Məhkəmə qərarları › İş №1(012)-342/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-342/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-342/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakı ilə xx.xx.1995-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanında qeyri rəsmi birlikdə yaşadığı X4 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyyəsindən bir dəfə yumruqla qəsdən vuraraq, ona başın təpə və sağ gicgah nahiyyələrinin geniş ölçülü dərialtı hematomaları, ənsə nahiyyəsinin sıyrığı, alın, sağ gözün hər iki göz qapaqlarının qançırları, alt dodağın selikli qişasının əzilmiş yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X4 ilə 2020-ci ilin mart ayından qeyri-rəsmi olaraq birlikdə yaşayır. Yaşdıqları müddətdə onunla münasibətləri normal olmuşdur. Bir müddətdir ki, Zərərçəkmiş şəxs ilə münasibətlərinin normal deyil. Səbəb isə Nuranənin yaşadıqları evdə onunla əsassız mübahisələr edərək onun işlərinə müdaxilə etməsi, onun paltarlarını yumadığına görə və Nüranənin onun xəbəri olmadan oteldə işləməsi üstündə olmuşdur. 06.04.2021-ci il tarixdə saat 21 radələrində yenədə Nüranənin onun əşyalarını işlədiyi obyektə qoyub geri qayıdan zaman ondan bunun səbəbini soruşmaq üçün yaşadıqları binanın girişində onu gözləmiş və həmin vaxt Nuranədən bunun səbəbini soruşduqda Nuranə düzgün etdiyini deyib onu söyüb təhqir etdiyi üçün əlləri ilə onun başından vurmuşdur. Həmin vaxt Nuranə yerə yıxlmış və xəsarət almışdır. Bundan sonra Nüranə qışqırmağa başlamış və onu söyüb təhqir etməyə davam etmişdir. Həmin vaxt oradan uzaqlaşmışdır. Həmin mübahisə 10-15 dəqiqə davam etmiş, mübahisə binanın girişində baş verdiyi üçün orada kənar şəxslər olmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin mart ayından qeyri-rəsmi olaraq birlikdə yaşayır. Əvvəllər münasibətləri normal olmuşdur. Bir müddətdir ki, Şabanın yaşadığı evdə münaqişələr yaradaraq onunla əsassız mübahisələr edərək onun valideyinlərinə söyüşlər söymüşdür. 06.04.2021-ci il tarixdə saat 21 radələrində aralarında yaranmış narazılığa görə Şabanın əşyalarını işlədiyi obyektə qoyub geri qayıdan zaman Şabanın onun yaşadığı binanın girişində dayanıb onun qarşısını kəsərək ondan ayrılmağı üstündə onunla mübahisə etməyə başlamış və həmin zaman qaçmaq istəyərkən Şabanın onun saçlarından tutaraq binanın girişinə çəkib başından əlləri ilə yumruqla onun bədəninin müxtəlif nahiyyələrindən vuraraq döyüb xəsarət yetirmişdir. Bundan sonra qışqırmağa başlamış, lakin Şabanın yenədə söyüb təhqir edərək onu vurmağa davam etmişdir. Baş vermiş mübahisə 10-15 dəqiqə davam etmiş, mübahisə binanın girişində baş verdiyi üçün orada kənar şəxslər olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 10.04.2021-ci il tarixli, 704 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – başın təpə və sağ gicgah nahiyyələrinin geniş ölçülü dərialtı hematomaları, ənsə nahiyyəsinin sıyrığı, alın, sağ gözün hər iki göz qapaqlarının qançırları, alt dodağın selikli qişasının əzilmiş yarası bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, yəni 06.04.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 14.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs X2 tərəfindən 03.05.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X5 ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar