Məhkəmə qərarları › İş №1(012)-340/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-340/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-340/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Xırdalan şəhət Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, üzərində daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, 03 mart 2021-ci il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin siyahısı» na (Siyahı İ) daxil olan təmiz çəkisi 0,364 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib Xırdalan şəhərinə daşımaqla üzərində saxlamış, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 mart 2021-ci il tarixdə, saat 22:05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Sevil Hacıyeva küçəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən həmin narkotik vasitə 0,364 qram heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 03.03.2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman, yolun kənarından yerdən şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroin tapmış və özü istifadə etmək məqsədi ilə həmin bükümü əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. 03 mart 2021-ci il tarixdə saat 22:05 radələrində o, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M. Müşfiq küçəsində olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və narkotik vasitə olan heroini istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu ona bildirmiş və onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə getməli olduğunu söyləmişlər. Bu səbəbdən o, polis əməkdaşlarının idarə etdiyi avtomaşına əyləşmişdir. Polis əməkdaşları onu Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Burada əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, daha sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman ondan üstündə hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin kütlənin haradan və nə vaxt aldığı ondan polis əməkdaşları tərəfindən soruşulmuşdur. O isə həmin heroini Sumqayıt şəhər ərazisindən yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükülünün içərisində narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş və götürülmüşdür. Daha sonra axtarış götürmədə iştirak edən şəxslər tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün ifadəsində qeyd etdiyi proses videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Onun üzərindən narkotik vasitə aşkar edilməsi barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Sonda o, narkotik maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 03 mart 2021-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinə ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumat Abşeron Rayon Polis İdarəsinin rəisinə raportla məruzə edildikdən sonra ondan və Abşeron Rayon Polis İdarəsinin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü ilə Abşeron rayonu, Xırdalan şəhərinə getmiş və 03 mart 2021ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 22:05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Sevil Hacıyeva küçəsində Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Abşeron Rayon Polis İdarəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1965-ci ildə Abşeron rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron Rayon Polis İdarəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs, sonuncunun hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun və Abşeron Rayon Polis İdarəsinin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükülünü çıxardaraq təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni 03.03.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisindən yerdən təsadüfən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kağızdakı bir bükülüyə baxış keçirilmiş orada qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilmiş, daha sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş və DİN-nin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolu və qablaşdırılmış narkotik vasitə heroinə bənzər maddəninin üzərinə bütün iştirakçılar imza etmişlər. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini bir daha təstiq etdiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Bununla yanaşı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini bir daha təstiq etdiyini göstərmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəmədə elan edilərək tədqiq edilmiş ifadlərini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 01 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Abşeron RPİ-də Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən həmin narkotik vasitə heroinin aşkar edilərək təhqiqatçı tərəfindən götürülməsi bir daha təstiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.03.2021-ci il tarixli, 6/882 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 56” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və.s yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,364 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş narkotik vasitənin təmiz çəkisi 0,364 qramdır, tədqiqata 0,05 qram sərf edildikdən sonra, 0,314 qram qalıq qalmışdır. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz doxsan) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN **********, hesab AZ34CTRE********************. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,314 qram narkotik vasitə olan heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı və üzərindən aşkar olunmuş 0,364 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq miqdardadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 10.03.2021-ci il tarixli, 720 saylı məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təstiq edilməsi barədə” Qərarı ilə təstiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmədə hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutlarıın məcmusuna hüquqi qiymət verərək onların ittihamın həlli üçün kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntü, maddi sübut və ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq iş üzrə ittiham hökmü çıxarılmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 21.03.2021-ci il tarixli arayışdan (tələbnamədən) və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02.11.2012-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Qulamov X3 Rayon Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay, 29 (iyirmi gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02 noyabr 2012-ci il tarixli qərarına əsasən Qulamov X3 Rayon Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay, 29 (iyirmi gün) müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıq məhrum etməyə şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman onun məhkumluğu artıq ödənilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Qulamov X3 rayonu, Xırdalan şəhəri, M.Müşviq küçəsi, ev 2/1 saylı ünvanda yaşayır yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlində peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, o cümlədən cəzanın onun islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 03.03.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 05.03.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə azad olunmuş və məhkəmədə həmin qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət cəzasından çıxılmalı və cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o məhkəmə zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ona görə məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,314 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 109,90 (yüz doqquz doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan X2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Arif oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı 19.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,314 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 109,90 (yüz doqquz doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Arif oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim olunduğu) andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar