilin dekabr ayından etibarən ona məxsus, Mehdiabad qəsəbəsində yerləşən evdə anası Güldəstə ilə birlikdə kirayədə yaşamağa başlamışdır. 2021-ci ilin əvvəllərində isə kirayə haqqını ödəyə bilmədiklərindən həmin evdən çıxmışlar. Lakin bir neçə gün sonra Səadət yenidən ona məxsus evə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində o, səs eşidib yaşadığı evdən çıxarkən Səadətin özünə məxsus əşyalarını qardaşı Ədalətin maşınına yığaraq evdən çıxmağa hazırlaşdığını görmüş və qonşuluqda yaşayan Azadə adlı qadınla birlikdə onlara yaxınlaşmışlar. Orada Səadətdən kirayəyə olan borcunu, Azadə isə satdığı yuyucu vasitələrə görə borclu qaldığı pulu istəmişlər. Səadət borclarını qaytaracağına dair söz versə də qardaşı Ədalət onlara veriləsi pulları olmadığını deyərək Səadəti itələyib maşına oturtmuş və onlara qışqıraraq heç nə ödəməyəcəklərini bildirmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və yaranmış səs-küyə qonşuluqda yaşayan Natiq oraya gələrək qonşu olduğunu demiş və nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Ədalət Natiqdən kim olduğunu və nə üçün məsələyə müdaxilə etdiyini xəbər almış, Natiq isə öz növbəsində qonşu olduğunu bir daha demiş və Ədalətdən onların pulunu verməsini tələb etmişdir. Bu zaman Ədalət Natiqi təhqir etdiyindən sonuncu da təhqirlə cavab vermiş və tərəflər arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Ədalət Natiqin göz nahiyyəsindən yumruq zərbəsi vurmuş və zərbənin təsirindən Natiqin gözü şişərək qanamışdır. Buna görə də onlar araya girərək onları ayırmış, Natiq isə evinə qayıtmışdır. Hadisə zamanı Natiqin Ədaləti vurmasını, sonuncunun avtomobilini zədələməsini, eləcə də Ədalətin əlində hər hansı bir alət və ya predmetin olub-olmadığını görməmiş, həmin vaxt Natiqin Səadətə qarşı hər hansı bir formada fiziki zor tətbiq etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 547 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların – sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyə də əhatə olunmaqla qançırı, sol almacıq nahiyəsinin əzilmiş yarası bər-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 609 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə tədbirin görülməsi üçün həmin qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X3 ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0003001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar