Məhkəmə qərarları › İş №1(012)-326/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-326/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-326/2025 07.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 22 avqust 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 2 barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu- Hökməli yolunun kənarında yerləşən “Bazarstore” marketin yaxınlığındakı ödəniş terminalının qarşısında olan zaman Zərərçəkmiş şəxs3 məxsus “Kapital Bank” tərəfindən verilmiş 6768-6753- 8479-6296 nömrəli kartın daha öncədən görərək yaddaşında saxladığı son 08 rəqəmini və plastik kartın şifrəsini daha sonra “Birbank” mobil tədbiqində yazıb qeydiyyatdan keçərək elektron məlumat daşıyıcısından istifadə etməklə gün ərzində kommunal ödənişlər və kredit ödənişləri edib vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1006 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli dairəsində yerləşən “Bazar Store” marketin qarşısında quraşdırılmış Kapitalbanka məxsus bankomatdan pul çıxaran Zərərçəkmiş şəxs2 bankomata daxil etdiyi kartın üzərindəki nömrələri və 4 rəqəmli şifrəni əzbərləyib istifadəsində olan ***-***-**-** möbil nömrəsi ilə “Birbank” mobil tətbiqi proqramını mobil telefonuna yükləyərək həmin proqramda Zərərçəkmiş şəxs2 məxsus 6768 6753 0864 3061 saylı kapital bank hesab nömrəsi ilə qeydiyyatdan keçdikdən bir neçə gün sonra Zərərçəkmiş şəxs2 hesabına 632 manat pulun mədaxil edilməsi barədə bildiriş gəldiyini görüb “Birbank” mobil tətbiqindən istifadə edərək həmin pulla kommunal və cərimə borcu olan şəxslərin borclarını ödəyib, ödədiyi pulun yarısını həmin şəxslərdən almaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 632 manat 83 qəpik pulunu oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli dairəsində yerləşən «Bazar store» marketdin qarşısında quraşdırılmış Kapital banka məxsus bankomatdan pul çıxaran Zərərçəkmiş şəxs1 bankolmata daxil etdiyi kartın üzərindəki nömrələri və 4 rəqəmli şifrəni əzbərləyib istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə «Birbank» mobil tətbqi proqramını mobil telefonuna yükləyərək həmin proqramda Zərərçəkmiş şəxs1 məxsus 5103 0714 0502 6325 saylı kapital bank hesab nömrəsi ilə qeydiyyatdan keçdikdən sonra 8 dekabr 2023-cü il tarixdə mobil telefonuna Zərərçəkmiş şəxs1 hesabına 416 manat 50 qəpik pulun mədaxil edilməsi barədə bildiriş gəldiyini görüb Birbank mobil tətbiqindən istifadə edərək həmin pulun 100 manatını özünə məxsus M10 hesabına köçürməklə, 300 manatını Kapital banka olan kredit borcuna ödəməklə və 12 manat 50 qəpik pulu şəxsi ehtiyaclarına xərcləməklə ümumilikdə 412 manat 50 qəpik pulunu oğurlamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddləri üzrə təqsirli bilmiş,istintaqda verdiyi ifadəsini təsdiq edib, zərərçəkənlərə dəyən ziyanı ödədiyini,əməlindən peşiman olduğunu bildirib,cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1 -ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, tikintidə fəhlə kimi işləyir. Bir neçə ildir vətəndaşlara məxsus hesab kartlarından internet üzərindən oğurluq etməklə maddi tələbatını təmin edir. Hətta o, belə oğurluq cinayətinə görə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hal-hazırda cəza çəkir. Bildirir ki, xx.xx.2022-ci il tarixdə Abşeron Rayonu, Hökməli qəsəbəsində Qobu Hökməli yolunun üstündə yerləşən “Bazarstore” marketin qarşısında dayanmış və onun orada dayanmaqda məqsədi özünə məxsus Kapital Bank kartında olan pulu çıxartmaq olmuşdur. Bu zaman bir nəfər yaşlı kişi bankomata yaxınlaşmış, kişi əlində olan kartı bankomata salaraq oradan pul çıxartmağa başlamışdır. O həmin şəxsin əlində olan Kapital Bank kartını görərək onun əlində olan kartın üzərindəki 16 rəqəmli kodu yadında saxlamış, həmin tanımadığı yaşlı kişi getdikdən sonra o özünə məxsus kartdan 5 manat pul çıxartmış və yaşadığı Çiçək qəsəbəsində olan evə getmişdir .Evə gəlib çatdıqdan sonra mobil telefonu vasitəsi ilə “Birbank” tətbiqindən qeydiyyatdan keçmişdir. Həmin tətbiqdə qeydiyyatdan keçərkən o bayaq marketin qarşısında bankomatda növbə gözləyən tanımadığı yaşlı kişinin bank kartının nömrələri yadında qaldığından həmin şəxsin kart nömrəsi ilə qeydiyyatdan keçmişdir. Həmin tanımadığı şəxsin bankomatda yığdığı 4 rəqəmli pin kod da yadında qalmış, həmin pin kod vasitəsi ilə də proqramı açmışdır.Proqram açılan zaman həmin şəxsə məxsus kart hesabında 1006 manat pul oldğunu görmüş lakin həmin pulu nağdlaşdıra bilməyəcini başa düşüb onlayn yolla xərcləməyi qərara almışdır. İlk öncə dostu Elşada zəng vuraraq bildirmişdir ki, kazinoda pul udmuş lakin çıxarda bilməmişdir, Alınırsa həmin pulu ödəniş edib ona nə lazım olsa, həmin ödənişin yarısını nağd yolla Elşada ver desin. Elşad da onunla razılaşmış, Elşad ona öz evinin kommunal borclarını və həmin borcları ödəmək üçün istifadə olunan kodları ona göndərərək ödəməsini xahiş etmişdir. O da Orxanın ona göndərdiyi kommunal ödənişlərin hamısını ödəmişdir. Bundan başqa, o dostu Elşadın kreditini ödəmiş və Orxanın ona göndərdiyi maşın cərimələrini də ödəmişdir. Bununla da o, dostu Elşadın ümumilikdə 970 manata qədər olan borclarını elektron qaydada ödəmişdir.16 manat məbləği bibisi oğlu Coşqun Abdulalıyevə kontur kimi göndərmiş. O bibisi oğlu Coşquna və dostu Elşada həmin pulları başqa şəxsin kart hesabından oğurladığını bildirməmişdir. O, onlara həmin pulları “Aviator” onlayn mərc oyununda udduğunu lakin çıxarda bilmədiyini demiş yerdə qalan pulu isə həmin kart bloka düşdüyündən xərcləyə bilməmişdir. O tanımadığı şəxsin kart hesabından 1006 manat pul oğurlamış lakin, həmin pulları çıxarda bilmədiyi üçün dostu Şahid2 həmin pulları “Aviator” onlayn mərc oyununda udduğunu lakin çıxarda bilmədiyindən həmin pulları onlayn yolla ödəniş edə biləcəyini demişdir. Elşad da onunla razılaşmışdır. Elşad ona öz evlərinə və digər qohumlarının evlərinin kommunal borclarını göndərərək onları ödəməsini istəmişdir. O da Orxanın göndərdiyi kommunal borclarını və yol nəqliyyat cərimələrini ödəmişdir. Ümumilikdə Orxan üçün 970 manat ödəniş etmişdir. Orxan isə bunun müqabilində ona 426 manat pul vermişdir. Orxan həmin 426 manat pulu onun öz kart hesabına göndərmişdir. Orxanın ona göndərdiyi 426 manat pulu isə borclarını vermiş və şəxsi ehtiyyaclarına xərcləmişdir. O, pulu kartdan oğurlamağı barədə dostu Şahid2 deməmişdir. Elşada həmin məbləği Aviator oyununda udduğunu və çıxarda bilmədiyindən onlayn yolla xərclədiyini demişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Bakı-Şamaxı yolunda yerləşən “Bazar-Store” marketdə quraşdırılmış “ATM” bankomatına yaxınlaşıb Kapital Bankdan aldığı kartı yoxlamışdır. Bu zaman bir nəfər yaşlı qadın bankomata yaxınlaşıb Kapital Banka məxsus plastik kartını bankomata daxil edib 4 rəqəmli kodu yığmış və o, bu zaman kartın üzərində olan 16 rəqəmin son 8 rəqəmini yəni 08643061 rəqəmlərini görüb yadında saxlamış, həmçinin hal-hazırda xatırlamadığı 4 rəqəmli kodunu yadında saxlamışdır. Həmin rəqəmləri internetdə birbank tətbiqində daxil olub pul olmadığını görmüş və karta pul köçəndə xəbərdar olmağı üçün ***-***-**-** saylı nömrənin mesajına qoymuşdur. Bundan bir neçə gün sonra həmin karta pul köçməsi barədə ona xəbərdarlıq mesajı gəlmişdir. Karta 632 manat pul köçmüşdür. Pulu nağdlaşdırmaq mümkün olmadığı üçün o, onlayn ödənişlər edirmiş. Belə ki, komunal borcu və ya cərimə borcu olan şəxslərin borclarını onlayn ödəyib onlardan ödənişin yarı pulunu alırmış. O, ödənişini etdiyi şəxslərə yalandan pulu internetdə kazinoda udduğunu demişdir. Beləcə 632 manat 80 qəpik ödəniş etməklə xərcləyib qurtarmışdır. Hətta bibisi oğlu X3 telefon nömrəsinə 16 manat pul köçürüb, 6 manat almışdır. Bundan başqa 29 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Kapital bankdan aldığı Kəş beq kartından 7 manat pulu çıxarmaq üçün Abşeron rayonu Hökməli dairəsində yerləşən “Bazar Store” super marketin qarşısınlda quraşdırılmış Kapital banka məxsus bankomata yaxınlaşmışdır. Həmin vaxt bankomatın qarşısında yaşlı qadın özünə məxsus Kapital bankdan verilmiş kartını bankomata daxil edərkən kartanın üzərində olan 16 rəqəmdən son 8 rəqəmini və 4 rəqəmli şifrəni əzbərləyib yadında saxlamışdır. Kapital bank hesablarında əvvəlki 8 rəqəm eyni olduğu üçün o, son 8 rəqəmi yadında saxlamışdır. Həmin qadın kart hesabından 833 manat pulu çıxarıb getdikdən sonra o, öz kartından 7 manat pulu çıxarmışdır. O, təxminən 2 ay əvvəl Hökməli dairəsinin yaxınlığındakı piyadaların keçməsi üçün olan körpüdən keçərkən yerdən Narmobile nömrə kartı tapmışdır. Həmin nömrə kartını mobil telefonuma salaraq istifadə edirmiş. Tapdığı mobil nömrə ***-***-**-** mobil nömrəsi olmuşdur. Həmin nömrə ilə qeydiyyatdan keçərək “Birbank” mobil tətbiqini telefonuna yükləmişdir. Həmin kart təqaüd almaq üçün verildiyindən və 3D Secure aktiv olmadığı üçün təhlükəsizlik kodu olmadan da kartın 16 rəqəmini əlavə etməklə Birbankda qeydiyyatdan keçmək mümkün olmuşdur. Bankomatda 833 manat pul çıxaran qadının Kapital bank kartının üzərindəki nömrəni Birbank mobil tətbiqinə əlavə etmişdir ki, həmin karta pul köçürüləndə pulu çıxarıb istifadə etsin. 28 dekabr 2023-cü il tarixdə saat 16:30 radələrində ona mobil tətbiqə əlavə etdiyi Zərərçəkmiş şəxs1 məxsus kart hesabına 416 manat pulun köçürülməsi barədə mesaj gəldiyi üçün o, həmin hesaba online daxil olaraq 300 manat Kapital bankdan götürdüyü kredit borcunu ödəmiş və hesabda 312 manat 50 qəpik qalmışdır. Bundan sonra 100 manatı M10 hesabına köçürmüş və 12 manat 50 qəpik qalmışdır. Həmin pulu da şəxsi ehtiyacları üçün online ödəməklə xərcləmiş və ümumilikdə həmin kartdan 412 manat 50 qəpik xərcləmiş olmuşdur. Məhkəmə iclasında İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixədək Xırdalan şəhərində orta məktəbdə müəllimə işləmişdir. Həmin tarixdən yaşı ilə əlaqədar təqaüdə çıxmışdır. Aylıq 566 manat kapital bankdan təqaüd alır. 08 avqust 2023-cü il tarixdə hesabından Hökməli yolunda Şamaxı şossesində yerləşən “Bazarstor”-dan 500 manat pul çıxartmışdır. 66 manat 62 qəpik hesabında qalmışdır. Əlavə olaraq kartına 07 sentyabr 2023- cü il tarixdə 566 manat 23 qəpik pul da köçürülmüş və 11 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində yenidən Şamaxı şossesində olan “Bazarstor” mağazasına yaxınlaşıb alış-veriş etmiş və ödəniş etmək üçün kartını satıcıya vermişdir. Satıcı hesabında pul olmadığını demişdir. Bundan sonra o, yenidən mağazanın qarşısında olan bankomata yaxınlaşıb hesabını yoxlayarkən yenədə hesabında vəsait olmadığını görmüşdür. xx.xx.2023-cü il tarixdə Kapital bankın Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən filialına yaxınlaşmışdır. Kapital bankın filialında ona bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddətdə ümumilikdə hissə-hissə olmaqla 632 manat 83 qəpik pulun başqa hesaba köçürülmüşdür. Ona görədə o, bu barədə polisə şikayət etmişdir.Ona dəyən ziyan təqsirilən şəxs tərəfindən ödənilmişdir,ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyə ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, şikayəti tələbi olmadığını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, «Murov» idman klubunda xadimə işləyir. 30 dekabr 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən bankomata yaxınlaşıb kapital bankdan aldığı 5103 0714 0502 6325 saylı hesab nömrəsi olan kartını daxil edib 416 manat əmək haqqını çıxarmaq istəmiş, lakin pul olmadığını görmüşdür.O,mühasiblə əlaqə saxlamış, sonuncu ona pulun hesaba köçürüldüyünü bildirmişdir. Bayram günü ilə əlaqədar heç bir yer işləmədiyi üçün banka müraciət edə bilməmişdir. 09 yanvar 2024-cü il tarixdə «Kapital» banka yaxınlaşıb kartına pulun köçürülüb-köçürülməməsini maraqlanmışdır. Kapital bankdan hesabdan çıxarış verərək ona əmək haqqının 28 dekabr 2024-cü il tarixdə hesabına köçürüldüyünü və həmin pulun çıxarıldığını bildirmişlər. Buna görə ona polisə müraciət etməyi bildirmişlər. Bundan sonra o, Qobu polis bölməsinə yaxınlaşıb kartından naməlum şəxs tərəfindən 416 manat 50 qəpik pulunun çıxarılması barədə məlumat vermişdir. O, öz kartını başqasına verməmiş, həmçinin kart məlumatlarını heç kimə deməmişdir. Kartından 412 manat 50 qəpik pul çıxarılmışdır. Digər 4 manat pul ödənişlər zamanı komisya haqqı olaraq tutulmuşdur. Beləliklə onun 412 manat 50 qəpik pulu oğurlanmışdır. İş üzrə Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, şikayəti tələbi olmadığını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının əvvəllərində ona məxsus "Kapital Bank"a aid 6768-6753-8479-6296 nömrəli kart hesabına 1506 manat pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə ehtiyacı olduğu üçün Hökməli qəsəbəsi, Şamaxı yolu deyilən ərazidə yerləşən "Bazar Store" marketdə olan bankomatdan kartını daxil edərək 500 manat pul çıxarmışdır. Kartında 1006 manat pulu qalmışdır. O, yenidən kartını bankomata daxil edərək balansından əlavə pul çıxarmaq istəsə də, bankomatın ekranında kartının bloklandığını görmüşdür. Bundan sonra çıxıb evə getmişdir. Səhəri gün, xx.xx.2022-ci il tarixdə kartını bankomata daxil edərək pulunu çıxarmaq istədikdə bankomatın ekranında yenə də kartının bloklandığını görmüşdür. Bundan sonra o, Abşeron rayonu Xırdalan şəhərində yerləşən "Kapital Bank"a getmişdir. Bankda kartını blokdan çıxarmışlar. Sonra o, Xırdalan şəhərində yerləşən "Kapital Bank"dan çıxaraq yan tərəfdə olan bankomata yaxınlaşmışdır.Kartını bankomata daxil etdikdə hesabında 53 qəpik pul olduğunu və 1000 manat pulunun naməlum şəraitdə naməlum şəxs və ya şəxslər tərəfindən çıxarıldığını aşkar etmişdir. Bundan sonra o, yaşadığı ərazidə yerləşən Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Onun ilk dəfədir ki, kartından pul çıxarılmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə dayısı oğlu Təqsirləndirilən şəxs zəng edib hal-əhval tutmuş və həmin vaxtı Orxan mobil telefonuna hədiyyə olaraq pul köçürəcəyini bildirmişdir. O da Orxana təşəkkür edib etirazı olmadığını bildirmişdir. Həmin gün Orxan onun ***-***-**-** saylı mobil telefon nömrəsinə 16,00 manat pul köçürmüşdür. Bundan sonra Orxan ona heç nə göndərməmişdir. Orxan ona başqa heçnə deməmiş və o, Orxanın pulu hansı kartdan köçürdüyünü bilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi uşaqlığından etibarən tanımışdır. Bu müddət ərzində onun Orxanla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2022-ci il taixdə Orxan adlı məhlə uşağı və dostu onu Binəqədi qəsəbəsində yerləşən məhlələrində görərək demişdir ki, “Aviator” oyununda oynamış və ordan pul əldə etmişdir. Ödənişlərin varsa ver həll edim” demişdir. O da Orxanla razılaşmışdır. Orxan ona həmin oyundan əldə elədiyi pulları sadəcə dövlət ödənişi kimi edə biləcəyini demişdir. O, Orxandan niyə belə elədiyini soruşan zaman isə Orxan ona həmin oyundan əldə edilmiş pulun hesabdan çıxarıla bilməməsi ancaq onlayn yolla ödəniş edilə bilməsini demişdir. O da Orxanla razılaşmışdır. Orxana ona məxsus mənzilin kommunal ödənişlərini etməsini istəmişdir. Belə ki, o, mənzilin 50 manat kommunal xərcinin qarşılığında Orxana məxsus karta 20 və ya 30 manat göndərəcəkmiş. Orxan isə onun mənzilinin kommunal xərcini ödəyəcəkmiş. O, Orxan ilə danışıb razılaşdıqdan sonra Orxana xx.xx.2022-ci il tarixdə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, kənd Binəqədi adlanan ərazidə yerləşən mənzilinin kommunal xərclərini ödəməsini istəmişdir və mənzilin kommunal sayğaclarının kodlarını Orxana göndərmişdir. Bundan başqa o, Orxandan ona məxsus mobil nömrələrə kontur da vurmasını istəmişdir. Orxanın vatsap nömrəsinə özünə məxsus ***-***-**-** mobil nömrəsini göndərərək həmin nömrəyə 16 manat, ***-***-**-** saylı mobil nömrəyə 25 manat ***-***-**-** mobil nömrəsinə isə 25 manat pul göndərməsini istəmişdir. Bunun əvəzində o, Orxanın ona göndərdiyi kart hesabına isə 40-45 manat pul göndərəcəkmiş. Yəni Orxan ona 20 manat endirim edəcəkmiş. Orxan onun göndərdiyi mobil nömrələrə həmin ödənişləri etmiş, daha sonra isə o, Orxanın kartına 40-45 manat pul göndərmişdir. Daha sonra o, dayısı X4 zəng edərək əgər maşının cəriməsi varsa ucuz qiymətə ödəyə biləcəyini demişdir. Dayısından maşının nömrəsini ona göndərməsini istəmişdir. Dayısı da idarə etdiyi maşının nömrəsini ona göndərmişdir. Orxan dayının maşının 54 manat cəriməsini və 45 manat cəriməsini də ödəmişdir. Daha sonra o, digər dayısı X5 evinin işıq pulusunu ödəmək istəmiş və bu barədə Orxana demişdir. Orxan isə həmin evinin işıq sayğacının smart cart tipli olduğunu və həmin proqramdan oraya pul vurmağın mümkünsüz olduğunu demişdir. Orxan ona Vatsapda yazaraq “ondakı proqramın smart kartın ödənişini edə bilməməsi barədə məlumat vermişdir. O da dayılarına zəng edərək evlərinin kommunal abonent kodlarını ona göndərməsini istəmişdir. Dayılar da pma **********00000 abonent kodlu azəriqaz kartına 200 manat, **********057 abonent kodlu su sayğacına 50 manat, **********99000 saylı azərişıq kartına isə 200 manat vurmasını istəmişdir. Bundan başqa o, Orxana zəng edərək **********00009 saylı azərişıq abonent koduna 50 manat, **********000 saylı azərsu kartına 50 manat, **********01088 saylı azərişıq kartına isə 50 manat göndərməsini istəmişdir. Orxan isə ona vatsapda yazaraq həmin proqramın gündəlik olaraq 250 manat kommunal xərcləri ödəmək üçün limit qoyduğunu bildirmişdir. Daha sonra Orxan ona sistemin yeniləndiyindən hal-hazırda kommunal xərcləri ödəyə biləməyəcəyini, lakin kredit və cərimələri ödəyə biləcəyini demişdir. Daha sonra Orxan yenidən ona vatsapda yazaraq 50 manat işıq pulunu vurduğunu bildirmişdir. Daha sonra o, Orxana zəng edərək bir neçə kommunalı və krediti də ödəməsini xahiş etmişdir. Orxan da onunla razılaşmışdır. Beləliklə o, bu yolla Orxanla danışaraq lazım olan kredit ödənişləri ödəməsini, kommunal xərcləri, maşın cərimələrini ödəməsini istəmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 kart hesabından kibercinayətkarılq yolu ilə ələ keçirdiyi pul ilə kommunal ödənişlərinizi etdiyi barədə ona məlumat verməmişdir. Orxan ona bu pulları Aviator oyununda əldə etdiyini və hesabdan nağd formada çıxarda bilmədiyi üçün yalnız onlayn yolla ödəniş edə biləcəyini demişdir. O, həmin zaman ümumilikdə 785 manat məbləğində cərimə ödəmiş və ya kommunal xərcləri ödəmişdir. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin 12 avqust 2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir.Məhkəmə tərəfindən “həbs”qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 20 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 il 07 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhər Probasiya İdarəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il 07 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının 10 avqust 2024-cü il tarixə cəzasının çəkilməmiş qalan hissəsi 01 il 01 ay 20 gün təşkil edir. Məhkəmə işinin hallarını tam araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun bu əməlləri düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-177.2.2 və 177.2.3-1 maddələri ilə tövsif edilmişdir.Ona görə də, o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı ödəməsi cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən barəsində Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il 07 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının onun tutulduğu 10 avqust 2024-cü il tarixə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 20 gün hissəsiCM-nin 68.1.1-1 maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 06 ay 25 gün hesabı ilə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla təyin edilmiş cəzalar qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının əvvəli tutulduğu və barəsində “həbs”qətimkan tədbiri seçildiyi 10 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 03 (üç)ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə onun barəsində Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2023cü il tarixli hökmü ilə təyin olunmuş 02 il 07 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının onun tutulduğu 10 avqust 2024-cü il tarixə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 20 gün hissəsi CM-nin 68.1.1-1 maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 06 ay 25 gün hesabı ilə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla təyin edilmiş cəzalar qismən birləşdirilsin və ona qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar