Məhkəmə qərarları › İş №1(012)-333/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-333/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-333/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafəiçisi – Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 23.03.2021-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Digah qəsəbəsində, Zərərçəkmiş şəxs ilə qonşusu Təqsirləndirilən şəxs arasında sonuncunun kobud zarafat etməsi səbəbindən mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurub onu yerə yıxmış və yerdə də bir neçə dəfə baş və bədən nahiyyəsinə yumruq zərbələri ilə vuraraq ona alın nahiyyəsinin əzilmiş-sıyrılmış yarası, sağ gicgah nahiyyəsinin dəri altı hematoması və döş qəfəsinin yumşaq toxumalarının əzilməsindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Hatəm adlışəxs yaşadığı Digah qəsəbəsində qonşuluğunda yaşayır. O, 23.03.2021-ci il tarixdə saat 23 radələrində Digah qəsəbəsində adını bilmədiyi kafelərin birində 3-4 bakal pivə içdikdən sonra evə gedərkən ara yolda Hatəmlə rastlaşmış və onunla salamlaşaraq zarafat etmiş və o da onunla zarafat etmişdir. Onun etdiyi zarafat Hatəmin xoşuna gəlməmiş, Hatəm ona zarafat etməməsini deyərək kobud danışmış, buna görə aralarında mübahisə düşmüş, mübahisə zamanı o, əsəbləşərək yumruq zərbəsi ilə bir dəfə onun sifət nahiyyəsinə vuraraq onu itələyib yerə yıxmış və yerdə də onun sifət və baş nahiyyəsinə yumruqla bir neçə dəfə vuraraq oradan çıxıb getmişdir. O, əlavə olaraq Hatəmlə aralarında yaranmış mübahisənin 2-3 dəqiqə davam etdiyini, həmin vaxt orada başqa şəxslərin olmadığını bildirmiş, həmçinin həmin vaxt Hatəmin ona hər hansı bir formada müqavimət göstərmədiyini də qeyd etdi. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Rövşən adlı şəxs Digah qəsəbəsində onun qonşuluğunda yaşayır. O, 23.03.2021ci il tarixdə saat 23 radələrində Digah qəsəbəsində yerləşən dükandan siqaret alıb evə gedərkən ara yolda Rövşənlə rastlaşmış və Rövşənin sərxoş vəziyyətdə olmasını hiss etmiş, Rövşən onunla salamlaşaraq zarafat etməyə başlamış, sonra isə kobud sözlərlə zarfat etdiyi üçün o, ona zarafatına görə irad bildirdikdə aralarında mübahisə yaranmış, Rövşən qəfildən yumruq zərbəsi ilə bir dəfə onun sifət nahiyyəsinə vuraraq onu itələyib yerə yıxmış və onun başı və bədəni yerə çırpılmışdır. Rövşən yerdə də onun baş nahiyyəsinə yumruq zərbələri ilə vuraraq başına və bədəninə xəsarət yetirmişdir. O, buna görə DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs izahtında əlavə olaraq baş vermiş münaqişənin 2-3 dəqiqə davam etdiyini və həmin vaxt orada başqa şəxslərin olmadığını da qeyd etmişdir. Bundan əlavə, məhkəmə baxışında Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini, ona qarşı şikayət və tələbinin olmadığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və X2 rayon şöbəsinin 31.03.2021-ci il tarixli, 638 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – alın nahiyyəsinin əzilmiş-sıyrılmış yarası, sağ gicgah nahiyyəsinin dəri altı hematoması və döş qəfəsinin yumşaq toxumalarının əzilməsi bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 23.03.2021-ci il tarixdə dava-dalaş nəticəsində yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş məhkumluq barədə 08.04.2021-ci il tarixli arayışından (tələbnamədən), Abşeron rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli hökmündən və Sumqayıt Apellyasiya Məhkəməsinin 28.10.2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Muradov X1 rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin 28.10.2020-ci il tarixli qərarı ilə onun barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzası şərti hesab olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar