Məhkəmə qərarları › İş №1(012)-336/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-336/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-336/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən bir ədəd bükümdə cəmi 0,244 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, 28 oktyabr 2020-ci il tarixdə saat 19:30 radələrində Daxili İşlər Nazirliyinin Baş X8i idarəsinin və Abşeron rayon polis idarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı-Sumqayıt şossesindəki X4 saxlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında yerləşən, Abşeron rayon Pİ-nin inzibati binasına gətirmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə, qanunsuz olaraq satış məqsədi olmadan əldə edib daşıyaraq saxladığı, təmiz çəkisi 0,244 qram olan qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini aşkar edib götürmüşlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Təxminən 2020-ci ilin oktyabr ayının ortalarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata bir büküm narkotik vasitə heroin alıb, əynində olan yaşıl rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. Bir müddət həmin gödəkçəni geyinmədiyi üçün aldığı bir büküm heroinin də gödəkçənin cibində olduğunu unutmuşdur. 28 oktyabr 2020-ci il tarixdə səhər vaxtı evdən çıxarkən həmin gödəkçəsini geyinmiş və ciblərinə baxanda orada olan bir büküm heroini görmüş, həmin narkotik vasitəni axşam istifadə etmək qərarına gəlib, yenə cibinə qoymuşdur. Həmnin günü saat 19:30 radələrində idarə etdiyi “Mercedes-Benz” markalı, **-HE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Sumqayıt yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Ekologiya Nəzərət postunda X8 İdarəsinin əməkdaşı ona saxla işarəsi vermişlər. O da idarə etdiyi avtomobili saxlayıb, polis əməkdaşına yaxınlaşmış, həmin əməkdaş onu Abşeron RPİ-nə dəvət etmiş, o da sənədləşmə üçün ərazi aidiyyətinə görə Abşeron RPİ-nin X8 şöbəsinə dəvət edildiyini düşünüb, heç bir etiraz etməyərək polislərlə birlikdə Abşeron RPİ-nə getmiş, orada ona narkotik vasitə istifadə etməkdə şübhəli bilindiyini söyləmişlər. O da polis əməkdaşlarının onun cibində narkotik vasitə heroin olmasından xəbərdar olduqlarını düşünmüş, bundan sonra polislər ona hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirəcəklərini söyləmişlər. O da etiraz etməmiş, polis əməkdaşı ona hüquq və vəzifələrini izah edib, üzərində qanunsuz saxlanılan hər hansı əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmiş, o da əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindəki bir ədəd bükümdə olan heroini çıxarıb təqdim etmiş, bundan sonra polis əməkdaşları yenə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirmişlər. Lakin heç nə tapmayıb onun təqdim etdiyi bir bükümə baxış keçirib, həmin bir büküm narkotik vasitə heroini qablaşdırılaraq götürmüşlər. Sonra bu barədə protokol tərtib olunmuş, o da iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsdiqləmiş və həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra polislər onun iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobildən qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar olunmamış, bundan sonra bu barədə protokol tərtib olunmuş, o da iştirakçılarla birlikdə həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Baş X8i idarəsinin Ekoloji Nəzarət bölüyünün YPX inspektoru, polis baş serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 28 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən X4 xidmətdə olduğu vaxtı “Mercedes-Benz” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olarkən manevr etmə qaydasını pozduğunu görüb, həmin avtomobili saxlatmış və sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi sürücüyə pozduğu yol hərəkəti qaydasının mahiyyətini izah edərkən, sonuncunun həyacanlı olduğu üçün üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya və predimet olmasından şübhələmiş, buna görə həmin sürücünü üzərində şəxsi axtarış aparılmasından ötrü Abşeron rayon polis idarəsinə dəvət etmiş və bu barədə Abşeron RPİ-nə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Abşeron RPİ-nin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 onların yanına gəlmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Abşeron RPİ-nə aparmışlar. Orada Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməkdə şübhəli bilindiyini söyləyib, hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Rəşad da etiraz etməmiş, bundan sonra Abşeron RPİ-nin inzibati binasındakı xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, həmçinin üzərində qanunsuz saxlanılan hər hansı əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, bundan sonra onlar yenə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar da heç nə tapmayıb, sonuncunun təqdim etdiyi bir bükümə baxış keçirmişlər. Həmin vaxtı bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu və həmin bir büküm narkotik vasitəni bir neçə gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Ona görə də həmin bir büküm narkotik vasitə heroin qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs iştirakı onun idarə etdiyi avtombilə də baxış keçirmişlər. Baxış zamanı həmin avtomobildən qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar olunmamış, bundan sonra bu barədə protokol tərtib edilmiş, o da iştirakçılarla birlikdə həmin protokolun doğruluğunu imzası ilə təsdiqləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunun həmin narkotik vasitəni haradan əldə etdiyini dəqiq bilmir Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 digər şahid X5 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 28.10.2020-ci il tarixli şəxsi axtarış protokoluna əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilərkən sonuncudan bir ədəd bükümdə təmiz çəkisi 0,244 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə-kimyəvi ekspertizasının 29.10.2020 il tarixli, 6/2320 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,244 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd (heroinin təmiz çəkisi-0,244 qram, tədqiqata serf olundu-0,050 qram, qalıq-0,194 qram) Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 29.03.2021-ci il tarixli, 721 ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 0,244 qram narkotik maddə heroin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 0,194 qram narkotik vasitə maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 28.10.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30.10.2020-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində istintaqdan yayındığına görə 04.01.2021-ci il tarixdə axtarış verilmiş və 06.02.2021-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-71/2021 saylı, 06.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 (iyirmi dörd) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-112/2021 saylı, 27.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01.04.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 19 saylı MKS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 19, mənzil 72-də yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. İş materilarında olan Azrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu İİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.03.2021 il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs oğlu 28.10.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 30.10.2020-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmiş və 06.02.2021-ci il tarixdə tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. 06.02.2021 il tarixli qərarla Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq dövründə 28.10.2020-ci il tarixdən 30.10.2020-ci il tarixədək şübhəli şəxs qismində, 06.02.2021-ci il tarixdən 04.05.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs oğlunun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barədə olan həmin rəydəki eksperthəkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, , hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,194 qram narkotik maddə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun tutma altında və həbsdə saxlanıldığı 03 (üç) ay müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla hazırki hökmdə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Sumqayıt şəhər ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,194 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar