Məhkəmə qərarları › İş №1(012)-330/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-330/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-330/2022 22.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 23 fevral 1994-cü il tarixdə Tovuz rayonu, Köhnəqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Tovuz rayonu, Köhnəqala kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhərində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla nəticədə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 29 dekabr 2021-ci il tarixdə saat 01 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Daewoo Damas markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində X10 küçəsi ilə “Xəzinə Palace” şadlıq sarayından Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda, tələblərə riayət etməyib, yolu sağ istiqamətdən sol istiqamətə keçən piyada X7 avtomobilin ön sağ hissəsi ilə vurub, ehtiyatsızlıqdan Nazim Nəsirovun baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sağ gicgah və kəllə əsası sümüklərinin, sağ körpücük və sağ qalça sümüklərinin sınıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq, baş-beyinin yumşaq qişasına və beyin toxumasına qansızmalar, baş-beyinin travmatik ödemi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan açıq kəllə-beyin travması nəticəsində inkişaf etmiş başbeyinin və beyin kötüyünün işemiyası səbəbindən ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməklə hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Daevo Damas” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobil tanışı X2 almışdır. Lakin həmin avtomobili öz adına rəsmiləşdirməmişdir. Həmin avtomobillə o, mağazalara həm meyvə-tərəvəz, həm də ərzaq məhsulları paylayır. xx.xx.2021-ci il tarixdə saat təxminən 01 radələrində Xırdalan şəhərində yerləşən Köhnə bazar adlanan ərazidən çıxıb Xırdalan şəhərində yerləşən “Xəzinə Palace” şadlıq sarayının yaxınlığında tanışı Xəyalı düşürmüşdür. Tanışı Xəyalı düşürdükdən sonra təxminən saat 02 radələrində “Xəzinə Palace” şadlıq sarayından Xırdalan şəhər “Heydər Əliyev” prospektinə doğru hərəkətdə olakrən işıqfora çatmağa az qalmış bir nəfər şəxsin yolun sağ hissəsi ilə “Heydər Əliyev” prospektinə doğru piyada hərəkətdə olduğunu görmüşdür. Həmin şəxsi təxminən 10-15 metr məsafədən görmüşdür. O, işıqfora çatmağa az qalmış həmin şəxs yolu sağ tərəfdən sol tərəfə doğru keçməyə başlamışdır. O, əyləcə bassa da artıq hadisənin qarşısını ala bilməmiş və həmin şəxsi avtomobil ilə vurmuşdur. Zərbənin təsirindən həmin şəxs yerə yıxılmışdır. O, avtomobili saxlayıb avtomobildən yerə düşmüş və həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxsi dindirməyə çalışsa da görmüşdür ki, həmin şəxs qırıq-qırıq səslərlə nəsə deməyə çalışır. Lakin həmin şəxsin şüuru artıq özündə olmamışdır. O, baş vermiş hadisədən qorxmuş və avtomobilinə əyləşib hadisə yerindən çıxıb yaşadığı binanın qarşısına gəlmişdir. Avtomobili yaşadığı binanın həyətində saxlayıb evə çıxmışdır. Evdə ailə üzvlərindən heç kimə baş vermiş hadisə barədə heç nə deməmişdir. Baş vermiş hadisə nəticəsində onun avtomobilinin ön alın şüşəsi sınmışdır. xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri maşın bazarı adlanan ərazidən avtomobilin alın şüşəsinin yenisini almış və yaşadığı binanın həyətində avtomobilin sınmış alın şüşəsini yenisi ilə dəyişmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, piyadanı təxminən 10-15 metr məsafədən görmüş, lakin həmin şəxs yolu keçməyə başladıqda, onunla piyada arasında 3-4 metr məsafə olmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobil hadisə baş verən zaman boş olmuşdur. Hadisə vaxtı o, işdə olmuş və heç bir spirtli içkidən narkotik vasitədən istifadə etməmişdir. Hadisə baş verən zaman ətrafda ondan və həmin şəxsdən başqa heç kim olmamışdır. Həmin şəxs onun yoluna çıxmış və o, həmin şəxsi vurmuş, həmin şəxsi yolun hansı hissəsində vurduğunu dəqiq xatırlamır. Hadisə baş verən zaman avtomobili təxminən saatda 30 km sürətlə idarə etmişdir. Hadisə baş verən zaman avtomobildə tək olmuş, avtomobildə ondan başqa heç kim olmamışdır. İlk dəfə onun başına belə bir hadisə gəldiyi üçün qorxmuş və hadisə yerindən çıxıb evinə getmişdir. Hadisə baş verən zaman qorxduğu üçün heç kimə heç nə deməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istinta zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X5 ifadəsindən görünür ki, X9 onun qardaşıdır. Atası yaşlı olduğu üçün və Lənkəran rayonunda yaşadığı üçün ərizə ilə müraciət edərək qardaşının hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Qardaşı bir neçə ay olardı ki, Lənkəran rayonundan Bakı şəhəri və Abşeron rayonu ərazilərində işləyib pul qazanmaq üçün gəlmişdir. xx.xx.2021-ci il tarixdə tanımadığı polis əməkdaşı onlara zəng vuraraq qardaşı Nazimin avtomobil ilə vurulduğunu və onun xəstəxanada olduğunu bildirmişdir. Bundan sonra Bakı şəhərinə gəlib qardaşının Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilməsini və vəziyyətinin ağır olduğunu öyrənmişdir. Bir müddət qardaşı həmin xəstəxanada müalicə alsa da, həkimlərin səyinə baxmayaraq xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. Bundan sonra qardaşının meyitini Lənkəran rayonuna aparıb orada dəfn etmişlər. Baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, **-VA-*** dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobil ona məxsusdur. Həmin avtomobili təxminən 6 ay olar ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün almışdır.xx.xx.2021-ci il tarixdə təxminən saat 01 radələrində Xırdalan şəhərinə müştəri gətirmiş, öz idarə etdiyi avtomobil ilə Xırdalan şəhərində yerləşən “Xəzinə Palace” şadlıq sarayına yaxınlaşdıqda orada bir nəfər orta yaşlı şəxsin yolu keçdiyini görmüşdür. Həmin şəxsin sərxoş ola biləcəyindən ehtiyat edərək avtomobilin surətini endirmişdir. Həmin şəxsin yanından keçdikdən sonra qarşıdan “Daevo Damas” markalı avtomobilin gəldiyini görmüşdür. O, yoluna davam etdirib həmin yerdən qabaqda avtomobilini saxlamış və müştərini düşürmüşdür. Bir müddət həmin yerdə “Bolt” proqramı vasitəsi ilə ona yeni müştəri təyin olunması üçün gözləmişdir.Təxminən 3 dəqiqə gözlədikdən sonra proqram vasitəsi ilə ona təyin olunan müştərinin gəlmədiyini görüb avtomobili geriyə, yəni Xırdalan şəhəri “Heydər Əliyev” prospekti istiqamətinə döndərib yoluna davam etmişdir. Həmin yol ilə gedərkən yolda bir nəfər şəxsin yerdə uzandığını və ətrafına insanların yığıldığını görmüşdür. O, artıq həmin şəxsin avtomobil tərəfindən vurulduğunu başa düşmüşdür. Həmin şəxsin hansı avtomobil ilə vurulduğunu bilmir. “Daevo Damas” markalı avtomobilin piyadanı vurmasını görməmiş və həmin avtomobilin dövlət qeydiyyat nişanını da xatırlamır. Həmin avtomobil ağ rəngdə olmuşdur. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş X5 ifadəsindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan X9 onun qardaşıdır. Qardaşı təxminən 1 ay bundan öncə işləmək üçün Lənkəran rayonundan Bakı şəhərinə gəlmişdir. Qardaşı Nazim yeni tikililərdə günəmuzd fəhlə kimi işləmişdir. Sonuncu dəfə Bakı şəhəri Əhmədli qəsəbəsində işlədiyi üçün həmin qəsəbəsədə kirayə ev tutmuş və həmin yerdə böyük qardaşı Vüsal ilə birlikdə yaşamışdır. Qardaşı sonuncu dəfə Xırdalan şəhərində həyət evlərinin birində günəmuzd fəhlə kimi işlədiyini bilir. Qardaşı xx.xx.2021-ci il tarixdə təxminən saat 12 radələrində atası ilə danışaraq işdən çıxdığını, evə getdiyini bildirmişdir. Həmin günü səhər saatlarında onlara Abşeron rayon polis idarəsindən adını yadında saxlamadığı əməkdaş zəng vuraraq onlara qardaşının avtomobil tərəfindən vurulduğunu və hal-hazırda xəstəxanada olduğunu bildirmişlər. Qardaşı hal-hazırda Bakı şəhəri Nevroloji xəstəxanasında yatır. Vəziyyəti ağırdır. Qardaşının hansı şəraitdə hansı avtomobil tərəfindən vurulmasından məlumatsızlar. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və yol-nəqliyyat hadisəsi yerinin sxemindən görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ərazisindən keçən hissəsində yerləşir. Baxış H.Əliyev istiqamətində aparılmışdır. Hadisə yeri yaşayış məntəqəsi daxilində olmaqla sürət həddi 60 km/saatdır. Hadisə yerində yol quru, düz, hamar və asfaltbeton örtüklüdür, sürücülərin hərəkəti üçün təhlükəsizdir. Hadisə yerində yolun hərəkət hissəsinin ümumi eni 8 metr olmaqla, hərəkət hissəsi iki tərəfli hərəkət istiqamətlidir. Hər bir hərəkət hissənin eni 4 metrdir. Yolun sağ və sol kənarında səki yerləşir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 mart 2022-ci il tarixli, 20 nömrəli rəyində göstərilmişdir ki, mərhum X6 bədəni üzərində baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sağ gicgah və kəllə əsası sümüklərinin, sağ körpücük və sağ qalça sümüklərinin sınıqları kimi xəsarətlər aşkar olunmuşdur. Həmin xəsarətlər həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən əvvəl qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X12 ölümünə səbəb baş-beyinin yumşaq qişasına və beyin toxumasına qansızmalar, baş-beyinin travmatik ödemi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan açıq kəllə-beyin travması nəticəsində inkişaf etmiş başbeyinin və beyin kötüyünün işemiyası olmuşdur. X12 ölümü xx.xx.2022-ci il tarixdə saat 18:15də Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş vermişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat ekspertizasının 04 mart 2022-ci il tarixli, 8/450 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Daewoo Damas markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə düzgün tövsif olunub və o, törətdiyi cinayətə görə cəza almalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməmiş, “Təcili tibbi yardım” maşını çağırmamış, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmamış və ya göndərməmiş, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməmiş və ümumiyyətlə hadisəni törətdikdən sonra hadisə yerində qalıb gözləmədən hadisə yerindən qaçmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Tovuz RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə araşdırması aparılmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MTK-nın sədrinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaş və iki azyaşlı uşaqları - xx.xx.2015-ci ildə anadan olmuş Nihad və xx.xx.2017-ci il tarixdə anadan olmuş Cahid ilə Xırdalan şəhəri, Z. Əliyeva küçəsi,1 saylı yaşayış binası, 71 saylı mənzilində yaşayırlar. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməllərini törətməsini, törətdiyi əməllərdən peşmançılıq çəkməsini, evli və himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini ı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.4-cü, 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməllərinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əsas və əlavə cəza təyin edilməklə, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmənin hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 158.3-cı maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanının və ev düstaqlığ müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət təyin ediləcək qəti cəzasından çıxılmalı və üzərində qəti cəza müddəti saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq: şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir; cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzanın bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir. Əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2.-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə qəti cəzası müstəqil icra olunmalı və həm onun azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində secilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərci məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt Probarsiya Şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinə və təqsirləndirilən şəxsin faktiki yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinə əsasən X11 təyin edilmiş əsas və əlavə cəzaları, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 02 (iki) gün müddət ona qəti təyin edilmiş 04 (dörd) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqiyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza cəkmə müəssisində cəksin və həmin cəzanın çəkilməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun və həm onun azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün qəti olaraq müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində secilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti məhkəmə məsrəfinə aid olduğu üçün Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt Probarsiya Şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinə və təqsirləndirilən şəxsin faktiki yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar