Məhkəmə qərarları › İş №1(012)-333/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-333/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-333/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1975-ci ildə Şərur rayonu, Xok kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Naxçıvan MR Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 may 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs əlilliyə görə əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin may ayının əvvəllərində Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Palma” adlı kafedə 4000 manat, həmin ilin may ayının ortalarında eyni ünvanda 6000 manat və sonuncu dəfə həmin ilin may ayının sonunda, saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketin qarşısında 1000 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 11000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ortaq tanışları mərhum Ruslan adlı şəxsin vasitəsi ilə 2022-ci ilin aprel ayının sonlarında tanımış və münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin aprel ayının sonlarında mərhum Ruslan ona zəng edərək Vaqif adlı dostunun əllillik təyinatının dayandırıldığını və ona bu işdə kömək edəcək şəxs axtardığını demişdir. O isə həmin vaxt Ruslana onun bu işini həll edəcək tanışının olduğunu bildirmiş, Ruslan da ona Vaqif ilə birlikdə görüşməyi təklif etmiş və o da razılaşmışdır. İlk dəfə 2022-ci ilin may ayının əvvəllərində Ruslan ilə birlikdə Zərərçəkmiş şəxsla Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Palma” adlanan kafedə görüşmüş, Vaqif ilə tanış olmuş, söhbət zamanı Vaqifin döyüşlərdə ağır yaralandığından dövlət tərəfindən əllilik pensiyasının təyin olduğunu, lakin 2021-ci ildə növbəti 5 illik həkim komissiyası zamanı əlliliyinin ləğv olunduğu üçün pensiyasının dayandırıldığı ona məlum olmuşdur. O da bu vaxt Vaqifə yalandan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışının olduğunu, bu işi həll edə biləcəyini demiş, Vaqif isə ona pensiya təyinatının bu dəfə ömürülük təyin edilməsini istədiyini bildirmişdir. O da Vaqifə bu işi həll edəcəyini demiş, Vaqif isə ondan pensiya təyinatının ömürlük təyin edilməsi üçün nə etməli olduğunu soruşduqda o Vaqifə maraqlanıb bu barədə məlumat verəcəyini demişdir. Təxminən 2 -3 gün sonra o mərhum Ruslana Vaqifin işi üçün 11000 manat pul lazım olduğunu bildirmiş, Ruslan isə ona Vaqif ilə birlikdə görüşüb danışmağı təklif etmiş, həmin gün, yəni, 2022-ci ilin may ayının əvvəllərində günorta saatlarında Sulutəpə dairəsində “Palma” adlı kafedə o, Vaqif,Ruslan və Vaqifin adını bilmədiyi dostu ilə birlikdə görüşmüşlər. Orada o Vaqifə bu iş üçün 11000 manat pul lazım olduğunu demiş,lakin Vaqif ona inanmadığı üçün razılaşmamışdır. Bu vaxt Ruslan Vaqifə “narahat olma, mən Əyyubu tanıyıram ona etibar etmək olar” sözlərini demişdir. Bundan sonra Vaqif adını çəkdiyi şəxslərin yanında ona ilkin olaraq 4000 manat pul vermiş, o da sonuncuya “narahat olma ən qısa vaxtda sənin əllilik işinin həll olunacağını” deyib oradan kənarlaşmışdır. Təxminən 1 həftə sonra yəni, 2022-ci ilin may ayının ortalarında o yenə də mərhum Ruslan, Vaqif və Vaqifin adını bilmədiyi dostu ilə eyni yerdə yəni, Sulutəpə qəsəbəsində “Palma” adlı kafedə günorta saatlarında görüşmüş, orada Vaqif ona 6000 manat pulu sayıb həmin şəxslərin yanında vermişdir. O da həmin pulu Vaqifdən götürüb yalandan ona pensiya təyinatının 1 ay müddətində bərpa olacağını demişdir. Vaqif həmin vaxt ona qalan 1000 manat pulu isə 3-4 günə görüşüb verəcəyini bildirmişdir. Bundan təxminən 3-4 gün sonra, yəni 2022-ci ilin may ayının sonlarında saat təxminən 12 radələrində Xırdalan şəhəri H.Əliyev prospektində Xırdalan dairəsinin yaxınlığında yerləşən “Araz” marketin qarşısında Vaqif ilə görüşüb sonuncu dəfə ondan 1000 manat pulu almışdır. Bununla da o Zərərçəkmiş şəxs onun pensiya təyinatının bərpa olunacağını vəd verib aldatmaqla ümumilikdə 11000 manat pul almışdır. O, həmin puldan mərhum Ruslana heç nə verməmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxs ondan şikayətçi deyildir. Ona görə də məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 1992-ci ildə Birinci Qarabağ müharibəsində iştirak etdiyi zaman ağır yaralandığı üçün başından ağır kontuziya almış və 2016-cı il tarixdən 5 il müddətinə ona İİ qrup əlillik dərəcəsi verilmişdir.2021-ci ildə isə müddət başa çatdığından həkim komissiyasından keçərkən pensiya təyinatına xitam verilmişdir.O pensiyasını bərpa etdirmək üçün bir neçə dəfə cəhd göstərsə də, buna nail ola bilməmişdir. X2 müharibəsində iştirak edən döyüş yoldaşlarından olan X1 müəyyən məbləğ qarşılığında pensiyasını bərpa etdirə biləcək tanışının olduğunu bildirmişdir. O da Ruslandan həmin şəxslə onu tanış etməsini xahiş etmişdir. 2022-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Palma” adlanan kafeyə Ruslan və pensiyasını bərpa etdirəcək tanışı ilə görüşmək üçün getmişdir. Kafedə sonuncularla görüşmüş və həmin şəxs özünü Naxçıvan MR-nin Kəngərli rayonu, Xok kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs pensiyasını bərpa etidirib ömürlük təyin olunmasını istədiyini bildirmişdir. Əyyub isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışının olduğunu, həmin şəxsin vasitəsilə 11000 manat pul müqabilində 1 ay müddətinə pensiyasını bərpa etdirə biləcəyini demişdir. O Əyyub ilə razılaşdıqdan sonra bir neçə günə əlaqə saxlayacağını bildirmişdir.2022-ci ilin may ayının əvvəllərində o dostu Şahidla birlikdə Əyyub və Ruslanla görüşmək üçün Sulutəpə qəsəbəsində yerləşən “Palma” kafesində getmişdir. Həmin vaxt o 11000 manat pulun 4000 manatını özü ilə aparmış və o, görüşdükləri zaman Əyyuba pul verməkdə tərəddüd etmiş, lakin Ruslan ona Əyyuba etibar edə biləcəyini bildirmişdir. O da 4000 manat pulu “Palma” kafesində dostu Elşadın və Ruslanın yanında Əyyuba vermişdir. Pulu verdikdən təxminən 1 həftə sonra, yəni 2022-ci ilin may ayının ortalarında o Əyyuba pul vermək üçün “Palma” kafesində görüşmüşlər. Həmin vaxt yanında Ruslan və Rəşad olmuşdur. Onların iştirakı ilə Əyyuba 6000 manat pul vermişdir. Təxminən 2022-ci ilin may ayının sonlarında saat 12 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində Xırdalan dairəsinin yaxınlığında yerləşən “Araz” marketin qarşısında Əyyub ilə görüşmüşlər və aralarında olan razılaşmaya əsasən qalıq 1000 manat pulu da Əyyuba vermişdir. O ümumilikdə Əyyuba pensiyasını bərpa etdirmək üçün aralarında olan razılaşmaya əsasən 11000 manat pul vermiş, 1 aydan sonra Əyyub ilə əlaqə saxlamağa başlamış və Əyyub hər dəfəsində müxtəlif bəhanələr gətirib onun pensiyasını bərpa etdirəcəyini bildirmiş, lakin sonradan ona məlum olmuşdur ki, Əyyub onu aldadaraq ona qarşı dələduzluq etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən Əyyubla barışmış, şikayətçi deyildir, bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. Ona görə də təqsirləndirilən şəx Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. Zərərçəkmiş şəxs 1992-ci ildə Birinci Qarabağ müharibəsində iştirak etdiyi zaman ağır yaralandığı üçün başından ağır kontuziya almış və 2016-cı il tarixdən 5 il müddətinə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. 2021-ci ildə isə müddət başa çatdığından həkim komissiyasından keçərkən pensiya təyinatına xitam verilmişdir. 2022-ci ilin may ayında Vaqiflə söhbət edərkən ortaq dostları Ruslanın əllik dərəcəsini bərpa etdirən tanışının olduğunu, həmin şəxslə Sulutəpə qəsəbəsində yerləşən “Palma” adlı kafedə görüşəcəyini və kafeyə onunla birlikdə getməyi təklif etmişdir. Onlar birlikdə həmin kafeyə getmiş və Ruslanın bir nəfərlə kafeyə gəldiyini görmüşdür. Onlar birlikdə bir qədər söhbət etdikdən sonra ona məlum olmuçdur ki, Ruslanın yanında gələn şəxsin adı Əyyubdur və sonuncu 11000 manat pul müqabilində Vaqifin əlillik dərəcəsini bərpa etdirəcək. Bu məqsədlə Vaqif Əyyuba onun və Ruslanın iştirakı ilə 4000 manat pul vermiş, qalan hissəsini isə bir neçə günə verəcəyini bildirmişdir. Vaqif pulu verdikdən 15 gün sonra onlar yenidən həmin yerdə, yəni Sulutəpə qəsəbəsində yerləşən “Palma” kafesində görüşmüşlər. Həmin vaxt orada o, Vaqif, Ruslan və Əyyub olmuşdur. Onların iştirakı ilə Vaqif 6000 manat pulu Əyyuba vermişdir. Əyyub həmin vaxt 11000 manatı tam verdikdən sonra Vaqifin əlillik dərəcəsini bərpa etdirəcəyini bildirmişdir. Vaqif isə 6000 manat pulu verdikdən sonra 15-20 gün sonra qalan 1000 manat pulu verəcəyini bildirmişdir. Ona sonradan məlum olmuşdur ki, Vaqif dediyi kimi 1000 manat pulu Abşeron rayonu, H.Əliyev prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz “Araz” marketin yaxınlığında Əyyub ilə görüşüb ona vermişdir. Lakin Əyyub vədinə əməl etməyib, Vaqifin əlillik dərəcəsini bərpa etdirməyərək onu aldatmış və pulunu qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmiş və qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərfindən yazılaraq məhkəməyə təqdim etdiyi ərizəsində, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini,təqsirləndirilən şəxsə qarşı şikayətinin,heç bir tələbinin və mülki iddiasının olmadığını göstərmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş 16 sentyabr 2023-cü il tarixli məktubdan və xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon ərazisində tutularaq Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilmə haqqında16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və saxlandığı Abşeron RPİin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə bərabər, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməini,həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın həddini və hansı cəza növünü təyin etmək məsələsini müzakirə edib, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsə dəymin ziyanı tam ödəməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunmaqla onun islah olunması mümkündur və həmin cəza Cinayət Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilmş ədalət prinsipinin tələblərinə də cavab verir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 16 sentyabr 2023cü tarixdə tutulduğu 1 (bir) gün nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli və hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4000 manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 16 sentyabr 2023-cü tarixdə tutulduğu 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq təyn edilmiş cərimə cəzasından 200 manat çıxılmaqla üzərində 3800 manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yeri üzrə Naxçıvan MR Kəngərli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar