Məhkəmə qərarları › İş №1(012)-327/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-327/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-327/2021 09.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1988-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonunda yerləşən fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27.01.2021-ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri ərazisində yerləşən «Kiçik bazar» deyilən yerdə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq olan – 0,752 qram çəkidə Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxil olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində 27 yanvar 2021-cı il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində BDYPİnin Qaradağ postunda saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasına aparılmış, Polis Bölməsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli plastik qutunun içərisində dağılmış vəziyyətdə ümumilikdə təmiz çəkisi – 0,752 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, sürücülük vəsiqəsinin vaxtı ötdüyü üçün yeni sürücülük vəsiqəsi almaq üçün Lənkaran şəhərinə gedib oradan qayıdarkən Bakı şəhəri, Qaradağ rayonu ərazisində BDYPİ-nin Qaradağ postunda Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları 27.01.2021-ci il tarixdə saat 23 radələrində idarə etdiyi «Hyundai Sonata» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb özlərini təqdim etdikdən sonra oğurluq cinayəti törətməkdə şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Bölmədə üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşduqda o, səmimi olaraq narkotik maddənin istifadəçisi olduğunu, lakin üzərində dövriyyəsi qadağan olunmuş narkotik vasitə olmadığını bildirdikdə polis əməkdaşları ona təzyiq göstərmiş, polis əməkdaşlarından biri onu koridora çıxararaq əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə psixotrop maddə metamfetamin qoymuş, bundan sonra xidməti otaqların birində vəkilin iştirakı və video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuş və ona dövlət hesabına vəkil təqdim olunandan sonra, vəkilin iştirakı ilə video çəklişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli plastik qutunun içərisində dağılmış vəziyyətdə psixotrop maddəni çıxarıb təqdim etmiş, daha sonra aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmiş, polis əməkdaşları tərəfindən ona üzərindən aşkar edilmiş maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertizaya göndəriləcəyi izah olunmuş, sorğu zamanı polis əməkdaşlarına üzərindən aşkar edilmiş metamfetamini 28.01.2021-ci il tarixdə Lənkəran şəhəri ərazisində «Kiçik bazar» deyilən yerin yaxınlığında əvvəllər tanımadığı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonda o, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona ibtidai istintaq zamanı müdafiə hüququ təmin olunmaqla dindirilərkən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində BDYPİnin Qaradağ postunda Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən 27.01.2021-ci il tarixdə saat 23 radələrində idarə etdiyi «Hyundai Sonata» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb özlərini təqdim etdikdən sonra oğurluq cinayəti törətməkdə şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Bölmədə üzərində dövriyyəsi qadağana olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuş, o, səmimi olaraq, üzərində dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetaminin olduğunu polis əməkdaşlarına bildirmiş, bundan sonra xidməti otaqların birində vəkilin iştirakı və video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuş və ona dövlət hesabına vəkil təqdim olunandan sonra vəkilin iştirakı ilə video çəklişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli plastik qutunun içərisində dağılmış vəziyyətdə psixotrop maddəni çıxarıb təqdim etmiş, daha sonra aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmiş, polis əməkdaşları tərəfindən ona üzərindən aşkar edilmiş maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertizaya göndəriləcəyi izah olunmuş, sorğu zamanı polis əməkdaşlarına üzərindən aşkar edilmiş metamfetamini 28.01.2021-ci il tarixdə Lənkəran şəhəri ərazisində «Kiçik bazar» deyilən yerin yaxınlığında əvvəllər tanımadığı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmiş, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol o və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilimiş Abşeron RPİ-nin Qobu PB-nin polis baş leytenantı Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 24.01.2021-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan X3 məxsus olan «Tatra» markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobildən 02 ədəd 400-500 manat dəyərində akkumlyatorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə verilmiş məlumat əsasında Abşeron RPİ-nin Qobu PB-də araşdırma aparılmış, tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq hadisəsinin xx.xx.1988-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. 27.01.2021-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Qobu PB-nin YYÇİ üzrə PİTQ-nun inspektoru polis leytenantı X6 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata» markalı **-KK-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində BDYPİ-nin Qaradağ postunda saxlayaraq Abşeron RPİ-nin Qobu PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs Qobu PB-də olarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhələri yaranmışdır. Bu səbəbdən Abşeron RPİ-nin Qobu PB-də Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Fərman Rəhimov tərəfindən Təqsirləndirilən şəxs üzərinə onların və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli plastik qutunun içərisindən qutuya tökülmüş formada olan və həmin qutuda ayrıca siqaret kağızına bükülmüş 01 (bir) bükümdən ibarət ümumi çəkisi 0,752 qram təşkil edən psixotrop maddəni təqdim edərək, həmin maddəni 28.01.2021-ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri ərazisində yerləşən kiçik bazar deyilən yerdə tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, qeyd olunan kütlə götürülüb qablaşdırıldıqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasının həyətində təhqiqatçı Fərman Rəhimov tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata» markalı, **-KK-*** dövlət qeydiyyat nömrəli avtomobilinə baxış keçirilmiş, lakin baxış zamanı, avtomobildə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. İş üzrə şahid qismində dindirilimiş Şahid1 məhkəməyə ərizə göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə polis leytenantı Şahid2 və YYÇİ üzrə PİTQ-nun inspektoru polis leytenantı X4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin Qobu PB-nin polis baş leytenantı Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli plastik qutunun içərsində dağılmış vəziyyətdə ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.01.2021-ci il tarixli, 6/385 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №245» möhür əksi, «Təqdim etdi: Təqsirləndirilən şəxsƏ….» və s. yazılar, imzalar olan zərfdə 01 ədəd plastik qutudakı 01 ədəd bükümdə və qutunun içərisinə dağılmış vəziyyətdə ümumilikdə təmiz çəkisi 0,752 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı-İ) daxildir. Həmçinin arayışda qeyd edilmişdir ki, bir ədəd kağız bükümdə olan maddədən 0,5 qram maddə tədqiqata sərf olunmuş, 0.702 qram qalıq qalmışdır. Həmin rəyə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,702 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetaminin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator X1 dair 31.03.2021-ci il tarixli, 901 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui – istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü qismən təqsirli bilməsinə dair ifadəsi qeyri-səmimidir və özünümüdafiə xarakteri daşıyır. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında arayışdan (tələbnamədən) və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli hökmündən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 04.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasənqəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan Lənkəran şəhər İHBA-nın 23.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olsa da, uzun illərdir qeyd olunan ünvanda yaşamır. Harada yaşaması barədə heç bir məlumatı olmadıqları üçün barəsində xasiyyətnamə və yaşayış yeri haqqında arayışın verilməsi imkanları xaricindədir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28.01.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 28.01.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0.702 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109.90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmiı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 28.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,702 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Lənkəran şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmiı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar