Məhkəmə qərarları › İş №1(012)-337/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-337/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-337/2021 21.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə fəaliyyəti məşğul olan, evli, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 16 yanvar 2021-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu Hökməli kəndinin ərazisində satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0.584 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-memafetamini əldə edib Xırdalan şəhərinə daşıyaraq saxlamış, 16 yanvar 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin şəffaf rəngli sellofana bükülmüş bükülüdə təmiz çəkisi 0.584 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxil edilmiş memafetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 2-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təxminən dörd ilə yaxındır ki, narkotik vasitələrin istifadəçisidir, əvəllər bir dəfə narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirdiyinə görə 02.06.2018-ci il tarixdə 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. 02.12.2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa çıxmış, evlidir, üç övladı var, ailəsini fərdi evlərdə boya işlərini görməklə dolandırır. Azadlığa çıxdıqdan sonrada narkotik və psixotrop maddələrdən demək olar ki, hər gün istifadə edib. 16.01.2021-ci il tarixdə səhər saat 10 radələrində öz istifadəsi üçün Abşeron rayonu, Hökməli dairəsi adlanan ərazidən tanımadığı şəxsdən 20 manat müqabilində 2 çet psixotrop maddə olan metamfetamin aldıqdan sonra yaşadığı ünvana gəlmiş, həmin gün axşam saat 21:50 radələrində yaşadığı küçədə dayanıb siqaret çəkən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini Abşeron rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edib narkotik vasitə və psixotrop maddə üzərində gəzdirməkdə və istifadəsində şübhəli olduğunu və bu səbəbdən onlarla birlikdə Abşeron rayon Polis İdarəsinin İnzibati binasına getməli olduğunu bildirmişlər. O polis əməkdaşlarına heç bir etiraz etmədən sonuncularla birlikdə Abşeron rayon Polis İdarəsinin inzibati binasına getmişdir. Orada xidməti otaqların birində dövlət hesabına ona təyin edilmiş vəkili X3 iştirakı ilə video çəkiliş aparmaqla hüquq vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış və götürmə həyata keçiriləcəyi bildirilmiş, həmçinin ona təklif edilmiş ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli selofan bükümün içərisində psixotrop maddəyə oxşar olan bükümü təqdim edərək həmin kütləni 16.01.2021-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Hökməli dairəsi adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərində hər hansı bir digər əşyanın olub-olmadığı soruşulmuş, həmin vaxt üzərində heç bir əşya olmadığından üzərində digər əşyanın olmadığını da bildirmişdir. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş kütləni ekspertiza təyin edilməsi üçün zərfə qoyub qablaşdırmışlar və zərfin üzərini DİN-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləmişlər. Üzəri möhürlənmiş zərfin üzəri onun, vəkilinin və orada olan iştirakçıların imzaları ilə imzalanmışdır. Həmçinin qeyd olunan proses təhqiqatçı tərəfindən protokollaşdırılmış və ucadan oxunmuş, o və vəkili tərəfindən heç bir etiraz daxil olmadığı üçün imzalar ilə protokol təsdiq edilmişdir. Narkotik istifadəsi olduğu üçün çox peşman olduğunu, dəfələrlə müalicə olunmaq istədiyini, lakin müəyyən səbəblərə görə müalicəsi alınmadığını bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 2009-cu ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyir, 24 aprel 2020-ci il tarixdən Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi Qəzənfər Xalıqov küçəsində narkotik vasitəni üzərində daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul olunmuş və əməliyyat axtarış qrupu yaradılmış, həmin qərara əsasən əməliyyat-qrupunun üzvü o və Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin sahə rəisi, polis mayoru Şahid2 müəyyən edilmişdir. 24.11.2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi Qəzənfər Xalıqov küçəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsində şübhə olduğundan o və Şahid2 sonuncuya yaxınlaşıb özlərinə təqdim etmiş və Təqsirləndirilən şəxs onlarla birlikdə Abşeron rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Abşeron rayon Polis İdarəsinin inzibati binasına gəlmiş, orada Təqsirləndirilən şəxs xidməti otaqların birində Abşeron rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı Cavanşir Mansirov tərəfindən dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə hüquq vəzifələri izah olunmuş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, daha sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd kiçik ölçülü selofan bükümü təqdim etmiş, həmin bükümün içərisində olan psixotrop maddə metamfetamini 20 manat müqabilində tanımadığı şəxsdən Abşeron rayonu Hökməli qəsəbəsindən aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilmiş, lakin digər qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükülü ekpertiza keçirilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılaraq iştirakçılar tərəfindən imza edilməklə protokollaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru Ərəbov X2 RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan şəxsi axtarış və götürmə protokollarına əlavə edilmiş və şəxsi axtarışı əks etdirən videogörüntülər 01 ədəd «CD» diskə köçürülmüş və həmin «CD» diskə tərəfimdən baxış keçirilmiş və şəxsi axtarışı əks etdirən videogörüntülər 01 ədəd «CD» disk iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 17 yanvar 2021-ci il tarixli, 6/212 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «… (imza) Təqsirləndirilən şəxs H. ...» sözləri olan zərfdəki bir bir ədəd bükümdə təmiz çəkisi 0.584 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri» in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi - 0,584 qram, sərf edildi – 0,050 qram, qalıq – 0,534 qramdır. Ekspertiza tədqiqatının dəyəri 81.82 (səksən bir manat 82 qəpik) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN **********, hesab AZ 34 CTRE 00 00 00 00 00 *** ** ** 501. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 15.03.2021-ci il tarixli, 789 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asıllıq Sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,584 qram çəkidə olan psixotrop maddə metamfetamin cinayətin predmeti olduğundan istintaq dövründə cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 0.534 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında 02.03.2021-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Həsənov X6 Rayon Məhkəməsinin 03.10.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddəsilə təqsirli bilinmiş, həmin Məcəllənin 66.2-ci, 68.1.3-cü maddəsinə əsasən 01 (bir) il 06 (altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28.10.2019-cu ildə Salyan RM-nin 28.10.2019cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-ci maddəsinə əsasən 01 (bir) il 04 (dörd) gün vaxtından əvvəl şərtİ azad olunmuş, daha sonra Abşeron Rİ və PŞ-nin 08.11.2019-cu il N17/75-1874/2019-10 saylı arayışına əsasən 01 (bir) ay 04 (dörd) gün vaxtından əvvəl şərti azad edilmiş və 21.01.2020-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 03.10.2018-ci il tarixli hökmü üzrə məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan Xırdalan şəhər 4 saylı MTİİTS-nın rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Həsənov X6 rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, küçə 8, ev 9 ünvanında həyat yoldaşı – X1, 23.07.2009-cu il təvəllüdlü X8, 11.05.2011-ci il təvəllüdlü X10, 24.12.2014-cü il təvəllüdlü X9 ilə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməli səmimi etiraf etməsini, himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17.01.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, barəsində 18.01.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 17.01.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0.534 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan X4 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli 16.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0.534 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar