Məhkəmə qərarları › İş №1(012)-326/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-326/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-326/2024 04.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1986-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, Abşeron rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarı ilə axtarış verilərək, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» adlı ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf sellofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş təmiz çəkisi 0,363 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamaqla Xırdalan şəhərinə daşımış, 07 iyul 2023-cü il tarixdə saat 13 radələrində Abşeron RPİ-yə daxil olmuş məlumat əsasında Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində, «Ajjess» bankın yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilib həmin gün saat 13:50-dən 14:05-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 0,363 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Sonda etdiyi əməldən peşman olmasını bildirməklə, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilmişdir. O, ilkin ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, bədənində ağrılar olduğundan narkotik vasitə heroindən çəkməklə istifadə edir. 07 iyul 2023-cü il tarixdə saat taxminən 11 radələrində Bakı şəhərində, Şamaxinka adlanan ərazidə dayanacaqda olarkən tanımadığı şəxslə söhbət zamanı narkotik vasita heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə heroin təşkil edə bilməsini bildirmişdir. O, həmin şəxsə onun üçün bir büküm narkotik vasitə heroin gətirməsini bildirmişdir. Həmin şəxs bir bükümü 20 manata alacağını bildirmiş və ona orada gözləməyini bildirib getmişdir. Təxminən 15-20 dəqiqə sonra onun yanına gələrək 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə kakosu, yəni heroini gətirib ona vermişdir. O, bükülünü açıb baxmış və heroin olduğunu görmüş və sonra ona 20 manat pul verib bükülünü alıb əynindəki boz rəngli cins şalvarının sağ yan cibinə qoymuş və oradan avtobusla Xırdalan şəhərinə gələrək, Heydər Əliyev adına parkın yanında düşüb piyada Qalubiyyə küçəsinə tərəf getmişdir. Saat təxminən 13 radələrində «Access» bankın yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron rayon polis idarəsinin əməliyyatçıları olduqlarını bildirmişdirlər. Həmin şəxslər ona, narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması üçün onlarla polis idarəsinə getməli olduğunu bildirmişdirlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Daha sonra Abşeron vəkil bürosundan növbətçi vəkil Sona Qasımova polis idarəsinə dəvət olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri barədə məlumat verilmişdir. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl üstündə saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş əşya və kütlənin olub-olmadığı soruşulmuşdur. O, təxminən 2 saat əvvəl şəxsi istifadəsi üçün alıb şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini masanın üzərinə qoyaraq, polis əməkdaşlarına üzərində başqa hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Polis əməkdaşları üzərində axtarış aparan zaman hər hansı bir eşya aşkar olunmamışdır. Təqdim etdiyi bükümə baxıb və həmin bükümün içərisində nə olduğunu soruşulduqda o, bükümün içərisində narkotik vasitə kakos yəni heroin olduğunu həmin heroini Şamaxinka adlanan ərazidən tanımadığı şəxsdən 20 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra içǝrisində narkotik olan sellofan bükülü kağız zərfa qoyularaq qablaşdırılmış və həmin qablaşdırılmanın üzərində imza qeyd esilmişdir. Daha sonra axtarış aparılması başa çatmış və üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, 07 iyul 2023-cü il tarixdə Abşeron RPİ-nə Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi “Access” bank yaxınlığında narkotik vasitəni üzərində gəzdirməsi və istifadə etməsi barədə məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqəsi ilə Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış və sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, “Access” bank yaxınlığında saxlamışdırlar. Daha sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nin inzibati binasına dəvət etmiş və o, heç bir etiraz etmədən onlarla Abşeron RPİ-nin getmişdir. Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulduqda, şübhəli şəxs könüllü olaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş içərisində toz şəkilli, spesifik qoxuya malik, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu hardan əldə etməsi soruşulduqda o, üzərində aşkar olunmuş bir bükümün içərisindəki toz şəkilli, spesfik iyə malik, qəhvəyi rəngli maddə narkotik vasitənin heroin olmasını və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidən tanımadığı şəxsdən 20 manat müqabilində istifadə etmək məqsədi ilə almasını və üzərində gəzdrdiyini bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış üzrə Şöbənin əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. Şübhəli şəxsin tutulması haqqında” 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3691 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 56” dairəvi möhür əksi və “...Hacıyev Rakif (imza)...” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,363 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,363 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,313 qramdır. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir;

4. “Cinayət işinin başlanması və icraara qəbul edilməsi” haqqında 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 09 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 09 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarətu altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir;

7. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Paviloqrad rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzanın sonu ilə azad olunmuşdur;

8. “Maddi sübut kimi tanınma haqqında” 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, X5 üzərindən götürülmüş, qalıq çəkisi 0,313 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Abşeron Rayon Polis İdarəsinin Maddi sübutların Saxlanması Otağına təhvil verilmişdir;

9. “Axtarışda olan şəxsin tutulması” haqqında 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə Qaradağ rayonu ərazisində tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir;

10. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi” haqqında 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır;

11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X3 haqqında 12 oktyabr 2023-cü il tarixli, 6480 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

12. “Sübutların qiymətləndirilməsi” haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokolu, məhkəmə-kimyəvi ekspertizasının 08 iyul 2023-cü il tarixli, 1-16-16/2-6/3691 nömrəli ekspert rəyi, məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2023-cü il tarixli, 6480 №-li ekspert rəyi, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş, şəxsin üzərindən aşkar edilərək, götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,363 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 01 ədəd zərfdə - 0,313 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, həmçinin 07 iyul 2023-cü il tarixdə şəxsin üzərində aparılmış şəxsi axtarış və götürülmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır.

13. Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 1(012)- 326/2024 saylı qərarına əsasən həbs qətimkan tədbiri ilə əvəz olunaraq, barəsində axtarış verilmiş, sonuncu 14 aprel 2024-cü il tarixdə tutularaq, aidiyyəti üzrə təhvil verilmişdir.

14. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 1(012)-326/2024 saylı məhkəmə hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilərək, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

Şəxsi axtarış və götürmə aparılması barədə 07 iyul 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən çıxartdığı 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində toz şəkilində olan, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər bükülünü təqdim edərək, həmin bükümün narkotik vasitə olan heroin olmasını, 07 iyul 2023-cü il tarixdə Bakı şəhər, Nəsimi rayonu, Şamaxinka ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə cinayət işi üzrə tutulduğu 03 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində məhkəmə dövründə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 14 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X3 Ekspert komissiyasının 12 oktyabr 2023-cü il tarixli, 6480 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,313 qram narkotik vasitə - heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114 (bir yüz on dörd) manat təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,313 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın.

Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar