Məhkəmə qərarları › İş №1(012)-34/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-34/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-34/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Sumqayıt şəhəri Nizami küçəsi ev 111-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri “Kristal Abşeron-1” yaşayış kompleksi bina- 23, mənzil 98-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdə Sumqayıt şəhərində istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq 10 manat müqabilində öz istifadəsi üçün siqaretin gümüşü rəngli kağızında 02 ədəd bükümdə, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş, ayrı-ayrılıqda çəkiləri 0,343 qram və 0,220 qram, ümumilikdə 0,563 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla Abşeron rayonu Xırdalan şəhərinə daşımış, Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən 14 mart 2023-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində saxlanılaraq Abşeron rayon Polis idarəsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxladığı, siqaretin gümüşü rəngli kağızında 02 ədəd bükümdə ümimilikdə 0,563 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,xeyli müddətdir ki, narkotik vasitə qəbul edir.Əməlindən peşimandır. İstintaqda verdiyi ifadəsini təsdiq edir.Bunun nəzərə alınıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir , Abşeron rayon, Xırdalan şəhəri “Kristal Abşeron-1” yaşayış kompleksi bina-23, mənzil 98-də yaşayır. Psixotrop maddə olan metamfetamindən demək olar ki, hər gün istifadə edir. 12 mart 2023-cü il tarixdə Sumqayıt şəhərində olarkən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün 2 büküm psixotrop maddə metamfetamin alıb şalvarının cibinə qoymuş, xx.xx.2023cü il tarixdə Abşeron rayonu, Xirdalan şəhəri, Nizami küçəsində olarkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis idarəsinə gəlmiş, orada ona xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, bundan sonra onun razılığı ilə hüquqlarının müdafiəsi üçün həmin yerə vəkil dəvət olunaraq ona hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim olunması təklif olunmuşdur. O da üzərində özü istifadə etmək üçün 2 gün əvvəl Sumqayıt şəhərində tanımadığı şəxsdən 10 manata aldığı 2 büküm psixotrop maddə metamfetamin olduğunu deyib, əlini əynindəki qara rəngli şalvarının sağ yan cibinə salıb orada saxladığı siqaretin gümüşü rəngli kağızında olan həmin 2 bükümü könüllü olaraq təqdim etmişdir. Bundan sonra da polislər onun üzərində şəxsi axtarış aparsalar da heç nə tapmayıb, onun təqdim etdiyi 2 bükümə baxış keçirib həmin bükümləri kağız zərfə qoyaraq qablaşdırıb götürmüşlər. Həmin vaxtı bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar həmin zərfilə protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən iş üzrə şahid Abşeron RPİ-nin X2 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə saat təxminən 01 radələrində iş yoldaşı əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində narkotik vasitələrin və onların perekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq məqsədi ilə xidmətdə olarkən Xırdalan şəhəri Nizami küçəsində bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, söhbət etmişlər. Həmin vaxtı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin narkotik vasitə aludəçisi olduğunu hiss edib bu barədə ondan soruşmuşlar. Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə etdiyini və üzərində bir büküm metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirib, birlikdə Abşeron RPİ-nə gəlməsini təklif etmişlər. Sonuncu da etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. Bundan sonra onlar bu barədə raportla idarə rəhbərliyinə məruzə etdikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə sonuncuya üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah olnunduqdan sonra ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs əlini əynindəki qara rəngli şalvarının sağ yan cibinə salıb oradan siqaretin gümüşü rəngli kağızında 2 büküm çıxarıb təqdim etmiş və həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, həmin 2 büküm metamfetamini 12 mart 2023-cü il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra onlar Ramiqin üzərində şəxsi axtarış aparsalar da saxlanılması qanunla qadağan olunan hər hansı əşya və predmet tapmayıb sonuncunun təqdim etdiyi bükümlərə baxış keçirmişlər. Baxış zamanı həmin bükümlərdə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütlələr aşkar olunmuş, bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər kağız zərfə qoyularaq qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar həmin zərflə protokolu imzalamışlar. İbtidai istintaqda şahid qismində dindirilən Abşeron RPİ-nin X2 sabiq əməliyyat müvəkkili Şahid2 da Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İstintaq materiallarına əlavə edilmiş 14 mart 2023-cü il tarixli şəxsi axtarış protokolundan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən 02 ədəd gümüşü rəngli kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,343 qram və 0,220 qram, ümumi çəkisi 0,563 qram olan ağ rəngli kristalşəkilli maddə aşkar edilərək götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1540 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,343 qram və 0,220 qram, ümumi çəkisi 0,563 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3983 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 1(0010-151/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 04 noyabr 2020-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. İşdə olan 17 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Zəfər günü münasibəti ilə amnistiya Qərarı”nın2.4-cü bəndinin əsiri altına düşmüş barəsində Xəzər rayon Məhkəməsinin qərarı ilə məcburi müalicənin ləğv edilməsindən sonra30 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. Həmin amnistiya Qərarının 7-ci bəndinə görə bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. O halda qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətin resedivi yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran və Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizası rəyləri və digər istintaq sənədləri ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə və saxlama cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü ildə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023cü ildə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozaraq istintaqa təqdim olunmadığına görə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutulması üçün haqqında axtarış elan edilmis və cinayət işi üzə izraat o, tutulanadək dayandırılmış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim olunduğuna görə cinayət işinin icraatı təzələnərək bir sıra zəruri istintaq hərəkətləri yerinə yetirilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən istintaq davam etdirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində istintaq zamanı 03 gün tutma olmuşdur. Həmçinin, işin məhkəmə baxışında Təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən yayındığı üçün barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, 26 oktyabr 2024-cü il tarixdə tutularaq MSY-ə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və tutulduğu 01 gün, cəmi 03 gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı və cəzaçəkmənin əvvəli 26 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 02 büküm 0,463 qr psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 55(əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və tutulduğu 01 gün, cəmi 03 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 26 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 02 büküm 0,463 qr psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar