Məhkəmə qərarları › İş №1(012)-332/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-332/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-332/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1998-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, E.Bağırov küçəsi, ev 56-da qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”–in siyahısına (Siyahi İ) daxil olan təmiz çəkisi 0,920 qram kustar üsulla hazırlanmiş psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 25 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis bölməsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4 aydır ki, «şüşə» adlanan psixotrop maddənin istifadə edir. 25 yanvar 2021-ci il tarixdə işlədiyi avtomobil təmir emalanatxanasının yaxınlığında tanımadığı şəxsdən 1 ədəd siqaret kağızına bükülüdə olan «şüşə» almış, həmin maddəni istifadə etmək məqsədilə cibində saxlamışdır. 25 yanvar 2021-ci il tarixdə qardaşının yanına 20 yanvarda olan Respublika xəstəxanasına gedib ona baş çəkəndən sonra «Şamaxinka» deyilən yerdən taksiyə minib saat 19 radələrində Hökməli qəsəbəsində yerləşən «Ruzi» marketin yanına gəlmiş və üstündə pul olmadığı üçün tanışı Mehmandan pul götürmək istəmiş, buna görə ona zəng vurmuşdur. Bir qədər sonra özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq onu Qobu PB-nə aparmışlar. Orada vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmış və şalvarının sol yan cibindən həmin maddə aşkar edilərək götürülmüşdür. Qeyd etmişdir ki, heç kəsə «şüşə» tapmağa köməklik edəcəyini deməmişdir. Narkotik vasitəni əldə etdiyi şəxsi tanımır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Əmiağa oğlunun ifadəsindən görünür ki, Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır.25 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi Nübar yaşayış massivində yaşayan X4 Abşeron rayonu Qobu-Hökməli yolunda qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Qobu PB-nə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3, Qobu PB-nin sahə rəisi, Şahid2 və Qobu PB-nin YYÇ üzrə inspektoru, X3 iştirakı ilə Abşeron rayonu Hökməli qəsəbəsinə getmişlər.Həmin günü saat 19 radələrində zahiri əlamətləri Mehman Əsgərova oxşar şəxsi görən kimi ona yaxınlaşıb özlərini təqdim edərək ondan şübhələndiklərini bildirərək Abşeron RPİ-nə dəvət etmişlər. Mehman Əsgərovu özləri ilə birlikdə RPİ-nin Qobu PB-nə gətirib müvafiq sənədləşmə apardıqdan sonra X4 üzərinə şəxsi axtarış aparılması üçün tərtib olunmuş raport əsasında material təhqiqatçıya həvalə edilmişdir.Daha sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla M.Əsgərovun üzərinə şəxsi axtarış aparılmışdır. Aparılmış şəxsi axtarış zamanı M.Əsgərovun üzərindən qanunla dövriyyəsi qadağan olunan heç bir əşya aşkar olunmamışdır. Bundan sonra videoçəkiliş dayandırılmadan X4 idarə etdiyi Qobu PBnin həyətində saxlanılan Mercedes markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, şübhəli əşya aşkar olunmamışdır. Bundan başqa 25 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi Atyalı yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Qobu-Hökməli yolunda qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Qobu PB-nə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün həmin əməkdaşlarla birlikdə Abşeron rayonu Hökməli qəsəbəsinə getmişlər. Həmin günü saat 20 radələrində qəsəbədə «Ruzi» marketin yaxınlığında Təqsirləndirilən şəxs taksi avtomobilində olduğu barədə məlumat alıb taksi nişanlı avtomobilə yaxınlaşmışlar. Orada sərnişin qismində əyləşən zahiri görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsə özlərini təqdim edərək ondan şübhələndiklərini bildirərək Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs özləri ilə birlikdə RPİ-nin Qobu PB-nə gətirib müvafiq sənədləşmə apardıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması üçün tərtib olunmuş raport əsasında material təhqiqatçıya həvalə edilmişdir. Daha sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əynindəki şalvarının sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd büküm təqdim edərək içərisində psixotrop maddə olan «şüşə» olduğunu və həmin maddənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 25.01.2021-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən işlədiyi obyektin yaxınlığından öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin psixotrop maddəyə oxşar kütlə götürülərək bir ədəd zərfə qoyulub qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün” möhürü vurulmuş və müvafiq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, ailəsini dolandırmaq üçün bir müddət əvvəl etibarnamə əsasında «Toyota Auris» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşqul olur. 25.01.2021-ci il tarixdə axşam saat 19 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində olan zaman adını sonradan bildiyi Sənan adlı müştəri avtomobilə əyləşmiş və Abşeron rayonu, Hökməli qəsəbəsinə gedəcəyini bildirmişdir. Sənanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən «Ruzi» adlı market yaxınlığına gətirmiş, ünvana çatdıqdan sonra Sənan demişdir ki,onun pulu yoxdur tanışı gəlib ona pul verəcək. Avtomobildə oturub gözləmiş,həmçinin Sənanın avtomobildən düşüb uzaqlaşmasına imkan verməmiş bu zaman avtomobilə mülki geyimdə 2-3 nəfər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək Sənanı narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirib onu da Qobu PB-nə aparmışlar. Polis bölməsində ona məlum olmuş ki, Sənanın üzərinə şəxsi axtarış aparılmış və ondan narkotik vasitə aşkar edilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 25.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 25.01.2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsindəki «Ruzi» marketin yaxınlığında taksi avtomobilində olarkən polis əməkdaşları tərəfindən saxlanılıb Pİ-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sol yan cibində saxladığı bir ədəd gümüşü siqaret kağızının içərisində psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materillarında olan şəxsi axtarış və götürmə barədə 25.01.2021-ci il tarixli videogörüntüyə baxış keçirilmiş və məhkəmə prosesində tədqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının 26 yanvar 2021-ci il tarixli, 6/344 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 245” möhür əksi, “4... Təqsirləndirilən şəxs..” və.s yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,920 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağa edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. QEYD: (Metamfetaminin təmiz çəkisi-0,920 qram, tədiqaqata sərf edildi-0,05 qram, qalıq-0,870 qram); Ekspertiza tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz manat, doxsan qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 10 fevral 2021-ci il tarixli 421 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnin Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 30 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 01 ədəd təmiz çəkisi 0.870 qram olan ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut qismində tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.02.2021-ci il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Hökməli qəsəbə İƏDÜ nümayəndəsi ərəfindən verilmiş arayış və xasiyyətamədən görünür ki, Cəfərov X5 rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində qeydiyyatsız yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27.01.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 27.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,870 qram olan psixotrop maddə metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (bir yüz doqquz manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 25 yanvar 2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək və ərazi narkoloji dispanserində qeydiyyata düşmək vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 109,90 (bir yüz doqquz manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,870 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 25 yanvar 2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar