Məhkəmə qərarları › İş №1(012)-334/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-334/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-334/2021 29.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, hal-hazırda cəza çəkən, Bərdə şəhəri, H.Əliyev prospekti, döngə 13, ev 39-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ev 53, mənzil 9-da yaşayan və barəsində Abşeron rayon məhkəməsi tərəfindən "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, 2020-ci ilin avqust ayının axırlarında Bərdə rayonunda satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 22 manat müqabilində 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri - 0,190 qram, 0,050 qram, 0,011 qram ümumi çəkisi 0,251 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsinə daşıyıb üzərində saxlamış, 02 sentyabr 2020-ci il tarixdə tanışı Şahid2 idarə etdiyi «Saipa» markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda bir ədəd 0,011 qram çəkidə narkotik vasitə heroini saxlamaq məqsədilə Şahid1 Oqtay qızına vermiş, həmin gün saat 22 radələrində Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Mirzəyeva X4 rayonu, Hökməli qəsəbəsi ərazisində saxlanılaraq polis bölməsinə gətirilib üzərlərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd ayrı-ayrılıqda təmiz çəkiləri - 0,190 qram, 0,050 qram, Şahid1 çantasından isə bir ədəd təmiz çəkisi 0,011 qram, ümumi çəkisi isə 0,251 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3-4 ay olar ki, ara-sıra narkotik vasitə olan heroin qəbul edir. 02.09.2020-ci il tarixdə saat 22 radələrində təxminən bir ay olar ki tanıdığı Şahid1 Oqtay qızını tanışı Taleh adlı şəxsin idarə etdiyi “Saipa” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Hökməli qəsəbəsinə gətirərkən Hökməli qəsəbəsində polis əməkdaşları hərəkətdə olduqları həmin avtomobilə saxla işarəsi verdikdə və o göy rəngli siqaret qutusunu Aynura verib saxlamağını xahiş etmiş və bir qədər sonra da ondan geri götürəcəyini bildirdiyi üçün həmin siqaret qutusunu Aynur ondan götürüb qara rəngli çantasının içərisinə qoymuş, bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim etdikdən sonra tanışı Aynura və ona narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Abşeron RPİ-nin Qobu PB-nə getməli olduqlarını bildirmişlər. Onlar polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə Qobu PB-nə getmiş, Qobu PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Polis əməkdaşları üzərinə baxış keçirəcəklərini, əgər üstündə saxlanılması qadağan olunan əşya varsa təqdim etməyi təklif etdikdə o, əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroini çıxarıb stolun üstünə qoymuş, polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda o, həmin narkotik vasitəni üç gün əvvəl Bərdə şəhərində olduğu zaman tanımadığı şəxsdən 22 manata aldığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroin xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. O, polis əməkdaşları ilə zərfə və protokola imza etmişdir. O, əlavə olaraq bildirmişdir ki, narkotik vasitə aludəçisi olduğuna görə həmin narkotik vasitəni özü istifadə etmək üçün cibində saxlamış, 02.09.2020-ci il tarixdə saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nə gətirilərkən ona heç bir fiziki güc tətbiq olunmamışdır. Sonda o, narkotik vasitədən istifadə etdiyi üçün peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olmasını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Oqtay qızı verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan rəfiqəsi Aysu adlı xanımla birlikdə qeyri-rəsmi yaşamaları səbəbindən tanımışdır. 02.09.2020-ci il tarixdə saat 17 radələrində rəfiqəsi Aysu ilə telefonla danışdığı zaman onu yaşadığı evə qonaq çağırdıqda Aysuya onlara taksi ilə gəlməyi üçün pulunun olmadığını bildirdikdə Aysu ona Rəşiddən öz avtomobili ilə onu onları gətirməyi xahiş edəcəyini bildirmişdir. Həmin gün saat 19 radələrində Rəşid ona zəng edib olduğu yeri soruşduqda o, Rəşidə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadığı evin yerini söylədikdən bir qədər sonra o, “Mercedes” markalı avtomobil ilə yaşadığı küçəyə gəlib onu götürmüşdür. Yolda olarkən Rəşid yolüstü dostunu da götürəcəyini bildirmiş və onlar Bakı şəhərində yerləşən “Laçın“ ticarət mərkəzinin yaxınlığına gedib Rəşidin tanışını götürdükdən sonra “Dərnəgül” yolunda Rəşidin özünə məxsus “Saipa” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmiş , Rəşid öz avtomobilinə əyləşmiş və avtomobili Rəşidin tanışı, sonradan adını bildiyi Taleh adlı şəxs idarə etməyə başlamışdır. Bundan sonra hər üçü üzü Hökməli qəsəbəsinə doğru getməyə başlamış, Hökməli qəsəbəsində hərəkətdə olarkən mülkü geyimdə olan bir neçə şəxs avtomobilə saxla işarəsi vermişdir. Taleh avtomobili saxlayan zaman Rəşid bir ədəd göy rəngli siqaret qutusunu ona verib saxlamağını xahiş etmiş və bir qədər sonra ondan geri götürəcəyini bildirmişdir. O da siqaret qutusunu Rəşiddən alıb qara rəngli əl çantamın içərisinə qoymuşdur. Bundan sonra həmin şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün onlarla birlikdə Abşeron RPİ-nin Qobu PB-nə getməli olduqlarını bildirmişlər. Bu zaman ona məlum olmuşdur ki, Rəşidin ona saxlamaq üçün verdiyi bir ədəd göy rəngli siqaret qutusunda narkotik vasitə vardır. Onlar polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə Qobu PB-nə getmişlər. Qobu PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçirəcəklərini, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu könüllü olaraq təqdim etməyi bildirdikdə o, qara rəngli çantasının içərisində olan bir ədəd göy rəngli siqaret qutusunu proses iştirakçılarına təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitənin ona məxsus olmadığını, 02.09.2020-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs avtomobili ilə Abşeron rayonu, Hökməli qəsəbəsinə gələn zaman polis əməkdaşları həmin avtomobilə saxla işarəsi verib onlara yaxınlaşarkən Təqsirləndirilən şəxs həmin bir ədəd göy rəngli siqaret qutusunu saxlamaq məqsədilə ona verdiyini və bir qədər sonra geri götürəcəyini söylədiyini bildirmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs ona saxlamaq üçün verdiyi həmin göy rəngli siqaret qutusunda bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda narkotik vasitə olan heroin olmasından əvvəlcədən məlumatının olmadığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroin zərfə qoyulmuş və möhürlənmişdir. Sonra isə bu barədə protokol tərtib olunmuş, o polis əməkdaşları ilə zərfə və protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Firudin oğlu ifadəsində göstərdi ki, 02 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan Şahid1 Oqtay qızının və Bərdə rayon sakini Təqsirləndirilən şəxs Abşeron rayonu Hökməli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Qobu PB-nə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarlar qəbul etmişdir. Bundan sonra Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis leytenantı Şahid4 iştirakı ilə Abşeron rayonu Hökməli qəsəbəsinə getmişlər. Həmin günü saat 22 radələrində Şahid1 Oqtay qızının və Təqsirləndirilən şəxs “Saipa” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobildə olmaları, habelə avtomobildə də narkotik vasitə olması şübhəsi olduğu üçün həmin avtomobil Hökməli qəsəbəsində tərəfilərindən saxlanılmışdır. Həmin vaxtı avtomobildə sürücüdən başqa bir nəfər oğlan və bir nəfər qızda olmuşdur. Özlərini təqdim edib onlardan şübhələndiklərini bildirərək Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Şahid2 idarə etdiyi Saipa markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili Qobu PB-nin inzibati binasının həyətinə gətirmiş, müvafiq sənədləşmə apardıqdan sonra həmin şəxslərin üzərinə şəxsi axtarış aparılması və avtomobilə baxış keçirilməsi üçün tərtib olunmuş raport əsasında material təhqiqatçıya həvalə edilmişdir. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Şahid1 Oqtay qızının üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı Şahid1 üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulduqda Şahid1 könüllü olaraq qara rəngli çantasının içərisində olan göy rəngli siqaret qutusunu təqdim etmiş, həmçinin kibrit qutusunun içərisində bir ədəd siqaretin gümüşü siqaret kağızına bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Şahid1 həmin narkotik vasitə olan heroini avtomobilin içərisində olan zaman Təqsirləndirilən şəxs saxlamaq məqsədi ilə ona verdiyini, lakin həmin vaxtı Rəşidin ona verdiyi siqaret qutusunun içərisində narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Həmin narkotik maddəyə oxşar kütlə tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu, həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Bundan başqa dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siaqertin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini təxminən üç gün bundan əvvəl Bərdə rayonunda tanımadığı şəxsdən 22 manat məbləğində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik maddəyə oxşar kütlələr tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu, həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Bundan başqa Şahid2 üzərinə şəxsi axtarış və Saipa markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin şəxsi axtarış və baxış zamanı qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və Şahid1 Oqtay qızının üzərinə şəxsi axtarış keçirilən zaman onlara qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis leytenantı Şahid4 ifadəsində göstərdi ki, 02 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan Şahid1 Oqtay qızının və Bərdə rayon sakini Təqsirləndirilən şəxs Abşeron rayonu Hökməli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Qobu PB-nə məlumat daxil olmuşdur. Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarları əsasında Abşeron rayonu, Hökməli qəsəbəsinə getdikdə həmin günü saat 22 radələrində Şahid1 Oqtay qızının və Təqsirləndirilən şəxs Saipa markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobildə olmaları, habelə avtomobildə də narkotik vasitə olması şübhəsi olduğu üçün onun tərəfindən həmin avtomobil Hökməli qəsəbəsində saxlanılmışdır. Avtomobildə sürücüdən başqa bir nəfər oğlan və bir nəfər qız var idi. Özlərini təqdim edərək onlardan şübhələndiklərini bildirib Abşeron RPİ-nin Qobu PB-nə dəvət edib Şahid2 idarə etdiyi Saipa markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili Qobu PB-nin inzibati binasının həyətinə gətirmişlər. Müvafiq sənədləşmə apardıqdan sonra həmin şəxslərin üzərinə şəxsi axtarış aparılması və avtomobilə baxış keçirilməsi üçün tərtib olunmuş raport əsasında material təhqiqatçıya həvalə edilmişdir. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Şahid1 Oqtay qızının üzərinə şəxsi axtarış aparılmış, aparılmış şəxsi axtarış zamanı Şahid1 üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olubolmaması soruşulduqda Şahid1 könüllü olaraq qara rəngli çantasının içərisində olan göy rəngli siqaret qutusunu təqdim etmişdir. Həmçinin kibrit qutusunun içərisində bir ədəd siqaretin gümüşü siqaret kağızına bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını bildirib həmin narkotik vasitə olan heroini ona Təqsirləndirilən şəxs tərəfindən avtomobilin içərisində olan zaman saxlamaq məqsədilə verdiyini, lakin həmin vaxtı Rəşidin ona verdiyi siqaret qutusunun içərisində narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Həmin narkotik maddəyə oxşar kütlə tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Bundan başqa dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siaqertin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini təxminən üç gün bundan əvvəl Bərdə rayonunda tanımadığı şəxsdən 22 manat məbləğində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik maddəyə oxşar kütlələr tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu, həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Bundan başqa, Şahid2 üzərinə şəxsi axtarış və Saipa markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin şəxsi axtarış və baxış zamanı hər hansı qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və Şahid1 Oqtay qızının üzərinə şəxsi axtarış keçirilən zaman onlara qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddət olar ki, tanıyır. 02.09.2020-ci il tarixdə saat 18 radələrində Rəşidlə Bakı şəhərində görüşmüş, söhbət zamanı Rəşid ona bir nəfər şəxsi Abşeron rayonu, Hökməli qəsəbəsinə aparmağını bildirdikdə o, razılaşmışdır. Həmin günü saat 22 radələrində adını sonradan bildiyi Şahid1 Oqtay qızı və Rəşidlə birlikdə idarə etdiyi «Saipa» markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Hökməli qəsəbəsində hərəkətdə olarkən bir nəfər polis, digər isə mülki geyim formasında olan iki nəfər şəxs avtomobilə saxla işarəsi verdikdə o, avtomobili saxlamış və həmin şəxslər yaxınlaşmamışdan əvvəl Rəşid siqaret qutusunu Aynura tərəf uzadaraq saxlamasını demişdir. Aynur da siqaret qutusunu götürüb öz çantasının içərisinə qoymuşdur. Həmin şəxslər yaxınlaşdıqdan sonra özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduqlarını bildirib onları polis bölməsinə dəvət etmiş, onlar da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Qobu polis bölməsinə gəlmişlər. Polis bölməsində xidməti otaqların birində üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirildikdə o da bu barədə heç bir etirazının olmadığını demişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərinə şəxsi axtarış və «Saipa» markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, şəxsi axtarış və baxış zamanı qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə əynindəki tünd göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq təqdim etməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2020-ci il tarixli 1754 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №245 dairəvi möhür əksi olan adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0, 011 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri»-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2020-ci il tarixli 1755 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №245 dairəvi möhür əksi olan adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkisi 0,190 qram, 0,050 qram ümumilikdə təmiz çəkisi 0,240 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri»-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 29 mart 2021-ci il tarixli 891 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 16.01.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 10.2.2 maddəsi əsasən işin icraatına xitam verilmişdir. Binəqədi rayon məhkəməsinin 30.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 69.4,70 maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 05 gün azadlıqdan məhrum edilmiş, 01 il 06 şərti sınaq müddəti təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2017-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət ağır cinayətlər kateqoriyasına aid olmasına baxmayaraq hazırda qüvvədə olan CM-nin həmin maddəsi ilə nəzərdə tutulan cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.12.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hazırkı iş üzrə tutulduğu 12 iyun 2017-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsi, iş üzrə maddi sübut - zərərçəkmiş şəxsə məxsus "Samsung" markalı, "SM-T231" modelli mobil telefon aparatının ibtidai istintaq orqanı tərəfindən X2 qaytarılmasının nəzərə alınması, Məhkəmə məsrəfi hesab edilən 50 (əlli) manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsi, cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınması, hazırkı hökm və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həbsdə saxlanıldığı 25 günün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın 1 il 6 ay sınaq müddəti ilə şərti hesab olunması haqqında Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 30 may 2017-ci il tarixli hökmünün müstəqil icra olunmasına dair hökm çıxarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 5 saylı X5 müəssisəsinin rəis əvəzi M. Nəsibovun 25.06.2021-ci il tarixli arayışından görünür ki, Penitensiar Xidmətin 5 saylı X5 müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs xx.xx.1995-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, həbs edilənə qədər ünvan 1 ünvanda qeydiyyatda olmuş və yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli: 12.06.2017-ci il. Cəzasının sonu: 12.06.2021 -ci il. Salyan Nizami rayon məhkəməsinin 29.12.2019-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsin çəkmək üçün X5 müəssisəsinə keçirilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17/4-472 nömrəli 16.01.2020-ci il tarixli bölgüsünə əsasən 5 saylı CM-dən 5 saylı MTCM-nə göndərilmiş, 16.01.2020- ci il tarixdə 5 saylı MTCM-nin qeydiyyatına alınmış, yataqxana şəraiti ilə təmin edilmiş, onunla proflaktiki söhbətlər aparılaraq daxili rejim qaydaları, hüquq və vəzifələri ona izah olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasından 05.09.2020-ci il tarixdək 3 il 2 ay 23 günü çəkmiş, çəkilməmiş qalan cəzası isə 9 (doqquz) ay 7 ( yeddi) gündən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25.05.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CMin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.12.2017-ci il tarixli hökmü üzrə çəkilməmiş qalan 9 (doqquz) ay 7 (yeddi) gün cəzası qismən birləşdirilməli və ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 84.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.12.2017-ci il tarixli hökmü üzrə məhkumluğu hazırda, o cümlədən hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan Bərdə şəhər icra nümayəndəsinin 18.11.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, H. Əliyev prospekti 13/39 saylı evdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı 06.02.2021-ci il təvəllüdlü X3 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar hesab edir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02.09.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında Abşeron rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, lakin o, ev dustaqlığı şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmiş, tutulduqdan sonra Abşeron rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulmas barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.02.2021-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 01 (bir) ay 04 (dörd) gün müddət onun cəza müddətindən çıxılmalı və cəzaçəkməsinin əvvəli tutulduğu 16.02.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,186 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən müsadirə olunmaqla hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 130 (yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.12.2017-ci il tarixli hökmü üzrə çəkilməmiş qalan 9 (doqquz) ay 7 ( yeddi) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-ci maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında olduğu 01 (bir) ay 04 (dörd) gün müddət onun cəza müddətindən çıxılmaqla ona qəti cəza olaraq 02 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli tutulduğu 16.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,186 qram narkotik vasitə olan heroin xüsusi müsadirə olunmaqla hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 130 (yüz otuz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar