Məhkəmə qərarları › İş №1(012)-34/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-34/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-34/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi fərdi evdə yaşamış, barəsində Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə, 11 avqust 1976-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilmiş , İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 29 ünvanında qeydiyyatda olan və tutulan qədər Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi fərdi evdə yaşamış, barəsində Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonu Xırdalan şəhəri “Ər-riyad” ticarət mərkəzinin sağ hissəsində yerləşən yük avtomobillərinin ehtiyyat hissələri bazarında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın çöl hissəsinə yığılmış 23 ədəd hər biri 700 manat olan ümumi 16100 manat dəyərində “Kamaz” avtomobili üçün hava radiatorlarını, 70 ədəd hər biri 90 manat olan ümumilikdə 6300 manat dəyərində “Kamaz” avtomobili üçün nəzərdə tutulmuş motorun üst qapağını,15 ədəd hər biri 500 manat olan ümumilikdə 7500 manat dəyərində “Kamaz” avtomobili üçün nəzərdə tutulmuş su radiatorlarının vahid niyyətlə gizli olaraq talayaraq vətəndaş Zərərçəkmiş şəxs ümumilikdə 29900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişlər. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilərkən özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir, maddi vəziyyəti yaxşı olmadığıüçün oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşadığı evə getmişdir. Nadirin oğurluqlar etdiyini eşitmişdir. Bundan başqa həmişə Nadirin üstündə pulu olmuşdur. Təqsirləndirilən şəxs2 da narkotik vasitə aludəçisidir. O, Nadirin yaşadığı evə getmiş və sonuncuya bildirmişdir ki, maddi vəziyyəti yaxşı deyil, ona kömək etsin. Nadirə oğurluqlar etdiyini bildiyini və onunla birlikdə özünün də oğurluq etmək istədiyini bildirmişdir. Nadir onunla razılaşmış və onunla birlikdə axşam oğurluq etmək üçün gedəcəyini bildirmişdir. Həmin günü axşama qədər Nadirin evində qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Nadirlə birlikdə oğurluq etmək üçün evdən çıxmışlar. Onunla birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Ər-riyad” ticarət mərkəzinin sağ tərəfində yerləşən yük avtomobillərinin ehtiyyat hissələri satılan bazara getmişlər. Həmin vaxtı bazarda yerləşən mağazaların əksəriyyətinin malları mağazalardan çöldə anbar kimi yığdıqlarını görmüşlər. Nadirlə birlikdə çöldə olan yeşiklərə yığılmış ehtiyyat hissələrinə yaxınlaşmışlar. O, oradan iki ədəd “Kamaz” markalı yük avtomobili üçün nəzərdə tutulmuş radiatoru götürmüş və Nadirlə birlikdə dərhal oradan uzaqlaşmışlar. Həmin radiatoru aparıb yaxınlıqda yerləşən qamışlıqda gizlətmişlər. Bundan sonra Nadirlə birlikdə Nadirin yaşadığı evə getmişlər. Həmin gecəni Nadirgildə qalmışlar. Məqsədləri səhər açılan kimi həmin radiatorları oradan götürmək və aparıb satmaq olmuşdur. Həmin günün səhəri təxminən saat 10 radələrində Nadirlə yuxudan oyandıqdan sonra gedib radiatortları qoyduqları yerdən götürmək istəmişlər, lakin həmin radiatorları orada tapa bilməmişlər. Bundan sonra çıxıb hər kəs öz evinə getmişdir. Nadirlə birlikdə bir dəfə iki ədəd radiator götürmüşlər. Nadirlə birlikdə başqa heç bir yerdən oğurluq etməmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dinidirlmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilərkən özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrindəəvvəllər tanıdığıTəqsirləndirilən şəxs1 Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşadığı evə gəlmişdir. Hər ikisinin maddi vəziyyəti yaxşı olmadığıüçün oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün xx.xx.2022-ci il tarixdə saat 03 radələrindəƏnvərlə birlikdə oğurluq etmək üçün evdən çıxmışlar. Onunla birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Ər-riyad” ticarət mərkəzinin sağ tərəfində yerləşən yük avtomobillərinin ehtiyyat hissələri satılan bazara getmişlər. Həmin vaxtı bazarda yerləşən mağazaların əksəriyyətinin malları mağazalardan çöldə anbar kimi yığdıqlarını görmüşlər. Nadirlə birlikdəçöldə olan yeşiklərə yığılmış ehtiyyat hissələrinə yaxınlaşmışlar. Ənvər oradan iki ədəd “Kamaz” markalı yük avtomobili üçün nəzərdə tutulmuş işləmiş vəziyyətdə olan radiatoru götürmüş vəƏnvərlə birlikdə dərhal oradan uzaqlaşmışlar. Həmin radiatoru aparıb yaxınlıqda yerləşən qamışlıqda gizlətmişlər. Bundan sonra Ənvərlə birlikdə onun yaşadığı evə getmişlər. Həmin gecəni Ənvərlə qalmışlar. Məqsədləri səhər açılan kimi həmin radiatorları oradan götürmək və aparıb satmaq olmuşdur. Həmin günün səhəri təxminən saat 10 radələrindəƏnvərlə yuxudan oyandıqdan sonra gedib radiatortları qoyduqları yerdən götürmək istəmişlər, lakin həmin radiatorları orada tapa bilməmişlər. Bundan sonra çıxıb hər kəs öz evinə getmişdir. Ənvərlə birlikdə bir dəfə iki ədəd radiator götürmüşlər. Ənvərlə birlikdə başqa heç bir yerdən oğurluq etməmişlər. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 03 aylıq müddət ərzində şəxsiyyəti ona məlum olmayan 2 nəfər şəxs mütəmadi olaraq Abşeron rayonu Xırdalan şəhəri “Ər-riyad” ticarət mərkəzində yerləşən yük avtomobilləri ehtiyyat mağazasından 23 ədəd hər biri 700 manat olan ümumi 16100 manat dəyərində “Kamaz” avtomobili üçün hava radiatorlarını, 70 ədəd hər biri 90 manat olan ümumilikdə 6300 manat dəyərində “Kamaz” avtomobili üçün nəzərdə tutulmuş motorun üst qapağını,15 ədəd hər biri 500 manat olan ümumilikdə 7500 manat dəyərində “Kamaz” avtomobili üçün nəzərdə tutulmuş su radiatorlarının gizli olaraq talayaraq ona ümumilikdə 29900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. O, hər dəfəsində mağazada quraşdırılmış kamera görüntülərinə baxdıqda iki nəfər şəxsin mağazanın çöl hissəsinə yığdığı həmin ehtiyyat hissələrini gizlin olaraq aparıldığını görmüşdür. O, xx.xx.2022-ci il tarixdə malları yoxlayan zaman 29900 manat məbləğində həmin ehtiyyat hissələrinin yerində olmadığını aşkar etmiş və bu barədə ərizə ilə Abşeron rayon polis idarəsinə məlumat vermişdir. Eyni zamanda kamera görüntülərinə baxan zaman həmin əşyaların 2 nəfər naməlum şəxs tərəfindən daimi olaraq hər gün hissə-hissə aparıldığını görmüşdür. Hadisə nəticəsində ona ümumilikdə 29900 manat məbləğində maddi ziyan dəymişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 isə əvvəllər dəfələrlə məhkum olunmaqla, sonuncu dəfə İsmayıllı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs1 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs2 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. 19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Abşeron rayon məhkəməsinin həmin tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Abşeron rayon məhkəməsinin həmin tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq etməsini əks etdirən görüntülər ola CD disk maddi sübut qismində tanınmışdır. Məhkəmə baxış iclasında iş üzrə maddi sübut olan CD diskə baxış keçirlmiş, 8 noyabr 2022-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, Ər-riyad ticarət mərkəzinin sağ hissəsində yerləşən yük avtomobillərinin ehtiyyat hissələri bazarında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın çöl hissəsinə yığılmış “Kamaz” avtomobili üçün nəzərdə tutulmuş su radiatorlarını oğurlaması, həmçinin görüntülərdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bazara mühafizəçidən yayınaraq gizli olaraq gəldiyi, radiatorlardan birinin Təqsirləndirilən şəxs1 çiynində tək aparması, bir müddət sonra isə hər iki şəxsin geri gəlməklə oğurlanan Kamaz markalı avtomobilin radiatorunun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən köməklik götürülərək aparıldığı müşahidə olunur. Məhkəmədə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilməsi, yalnız bir dəfə oğurluq etmələri barədə dediklərini özünümüdafiə kimi qiymətləndirir və inandırıcı hesab etmir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin qismən etirafedici izahatları, zərərçəkmiş şəxsin izahatları və iş üzrə hadisənin görüntülərini əks etdirən CD disk, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2006-cı il təvəllüdlü Nigar İmamaliyeva və xx.xx.2018-ci il təvəllüdlü Ceyran İmamaliyeva adlı 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilməlidir. Məhkəmə istintaqında Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul, Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 Fazail oğluna göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəliı 17 noyabr 2022-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilsin. Məhkəmə istintaqında Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul, Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 Fazail oğluna göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar