Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-340/2024 24.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1982-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Şəmkir rayonu, Çənlibel ərazi dairəsi, Çənlibel kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı X3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus 54 saylı evin həyətinə hasardan qanunsuz daxil olub, həyətdə quraşdırılmış 01 ədəd 400 manat dəyərində “Airtel” markalı, «Digitel Duo KM-24CE» model kombini talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, öz əməllərini təkrar davam etdirərək tanışı X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 24:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evin hasardan keçməklə həyətinə qanunsuz daxil olaraq, həyətdə quraşdırılmış 1 ədəd 600 manat dəyərində Türkiyə istehsalı olan «X17» markalı, 24 kv kombini talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli selofana bükülmüş 0,780 qram çəkidə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu Masazır qəsəbəsi Qaçaq Nəbi küçəsində saxlanılıb Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək orada üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin 01 ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır, onlarla heç bir ədavəti yoxdur. Cavid Beydullayevi hadisədən təxminən 6 ay əvvəl tanımış, ara-sıra görüşmüşdürlər. Rəsulu isə üzdən tanıyır onunla arasında heç bir ədavəti yoxdur. Bir dəfə Cavid qonşuluğunda olan yaşayış olmayan iki evdən kombi oğurlamaq qərarına gəldiyini bildirib ona köməklik etməsini istəmişdir. O da etiraz eləməmişdir. Cavid axşam yaşadığı evə gəlib onu götürəcəyini demişdir. Həmin gün axşam vaxtı Cavid, Rəsul adlı tanışının “Chevralet Lacetti” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu evdən götürmüş, onlar birlikdə Cavidin yaşadığı Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığına getmişlər. Rəsul onları maşında gözləmiş, Cavidin yaşadığı fərdi yaşayış evinin həyətindən keçərək Zərərçəkmiş şəxs1 aid evə daxil olmuş, Cavidin verdiyi açarla divara quraşdırılmış kombini sökmüş götürmüşdür. Cavid ilə birlikdə həmin kombini Cavidə məxsus fərdi yaşayış evinin zirzəmisinə qoymuşlar. Bundan sonra Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə daxil olmuş, eyni qaydada kombini söküb, Cavidə vermişdir. Cavid ilə köməkli olaraq həmin kombini Rəsulun avtomobilinin yük hissəsinə qoymuşlar. Cavid kombiləri satdıqdan sonra əldə etdiyi vəsaitdən ona da verməyə söz vermişdir. Bundan başqa göstərmişdir ki, həmin vaxtlar ara-sıra narkotik vasitə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata heroin almış, sonradan istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə Cavid ona zəng edərək Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinə görüş təyin etmiş, Cavidlə görüşmək üçün ora gəldikdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Həmin şəxslər onun narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirib onu Abşeron rayon polis idarəsinə getməyə dəvət etmişlər. O da heç bir etiraz etməyərək həmin şəxslərlə birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. İdarədə müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərində şəxsi axtarış aparılan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, təqdim etdiyi narkotik vasitədən başqa üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırıldıqdan sonra həmin zərf üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Sonda himayəsində iki azyaşlı uşağının olmasını, ailədə yeganə gəlir gətirən şəxsin özünün olduğunu, törətdiyi əməldən peşman olduğunu və hazırda zərər çəkmiş şəxslərə vurulmuş zərəri ödəyərək, barışıq əldə etməsini, həmin vaxtdan sonra müalicə aldığını narkotik vasitənin heç bir növündən istifadə etmədiyini, əmək müqaviləsi üzrə daimi əmək fəaliyyəti ilə məşğul olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi 54 saylı bir mərtəbəli fərdi yaşayış evi ona məxsusdur. Lakin həmin ünvanda daimi yaşamırlar. Sonuncu dəfə həmin yaşayış evinə gedəndə kombinin oğurlandığını görmüşdür. Evdən kombidən başqa heç nə oğurlanmamışdır. Oğurluq hadisəsini müəyyən etdikdən sonra bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti zəng mərkəzi” sisteminə məlumat vermişdir. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən nömrəsiz bir mərtəbəli fərdi yaşayış evi ona məxsusdur. Hadisə vaxtı həmin ünvanda təmir-tikinti işləri aparıldığı üçün ünvanda yaşayış olmamışdır. xx.xx.2023cü il tarixdə saat 11 radələrində Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə gedəndə, evin həyətində quraşdırılmış kombinin yerində olmadığını aşkar etmişdir. Bundan başqa evdən heç bir əşya oğurlanmamışdır. Oğurluq hadisəsini müəyyən etdikdən sonra bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermiş, ona məxsus fərdi yaşayış evinə evin hasarından daxil olmuşlar. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 şahid qismində dindirilərkən, ifadəsində göstərdi ki, xx.xx.1982-ci ildə Şəmkir rayonunda anadan olmuş, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olan Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması və gəzdirməsi barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş və CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 18 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində keçirilmiş əməliyyat tədbirləri zamanı Qaçaq Nəbi küçəsində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi video çəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən saxladığı bir ədəd bükülü bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə narkotik vasitə heroinə oxşar maddə olduğu müəyyən edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələrin xx.xx.2023cü il tarixdə Abşeron rayonu Novxanı kəndində tanımadığı şəxsdən 10 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Cavid Beydullayevi təxminən 5 il olar ki, tanıyır, sonuncu ilə özünə məxsus avtomobili icarəyə verdiyi zaman tanış olmuşdur. Təqsirləndirilən şəxs isə yalnız üzdən tanıyır. Hazırda idarə etdiyi Chevrolet Lasetti markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 17 yanvar 2023-cü il tarixdə saat təxminən 15 radələrində tanışı Cavid onun mobil telefonuna zəng vurmuş və həyətlərində bəzi əşyaları olduğunu, həmin əşyaları daşımaqda köməklik edilməsini ondan xahiş etmiş, ona gediş haqqını da ödəyəcəyini bildirmişdir. O, razılıq vermiş və görüşdükdən sonra Şirxan da gəlib çıxmış, Cavid ona sonucunun əşyaları götürməkdə köməklik edəcəyini bildirmiş, bundan sonra Cavidin yaşadağı küçəyə getmişlər. Təxminən yarım saat sonra Cavidlə Şirxan bir ədəd kombi aparatını gətirib onun maşının yük yerinə qoymuş, həmin kombi barədə Caviddən maraqlandıqda özünə məxsus olduğunu bildirmişdir. O, Şirxanı yaşadığı evə aparıb sonra Masazır qəsəbsinə getmiş, maşından düşdükdə Cavid ondan bir neçə dəqiqəlik avtomobilini istəmiş, o, sonuncudan haraya getmək istədiyini soruşduqda ona qohumlarını aparmaq istədiyini demiş, lakin o, razılıq verməmişdir. O, işlərini gördükdən sonra Cavid həyətə çıxmış və o, sonuncunu evinə düşürmüşdür. O, Cavidgilin oğurluq etmələrindən xəbərsiz olmuş, belə ki, Cavid yaşadığı evin həyətindən kombi aparatını çıxarıb gətirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmiş Zərərçəkmiş şəxs1 zərərçəkmiş kimi tanınmışdır. - “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmiş Zərərçəkmiş şəxs2 zərərçəkmiş kimi tanınmışdır. - “Əməlin tövsif edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. - “Cinayət işinin birləşdirilməsi” barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Şübhəli şəxs qismində tutulma” haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Şəxsi axtarış və götürülmə aparılması haqqında” xx.xx.2023-çü il tarixli protokoldan görünür ki, bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar maddə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 19 yanvar 2023-cü il tarixli, 6/323 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №56» dairəvi möhür əksi və « vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş…» yazı və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,780 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,780 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,730 qram. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 19 yanvar 2023cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Əməlin tövsif edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə tövsif edilmişdir - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 177.2.1, 177.2.2, 177.2.3, 234.1ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona yenidən həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Maddi sübut kimi tanınma” haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğunun üzərindən götürülmüş, qalıq çəkisi - 0,730 qram çəkidə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməyərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 562 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2023-cü il tarixli, 9/1039 saylı ekspert rəyindən görünür ki, bir ədəd Türkiyə istehsalı olan «Airtel» markalı, «Digitel Duo KM1-24CE» model kombi – 400 manat; - bir ədəd Türkiyə istehsalı olan «X17» markalı, 24 kvv kombi – 600 manat müəyyən edilir. - “Cinayət işinin ayrılması” barədə 28 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - “Axtarışda olan şəxsin tutulması” barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Abşeron RPİ-nin MSY-nə gətirilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməyərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, iş üzrə ümumi çəkisi 0,780 qram narkotik vasitə heroin, bir ədəd Türkiyə istehsalı olan “Airtel” markalı, “Digitel Duo” KM1-24 CE” model kombi aparatı, bir ədəd Türkiyə istehsalı olan “X17” markalı, 24 kvv kombi aparatı və 01 ədəd DVD disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspert tədqiqatından qalıq qalmış 0,730 qram narkotik vasitə heroin saxlanıması üçün Abşeron Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verimiş, 02 ədəd kombi aparatı sahibinə qaytarılması nəzərə alınmış, 01 ədəd DVD diskin saxlanılması üçün cinayət işinin materiallarına əlavə edimişdir. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı əkiz uşağı vardır. - 550 №-li Hərbi Hissə tərəfindən 06 oktyabr 2023-cü il tarixdə verilmiş “Fəxri fərman”ın təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr - 23 sentyabr 2023-cü il tarixlərdə lokal tipli antiterror əməliyyatları zamanı döyüş mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə təltif olunmuşdur. - “MediClub” tibb müəssisəsində Təqsirləndirilən şəxs oğlu tərəfindən “sidikdə narkotik vasitənin təyini”nə dair veriliş analiz cavablarına əsasən nəticə “mənfi” olmuşdur. - Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu Masazır qəsəbəsi Qaçaq Nəbi küçəsində saxlanılmış və Abşeron rayon polis idarəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və “07 sentyabr-23 sentyabr 2023-cü il tarixlərdə lokal tipli antiterror əməliyyatları zamanı döyüş mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə” fəxri fərmanla təltif edilməsini, könüllü müalicə kursu keçməsini, əmək müqaviləsi üzrə iş yerinə malik olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağının olmasını “07 sentyabr- 23 sentyabr 2023-cü il tarixlərdə lokal tipli antiterror əməliyyatları zamanı döyüş mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə” fəxri fərmanla təltif edilməsini, könüllü müalicə kursu keçməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını “07 sentyabr-23 sentyabr 2023-cü il tarixlərdə lokal tipli antiterror əməliyyatları zamanı döyüş mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə” fəxri fərmanla təltif edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Şəmkir rayonu, Çənlibel kəndində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 2 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 1 gün, ümumilikdə 3 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 562 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,730 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “Dəmir Döküm” markalı kombi aparatının, digər maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus “Digifel Duo” markalı kombi aparatının sahibinə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək, barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 1 gün, ümumilikdə 3 gün müddət həbsdə saxlama müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq, ona hazırki hökmlə təyin olunmuş cəzadan 06 gün çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonu hüdudlarından kənara çıxmamaq Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Şəmkir rayonu, Çənlibel kəndində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.730 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “Dəmir Döküm” markalı kombi aparatının sonuncuya qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus “Digifel Duo” markalı kombi aparatının sonuncuya qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-X15 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (bir iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-340/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-340/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver