Məhkəmə qərarları › İş №1(012)-339/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-339/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-339/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 27.02.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 26.02.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 23 fevral 2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində Əhməd-X2 qismində olduğu “Daewoo Gentra” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qarşısını kəsərək avtomobildə olan qeyri-rəsmi yaşadığı Şahid4 avtomobildən düşürtdükdən sonra həmin avtomobildə olan Zərərçəkmiş şəxs Şahid4 ilə eyni avtomobildə hansı səbəbdən gəlməsini aydınlaşdırmaq məqsədi ilə mübahisə edərək kəllə və yumruqlarla sonuncunun sifət nahiyəsindən qəsdən bir neçə dəfə vurub ona insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək sonra üstündə olan 70 manat pulunu və bir ədəd 70 manat dəyərində içərisində sim nömrə kartı olmayan “Samsung” markalı “DUOS” modelli mobil telefonu əlindən alıb açıq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 140 manat məbləğində ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 9B, mənzil 19-da valideynləri ilə bir yerdə yaşayır. Təxminən 4 ay əvvəl “İnstagram” internet sosial şəbəkəsi vasitəsilə Şahid4 tanımışdır. Həmin ərəfədə Leyli Sumqayıt şəhərində ailəsi ilə birgə yaşamışdır. Son bir ay ərzində Leyli Abşeron rayonu, Saray qəsəbəsində Üzümlük deyilən ərazidə həyət evində tək yaşayır. Arabir Leylinin evinə gedərək Leyli ilə vaxt keçirmişdir. Leyli ilə intim əlaqədə olmuşdur. Arabir Leylinin evi üçün lazım olan ərzaq ehtiyaclarını ödəmişdir. Leylinin şəxsi həyatı ilə maraqlanmamış, yəni Leylinin ondan başqa kiminlə vaxt keçirməsini gün ərzində vaxtını harada kiminlə keçirməsi ilə maraqlanmamışdır. Bir ay ərzində Leylinin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsindəki evində təxminən 5-6 dəfə olmuşdur. 22 fevral 2021-ci il tarixdə səhər saatlarında Leyli ona zəng vuraraq bildirmişdir ki, “bu gün görüşərik”. Leyli ilə razılaşmışdır. 22 fevral 2021-ci il tarixdə Leyliyə zəng vurmuş, Leylidən nə ilə məşğul olduğunu soruşmuş, Leyli ona bildirmişdir ki, “işi var”. 23 fevral 2021-ci il tarixinə keçən gecə saat 01 radələrində Leyli ona zəng etmiş, telefonu açanda danışıq olmamış, lakin telefonda mübahisə səsləri eşitmişdir. Kimsə qışqıraraq demişdir ki, “rədd ol düş maşından”, həmin vaxt Leylinin səsi də gəlmişdir. Leyli isə bildirmişdir ki, “heç olmasa məni yaşadığım evə qədər aparın, yolda düşürtməyin”. Ondan sonra səs kəsilmişdir. Bu səbəbdən Leylinin yaşadığı evin yaxınlığına gəlmişdir. Təxminən 10 dəqiqədən sonra “Daewoo” markalı ağ rəngli taksi nişanlı avtomobil gəlmişdir. Həmin taksi nişanlı avtomobilə yaxınlaşmışdır. Qabaq sağ oturacaqda bir nəfər cavan oğlan oturmuşdur. Oğlana yaxınlaşıb soruşmuşdur ki, “nə məsələdir, niyə görə mübahisə edirsən”. Oğlan ona demişdir ki, “sənə heç bir aidiyyəti yoxdur, özümüz bilərik”. Sürücü ona demişdir ki, “mənim yol pulumu kim ödəyəcək”. Həmin vaxtı qabaq sağ oturacaqda əyləşən oğlan aşağıda olarkən cibindən bir ədəd köhnə ucuz, ağ rəngli işlənmiş telefonu ona vermişdir ki, “həmin telefonu taksi sürücüsünə versin, Sabah özü sürücü ilə görüşüb pulu ödəyib telefonu sürücüdən alacaq”. Oğlandan həmin telefonu alıb sürücüyə vermişdir. Bundan sonra sürücü yerə düşüb onlara yaxınlaşaraq demişdir ki, “özümüz pul məsələsini həll edərik”. Sonra aralarında normal söhbət olmuşdur. Həmin vaxtı PPX maşını onlara yaxınlaşmışdır. Oradan üç nəfər polis əməkdaşı onlara yaxınlaşıb sorğu-sual etmiş, onlar heç bir problemin olmadığını dedikdən sonra polis əməkdaşları çıxıb getmişlər. Sonra həmin oğlanla sağollaşıb çıxıb getmişdir. Həmin oğlan da taksiyə əyləşib oradan uzaqlaşmışdır. Leylinin yaşadığı evə getmişdir. Təxminən 15 dəqiqədən sonra Leylinin telefonuna zəng gəlmiş, Leyli telefonu açanda məlum olmuşdur ki, “zəng edən taksi sürücüsüdür”. Sürücü bildirmişdir ki, “oğlanı Sumqayıt şəhəri, “Elmarın dairəsi” adlanan yerdə düşürtdüm, həmin şəxsin telefonunu götürmüşəm pulu ödədikdən sonra qaytaracam. Oğlan elə bilir ki, telefon sizdədir”. Sürücüyə demişdir ki, “bizi bu işə qatmayın öz aranızda həll edin”. Bundan sonra ona məlum olmuşdur ki, həmin oğlan onun barəsində polisə şikayət vermişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Ş.Ə.Tuti küçəsi, Döngə 2, ev 34-də ailəsi ilə birlikdə yaşayır. Təxminən iki ay əvvəl internetdə çat vasitəsilə Leyli adlı qızla tanış olmuş və görüşüb 50 manat müqabilində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Bilgəh yolundakı bağ evində görüşüb onunla intim əlaqədə olmuş, növbəti dəfə 22 fevral axşam saat 20 radələrində Leylinin istifadəsində olan mobil telefonuna zəng edib Leyli ilə görüşmək istədiyini bildirmişdir. Leyli onunla razılaşmışdır. Təxminən bir saatdan sonra yəni saat 21 radələrində Leyli taksi nişanlı avtomobillə onunla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Bilgəh yolundakı bağ evində görüşmüşdür. Evdə tək olmuşdur. Leyli ilə intim əlaqədə olub 50 manat pul ödəmişdir. Leyli onunla saat hesabı danışmışdır. Yəni bir saat müqabilində ondan 50 manat pul istəmişdir. Leyli ilə bağ evində 2 saat olduğuna görə Leyli ona bildirmişdir ki, “əlavə 50 manat da pul verməlisən”. Leyliyə demişdir ki, “səni aparım yola salım, yolda sənə əlavə 50 manat pul verərəm”. Leyli onunla razılaşmışdır. Bundan sonra onun telefonunda kontur olmadığı üçün istifadəsində olan mobil telefon vasitəsilə *2111-ə zəng vuraraq taksi sifariş etmişdir. Leyli ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Bilgəh yolunda “Abu Petrol” yanacaq doldyurma məntəqəsinin yanında taksi gözləmişlər. Təxminən 15-20 dəqiqədən sonra “Daewoo Gentra” markalı taksi nişanlı avtomobil gəlmişdir. Özü qabaq sağ oturacaqda, Leyli isə arxa sağ oturacaqda əyləşmişdir. Onlar Leylinin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsinə yola düşmüşlər. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində “Araz” marketə çatanda taksi sürücüsünə bildirmişdir ki, “avtomobili saxlasın”. Çünki bankomatdan pul çıxarıb 50 manat Leyliyə verməli olmuşdur. Leyli ilə birlikdə taksidən düşmüşlər. Leyli marketin qarşısında onu gözləmişdir. Bankomata yaxnlaşmış və orada Leliyə 50 manat pul verməkdən vaz keçmişdir. Ona görə də bankomatın yanından geri qayıtmışdır. Leliyə bildirmişdir ki, “kartım bloka düşdüyü üçün sənə 50 manat pul verə bilməyəcəm”. Bundan sonra taksiyə yaxınlaşıb qabaq sağ oturacaqda əyləşmişdir. Sürücüyə maşını sürməsini bildirmişdir. Sürücü maşını işə salıb yola dönərkən arxa güzgüdən Leylinin maşının arxasınca qaçdığını görüb sürücü maşını saxlamışdır. Arxa sağ qapını açıb salonda oturmuşdur. Leyli maşında onu söyərək bildirirmişdir ki, “pulumu ver”. Leyliyə demişdir ki, “üstümdə pulum yoxdur, kartım da bloka düşdüyü üçün pulunu verə bilmirəm, düş özün evinə get”. Leylini yolda buraxıb evə qayıtmaq istəmişdir. Həmin vaxtı sürücü astadan ona köhnə, sadə lakin istifadəyə yararlı ucuz “Samsung” markalı mobil telefon vermişdir ki, “bunu pul əvəzi qıza ver, sonra görüşüb qızın pulunu ödəyəndən sonra telefonu alarsan”. Sürücüdən telefonu alıb qıza vermək istəmişdir. Lakin qız telefonu götürməmiş və bildirmişdir ki, “mənim pulumu ver”. Bir qədər sonra qız onunla mülayim danışmağa başlamışdır. Ondan xahiş etmişdir ki, “qızı yaşadığı evinə aparsın, bu gecə onun evində qalsın, sabah pul tapıb verərsən”. Özü isə qızdan ayrılmaq üçün qıza demişdir ki, “sabah işə gedəcəm ona görə də səninlə görüşə bilmərəm”. Bundan sonra qızın xahişi ilə qızı evinə aparmaq üçün Abşeron rayonu, Saray qəsəbəsinə yola düşmüşlər. Taksi sürücüsünün verdiyi “Samsung” markalı mobil telefonu əynindəki gödəkçənin cibinə qoymuşdur. Abşeron rayonu, Saray qədəbəsinə qızın yaşadığı evə çatmasına az qalmış sürücüdən xahiş etmişdir ki, “maşını saxlasın”. Sürücü maşını saxlamaq istəyəndə qız bildirmişdir ki, “gecə küçədə sahibsiz itlər çox olur, ona görə də onu məhəlləyə aparıb evinin qarşısında düşürtsün”. Sürücü məhəlləyə dönərkən ağ rəngli “Chevrolet Aveo” markalı avtomobil onların maşının qabağını kəsmişdir. Həmin maşının yanında dayanmış bir nəfər cavan oğlan ona tərəf yaxınlaşmışdır. Sağ qapını açıb şalvarının arxa hissəsində kəmərdən tutub dartaraq çölə çıxartmışdır. Özünü polis əməkdaşı kimi təqdim etmişdir. Həmin anda cibində olan “Samsung J2” markalı mobil telefonu cibindən çıxarıb oturacağın üstünə atmışdır. Təxminən 15 addım qabaqda olan hasara tərəf aparıb küncə söykəmişdir. Sonra əli ilə “Chevrolet Aveo” markalı ağ rəngli avtomobilin sürücünə əli ilə getməsini bildrmişdir. Həmin “Chevrolet Aveo” markalı ağ rəngli avtomobil çıxıb getmişdir. Bundan sonra həmin oğlan ona üstündə nə var çıxartmasını bildirmişdir. Əlini gödəkçənin cibinə salaraq sürücünün ona verdiyi “Samsung” markalı mobil telefonu digər əli ilə isə pulqabını çıxartmışdır. Bilmişdir ki, həmin şəxs polis əməkdaşı deyildir. Telefonu ondan alıb cibinə qoymuşdur. Sonra ona pulqabını açmasını bildirmişdir. Pulqabını açmış oradan olan bir ədəd 20 manat və bir ədə 50 manat nominal dəyərə malik pul əskinazını çıxarıb həmin şəxsə vermişdir. Həmin şəxs də pulu əynindəki gödəkçəsinin cibinə qoymuşdur. Ona demişdir ki, “taksi nişanlı avtomobildə olan qız mənim torpedamdır. Hara istəyirəmsə oraya göndərirəm. Sən nə üçün qızın pulunu kəsirsən?” Sonra həmin şəxs ona demişdir ki, “burada dayan” və özü taksi maşınına tərəf getmişdir. Həmin şəxsin ardınca gələndə ona demişdir ki, “sənə demədim orada dayan”. Taksiyə tam yaxınlaşmamışdır. Həmin şəxs yaxınlaşıb cibindən topa açarları çıxararaq qıza vermiş və qızı evinə yola salmışdır. Taksi sürücüsünə də bildirmişdir ki, “sən də çıx get”. Həmin vaxt qışqırmışdır ki, “hara gedirsən məni gözlə məni evimə apar”. Taksi sürücüsü maşını bir qədər qabağa verib üzünü yola tərəf istiqamətləndirib saxlamışdır. Sürücü düşüb onlara yaxınlaşmışdır. Həmin oğlana bildirmişdir ki, “sonra görüşüb borcunu qaytarar”. Həmin oğlana bildirmişdir ki, “nə qədər istəyirsənsə mən tapıb sənə verərəm sən də mənim telefonumu qaytararsan”. Həmin şəxs ona demişdir ki, “sabaha 150 manat pul verə bilərsənmi”. Həmin oğlana demişdir ki, “taparam”. Həmin vaxtı onlara post patrul xidməti maşını yaxınlaşmışdır. Üç nəfər polis əməkdaşı yaxınlaşıb burada dayanmalarının səbəbini soruşmuşdur. Sürücü ilə birlikdə bildirmişlər ki, “bu şəxsdən dəniz yolunu soruşuruq”. Bundan sonra polis əməkdaşları getmişdir. Taksiyə minib oradan uzaqlaşmışlar. Sürücüdən soruşmuşdur ki, “telefonu oturacağın üstünə qoymuşdum. İndi tapa bilmirəm”. Sürücü demişdir ki, “yəqin qız düşəndə telefonu götürüb”. Onun üstündə pul olmadığına görə Sumqayıt şəhərində “Elmar” dairəsi deyilən yerdə düşmüşdür. Oradan piyada Bakı şəhəri, sabunçu rayonu, Nardaran qəsəbəsinə getmişdir. Səhərə yaxın evə çatmışdır. Səhər anasının evinə getmiş orada anası ona bildirmişdir ki, “gecə saat 04 radələrində bir nəfər şəxs mənim mobil telefonumla zəng vurub özünü taksi sürücüsü kimi təqdim etmiş və bildirmişdir ki, oğlun bütün gecəni taksi ilə şəhəri gəzmiş, lakin pulunu ödəməmişdir. Gəlsin pulu ödəsin və telefonu geri alsın”. Həmin şəxs iki dəfə də oğlunun istifadəsində olan mobil telefonun vatsapına da zəng vurmuşdur. Elə başa düşmüşdür ki, onun telefonu ilə onu döyən şəxs anasına zəng vurub və 150 manat pul istəmişdir. Bu səbəbdən də 23.02.2021-ci il tarixdə DİN-nin “102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan isə ona məlum olmuşduur ki, həqiqətən də taksi sürücüsü onun anasına zəng vurmuşdur. Telefonu isə taksidə qalmışdır. Bildirmişdir ki, həmin şəxs onun 70 manat pulunu və sürücünün ona verdiyi köhnə, ucuz içərisində sim nömrə kartı olmayan “Samsung” markalı mobil telefonu əlindən almışdır. Təqsirləndirilən şəxs ona hər hansı xəsarət ytirməmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, “Oba” marketin yaxınlığnda yerləşən həyət evində kirayə yaşayır. Təxminən 4 ay olar ki, “İnstagram” internet sosial şəbəkəsi vasitəsilə Cavid adlı oğlanla tanış olmuş və aralarında normal münasibətləri yaranmışdır. Evdə tək qaldığı üçün arabir Cavid gəlib onun evində qalmışdır. Təxminən iki ay əvvəl “İnstagram” internet sosial şəbəkəsi vasitəsilə Fuad adlı şəxslə tanış olmuşdur. Həmin ərəfələrdə Fuadın dəvəti ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olan evində olmuşdur. Pul müqabilində Fuadla intim əlaqədə olmuşdur. Həmin vaxtdan etibarən birbirinin telefon nömrələrini götürmüşlər. Növbəti dəfə 22 fevral 2021-ci il tarixdə axşam saatlarında Fuad istifadəsində olan mobil telefon vasitəsilə ona zəng vurmuş və onunla vaxt keşirmək istədiyini bildirmişdir. Fuadla razılaşmış və saat 21 radələrində taksi ilə Fuadın yaşadığı evinə getmişdir. Əvvəlcədən Fuada bildirmişdir ki, “bir saat müqabilində mənə 50 manat pul verəcəksən”. Fuad razılıq vermişdir. Lakin Fuadla 2 saat vaxt keçirmiş, intim əlaqədə olduqdan sonra Fuad ona bildirmişdir ki, “Novxanıda işləyirəm, yolda bankomatdan pul çıxarıb sənə 100 manat verərəm”. Fuadla razılaşmışdır. Onun telefonu ilə taksi nişanlı avtomibil çağırmışlar. Təxminən 15 dəqiqədən sonra “Abu- Petrol” yanacaqdoldurma məntəqəsinin yanında taksi ilə yola düşmüşlər. Abşeron rayonu, Saray qəsəbəsində “Araz” marketin qarşısında maşını saxlamış və ona demişdir ki, “burada gözlə mən bankomatdan pul çıxarıb gəlirəm”. Orada gözləyən zaman birdə onu görmüşdür ki, Fuad taksi maşınına əyləşib qaçmaq istəyir. Taksinin yola düşdüyünü görüb dalnıca qaçmışdır. Sürücü bunu görüb maşını saxlamışdır. Arxa sağ oturacaqda əyləşmişdir. Orada Fuadla mübahisə edib bildirmişdir ki, “pulumu ver səndən şikayət edəcəm, mənim vaxtımı alrısan”. Fuad isə demişdir ki, “get nə istəyirsən elə”. Bu zaman onun telefonuna Cavid zəng vurmuş, ondan nə olduğunu soruşmuşdur. Fuad ilə aralarında olan söhbəti Cavidə danışmış və bildirmişdir ki, “Fuad mənim pulumu vermək istəmir”. Cavid ondan harada olduğnu soruşduqda bildirmişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Araz” marketin qarşısındayam”. Yolda Fuad ona ağ rəngli işlənmiş ucuz “Samsung” markalı mobil telefonu vermişdir ki, pulun əvəzinə bunu götür, o, isə götürməmişdir. Sonra öz telefonun təklif etmiş, o da götürməmişdir. Cavid ona demişdir ki, “çalış maşını evinə tərəf sürdür, görüm həmin oğlan kimdir. Niyə görə sənin pulunu vermək istəmir”. Fuada bildirmişdir ki, “məni evimə apar düşürt sonra çıx get”. Bundan sonra onlar Abşeron rayonu, Saray qəsəbəsinə getmişlər. Məhəlləyə dönərkən orada ağ rəngli xarici markalı avtomobili olmuşdur. Həmin maşının arxasında Cavid dayanmışdır. Cavid Fuadı maşından dartıb çıxartmış və bir qədər aralıya aparmışdır. Taksi sürücüsü ona demişdir ki, “ödənişi siz ödəyəcəksiniz, yoxsa oğlan ödəyəcək”. Sürücüyə bildirmişdir ki, “mənim pulumu da verməyib. Sizə də pul verib verməyəcəyi bəlli deyil”. Bundan sonra Cavid geri qayıtmış və bir az əvvəl Fuadın ona təklif etdiyi köhnə ucuz “Samsung” markalı mobil telefonu sürücüyə verərək bildirmişdir ki, “yol pulu əvəzi götür və çıx get”. Fuad da Cavidə bildirmişdir ki, “70 manat pulu sənə verdim, qalan 30 manat pulu da sabah tapıb verərəm”. Həmin vaxtı Cavid cibindən onun evinin açarlarını şıxarıb vermiş və bildirmişdir ki, “evə get”. Özü isə orada qalmışdır. Maşından düşüb evə getmiş sonradan nə olduğunu bilməmişdir.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını və ya onların dalaşmağını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 16A, mənzil 25-də ailəsi ilə birlikdə yaşayır. “Azərmaş “ Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində olan “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili X4 günü 25 manat müqabilində etibarnamə əsasında idarə edir. Rəsmi olaraq taksi fəaliyyəti ilə məşğul olur. Bu səbəbdən “*2111 Maksim” şirkəti ilə aralarında olan razılaşma əsasında telefonuna proqram yüklənilmiş, həmin proqrama müştərilərin sifarişi daxil olur, həmin sifariş əsasında müştəriləri göstərdikləri ünvana aparmışdır. 22 fevral 2021-ci il tarixdə saat 23.40 radələrində idarə etdiyi “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Buzovna-Məştağa yolunda hərəkətdə olarkən yaxın ərazidən telefonuna sifariş gəlmişdir. Həmin sifarişə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Məştağa- Bilgəh yolunda olan “Abu Petrol” yanacaqdoldurma məntəqəsinə getmişdir. Oradan müştərini Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Oba market”-in yaxınlığındakı əraziyə aparmalı olmuşdur. Müştərinin olduğu ünvana çatanda artıq 23 fevral 2021-ci il tarixinə keçən gecə saat 00.25 radələri olmuşdur. Orada avtomobilə bir nəfər cavan qız arxa sağ oturacaqda və bir cavan oğlan qabaq sağ oturacaqda əyləşmişdir. Həmin şəxslər bir yerdə olmuşlar. Abşeron rayonu, Saray istiqamətdə yola düşmüşdür. Salonda qız və oğlan normal söhbət edirmişlər. Abşeron rayonu, Saray qəsəbəsi, ərazisinə çatanda oğlan maşını saxlamağını xahiş etmiş və bildirmişdir ki, “marketdə bankomatdan pul çıxartmaq istəyir”. Həmin vaxt maşını saxlamışdır. Qız və oğlan maşından düşmüşlər, qız marketin qarşısında oğlanı gözləmişdir. Oğlan isə bankomatdan pul çıxartmağa getmişdir. Oğlan qayıdıb maşında oturmuşdur. Qız isə marketin qarşısında qalmışdır. Oğlan ona maşını sürməsini bildirmişdir. Maşını sürüb yola tərəf dönəndə arxa güzgüdən qızın maşının arxası ilə qaçdığını görüb maşını saxlamışdır. Qız maşına çatıb arxa sağ qapını açaraq arxa sağ oturacaqda əyləşmişdir. Maşının içərisində oğlanı təhqir edərək bildirmişdir ki, pulunu ver. Oğlan isə bildirmişdir ki, “sənin pulunu sabah verərərm”. Qız isə tələb etmişdir ki, “bu dəqiqə pulumu ver”. Söhbətə müdaxilə edib aralarında olan pul söhbətinin nə məsələ olduğunu soruşmuşdur. Qız ona bildirmişdir ki, “sənə bu söhbətin heç bir aidiyyəti yoxdur. Bu ikimizin arasında olan söhbətdir. Sən maşını sür”. Sonra qız yumşalmış və oğlana bildirmişdir ki, “gedək bu gecə bizdə qal, sabah bankomatdan pulu çıxarıb mənim pulumu verərsən”. Oğlan isə sabah işə gedəcəyi üçün onun evində qala bilməyəcəyini qıza demişdir. Qız demişdir ki, “onda məni evimə düşürt sabah görüşərik”. Oğlan razılaşmışdır. Saat 01.55 radələrində idarə etdiyi avtomobillə Saray qəsəbəsi ərazisində qızın yaşadığı məhləyə çatmağa təxminən 50 metr qalmış oğlan ona maşını saxlamasını bildirmişdir. Qız isə demişdir ki, “məhlənin içi qaranlıqdır”, ona görə də xahiş etmişdir ki, maşını məhlənin içinə sürsün. Qızın əl çəkmədiyini görüb özündə olan köhnə sadə, lakin istifadəyə yararlı “Samsung” markalı telefonunu oğlana vermiş və bildirmişdir ki, “sənin pulun yoxdur, hələlik bu telefonu pul əvəzi qıza ver, sabah görüşəndə qızın pulunu verib telefonunu qaytararsan”. Oğlan telefonu ondan alıb qıza vermək istəmiş, lakin qız telefonu bəyənmədiyi üçün götürməmişdir. Bundan sonra maşını məhhələnin içinə sürmüşdür. Məhəlləyə dönən kimi təxminən 10 metr qabaqda nömrə və markasına fikir vermədiyi ağ rəngli bir maşın, həmin maşının arxasında bir nəfər oğlanın dayandığını görmüşdür. Maşını saxlayan kimi həmin oğlan yaxınlaşıb sağ qabaq qapını açmış və ondan kim olduğunu soruşmuşdur. Cavab vermişdir ki, taksi sürücüsüdür. Ona demişdir ki, “sən bir dəqiqə gözlə”. Sonra qabaq sağ oturacaqda əyləşən oğlanı əli ilə dartıb çölə çıxarmışdır, həmin vaxtı onun verdiyi “Samsung” markalı mobil telefon maşından çıxarılan oğlanın əlində olmuşdur. Həmin oğlan maşından dartıb çıxartdığı oğlanı təxminən 5 metr irəlidə hasarın kənarına aparmışdır. Təxminən 5 dəqiqə sonra Sonra maşınından çıxan oğlanı həmin oğlan ona yaxınlaşmış və onun öz “Samsung” markalı mobil telefonunu ona qaytarmış və demişdir ki, “ala bu o oğlanın telefonudur, pulunun yerinə götür”. Yəqin etmişdir ki, həmin oğlan müştərisinin əlindən aldığı mobil telefonun ona məxsus olduğunu fikirləşərək əlindən həmin telefonu almışdır. Həmin oğlan qızı da maşından düşürtmüş və həmin oğlana evə getməsini bildirmişdir. Ona da demişdir ki, “çıx get burdan sonra başın ağrayar”. Maşını döndərib getmək istəyəndə müştərisi olan oğlan ondan xahiş etmişdir ki, “məni burada qoyub getmə”. Maşını saxlayıb yerə düşmüş və həmin şəxslərə yaxınlaşmışdır. Oğlana bildirmışdır ki, onun maşınından çıxartdığı oğlanı qızın pulunu qaytarar. Həmin oğlan razılaşmış və söhbət edə-edə onun maşınına yaxınlaşarkən post patrul xidməti maşını onlara yaxınlaşmışdır. Üç nəfər polis əməkdaşı düşüb onlara tərəf gəlmişlər. Ondan taksi sürücüsü olduğunu soruşmuş, taksi sürücüsü olduğunu, sifariş əsasında müştəri gərirdiyini demişdir. Telefonuna baxdıqdan sonra ona inanmışlar. Orada nə məsələ olduğunu soruşduqda hər iki şəxs heç nə bildirməmişdir. Polis əməkdaşları çıxıb getmişdir. Müştərisi olan oğlan onun maşınına əyləşmiş və həmin şəxsi 9-cu mikrorayon dairəsinə gətirmişdir. Orada oğlan üstündə pulu olmadığı üçün ona yol pulunu ödəmədiyini, sonra görüşüb ödəyəcəyini demişdir. Oğlan getdikdən sonra görmüşdür ki, “maşında iki oturacağın arasında “Samsung” markalı mobil telefon vardır”. Yəqin etmişdir ki, həmin telefon onun maşınından düşüb gedən oğlanın telefonudur. Ona görə də sifariş verən nömrəyə zəng vurmuş və telefonu maşınında olan oğlan açmışdır. Sifariş maşınında arxa sağ oturacaqda əyləmiş qızın telefonundan olmuşdur, lakin telefonu oğlan açmışdır. Həmin şəxsə bildirmişdir ki, “oğlanın telefonu maşınımda qalıb. Həmin telefonu sizə verim, siz də oğlana çatdırarınız. Mənim də pulumu verəsiniz”. Lakin həmin şəxs razılaşmamışdır. Bildirmişdir ki, “sən özün həmin oğlanı axtar tap özünüz bilərsiniz. Bir də qızın telefonuna zəng vurma”. Gecə saat 02 radələrində maşında tapdığı telefonu açıb, oradan oğlanın ev yazılan ********** nömrəsinə istifadəsində olan telefon vasitəilə zəng vurmuşdur. Telefona həmin oğlanın qardaşı cavab vermişdir. Həmin şəxsə bildirmişdir ki, “görüşək telefonu götürün qardaşının mənə verməli olduğu pulu ödəyin”. Sonra 23.02.2021-ci il tarixdə gecə saatlarında həmin oğlanın qohumu ona zəng vuraraq “Abu Petrolun” qarşısında görüşməsini bildirmişdir. Oraya getmiş, 15 dəqiqə gözləmiş, lakin gələn olmamışdır. Həmin şəxsə zəng vurmuş, həmin şəxs ona bildirmişdir ki, “telefonun sahibi ilə əlaqə yarada bilmir. Bu məsələni öz aranızda həll edin”. Sonra evinə gəlmişdir. 24.02.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Ramana qəsəbəsinə müştəri apararkən həmin oğlan ona zəng vurmuş və bildirmişdir ki, “təcili olaraq telefonu mənə çatdır”. Demişdir ki, “Yeni Ramanaya müştəri aparıram, həmin müştərini Biləcəri qəsəbəsinə qaytaracam. Sabunçu dairəsində görüşək, telefonu sənə qaytarım”. Həmin oğlan onunla razılaşmışdır. Lakin bir neçə dəqiqədən sonra zəng vuraraq bildirmişdir ki, “görüşə bilməyəcək, işi var, axşam görüşərik”. Ramanaya gedib sonra Biləcəriyə qayıtmışdır. Həmin gün saat 15 radlələrində həmin oğlan ona zəng vurub görüşmək istədiyin bildirmişdir. Bakı şəhəri, Koroğlu metrosunun yanına gəlmişdir. Bu zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq həmin oğlanın mobil telefonunu istəmişdir. Həmin telefonu polis əməkdaşına təqdim etmişdir. Bildirmişdir ki, özünə məxsus mobil telefonu həmin şəxsə özü könüllü olaraq vermiş, o, telefonu verərkən telefonda sim nömrə olmamış və bununla bağlı onun həmin şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 23 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsi Dön 2, ev 34-də yaşayan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs tərəfindən döyülərək ona məxsus 70-80 manat dəyərində olan “Samsung” markalı telefonunun və 70 manat pulunun əlindən alındığı bildirilmişdir. Bununla bağlı idarə rəisi göstəriş vermişdir ki, həmin soyğunçuluq cinayətini törədən şəxsin və ya şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı o, və Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə bir yerdə əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs döyüb əlindən 70-80 manat dəyərində olan “Samsung” markalı telefonunun və 70 manat pulunun əlindən alaraq Fuad Əhmədzadəyə qarşı soyğunçuluq edən şəxsin xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və həmin şəxs 26.02.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 23 fevral 2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində Zərərçəkmiş şəxs qarşısını kəsərək, orada onu kəllə və yumruqlarla sifət nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq sonuncuya müxtəlif bədən xəsarətləri yetirdikdən sonra üstündə olan 70 manat pulunu və bir ədəd 70 manat dəyərində “Samsung” markalı mobil telefonu əlindən almışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü maddi sübut olan bir ədəd “Samsug” markalı telefonla bir yerdə Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 18.03.2021-ci il tarixli, 543 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmadı. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 mart 2020-ci il tarixli 59 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd istifadədə olmuş, istehsaldan çıxmış “Samsung” markalı Duos modelli mobil telefonun 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti 70,00 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 09.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş üzrə 1 ədəd istifadəsində “Samsung” markalı Duos modelli mobil telefon aparatı sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. 26.02.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 27.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 26.02.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən 03.08.2021-ci tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs mğnasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, onun bu əməlində CM-nin 180.1-ci maddəsinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4cü maddəsi ilə, yəni insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmək əməli kimi tövsif olunmuşdur. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmək cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, “Soyğunçuluq cinayətində həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cğ maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmiş şəxə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə 03 mart 2005-ci il tarixdə qəbul etdiyi “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu təhlil edilən məsələyə məhz bu mövqedən yanaşmışdır. Həmin Qərarın 23-cü maddəsində izah edilmişdir ki, Həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmiş şəxsin zorakılıqla azadlığı məhdullaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq cinayətinin olması, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmiş şəxsin ağzı bağlı otaqda saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Cinayət qanunvericiliyinə görə, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşayiət olunur. Bütün bunlar talamanın digər formalarına nisbətən soyğunçuluğun ictimai təhlükəliliyini artırmış olur. Plenum qərarının izahlarına əsasən məhkəmə qeyd edir ki, özgənin əmlakını açıq talamış (soyğunçuluq cinayəti törətmiş) zərərçəkmişş şəxsə zor tətbiq olması sübut edilməmişdirsə onda onun bu əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə deyil CM-nin 180.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmək cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Belə ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs zor tətbiq etmədən 70 manat pulunu və bir ədəd 70 manat dəyərində içərisində sim nömrə kartı olmayan “Samsung” markalı “DUOS” modelli mobil telefonu talamaq məqsədilə əlindən alması həmin əməl zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq cinayəti kimi tövsif oluna bilməz. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz zərərçəkmiş şəxsin 70 manat pulunu və bir ədəd 70 manat dəyərində içərisində sim nömrə kartı olmayan “Samsung” markalı “DUOS” modelli mobil telefonu ələ keçirməsi və onu döyməsi olmuşdur. Halbu ki, iş üzrə məhkəmə-tibbi ekspertizasının 18.03.2021-ci il tarixli, 543 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs ifadəsində hadisə baş verən zaman təqsirləndirilən şəxs tərəfindən ona heç bir xəsarət yetirilmədiyini, həmin vaxt təqsirləndirilən şəxs istədiyinə görə özünə məxsus 70 manat pulunu və bir ədəd 70 manat dəyərində içərisində sim nömrə kartı olmayan “Samsung” markalı “DUOS” modelli mobil telefonu verdiyini bildirmişdir. Bu halı məhkəmə iclasında dindirilmiş şahidlər də təsdiq edərək, zərərçəkmiş şəxsin hadisə yerində olarkən təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə heç bir zor tətbiq edilməsini görmədiklərini bildirmişlər. Soyğunçuluq insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə yəni döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etməkdir. Əgər qeyd olunanlar sübuta yetirilərsə, bu əməl CM-nin 180.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmədən törədilmişdirsə, yəni zərərçəkmiş şəxsi döymədən və ya digər zorakı hərəkətlər etmədən törədilmişdirsə, əməl CM-nin 180.2.4-cü maddəsi ilə tövsif oluna bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etməsi cinayətini törədərkən zərərçəkmiş şəxsi döymə və ya digər zorakı hərəkətlərlə zərərzəkmiş şəxsə fiziki ağrı yetirməsi ilə bağlı hərəkətlər etməsi məhkəmə iclasında sübut olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı ittiham irəli sürərkən zərərçəkmiş şəxsin ehtimal xarakterli ifadəsinə əsaslanmışdır. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, “.təqsirləndirilən şəxsin əli ilə üzünə bir-iki sillə vurmuş və ona üstündə nə var çıxartmasını bildirmişdir, daha sonra onu kəllə ilə vurmasını bildirmişdir”. Halbu ki, məhkəmə istintaqı zamanı zərərçəmiş şəxsin və şahidlərin ifadələrindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində Əhməd-X2 qismində olduğu “Daewoo Gentra” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qarşısını kəsərək, onu avtomobildən düşürtərək onun üstündə olan 70 manat pulunu və bir ədəd 70 manat dəyərində içərisində sim nömrə kartı olmayan “Samsung” markalı “DUOS” modelli mobil telefonu əlindən almışdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsinin qeyd edilənlərlə, yəni soyğunçuluq hadisəsi zamanı ona zor tətbiq edilməsi ilə bağlı hissəsi cinayət qanunvericiliyinə əsasən mötəbər sübut kimi qiymətləndirilə bilməz, bununla bağlı digər sübutlarla tam təkzib olunur. Ona görə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ittiham verilməsi açıqaşkar əsassız olmuşdur və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində onun təqsirliliyi sübut olunmur. Göstərilənlərə istinadən məhkəmə bir daha qeyd edir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etmədən əmlakının açıqca talanması həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özgənin əmlakını açıq talama, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməsi cinayətinin nəzərdə tutulduğu 180.2.4-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.02.2021-ci il tarixdən 21.09.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 06 ay 26 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməli, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə 1 ədəd “Samsung” markalı Duos modelli mobil telefon aparatı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsindən CM-in 180.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.02.2021-ci il tarixdən 21.09.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 06 ay 26 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 01 il 01 ay 22 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə 1 ədəd “Samsung” markalı Duos modelli mobil telefon aparatı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar