Məhkəmə qərarları › İş №1(012)-332/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-332/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-332/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Naxçıvan M.R., Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan M.R., Naxçıvan şəhəri, Tumbul küçəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələriilətəqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 02 radələrində tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş Zərərçəkmiş şəxs2 kirayə yaşadığı Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 saylı ünvana eyvandan keçməklə qanunsuz daxil olmuş, evdən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 60 manat dəyərində qara rəngli, üzərində boz mexi olan dəri gödəkçəni, hər biri 50 manat olan ümumi 100 manat dəyərində 2 ədəd «Russkiy Standart» spirtli içkisini, bir ədəd 80 manat dəyərində «Çivaş» viskisini, bir ədəd 80 manat dəyərində saatı, bir cüt 50 manat dəyərində sırğanı, bir ədəd 40 manat dəyərində üzüyü, 130 manat dəyərində qolbağı, hər birinin dəyəri 10 manat olmaqla ümumi 30 manat dəyərində 3 ədəd şampun-balzamı, bir ədəd 150 manat dəyərində Samsunq Tab 4 markalı, ağ rəngli planşeti, bir ədəd 160 manat dəyərində mirvari-qızıl sepi, hər biri 70 manat olan ümumi 140 manat dəyərində 2 ədəd mirvari qızıl qolbağı, bir ədəd 20 manat dəyərində «Gucci» markalı kəməri, hər biri 25 manat olan, ümumi 100 manat dəyərində 4 ədəd müxtəlif rəngli koftaları, bir ədəd 120 manat dəyərində qara rəngli nobuk dəridən botunu, yəni Zərərçəkmiş şəxs2 məxsus 1260 manat dəyərində əmlakı, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 800 manat dəyərində «Beko» markalı televizoru, yəni ümumilikdə 2060 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 20 radələrində tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 saylı ünvandan taladığı üzərində idarəetmə pultu olan avtomobil açarından istifadə etməklə həmin binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus içərisində 30 manat dəyərində «LUXELL» yazıları olan elektrik sobası, hər birinin dəyəri 10 manat olan ümumi 20 manat dəyərində 2 ədəd fleşkartı, bir ədəd 120 manat dəyərində qırmızı rəngli botu olan 14.000 manat dəyərində 2011-ci il buraxılışlı, «Hundai Accent» markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobili, yəni ümumilikdə 14.170 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid3 hadisədən təxminən 2 ay əvvəldən tanımışdır. xx xxxxxx 2018-ci il tarixdə Orxanla birlikdə Qurtuluşda söhbət edərkən ona bildirmişdir ki, yaşadığı binada, onunla eyni blokda ikinci mərtəbədə qızlar kirayədə yaşayır, neçə vaxtdır onlar evdə yoxdurlar. Orxan onun təklifi ilə razılaşmış, həmin günü təxminən saat 02 radələrində Orxanla birlikdə həmin binanın qarşısına gəlmiş, Orxan dəmir çərçivənin üstü ilə çıxıb evin eyvanına düşmüş, evin pəncərəsi yarımçıq açıq olmuş, oradan Orxan əlini salıb pəncərəni açmış və pəncərədən evin içərisinə daxil olmuşdur. Sonra evin qapısındakı şüşəni sındırıb içəri keçmiş, evdən bir ədəd Beko markalı televizor, bir ədəd planşet, qadın üçün bijuteriya və koftalar, remen götürmüş, sonra həmin paltarları bir-birinə bağlayıb televizoru həmin paltarların köməkliyi ilə aşağıya doğu sallamış, sonra hər ikisi oğurlanmış əşyaları götürüb oradan uzaqlaşmışlar. O, ip kimi istifadə edilmiş həmin koftaları kənara atmış, bundan sonra evdən oğurladığı əşyaları aparıb gizlətmiş, səhəri günü Orxan yaşadığım evə gəlmiş, ona oğurladığı mallardan bir ədəd planşeti vermiş və Orxan planşeti aparıb satmışdır. Həmin günü axşam radələrində yenidən Orxanla görüşmüş, yenidən kafedə əyləşib söhbət etmiş, oğurladığı televizor isə onda qalmışdır. Həmin televizoru Qurtuluşda yaşayan adını bilmədiyi tanışının vasitəsi ilə bir nəfər tanımıdığı şəxsə 50 manata satmışdır. Üstündən 2 gün keçmiş, yəni xx xxxxxx 2018-ci il tarixdə axşam radələrində Orxanla görüşmüş, yenidən qərara almışdır ki, evdən bəzi əşyaları götürsünlər. Bu minvalla Orxan həmin günü yenidən evə girmiş, o isə həyətdə qalmış, Orxan çıxdıqda demişdir ki, evdən maşın açarı götürmüşdür. Orxan maşının açarını götürüb açarın üstündəki pultunu işə saldıqda binanın həyətində Hunday Accent markalı avtomobilin qapılarının açıldığını görmüş, həmin günü maşını Qurtuluşda həm o və həm də Orxan bir qədər sürmüş, həmin günün səhərisi Orxanla birlikdə gedib fəhləlik etmiş, sonra Ukraynada yaşayan atasına zəng vurub demişdir ki, pul göndərsin və o çıxıb atasının yanına getmişdir. Bundan sonra Orxan maşını idarə edib əvvəlcə saxlandığı yerin yaxınlığında saxlamış, maşının açarı isə Orxanın özündə qalmış, Orxan ona demişdir ki, maşını tanışının vasitəsi ilə satacaqdır və ona da 1000 manat pul verəcəkdir, lakin ona demişdir ki, «mənə pul lazım deyil». Həmin günün səhərisindən etibarən Orxanla bir daha görüşməmiş, belə ki, xx xxxxxx 2018-ci il tarixdə çıxıb Ukraynaya getmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəyərək onlarla barışıq əldə etdiyini və zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələblərinin olmamasını nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Hunday Accent markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşını 2017-ci ilin iyun ayının 19-da daxili daxili lizinqlə etibarnamə əsasında ilkin ödəniş edərək almış, avtomobil üçün ilkin ödəniş olaraq 4000 manat ödəniş etmiş, hər ay avtomobil üçün 472 manat kredit ödənişi edir, sonuncu dəfə 2018-ci ilin oktyabr ayı üçün də krediti ödəmişdir. Müalicəsi ilə bağlı Türkiyə Respublikasına getməli olmuş, buna görə də 2018-ci ilin avqust ayının 14-də lizinqlə istifadəsində olan Hunday Accent markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşını yaşadığı evin qarşısında, yəni evin soldan birinci blokunun qarşısında saxlamış, sonra şəxsi əşyalarını götürüb binanın qarşısından taksiyə əyləşmiş, taksiyə əyləşməzdən əvvəl avtomobilin qapılarını yoxlamış və bağlı olduğuna əmin olub taksiyə minərək çıxıb getmişdir. Həmin dövrdən etibarən Azərbaycanda olmamış, 2018-ci ilin sentyabr ayında rəfiqəsi Tamam onun yaşadığı evə baxmağa gəldikdə evin giriş qapısını açmış və içəri daxil olduqda evin dağınıq olduğunu görmüş və evdən oğurluq olduğunu bildiyi üçün bu buradə mənə ona məlumat vermişdir. Həmçinin eyvanın qapısı da açıq vəziyyətdə olmuş, o öz növbəsində ev sahibinə zəng vurub məlumat vermiş, sonra Tamamdan ona məxsus olan avtomobilin yerində olub olmaması barədə soruşmuş, sonuncu isə ona avtomobili saxladığı yerdə aşkarlamayıb bu barədə telefon vasitəsi ilə bildirmiş, lakin sonradan rəfiqəsi ona yenidən zəng vurmuş və bildirmişdir ki, avtomobilin binanın qarşısında deyil, binanın tinində saxlanılmışdır. xx xxxxxxx 2018-ci il tarixinə keçən gecə Azərbaycana qayıtmış və birbaşa xalasının yaşadığı ünvan 2 ünvanına gəlmiş, belə ki, yaşadığı mənzil kirayə olduğundan mənzilin açarı üstümdə olmamış, bu səbəbdən də birbaşa xalasının evinə gəlmişdir. xx xxxxxxx 2018-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı evə, yəni Masazır qəsəbəsinə gəldikdə binanın qarşısında saxladığı Hunday Accent markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşının yerində olmadığını aşkarlamış, buna baş vermiş hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinə gələrək ərizə yazmışdır. Əlavə olaraq göstərmişdir ki, kirayə yaşadığı ünvan 3 saylı ünvandan xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan müddət ərzində bir ədəd 60 manat dəyərində qara rəngli, üzərində boz mexi olan dəri gödəkçəsi, hər biri 50 manat olan ümumi 100 manat dəyərində 2 ədəd «Russkiy Standart» spirtli içkisi, bir ədəd 80 manat də\yərində «Çivaş» viskisi, ümumi 300 manat dəyərində içərisində saat, sırğa, üzük, qolbağ olan müxtəlif bijuteriyalar, ümumi 30 manat dəyərində 3 ədəd şampun-balzam, bir ədəd 150 manat dəyərində Samsunq Tab 4 markalı, ağ rəngli planşeti, bir ədəd 160 manat dəyərində mirvari qızıl sepi, hər biri 70 manat olan ümumi 140 manat dəyərində 2 ədəd mirvari qızıl qolbağı, bir ədəd 20 manat dəyərində «Gucci» markalı kəməri, hər biri 25 manat olan ümumi 100 manat dəyərində 4 ədəd müxtəlif rəngli koftaları, bir ədəd 120 manat dəyərində qara rəngli nobuk dəridən botusu oğurlanmışdır və evdən baş vermiş oğurluq nəticəsində ona 1260 manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa Hunday Accent markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşınında bir neçə şəxsi əşyası olmuş və həmin əşyaları da avtomobili ilə bəradər oğurlanmış, belə ki, avtomobilindən hər biri 10 manat olan ümumi 20 manat dəyərində 2 ədəd fleşkartı, bir ədəd 50 manat dəyərində ağ rəngli istilik elektrik sobası, bir ədəd 120 manat dəyərində qırmızı rəngli botusu oğurlanmış, avtomobilindən ümumilikdə 190 manat dəyərində şəxsi əmlakı oğurlanmışdır.Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Buna dair ərizəsini ibtidai istintaq zamanı təqdim etmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ondan üzr istəməklə ona dəymiş mənəvi zərəri də aradan qaldırdığını göstərərək məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ona məxsus ünvan 4 ünvanında evi vardır, belə ki, həmin mənzil qaynatasının adına qeydiyyatdan keçə də, mənzil onun mülkiyyətindədir. Həmin mənzili Zərərçəkmiş şəxs2 kirayə yaşaması üçün vermişddir. xx.xx.2018-ci il tarixdə kirayə verdiyi mənzildən oğurluq olması barədə məlumat aldığı üçün DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, ilk olaraq evinə baxdıqda oradan bir cüt 80 manat dəyərində ayaqqabıların oğurlanmasını aşkar etmiş və bu barədə izahatında göstərmişdir. Lakin sonradan o, evindən bir ədəd 800 manat dəyərində «Beko» markalı televizorunun oğurlandığını müəyyən etmiş, lakin oğurlandığını zənn etdiyi ayaqqabını isə evin digər otağında olduğunu müəyyən etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 800 manat dəyərində maddi ziyan dəymişdir.Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Buna dair ərizəsini ibtidai istintaq zamanı təqdim etmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Sahillə Qurtuluş parkında tanış olmuş və birlikdə gəzib dolaşmış, bir müddət bir yerdə yeyib içmişlər. xx xxxxxx 2018-ci il tarixdə axşam radələrində Sahillə birlikdə Qurtuluşdakı kafedə oturub yeyib içmiş və bərk sərxoş olmuş, söhbət edərkən Sahil bildirmişdir ki, yaşadığı binada eyni blokda ikinci mərtəbədə qızlar kirayədə yaşayır, neçə vaxtıdr onları güdür, gözləyir ki, onlar evdən çıxsınlar və evə oğurluğa girsin. Sahil həmçinin bildirmişdir ki, evdə televizor, planşet, pul olarsa götürüb satsınlar və əldə pul etsinlər. O da həmin vaxtı sərxoş olduğu üçün Sahil verdiyi təkliflə razılaşmış, həmin günü təxminən saat 02 radələrində Sahillə birlikdə həmin binanın qarşısına gəlmiş, oradan dəmir çərçivənin üstü ilə çıxıb evin eyvanına düşmüş, evin pəncərəsi yarımçıq açıq olmuş, oradan əlini salıb pəncərəni açmış və evin içərisindən içəri keçmişlər. Evin qapısındakı şüşəni sındırıb içəri keçmiş, evdə bir ədəd Beko markalı televizor olmuş, həmin televizoru götürmüş, evin içərisində bir ədəd planşet, qadın üçün bijuteriya və koftalar, remen olduğunu görüb götürmüş, sonra həmin paltarları bir-birinə bağlayıb televizoru həmin paltarların köməkliyi ilə aşağıya doğu sallamışlar. Bundan sonra hər ikisi oğurladıqları əşyaları götürüb oradan uzaqlaşmış, Sahil ip kimi istifadə etdiyi həmin koftaları kənara atmış, Sahil evdən oğurladıqları əşyaları aparıb özünün yaşadığı evə qoymuşdur. Səhəri günü isə Sahilin yaşadığı evə gedib oradan oğurladığı mallardan bir ədəd planşeti götürmüş və həmin günü 28 may metrosu ərazisində dükana 50 manat satmış, həmin günü axşam radələrində Sahillə görüşmüş, planşetin satışından əldə etdiyi pulu birlikdə xərcləmiş, pulun 15 manatını isə Sahil ondan borc kimi alıb qaytarmamışdır. Oğurladıqları televizor isə Sahilin özündə qalmış, üstündən 2 gün, yəni xx xxxxxx 2018-ci il tarixdə axşam radələrində Sahillə görüşmüş, sonuncu ona bildirmişdir ki, həmin evə yenə də oğurluğa girmiş və evdən maşın açarı götürmüşdür. Sahildən evə girməsinin səbəbi barədə maraqlandıqda sonuncu bildirmişdir ki, «evə girdim ki, baxım, görüm, əlavə nə var, nə yox, evdən maşın açarı tapmışam, maşın da həyətdədir». Sonra açarın üstündəki pultunu işə saldıqda binanın həyətində Hunday Accent markalı avtomobilin qapılarının açıldığını görmüş, həmin günü maşını Qurtuluşda bir qədər sürmüş və başqa binanın həyətində saxlamış, həmin günün səhərisi Sahillə birlikdə gedib fəhləlik etmiş, axşam Sahil onun yanında Ukraynada yaşayan atasına zəng vuraraq bildirmişdir ki, onu tutacaqlar və pul göndərməsini atasına demişdir. Maşının açarı onda olsa da, Sahil bildirmişdir ki, tanışı vardır, maşını satmaq istəyir, sonuncuya oğurluğu bir yerdə etdiklərini və buna görə də pulu yarı bölməli olduqlarını demiş, Sahilə demişdir ki, maşını 5-6 min manata sata bilər, Sahil isə demişdir ki, «maşını neçəyə satırsan-sat, mənə 1000 manat pul verərsən». O, maşını özü satacağını və Sahilə də 1000 manat pul verəcəyini sonuncuya bildirmiş, sonra maşını idarə edib əvvəlcə saxlandığı yerin yaxınlığında saxlamış, avtomobil təxminən bir ay həmin yerdə qalmış, Sahildən maşının açarını aldığı gündən bir-iki sonra Sahili bir daha görməmiş, belə ki, sonuncu Ukraynaya getmişdir. Bundan sonra maşını saxladıqları yerdən götürməyi qərara almış, həmin ərəfədə tanışı Səyyada demişdir ki, tanış qızının maşını vardır, özü burada yoxdur, maşını müvəqqəti ona vermişdir, saxlamağa yeri yoxdur. Sonra oğurladığı “Hyundai Accent” markalı avtomobili göstərmiş, həmin vaxtı öz maşınının üzərində olmuş ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə bağlamış, Səyyad Türkiyədə həm yaşadağı və həm də işlədiyi üçün onun maşınının nömrəsini bilməmiş, buna görə də maşının üzərinə bağladığı nömrədən şübhələnməmiş, Səyyada maşını binalarının qarşısında katelninin yanında saxlamasını bildirmiş, Səyyad atasından icazə almağı demiş, sonra birlikdə atasının yanına getmiş, atası Səyyada icazə verdiyi üçün avtomobili onların binasının qarşısına gətirib saxlamışdır. Sonra atası avtomobilin açarını ondan almış, belə ki, bir ay əvvəl o öz avtomobili ilə qəza törətdiyi üçün həmin maşının açarını ondan almış ki, avtomobili idarə etməsin. Lakin maşının qabaq sol qapısı açıq qaldığı üçün avtomobilin baqajını açıb oradan qadın ayaqqabılarını, yığıb olan zibil qutusuna atmış, evdən oğurladığı elektrik piltəsi maşının baqajında qalmışdır. Maşın Səyyadın evinin həyətində saxlanıldığı müddətdə ona pul lazım olduğu üçün qərara gəlmişdir ki, maşının üzərindəki maqnitofonu çıxarıb satsın. Bu məqsədlə 2018-ci ilin noyabr ayının ortalarında maşının saxlandığı yerə gəlmiş, maşının qapıları açıq vəziyyətdə olduğu üçün salona girib oradan maqnitofonu çıxarmaq istəmiş, lakin həmin vaxtı maqnitofonun ekranı kleylə bağlandığı üçün qırılmış və yararsız vəziyyətə düşdüyü üçün sata bilməmişdir. Səyyad maşının üzərindəki maqnitofonu çıxardığını bilmiş və ondan maqnitafonu nə səbəbə çıxartdığımı soruşmuşmuş, o da maqnitafonu düzəltdirmək üçün çıxardığını demişdir. Avtomobili Səyyadgilin evinin qarşısında saxladıqdan sonra maşına bir daha yaxın getməmiş, həmin vaxtdan sonra fikirləşmişdir ki, oğurluq etdiyi evdə əl izləri qala bilər, buna görə də həmin evə yenidən girib əl vurduğu yerlərdən izləri silmək qərarına gəlmişdir. Buna görə də xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 02 radələrində Sahilgilin binasının qarşısına gəlmiş, ətrafa baxdıqda sakitlik olduğunu və kənar heç kəsin həyətdə olmadığını görmüşdür. Həmin binanın birinci mərtəbəsindəki eyvanına çıxıb oradan isə ikinci mərtəbənin eyvanına dırmanmışdır. Eyvana çıxıb qapını açmaq istəyəndə görmüşdür ki, qapı vintaçanla içəridən bağlanmışdır. O, qapını aça bilmədiyi görüb qapının aşağı hissəsində olan plastik hissələri basıb çıxarmış, həmin yerdən mənzilə daxil olub plastik hissələri stolun üstünə qoymuş, sonra əvvəlcə evə girdiyi vaxtı sındırdığı qapının üzərini, pəncərəni, eyvanın qapısını və mətbəxdə olan televizorun qoyulduğu yerləri evdən götürdüyü əski ilə təmizləməyə başlamış, sonra evə girdiyi yerdən də çıxıb getmiş, evdən çıxdıqda oradan heç bir əşya oğurlamamışdır. Əlavə olaraq göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Sahil onunla görüşdükdə həmin evə təkrar girdiyini və evdən maşın açarı götürdüyünü deyib həmin maşının binanın həyətində olduğunu bildirmiş, sonra isə maşını birlikdə oradan sürüb getmiş və avtomobili satmaq üçün müştəri axtarmış, lakin müştəri tapa bilmədikləri üçün müvəqqəti maşını idarə edib binanın tinində saxlamış, Sahil Ukraynaya çıxıb getdikdən sonra isə maşını aparıb Səyyadgilin evinin qarşısında saxlamış, lakin tanışı Səyyad oğurluqdan xəbəri olmamış, avtomobilin oğurluq olması barədə Səyyada və nə də ki, onun atasına hər hansı məlumat verməmiş, son vaxta qədər Səyyadgil avtomobilin oğurluq olmasından xəbərsiz olmuşlar. İbtidai istintaq zamanı şahid qismində qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun bacısı qızıdır. Bacısı qızı Elnarə 2017-ci ilin iyun ayında “Hundai Accent” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşını almış və həmin avtomobili özü idarə etmişdir. Elnarə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş yaşayış kompleksində 3 saylı evin 45 saylı mənzilini almış və həmin mənzildə təmir işləri aparmış, buna görə də həmin mənzildən bir qədər aralıda yerləşən mənzil kirayə tutub orada müvəqqəti yaşamışdır. Elnarə müalicəsi ilə bağlı Türkiyə Respublikasına getməli olmuş, bu səbəbdən də onun evinə aparılan təmir işlərinə nəzarət etməyi, ustaların pulunu verməyi, həmçinin material alıb verməyi ondan xahiş etmişdir. 2018-ci ilin avqust ayının 14-də Türkiyə Respublikasına getdikdən sonra bilavasitə ustalara nəzarət etməyə və material alıb verməyə başlamış, Elnarə gedərkən istifadəsində olan “Hundai Accent” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil kirayə yaşadığı evin qarşısında saxlamışdır. 2018-ci ilin sentyabr ayında Elnarənin rəfiqəsi Tamam ona zəng vuraraq kirayə yaşadığı evdə oğurluq olması barədə məlumat vermiş, bundan sonra Elnarə onunla əlaqə saxlayıb onun avtomobilinə nəzarət etməsini xahiş etmiş, o da sonuncunun xahişi əsasında Elnarənin evində yaşayan ustalara material almağa getdikdə sonuncunun avtomobilinə nəzarət etməyə başlamış, hər dəfə maşına baxmışdır. Bu minvalla 2018-ci ilin oktyabr ayınadək mütəmadi maşının yerində olmasından xəbəri olmuş, hər həftənin sonunda Elnarənin evindəki təmirə nəzarət etmək üçün getdiyi üçün sonuncu dəfə təxminən 12-xx xxxxxxx 2017-ci il tarixində avtomobilin yerində saxlanılmış vəziyyətdə gördüyünü xatırlayır. xx xxxxxxx 2018-ci il tarixinə keçən gecə Elnarə Azərbaycana qayıtmış və birbaşa uşağının yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Belə ki, Elnarənin üstündə kirayə yaşadığı mənzilin açarı olmamış, xx xxxxxxx 2018-ci il tarixədək Elnarə onun evində qalmış, həmin tarixdə təxminən saat 20 radələrində Elnarə ilə birlikdə ustalara baş çəkmək üçün getmiş, ustalara material alıb verdikdən sonra birlikdə geri qayıtdıqda onun kirayə yaşadığı evin qarşısında saxladığı “Hundai Accent” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşının yerində olmadığını aşkarlamış, belə olduqda baş vermiş hadisə ilə bağlı Elnarə ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gələrək ərizə yazmışdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini hadisə yerində əyani şəkildə göstərərək ifadəsində olan xüsusatları bir daha təstiq etmişdir. İş materialarında olan sənədlərdən görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb və əsas, xx xxxxxxx 2018-ci il tarixdə Abşeron rayon, Masazır kəndi, “Qurtuluş-93” Yaşayış Kompleksi, 49 nömrəli binanın qarşısından vətəndaş Zərərçəkmiş şəxs2 məxsus “Hyunday Accent” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs tərəfindən qaçırılması faktı olmuşdur.Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin Şahid3 tərəfindən törədildiyi müəyyən edildiyindən xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2018-ci il tarixdə Şahid3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək toplanmiş ilkin sübutlar əsasında xx xxxxxx 2018-ci il tarixdə Şahid3 həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlandığı Abşeron rayon MSY-dən azad edilmişdir. Bundan başqa xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsi, ev 33, mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evindən əmlakının oğurlanması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış material üzrə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət faktının Şahid3 tərəfindən törədildiyi müəyyən edilmiş, bu səbəbdən də Zərərçəkmiş şəxs1 əlavə müraciəti əsasında toplanmış HK-1/5449 nömrəli material istintaqı aparılmış ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Bundan başqa Abşeron rayon Pİ-nin İŞ-də müstəntiq Xəyyam Rüstəmov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və həmin cinayət işinin başlanmasına səbəb və əsas, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində naməlum şəxsin (şəxslər) vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 5 saylı ünvanda yerləşən mənzilin eyvanının qapısını sındarmaqla qanunsuz evə daxil olması və oradan 3000 manat dəyərində geyim əşyalarını, qab-qacaqları, yorğan-döşəkləri gizli olaraq talaması faktı olmuşdur. Qeyd olunan cinayət faktı ilə bağlı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət faktının Şahid3 tərəfindən törədildiyi müəyyən edilmiş, bu səbəbdən də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli iş Abşeron Rayon Polis İdarəsinin müstəntiqi Abşeron rayon polis idarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 icraatında istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün ona həvalə edilmiş, qeyd olunan cinayət faktlarında olan əməllərin Şahid3 tərəfindən törədildiyi nəzərə alınaraq, cinayət işləri bir icraatda birləşdirilmiş və ibtidai istintaq bir icraatda ********* nömrəsi altında aparılmış və baxılması üçün Abşeron rayon Məhkəməsinə gödərilmişdir Toplanmış sübutlar əsasında Şahid3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham yenidən ittiham elan edilmiş, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli tam, hərtərəfli, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibinin üzrə icraatın ayırlmasına prosessual qanunvericiliklə yol verildiyindən xx.xx.2019-cu il tarixdə ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan Abşeron rayon Məhəməsinin 1(012)- 217/2020-ci il tarixli hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə, ona 01 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid3 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 04 gününə hesablanaraq, onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qət edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, baxış keçirmə və götürmə protokolundan görünür ki, Hunday Accent markalı, üzərinə ** VC *** dövlət qeydiyyat nişanı bağlanmış avtomaşın Abşeron rayonu, «Qurtuluş 93» yaşayış kompleksinin qarşısında aşkar edilmiş, avtomobilin arxa yük yerində ** MR *** dövlət qeydiyyat nişanı, həmçinin bir ədəd istifadə olunmuş elektrik peçi aşkar olunmuş, avtomobil və yük yerində olan nömrə nişanı, həmçinin elektrik peçi protokolla götürülmüşdür. İş üzə maddi sübut olan hadisə yerindən götürülmüş üzərində 04 ədəd əl-barmaq izləri olan 03 ədəd şəffaf yapışqan lent kəsikləri cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, Hunday Accent markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşına Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Hunday Accent markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşının xarici görkəmində detal dəyişikliyi müəyyən edilməmiş, avtomobilin akkumlyatorun, arxa yük yerində olan ehtiyat təkərinin, bir ədəd elektrik sobasının, iki ədəd fleş kartın bir ədəd qırmızı rəngli botunun yerində olmadığı müəyyən edildi. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx xxxxxx 2018-ci il tarixli, 31343 nömrəli rəylə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş texniki şəhadətnaməsinə əsasən 2011-ci il buraxılışlı, Hunday Accent markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə 2018-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 14.000 manat, bir ədəd «LUXXEL» yazıları olan 2 spirallı elektrik sobası 30 manat müəyyən olunur. İş materiallarında olan 2011-ci il buraxılışlı, Hunday Accent markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd «LUXXEL» yazıları olan 2 spirallı elektrik sobası, ünvan 6 ünvanında vətəndaş Zərərçəkmiş şəxs1 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd şəffaf yapışqan lent kəsiklərin üzərində olan 04 ədəd əl-barmaq izləri maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmalı, avtomobil və elektrik sobası saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmış, əl barmaq izləri isə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs və atası tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyan məhkəmə istintaq zamanı tam ödənilmiş, sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020 -ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfədir ki, mülkiyyət əleyhinə olan az ağır cinayət törətməsini, törətdiyi cinayəti səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara vurulmuş ziyanın tamamilə ödənilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hər hansı bir hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və gələcək həyatına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını faktiki yaşadığı yer üzrə çəkməli, onun üzərinə yuxarıda göstərilən müvafiq vəzifələr qoyulmalı, hökmün icrası onun yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzasının əvvəli onun orada qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə şəxs qismində tutulmuş və Abşeron Rayon Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasından, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün müddət çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan “Hyundai Accent” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd “LUXXEL” yazıları olan 2 spirallı elektrik sobasının sahibi olan Zərərçəkmiş şəxs2 Qalib qızına qaytarılması nəzərə alınmalı və üzərində hadisə yerindən götürülmüş 04 ədəd əl-barmaq izləri olan 03 ədəd şəffaf yapışqan lent kəsikləri cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 197-198-ci maddələrinin tələbləri baxımından məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cümaddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsxx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 04 gününə hesablanaraq, onun üzərində qəti olaraq 01(bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış materialların məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan“Hyundai Accent” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd “LUXXEL” yazıları olan 2 spirallı elektrik sobasının sahibi Zərərçəkmiş şəxs2 Qalib qızına qaytarılması nəzərə alınsın və üzərində hadisə yerindən götürülmüş 04 ədəd əlbarmaq izləri olan 03 ədəd şəffaf yapışqan lent kəsikləri cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar