Məhkəmə qərarları › İş №1(012)-331/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-331/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-331/2024 27.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2004-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, tələbə, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talama məqsədi ilə 27 fevral 2023cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Heydər Əliyev adına parkın qarşısında tanışı Zərərçəkmiş şəxs məxsus 3000 manat dəyərində “İphone 14 pro” markalı mobil telefonu zəng etmək adı ilə ondan alıb sonuncunun gözü qarşısında oradan qaçmaqla açıq talayaraq hadisə yerindən qaçıb onu yaxınlıqda gözləyən taksi kimi fəaliyyət göstərən Şahid3 idarə etdiyi “Toyota” markalı “Prius” modelli, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 3000 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 Ağcabədi şəhərində yerləşən 3 nömrəli məktəbdə oxuyan zaman tanımışdır. Həmin vaxtdan aralarında tanış kimi adi münasibət olmuş, heç bir ədavət və düşmənçilik olmamışdır. Həmçinin Zərərçəkmiş şəxsda təxminən iki ilə yaxındır ki, Ağcabədi rayonundan tanımışdır. 2023-cü ilin fevral ayında o, Fuadın mobil telefonuna zəng edərək 350 manat borca pul istəmişdir. Lakin Fuad ona borca pul verə bilməyəcəyini demişdir. Bundan sonra o, pula çox ehtiyacı olduğunu deyib, dəfələrlə xahiş etdikdə Fuad ona telefonunu girov qoyacağı halda borca pul verə biləcəyini demişdir. O da pula ehdiyacı olduğu üçün razılaşmış və 20-30 günə borcu qaytaracağını bildirmişdir. Bundan sonra Fuad ona 350 manat borca pul vermiş və o da özünə məxsus Honor 50 5G markalı mobil telefonunu girov olaraq könüllü vermişdir. Bundan bir müddət sonra atası onun 350 manat qarşılığında mobil telefonunu girov qoyduğumu öyrənib özünün Fuadla danışacağını və telefonunu alacağını bildirmişdir. Elə bu məqsədlə atası Fuadla danışmış və onun vermiş olduğu Honor 50 markalı mobil telefonunu istəmişdir. Həmçinin atası Fuada 350 manat borcu 13 fevral 2023-cü il tarixdə qaytaracağına da söz vermis, lakin nə atası, nə də o Fuada olan borcunu qaytara bilməmiş və o, telefon nömrəsini dəyişmişdir. Bundan bir müddət sonra, təxminən 2023-cü ilin fevral ayının ortalarında o, borc pul almaq üçün Coşquna zəng etmişdir. Lakin Coşqun pulunun olmadığını lakin ola bilsin ki, tapa biləcəyini bildirmişdir. Bundan bir qədər sonra Coşqun onunla əlaqə saxlayaraq pul tapa biləcəyini və Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində görüşmək istədiyini demişdir. O, görüşə getdikdə Fuadında Coşqunun yanında olduğunu görmüşdür. Həmin vaxt Fuad ona atasının aldatdığını və borcu qaytarmadığını, bu səbəbdən Honor 50 5G markalı mobil telefonunu girov olaraq yenidən götürəcəyini bildirmişdir. O da Fuadla razılaşmış və könüllü olaraq Fuada özünə məxsus Honor markalı mobil telefonu girov olaraq vermişdir. Fuad telefonu aldıqdan sonra üzərində olan nömrələri çıxarıb ona qaytarmış, həmçinin əlaqə saxlaya bilməyi üçün ona başqa bir telefon vermiş və borcu qaytardıqda telefonu qaytaracağını bildirmişdir. Bundan sonra onlar çayxanada bir qədər oturub çay içmiş və daha sonra oradan uzaqlaşmışlar. Bundan bir qədər sonra Coşqunun onu borca pul verəcəyi ilə bağlı aldadaraq Fuadla görüşdürməsi onu əsəbləşdirdiyindən Coşqunun İphone 14 pro markalı mobil telefonunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, Coşquna zəng edərək əlində oğurluq qızıl olduğunu və ucuz qiymətə sata biləcəyini bildirmiş və görüşmək istədiyini demişdir. Belə ki, Coşqun tamahgir olduğundan düşünmüşdür ki, Coşqun onunla görüşə razılaşacaq. 28 fevral 2023-cü il tarixdə, saat 15 radələrində o, tanışı Xanlara zəng edərək Coşqunda telefonum olduğunu və geri almaq üçün Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkına aparmasını xahiş etmiş, Xanlar da bu təfkliflə razılaşmış və onu Heydər Əliyev adına parka aparmış və onu gözləməsini də bildirmişdir. Elə həmin gün, yəni 28 fevral 2023-cü il tarixdə, saat 15:00 radələrində o, Coşqunla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkının içərisində görüşmüş və görüş zamanı Coşquna əlində oğurluq qızıl olduğunu və satacağı təqdirdə pul verə biləcəyini dedikdə, sonuncu belə işlərlə məşğul olmadığını və ona kömək edə bilməyəcəyini demişdir. O da problem olmadığını deyib dostuna zəng etməli olduğunu bəhanə edərək, mobil telefonunu istəmişdir. Daha sonra Xanlara zəng edərək onu Xırdalan şəhərində yerləşən “Acces Bank”ın olduğu küçədə gözləməsini və ora gələcəyini bildirmişdir. O, Coşqunun telefonunu alıb dostuna zəng edib danışa-danışa Coşqundan bir qədər uzaqlaşmışdır. O, Coşqundan piyada hərəkət edərək uzaqlaşıb təxminən, 10-15 dəqiqə içərisində parkla üzbəüz yerləşən “Adres” geyim mağazanın qarşı tərəfinə doğru gəlmişdir. Həmin yerə çatdıqda Coşqun ondan təxminən 20-25 metr uzaqlıqda olmuşdur. Həmin vaxt o, artıq Xanların da gələcəyini düşünüb “Adres” geyim mağazasının solundakı “Access Bank”ın yerləşdiyi küçə ilə qaçmağa başlamışdır. Həmin vaxt Coşqun onun qaçdığını görüb arxasıyca qaçmağa başlamış və ucadan qışqıraraq dayanmağını söyləmiş, lakin o, Coşquna məhəl qoymayaraq qaçmağa davam etmişdir. O, “AL” marketin qarşısında olan zaman Xanların “Toyota Prius” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayandığını görmüş və dərhal avtomobilə əyləşmişdir. O, əyləşən zaman Xanlara arxasıyca gələn şəxsin onu döymək istədiyini və bu səbəbdən dərhal buradan uzaqlaşmasını demiş, sonuncu dərhal oradan uzaqlaşmışdır. Elə həmin gün o, mobil telefonu gətirib İnşaatçılar metrosu yaxınlığında yerləşən “Elay Telekom” mağazasında tanımadığı satıcıya 1600 manata satmış və özünə məxsus olan telefonu satmağı ilə bağlı qeyd də aparmışdır. Bundan sonra o, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Şahid3 həmin mobil telefonun guya ona məxsus olduğunu, lakin Coşqunun telefonu qaytarmaması səbəbindən əlindən alıb qaçdığını, həmçinin sonuncunun döymək üçün arxasıyca gəldiyini, bu səbəbdən dərhal sürərək uzaqlaşmasını bildirmişdir. Şahid3 onu İnşaatçılar metrostansiyasının yaxınlığında düşürtdükdən sonra o, sürücüyə onu bir müddət gözləməsi və avtomobili ilə aparması səbəbindən 20 manat pul vermiş və daha sonra o, öz işinin arxasıyca getmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, 3cü kurs tələbəsi olmasını, əməlindən səmimi peşman olmasını, niyyətinin özgə əmlakını ələ keçirmək omamasını sadəcə pula ehtiyacı yarandığına həmin telefonu satmasını bildirərək barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Şahid1 uşaqlıqdan tanıyır. Belə ki, Fuad onun həmkəndlisidir. Fuadla münasibəti normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs bir ilə yaxındır ki, tanıyır. Belə ki, Nihad Ağcabədi şəhərində yaşadığından o, sonuncunu bir neçə dəfə Ağcabədi şəhərində görmüşdür. Nihadla da münasibəti normaldır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 2023-cü ilin fevral ayında Fuadla söhbət edən zaman ona Nihadın 350 manat borc pul aldığını və əvəzində girov olaraq özünə məxsus Honor 50 5G markalı mobil telefon verdiyini, lakin daha sonra Nihadın atasının telefonu götürərək borcu qaytaracağına söz verib, lakin qaytarmadığını demişdir. O, Fuaddan nəyə görə Nihaddan pulunu almadığını soruşduqda Fuad ona Nihadın telefon nömrəsini dəyişdiyini və atasının mobil nömrəsini bilmədiyini, bu səbəbdən əlaqə saxlaya bilmədiyini bildirmişdir. X2 arasında olan problemdən məlumatı olmuşdur. 27 fevral 2023cü il tarixdə Coşqun ona zəng edib əlində qızıl olduğunu və satmaq istədiyini, bu səbəbdən təcili onunla görüşüb danışmaq istədiyini demişdir. O da həmin vaxt çöldə olduğu üçün gəlməsini bildirmişdir. Elə həmin gün saat 15:00 radələrində o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkının içərisində oturan zaman Təqsirləndirilən şəxs tək onun yanına gəlmişdir. Həmin vaxt Nihad əlində oğurluq qızıl olduğunu və ucuz qiymətə satılmasında kömək etməyini xahiş etmişdir. Guya qızılı satsa da, Nihad ona da oradan pul verəcəkmişdir. O isə Nihada belə işlərlə məşğul olmadığını, oğurluq qızılla işi olmadığını demişdir. Həmin vaxt Nihad onun razı olmadığını görüb ondan dostlarına zəng etmək üçün telefon istəmişdir. O da razılaşmış və istifadəsində olan İphone 14 pro markalı mobil telefonunu dostuna zəng etməsi üçün Nihada vermis, sonuncu zəng etdiyi adamla təxminən 30 dəqiqəyə yaxın danışaraq masadan qalxmış və yavaş-yavaş Access Bank a doğru getmişdir. Nihad da ondan bir qədər uzaqda danışadanışa iləriləyirmiş. O, parkın girişində olan zaman Nihad təxminən ondan 20-25 metr uzaqlıqda imiş. Həmin vaxt o, nəzərini Nihadın üzərindən çəkməmişdir. Bundan sonra Nihad telefonu qulağından çəkdiyindən artıq zəngi sonlandırdığını düşünmüş, lakin sonuncu ona tərəf gəlmiyib əksinə qaçaraq ondan uzaqlaşmışdır. O, artıq Nihadın onun telefonunu ələ keçirmək istədiyini başa düşüb dalıyca qaçmışdır. O, qaçan zaman qışqıraraq dayanmasını desə də, Nihad dayanmayaraq qaçmağa davam etmişdir. Təxminən 100 metr qaçdıqdan sonra Təqsirləndirilən şəxs “Access Bank”ın olduğunu küçədə yerləşən Al marketin qarşısında dayanmış ağ rəngli “Toyota Prius” markalı, **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Belə ki, həmin vaxt adının sonradan Xanlar olduğunu öyrəndiyi ‘Toyota Prius” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qaçaraq gəldiyini görüb avtomobili yavaş-yavaş hərəkətə gətirmişdir. Belə ki, Təqsirləndirilən şəxs avtomobilə hərəkətli vəziyyətdə qapını açaraq minmişdir. O, çatan vaxt Nihad artıq avtomobilin arxa sol qapısını açaraq avtomobilə əyləşmiş, qışqıraraq avtomobili saxlamasını bildirsə də, Xanlar adlı şəxs ona məhəl qoymayıb avtomobillə oradan uzaqlaşmışdır. Bundan sonra o, dərhal telefon tapıb DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək məlumat vermişdir. Hazırda ona dəymiş zərər tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid3 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən təxminən 7-8 ay əvvəl, dostları vasitəsilə tanımışdır. Nihadla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 2023-cü ilin yanvar ayında Nihad Bakıya gəldikdə pulu olmadığından o, sonuncuya otelə və digər yerlərə avtomobili ilə aparmışdır. Həmin vaxt Nihad onun avtomobili ilə getdiyindən və otelin ödənişini o, etdiyindən ümumilikdə sonuncunun ona 400 manat borcu yaranmışdır. 28 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Nihad ona zəng edərək, Coşqun adlı tanışının telefonunu əlindən aldığını, bu səbəbdən gedib Nihad və əmisi ilə görüşüb telefonunu geri almaq istədiyini bildirib, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkına aparmağını xahiş etmişdir. Dəqiq xatırlamasa da, o, Nihadı etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə parkın digər tərəfindən götürüb o biri tərəfinə aparmışdır. O, Nihadı düşürtdükdən sonra tanışı ilə söhbət etmək üçün avtomobili “Adres” geyim mağazasının solundakı “Access Bank”ın yerləşdiyi küçəyə doğru sürüb “Access Bank”ın qarşısında gözləmişdir. O, təxminən 5-10 dəqiqə orada gözlədikdən sonra Nihad tanımadığı nömrə ilə ona zəng edərək harada olduğunu soruşmuş, o, sonuncuya Nihada “Access Bank”ın qarşısında gözlədiyini bildirmişdir. O, təxminən 15 dəqiqə gözlədikdən sonra qəfil Nihad qaçaraq təngnəfəs şəkildə avtomobilin arxa qapısını açaraq avtomobilə əyləşmiş və sürməyi tələb etmişdir. O, Nihaddan nə baş verdiyini soruşduqda, sonuncu ona öz telefonunu Coşqundan istəsə də, telefonu qaytarmadığını və səbəbdən telefonu onun əlindən alıb qaçdığını, Coşqunun isə döymək üçün arxasıyca qaçdığını demişdir. Həmin vaxt Coşqun arxasıyca qaçsa da, o, Nihadın sözünə inanıb avtomobili saxlamadan sürməyə davam etmiş, daha sonra onun tələbi ilə avtomobili Yasamal rayonu ərazisində yerləşən İnşaatçılar metrostansiyasının yaxınlığına sürmüş və Nihatdan gətirməyi müqabilində ümumilikdə 20 manat pul alaraq öz yoluna davam etmişdir. Elə həmin gün, axşam radələrində Coşqun onun mobil nömrəsinə zəng edərək Nihatın özünə məxsus telefonu onunla birlikdə oğurladığını bildirib onun ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də Coşqunla aralarında telefonla mübahisə baş vermişdir. Telefonda bir qədər mübahisə etdikdən sonra Coşquna telefon probleminun Nihadla öz aralarında olan problem olduğunu, onun bundan xəbərinin olmadığını və özlərinin də gedib həll etmələrini bildirmişdir. Nihad ona guya Coşqun və bir neçə nəfər şəxs telefonunu əlindən almasını, bu səbəbdən gedib Coşqunla görüşüb öz telefonunu geri alacağını demişdir. Həmin vaxt Nihad ona guya öz telefonunu Coşqundan alıb qaçdığını, Nihadın isə yaxalayacağı təqdirdə döyəcəyini dediyi üçün o, avtomobili saxlamadan sürməyə davam etmişdir. Nihad ona Coşquna məxsus mobil telefonu ələ keçirməyə getməsi, həmçinin avtomobildə olan zaman həmin telefonun Coşquna məxsus olması barədə heçnə deməmişdir. O, həmin avtomobili 2023-cü ilin yanvar ayında Şahid2 ilkin ödəniş və gündəlik pul ödəməklə sonda avtomobil onda qalmaq şərti ilə almış və etibarnamə əsasında idarə etmişdir. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində ödənişdə Şahid2 ilə aralarında problemlər yarandığından o, avtomobili geri qaytarmışdır. Məhkəmə iclasında Şahid4 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, o, təxminən 4 aydır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 148 ünvanında yerləşən “Elay Telekom” mobil aksesuarlar satışını etdiyi mağazanı işlədir. Həmçinin o, həmin mağazada mobil telefonların satışı ilə də məşğul olur. Həmin mağazanı o, icarə əsasında işlətsə də, içəri olan mallar ona məxsusdur. Təqsirləndirilən şəxs daha öncələr tanımamışdır. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 27 fevral 2023-cü il tarixdə o, mağazada olan zaman adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs mağazaya gələrək özünə məxsus İphone 14 pro markalı mobil telefonu olduğunu və satmaq istədiyini bildirmişdir. O, Nihaddan telefona aid nələrin olduğunu dedikdə Nihad ona telefonun qutusunu gətirə bilməyəcəyini, lakin enerji cihazını gətirə biləcəyini bildirmişdir. O, Nihada telefona görə 1600 manat pul verə biləcəyini, enerji cihazını gətirdikdə isə bunun üçün əlavə olaraq 50 manat verəcəyini demişdir. Nihad da razılaşmış və sabah enerji cihazını gətirəcəyini demişdir. Bundan sonra o, Nihadın şəxsiyyət vəsiqəsini götürərək surətini çıxartmışdır. Həmin surətin altından Nihad öz xətti ilə İphone 14 pro markalı mobil telefonu öz razılığı ilə satması barədə qeyd də aparmışdır. Bundan sonra Nihad mobil telefonun kilidini açmış və yaddaşını format edərək ona təhvil vermiş və çıxıb getmişdir. Bundan təxminən bir saat sonra Nihad onunla əlaqə saxlayaraq enerji cihazının özünə də lazım olduğunu və bu səbəbdən gətirə bilməcəyini demişdir. O da razılaşmışdır. Bundan təxminən 2 gün sonra o, həmin mobil telefonu mağazasında usta olaraq işləyən tanışının vasitəsilə tanıdığı şəxsə 1850 manata satmışdır. Bundan 3-4 gün sonra adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs işlədiyi mağazaya gələrək İphone 14 pro markalı mobil telefonun özünə məxsus olduğunu, lakin Nihad adlı şəxsin həmin mobil telefonu oğurlayaraq ələ keçirib buraya gətirdiyini bildirmişdir. O da həmin Nihadın həqiqətən bura telefon gətirib ona satdığını, lakin həmin telefonun oğurluq olması ilə bağlı ona heçnə demədiyini bildirmişdir. Bundan sonra o, mobil telefonu satmış olduğu şəxslə əlaqə saxladıqda sonuncu ona özünün də telefonu tanımadığı şəxsə satdığını bildirmişdir. Onun bildikləri bu qədərdir. Nihad ona həmin telefonun oğurluq olması ilə bağlı heçnə deməmişdir. Lakin şəxsiyyət vəsiqəsinin surəti olan kağızın alt hissəsinə telefonun özünə məxsus olması ilə bağlı qeyd aparmışdır. Müştərilər bəzən mobil telefonlarının qutularını itirdiyindən onlara mobil telefonu satarkən qutusuz gətirə bilirlər. Həmçinin Təqsirləndirilən şəxs mobil telefonun parolunu açması və Apple İD-dən çıxış etməsi onu şübhələndirməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanımışdır. Belə ki, Coşqun onun həmkəndlisidir. Coşqunla münasibəti normal olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs da tanımışdır. Belə ki, Nihad Ağcabədi şəhərində yerləşən 3 nömrəli məktəbdə oxuyan zaman o, həmin məktəbə hazırlığa gedirmiş və oradan Nihadı tanımışdır. Nihadla da münasibəti normaldır. Aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2023-cü ilin fevral ayında Nihad onun mobil telefonuna zəng edib ondan 350 manat borca pul istəmişdir. O da ortaq tanışlarından Nihadın borca qarşı etibarlı olub-olmadığını soruşmuşdur. Tanışları isə bildirmişdir ki, Nihad borca pul alanda qaytarmağı çətin olur. Yalnız girova telefonunu qoyanda borcunu dediyi vaxtda qaytarır. O, soraqlaşandan sonra Nihadla əlaqə saxlamış və borca pul verə bilməyəcəyini demişdir. Nihad isə ona yalvarıb demişdir ki, maddi vəziyyəti pisdir və təcili pul lazımdır. Nihad ona təklif etmişdir ki, özünə məxsus olan Honor 50 5G markalı mobil telefonunu borc əvəzində ona girov verəcəkdir. Borcunu da təxminən 20-30 gün qaytaracağına söz vermişdir. Ondan sonra o, razılaşıb Nihada 350 manat borca pul vermişdir. Nihad isə əvəzində ona, özünə məxsus Honor 50 5G markalı mobil telefonunu girov vermişdir. Həmin gündən bir neçə gün sonra Nihadın atası onunla görüşüb Nihadın telefonunu ondan istəmişdir. Nihadın atası ona söz vermişdir ki, 13 fevral 2023-cü il tarixdə barəsində olan cinayət işinin məhkəməsi olacaqdır, həmin məhkəmədən sonra onun 350 manatını verəcəkdir. O da ağsaqqal kişi olduğu üçün Nihadın atasına inanmışdır və telefonu geri qaytarmışdır. Lakin 13 fevral tarixi gəlib çatmasına baxmayaraq Nihadın atası telefonunu geri qaytarmamışdır. O, Nihada zəng edib atasının onu aldatdığını demək istəsə də, Nihad telefon nömrəsini dəyişdiyi üçün əlaqə saxlaya bilməmişdir. Özü də artıq Bakı şəhərinə köçüb Bakıda yaşadığı üçün Nihadla görüşə də bilməmişdir. 27 fevral 2023-cü il tarixdə Coşqun ona zəng edib Nihadın borc istədiyini demişdir. O, başına gələn hadisəni Coşquna danışmış və Coşqun bildirmişdir ki, Nihadı axtarır. O da Coşqundan xahiş etmişdir ki, Nihadla görüş təyin etsin və özü də Nihadı görə bilsin. Elə həmin günü axşam saatlarında o, Coşqun və Nihad Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində görüşmüşlər. Nihad onun gələcəyini bilməmişdir. Nihad və Coşqun görüşəndə o, Nihada atasının onu aldatdığını demişdir. Nihadın yanında da atasına zəng edib Nihadla görüşdüyünü və Honor 50 5G markalı mobil telefonunu Nihadın ona borcunu qaytarana kimi özündə girov saxlayacağını demişdir. Ondan sonra Nihaddan telefonu istəmişdir. Nihad da həmin Honor 50 5G markalı mobil telefonunu ona vermişdir. O, telefondan Nihada məxsus olan nömrələri çıxarıb Nihada qaytarmış və ona olan borcunu qaytarandan sonra telefonu verəcəyini bildirmişdir. Nihad da onunla razılaşmışdır. Həmin günü Nihadın gecə qalacağı ev olmadığı üçün həmyerli olduğu üçün yazığı gəlmiş və küçədə qalmaması üçün 20 manat pul da vermişdir ki, gedib gecəlik olan evlərdə qalsın. Üstəlik də özünə məxsus olan köhnə İphone 7 markalı mobil telefonunu vermişdir ki, nömrələrinə zəng çatsın. Onlar çayxanada bir qədər çay içib söhbətləşdikdən sonra dağılışmışlar. Həmin gündən bir gün sonra Coşqundan eşitmişdir ki, Nihad Coşquna məxsus olan İphone 14 pro markalı mobil telefonu Coşqun danışmaq üçün alıb aldadaraq qaçıb getmişdir. Hadisənin şahidi olmamış, yalnız Coşqundan eşitmişdir. Əlavə olaraq Nihad ona olan borcunu qaytarmış və Honor 50 5G markalı mobil telefonunu götürmüşdür. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, “Toyota Prius” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin əvvəllərində almış və həmin vaxtdan avtomobilin qanuni sahibi odur. O, həmin avtomobili təxminən 1 ilə yaxın sürmüşdür. 2022-ci ilin yanvar ayının əvvəllərində o, “Toyota Prius” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, dost tanışına avtomobilini satdığını bildirmişdir. Daha sonra tanışları vasitəsilə Xanlar adlı şəxs onunla əlaqə saxlamış və o, avtomobili satmağa razılaşmışdır. Belə ki, o, Xanlarla avtomobili 17.000 manata satmağa razılaşmışdır. Xanlar ilkin ödəniş olaraq ona 1500 manat pul vermiş və qalan puluda 2-3 ay ərzində ödəyəcəkmiş. Bundan sonra o, Xanlara sürməsi üçün etibarnamə vermişdir. Təxminən mart ayının 18-i ərəflərində o, Xanlara heç bir məbləğdə pul ödəməməsi səbəbindən avtomobili gətirib qaytarmasını tələb etmişdir. Xanlar avtomobili qaytardıqdan sonra o, Xanların ilkin ödəniş olaraq vermiş olduğu pulu geri qaytarmışdır. Onun soyğunçuluq hadisəsi ilə bağlı heç bir məlumatı olmamışdır. Xanlar ona bu barədə heçnə deməmişdir. Həmçinin o, Nihad adlı şəxsi tanımamışdır Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icrataa qəbul edilməsi” barədə 13 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Axtarışda olan şəxsin tutulmasına” dair 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq Abşeron RPİ-nə gətirilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Cinayət əməlinin tövsif edilməsi” haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 180.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. - Abşeron rayon Məhkəməsinin 4(012)-472/2023 saylı, xx.xx.2023-ü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin əvvəli 23 iyun 2023-cü il taridən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Abşeron rayon Məhkəməsinin 4(012)-700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə, yəni 20 noyabr 2023-cü il tarixədək uzadılmışdır. - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 30 oktyabr 2023-cü il tarixl qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismindnə elan edilmiş ittiham dəyişdirilərək, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. - Abşeron rayon Məhkəməsinin 4(012)-833/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. - Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama — üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Heydər Əliyev adına parkın qarşısında tanışı Zərərçəkmiş şəxs məxsus olan “İphone 14 pro” markalı mobil telefonu zəng etmək adı ilə ondan alıb sonuncunun gözü qarşısında oradan qaçaraq qanunsuz olaraq açıq talamaqla soyğunçuluq edib, ümumilikdə zərərçəkmiş şəxsə cəmi 3000 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməsi CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi ifadələri, həmçinin şahidlərin ifadəsi, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, habelə məhkəmə iclasındakı davranışını, tələbə olmasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin digər mühüm və diqqətəlayiq hallarını, bundan başqa yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Ağcabədi şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 11 ay 4 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək həbsdə saxlama müddəti, 01 noyabr 2023-cü il tarixdən 27 may 2024-cü il tarixədək ev dustaqlığında saxlama müddəti, yəni 11 (on bir) ay 04 (dörd) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ümumilikdə 01 (bir) il 10 (on) ay 08 (səkkiz) gün müddət ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağcabədi şəhəri hüdudlarından kənara çıxmamaq, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar