Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-335/2022 10.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Etibar oğlunun, zərərçəkmiş hüquqi şəxs «AL Market” MMC-in nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, AAAF Park yaşayış kompleksi, 11 saylı küçə, bina 3 ünvanında yerləşən 3546 saylı mağazasının müdiri vəzifəsində işlədiyi müddətdə, öz qulluq mövqeyindən istifadə edərək həmin Cəmiyyətlə mağaza müdiri kimi 05 sentyabr 2019-cu il tarixdə bağladığı “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən üzərinə əmək münasibətləri prosesində “İşəgötürən”in etibar edərək başqa məqsədlər üçün istifadəyə verdiyi əmlakın, maddi və digər sərvətlərin salamatlığını təmin etməli, eləcə də onların saxlanması, daşınması, istifadəsi, emalı, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar qaydalara əməl etməli, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladığı, məhv etdiyi, habelə işəgötürənə digər üsulla ziyan vurduğu; inventar zamanı mal əskiyi olduğu hallarda tam maddi məsuliyyət daşıması barədə öhdəlik götürməsinə baxmayaraq, müqavilə münasibətləri çərçivəsində ona saxlanmasının və satışının həyata keçirilməsi üçün inanılıb tapşırılmış maddi qiymətli əşyaların içərisindən müxtəlif vaxtlarda 487 çeşiddə 5615,66 manat dəyərində qida və qeyri-qida mallarını hissə-hissə ayırıb özü ilə götürərək özgə əmlakı üzərində özünün qanunsuz sahibliyini müəyyən etmiş, daha sonra həmin əmlakı başqa şəxslərə satıb onların mülkiyyətinə keçirməklə əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf etməklə ona etibar edilmiş həmin məbləğdə, yəni xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamışıdır. Bundan başqa, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən 3739 nömrəli mağazasının müdiri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən üzərinə əmək münasibətləri prosesində “İşəgötürən”in etibar edərək başqa məqsədlər üçün istifadəyə verdiyi əmlakın, maddi və digər sərvətlərin salamatlığını təmin etməli, eləcə də onların saxlanması, daşınması, istifadəsi, emalı, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar qaydalara əməl etməli, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladığı, məhv etdiyi, habelə işəgötürənə digər üsulla ziyan vurduğu; inventar zamanı mal əskiyi olduğu hallarda tam maddi məsuliyyət daşıması barədə öhdəlik götürməsinə baxmayaraq, müqavilə münasibətləri çərçivəsində ona saxlanmasının və satışının həyata keçirilməsi üçün inanılıb tapşırılmış maddi qiymətli əşyaların içərisindən müxtəlif vaxtlarda 281 çeşiddə 2220,15 manat dəyərində qida və qeyri-qida mallarını hissə-hissə ayırıb özü ilə götürərək özgə əmlakı üzərində özünün qanunsuz sahibliyini müəyyən etmiş, daha sonra həmin əmlakı başqa şəxslərə satıb onların mülkiyyətinə keçirməklə əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf etməklə ona etibar edilmiş həmin məbləğdə özgə əmlakını təkrarən mənimsəmə yolu ilə talamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2016-cı ildə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə məhkum olunmuşdur. 2018-ci ilin avqust ayının 21-dən "xxxx" MMC-də işləməyə başlamış, 2020-ci ilin mart ayında Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, AAAF Park yaşayış kompleksi, 11 saylı küçə, bina 3 ünvanında yerləşən "xxxx" MMC-nin 3546 nömrəli mağazasına müdir vəzifəsinə təyin olunmuş və həmin mağazada 2021-ci ilin iyul ayınadək müdir vəzifəsində işləmişdir. 22 iyul 2021-ci il tarixdə satış müdiri olan Şahid1 3546 nömrəli mağazaya gələrək malların təftişini aparmış və yoxlama nəticəsində 4000 (dörd min) manat dəyərində tütün məlumatlarının, yəni siqaret qutularının əksik çıxdığını aşkar etmişdir. Orada əksik gələn tütün məmulatlarının harada olduğunu ondan soruşduqda o, həmin məbləğdə götürdüyü siqaretləri dəyərindən aşağı, təxminən 3000 (üç min) manata Bakı şəhərində müxtəlif yerlərə satdığını, buna səbəb kimi isə atasının ürəyindən əməliyyat keçirməsi üçün pul lazım olduğunu, həqiqətən də həmin pulu atasının müalicəsinə xərclədiyini, mağazada işlədiyi zaman pulu düzəldib geri qaytaracağını düşünsə də, buna imkanı olmadığını bildirmişdir. Daha sonra 23 iyul 2021-ci il tarixdə mağazaya periodik sayım yoxlaması gələrək siqaret qutularından başqa yuyucu vasitələr olan “Fayry” qab yumaq üçün vasitələrin və digər mağazada olmuş qida və qeyri-qida məhsullarında əksik olmalar aşkar edilərək akt tərtib edilmişdir. Həmin aktda onun da imzası olmuş, 3546 nömrəli mağazada olan ümumi 5615,66 (beş min altı yüz on beş manat altmış altı qəpik) dəyərində malın əksik gəlməsi onun özü tərəfindən təsdiq edilərək imzalanmışdır. Həmin məbləğdə olan məhsulları evdə problemi olduğundan mağazadan götürərək müxtəlif yerlərdə dəyərindən ucuz satmış, məhsulları götürən zaman heç kimin bu barədə məlumatı olmamış, müxtəlif çeşiddə siqaret məhsullarını axşam işdən çıxan zaman özü ilə götürüb müxtəlif yerlərdə dəyərindən aşağı satmış, lakin mağazada olan digər qida və qeyri-qida məhsullarını satış zamanı kassaya mədaxil etməmiş, həmçinin müavin vəzifəsində işləyən Cəlal Sərxanov mağazanın deposunda məhsulları yoxlayan zaman tütün məmulatlarında çatışmazlıq olmasını deyəndə əksikliyin olmasından xəbəri olduğunu və özünün pulu düzəldib kassaya qaytaracağını söyləmiş, bir neçə gün sonra ona həmin məsələni həll edərək əksik olan mallarını pulların kassaya ödədiyini desə də, əslində heç bir ödəniş etməmişdir. Həmin vaxt, yəni 16 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 3739 nömrəli mağazasına müdir vəzifəsinə təyin olunmuş, hər iki mağazanın periodik sayım yoxlaması aparılarkən sonuncu iş yerində olan təftişin yekununda mağazada 2220,15 (iki min iki yüz iyirmi manat on beş qəpik) dəyərində qida və qeyri-qida məhsulların əksik olunması aşkar edilərək onun özünün iştirakı ilə akt tərtib olunmuş və imzalanmışdır. 3739 nömrəli mağazada olan çatışmazlığa səbəb də atasının ürəyində problemin olması, müalicəyə ehtiyacı, lakin maddi durumlarının yaxşı olmaması olmuş, həmin mağazada demək olar ki, cəmi bir həftə işləmiş və yoxlamadan sonra məzuniyyətə çıxmışdır. 2021-ci ilin avqust ayında həmin şirkətdən işdən çıxarılmış, 3546 və 3739 saylı mağazalarda müdir olduğu dövrdə çatışmazlıq üzrə verilən şikayətlə tam razı olmuş, işdən çıxarılarkən razılıq ərizəsi yazaraq son hesablaşma olan 1256,54 (bir min iki yüz əlli altı manat əlli dörd qəpik) manat pul vəsaitini 5615, 66 (beş min altı yüz on beş manat altmış altı qəpik) borcundan çıxılmasını və ödəniş kimi qəbul etmələrini xahiş etmişdir. «AL Market” MMC-yə dəymiş ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs «AL Market” MMC-in nümayəndəsi qismində Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" MMC qida və qeyri-qida məhsullarının pərakəndə satışı ilə məşğul olur, Azərbaycan Respublikası ərazisində 900 mağazası fəaliyyət göstərir və həmin mağazalarda bir qayda olaraq SAP proqramı ilə məhsullara nəzarət edilir. Bölgə müdirlərinin iş fəaliyyəti ərazisində olan mağazalarda yoxlanış aparmaq, malların saymaq, satışı analiz etməkdən ibarət olmuşdur. Həmçinin satış müdirləri iş fəaliyyəti ərazi bölgə müdirlərinə şirkətə aid olan mağazalarda yoxlamaların aparılması, lazım olan qida və qeyri-qida məhsullarının sifarişi barədə göstəriş verə və onun tapşırığı əsasında digər mağazalarda sayım aparıla bilər. Mağaza müdirlərinin iş fəaliyyəti isə mağazalarında pul ödənişlərinin qəbulu, malların qəbulu və yerləşdirilməsi, mağazaya daxil olan malların vergi fakturaları üzrə yoxlanılıb imzalanaraq bir nüsxəsinin saxlanması, həmçinin kassir və müdir müavinlərinin iş fəaliyyətinin tənzimlənməsini təşkil etməkdən ibarət olmuşdur. 24 iyul 2021-ci il tarixdə "xxxx" MMC-də satış müdiri vəzifəsində işləyən Şahid1 tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 3546 saylı mağazada periodik sayım keçirilmiş, nəticədə 487 çeşiddə mallar üzrə 5 615,66 manatlıq əskik gəlmə olduğu aşkar edilərək akt tərtib olunmuş, faktiki qalıqda olan 25 525,59 manatlıq mallar komissiya üzvi Şahid5 təhvil verilmişdir. Bundan əlavə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 3739 saylı mağazada da periodik sayım keçirilmiş, nəticədə 281 çeşiddə mallar üzrə 2 220,15 manatlıq əskik gəlmə olduğu aşkar edilərək akt tərtib olunmuş, faktiki qalıqda olan 33 850,41 manatlıq mallar komissiya üzvi Püstə Kərimovaya təhvil verilmişdir. Təqsirləndirilən şəxs hər iki mağazada müdir vəzifəsində işləyən zaman şirkətin əmlakını yəni, müxtəlif çeşidə olan qida və qeyri-qida məhsullarını mənimsəmiş, bununla bağlı o şirkətdə izahat yazaraq mağazasında olan 4.000 manatdan bir az artıq qiymətində müxtəlif çeşiddə siqaret qutularını mağazadan götürərək Bakı şəhərində müxtəlif yerlərdə satmasını etiraf etmiş, əldə olunmuş pulu mənimsəyərək MMC-yə 7835,81 manat məbləğində ziyan vurmuşdur. Həmin faktlarla bağlı daxili təftiş və müstəqil auditor yoxlaması aparılmış, 13 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə dəymiş ziyan tam ödənilmişdir. Buna görə də cəmiyyətin ona qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən "xxxx" MMC-də işləməyə başlamış və hazırda satış müdiri vəzifəsində işləyir. Bir qayda olaraq onlar SAP proqramı ilə məhsullara nəzarət etmiş, iş fəaliyyəti ərazi bölgə müdirlərinə şirkətə aid olan mağazalarda yoxlamaların aparılmasına, lazım olan qida və qeyri-qida məhsullarının sifarişinə dair göstəriş verməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs 2020-ci ildən Bakı şəhərində yerləşən 3359 nömrəli mağazada müdir müavini vəzifəsində işləyən vaxtdan tanımışdır. 23 iyul 2021-ci il tarixdə mağazalarda siqaret stoku çəkildiyi zaman 3546 saylı mağazada təxminən 4800 manatlıq xarici və yerli istehsal olan siqaret stokunu görüb bölgə müdirini yoxlamaya göndərmiş, bölgə müdiri əskikliyi aşkar etdikdən sonra 3546 saylı mağazada 24 iyul 2021-ci il tarixdə bölgə müdiri Şahid2 mağaza sorumluları ilə mağazanı sayım etmiş, sayımın nəticəsində 5615,66 manat əskiklik yarandığı aşkar edilmiş, mağaza müdiri olan Təqsirləndirilən şəxs və digər komissiya üzvlərinin iştirakı ilə akt tərtib olaraq imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs izahatı alınmış və həmin izahatında Təqsirləndirilən şəxs mağazada olan siqaret və qeyri-qida məhsullarını atasının xəstəliyi ilə bağlı sataraq əldə etdiyi pulları xərclədiyini bildirmişdir. Həmçinin "xxxx" MMC-nin auditoru Hacı Rəcəbov da sayımda şəxsən iştirak etmiş və aktı imzalamışdır. 3546 saylı mağazada əskik gəlmə aşkar olunan gündə Təqsirləndirilən şəxs müdiri olduğu 3739 saylı mağazada da onun tapşırığı ilə bölgə müdiri Şahid6 və digər işçilər sayım aparmış, bu vaxt da 281 çeşid qida və qeyri-qida məhsulları üzrə 2220,15 manatlıq çatışmazlıq aşkar olunmuş, həmin çatışmazlıq Təqsirləndirilən şəxs və 5 komissiya üzvünün iştiraki ilə aktlaşdırılmışdır. Ümumi çatışmazlıq 7835,81 manat olmuş, bildiyinə görə bu məbləğdən Təqsirləndirilən şəxs cəmi 1400 manat pul ödəmiş, qalan məbləği ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ildən "xxxx" MMC-də işləməyə başlamış və hazırda bölgə müdiri vəzifəsində işləyir. Bir qayda olaraq bölgə müdiri SAP proqramı ilə məhsullara nəzarət etmiş, iş fəaliyyəti ərazidə olan mağazalarda yoxlanış aparmaq, malların sayımını etmək və satışın analizini etməkdən, həmçinin satış müdirinin tapşırığına əsasən digər mağazalarda sayım aparmaqdan ibarət olmuşdur. 24 iyul 2021-ci il tarixdə satış müdiri Şahid1 tapşırığına əsasən o və digər mağaza sorumluları "xxxx" MMC-nin auditoru Hacı Rəcəbovla birlikdə Xırdalan şəhərində yerləşən "xxxx" MMC-nin 3546 saylı mağazasında sayım aparılmış, həmin mağazanın müdiri Təqsirləndirilən şəxs ilə orada tanış olmuş, onu əvvəllər görməmiş və tanımamışdır. 3546 saylı mağazanın müdiri Təqsirləndirilən şəxs tam maddi məsuliyyətində qorunub saxlanılan 487 çeşiddə mallar üzrə 5 615.66 manatlıq əksik gəlmə aşkar edilmiş və bununla bağlı mağaza müdiri Təqsirləndirilən şəxs iştirakı ilə akt tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2018-ci ildən "xxxx" MMC-də işləməyə başlamış və hazırda bölgə müdiri vəzifəsində işləyir. Bir qayda olaraq bölgə müdiri SAP proqramı ilə məhsullara nəzarət etmiş, iş fəaliyyəti ərazidə olan mağazalarda yoxlanış aparmaq, malların sayımını etmək və satışın analizini etməkdən, həmçinin satış müdirinin tapşırığına əsasən digər mağazalarda sayım aparmaqdan ibarət olmuşdur. 24 iyul 2021-ci il tarixdə satış müdiri Şahid1 tapşırığına əsasən o və digər mağaza sorumluları "xxxx" MMC-nin auditoru Hacı Rəcəbovla birlikdə Xırdalan şəhərində yerləşən "xxxx" MMC-nin 3739 saylı mağazasında sayım aparılmış, mağaza müdiri Təqsirləndirilən şəxs ilə orada tanış olmuş, onu əvvəllər görməmiş və tanımamışdır. Mağaza müdiri Təqsirləndirilən şəxs tam maddi məsuliyyətində olan mallar yerində özünün iştirakı ilə yoxlanılan zaman mağazada müxtəlif çeşidli qida və qeyri-qida məhsulları üzrə 2220,15 manat çatışmazlıq aşkar olunmuş, sonradan 24 iyul 2021-ci il tarixdə mağazada akt yazılaraq onun, Təqsirləndirilən şəxs özünün, mağaza sorumluları Şahid9, Şahid10, Şahid8, auditor Hacı Rəcəbov tərəfindən imzalanılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7, Şahid8, Şahid9 və Şahid10 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-mühasibatlıq ekspertizasının 25 yanvar 2022-ci il tarixli 9/9049 saylı rəyindən görünür ki, təqdim olunmuş iş materiallarında olan auditor hesabatına, qaimə fakturaya, borc qalığına dair qarşılıqlı üzləşdirmə aktlarına, balans və mühasibat proqramı məlumatlarına əsasən "xxxx" MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 3546 saylı mağaza üzrə 5.615.66 manat, 3739 saylı mağaza üzrə isə 2.220.15 manat məbləğində müəyyən edilir. "xxxx"MMC-nin Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF park yaşayış kompleksi, 11 saylı küçə, bina 3 ünvanında yerləşən 3546 saylı və Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi ev 25B ünvanında yerləşən 3739 saylı mağazalarında 24 iyul 2021-ci il tarixdən 26 avqust 2021-ci il tarixədək audit yoxlamaları aparılmış və 3546 saylı mağazada Təqsirləndirilən şəxs öhdəliyində olan mallardan 5615,66 (beş min altı yüz on beş manat altmış altı qəpik) manat, 3739 saylı mağazada Təqsirləndirilən şəxs öhdəliyində olan mallardan 2220,15 (iki min iki yüz iyirmi manat on beş qəpik) manat dəyərində qida və qeyri-qida mallarının əskik gəldiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin direktorunun 05 sentyabr 2019-cu il tarixli 263K saylı əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs mağaza müdir müavini vəzifəsindən mağaza müdiri vəzifəsinə keçirilmişdir. "xxxx" MMC-nin 13 aprel 2022-ci il tarixli 863/A nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 3546 saylı mağazada, 14 iyul 2021-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək Xırdalan şəhəri, Quşçuluq y/m, H.Z.Tağıyev küçəsi ev 25B ünvanında yerləşən 3739 saylı mağazada müdir vəzifəsində çalışmış və 13 avqust 2021-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-nin 13 aprel 2022-ci il tarixli 900 nömrəli arayışından görünür ki, 16 iyul 2021-ci il tarixdə 3739 saylı mağaza sayılaraq mağaza müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs təhvil verilmiş, 17 iyul 2021-ci il tarixdə mağaza yeni olduğundan mağazanın açılışı olmuş, Təqsirləndirilən şəxs tərəfindən malların mənimsənilməsi şübhə doğurduğundan 22 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həmin mağazada son iş günü olmuş və 23 iyul 2021-ci il tarixdə mağazada sayım keçirilmiş və 2220,15 manat dəyərində malların əskik olması müəyyən edilmişdir. "xxxx" MMC-nin 15 fevral 2022-ci il tarixli 382 saylı məktubundan görünür ki, mağaza müdiri işləmiş Təqsirləndirilən şəxs işdən ayrılarkən öz razılığı ilə son haqq-hesab olaraq ona ödənilməli olan məbləğlə mağazadan mənimsəməsi nəticəsində dəymiş ziyanın bir hissəsi, yəni 1256.54 manat ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. «AL Market” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə dəymiş ziyan tam ödənilmişdir. Bun görə də cəmiyyətin ona qarşı şikayəti və tələbi yoxdur. Biləsuvar rayon İcra Şöbəsinin xx-xx/2016 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 1500 manat məbləğində cərimə cəzasını tam ödədiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 179.2.2, 179.2.3, 179.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin. istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin vəzifələrindən biri CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəliliyini, həmin cinayətlərdən birinin korrupsiya cinayəti olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda bağlı cəzanın məqsədini təmin edə bilər. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 150 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 150 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-335/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-335/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver