Məhkəmə qərarları › İş №1(012)-343/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-343/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-343/2021 16.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə xx.xx.1996-cı ildə Tovuz rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Tovuz rayonu, Böyük Şamlıq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evləri massivində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07.01.2021-ci il tarixdə, saat 02 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilin açıq qapısından yaşayış sahəsinə qanunsuz daxil olub evin dəhlizində asılqandan asılmış sonuncuya məxsus gödəkçənin sol iç cibindən içərisində həmin dövrün məzənnəsi ilə 22202 manat məbləğində olan 13060 ABŞ dolları, 2000 manat pul, 1 ədəd 583 əyarlı 5 qram çəkidə 300 manat dəyərində qızıl qolbaq və 1 cüt 583 əyarlı 4 qram çəkidə 200 manat dəyərində qızıl sırğa olan 20 manat dəyərində qara rəngli pul qabını ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 24722 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Əsl adı Fəxriyyə olsa da, hamı onu Nigar adı ilə çağırır. Zərərçəkmiş şəxs təxminən 3 il müddətdir ki, tanıyır. Məhəmmədi taksi sürücüsü kimi tanımış. Əvvəl o, taksi kimi Məhəmmədin avtomobili ilə Bakı və Sumqayıt şəhərində yerləşən klublara müştəri kimi getmiş. Məhəmmədlə həmişə normal münasibəti olmuş. Təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında Abşeron Gənclər Şəhərciyində “44” adlı kafeni icarəyə götürüb işlədirmiş. Kafeni işlətdiyi müddətdə maddi durumu yaxşı olmadığı üçün həmin kafedə Nurlan adlı şəxslə birlikdə yaşayırmış. Nurlanla yaxın münasibətləri olmuş. O, arada taksi sürücüsü X2 Şəhərciyində yerləşən yaşadığı evə gedib bir qədər oturub kafeyə qayıdırmış. 06 yanvar 2021-ci il tarixdə axşam saatlarında kafedə olmuş. Həmin vaxt ölkədə elan edilmiş karantinlə əlaqədar heç bir yer işləmədiyi üçün o, da kafedə müştəri qəbul etmirmiş. Bu səbəbdən maddi sıxıntıları çox olurmuş. O, kafedə olan zaman Məhəmməd işlətdiyi kafeyə gəlmiş. Həmin vaxt Məhəmməd içki qəbul etdiyi üçün sərxoş olmuş. Məhəmməd kafeyə gələn zaman əlində pivə alıb gətiribmiş. Məhəmməd kafedə onunla oturub bir qədər söhbət etdikdən sonra özü ilə gətirdiyi pivəni də içmiş. Bir qədər keçdikdən sonra Məhəmməd evə getmək istədiyini bildirmiş və onu da yaşadığı evə dəvət etmiş. O, Məhəmmədə evə getməsini, özü isə kafeni təmizləyib arxası ilə Məhəmmədin evinə gedəcəyini bildirmiş. Aradan bir neçə saat keçdikdən sonra, 07 yanvar 2021-ci il tarixdə saat təxminən 02 radələrində o, kafedə işlərini bitirib Məhəmmədin mobil telefonuna zəng edərək evdə olub-olmamağını soruşmuş. Məhəmməd ona müştəri olduğunu və həmin şəxsi avtomobili ilə aparıb evə qayıdacağını demiş. O, da Məhəmmədə evə qayıdanda xəbər etməsini demiş. Aradan bir neçə dəqiqə keçdikdən sonra Məhəmməd ona zəng edərək evin qapısını açıq qoyduğunu və onu evdə gözlədiyini bildirmiş. O, da kafenin qapısını bağlayıb Məhəmmədin 5-ci mərtəbədə yerləşən mənzilinə qalxmış. Həmin vaxt mənzilin giriş qapısı açıq olmuş. O, qapını açıb içəri mənzilə daxil olmuş. Məhəmməd mətbəxdə olan çarpayıda uzanmış vəziyyətdə araq içirmiş. Məhəmməd çox sərxoş olmuş. Həmin vaxt Məhəmmədin uzandığı çarpayının qarşısında olan mətbəx stolunun üzərində açıq vəziyyətdə tünd rəngli pul qabının içərisində çoxlu pul olduğunu görmüş. Aradan bir neçə dəqiqə keçdikdən sonra artıq Məhəmməd sərxoş olduğu üçün yuxuya getmiş. Pula ehtiyacı olduğu üçün o, mətbəx stolunun üzərində açıq vəziyyətdə olan tünd rəngli içərisində çoxlu pul olan pul qabını götürüb evdən çıxmış. Bundan sonra o, taksi sifariş edərək Bakı şəhəri, Sabunçu rayonunda yaşayan tanışı Mədinənin evinə getmiş. O, tanışı Mədinənin evində yatdığı otaqda Məhəmmədin evindən oğurladığı pul qabını açıb içərisində olan pulları saymış. Pul qabının içərisində 3000 ABŞ dolları və 5000 manat pul olmuş. O, həmin pulları yenidən pul qabına qoyaraq gödəkçəsinin cibinə qoyub yatmış. Səhər yuxudan oyanan kimi əynini geyinib evdən çıxmış. Məhəmmədin evindən oğurladığı 3000 ABŞ dolları və 5000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmiş. Həmin puldan müəyyən hissəsini müxtəlif yerlərdə restoranlarda yeyibiçməyə xərcləmiş. Əlavə olaraq bildirmişdir ki, onun əvvəlcədən Zərərçəkmiş şəxs hər hansı miqdarda pulunun olub-olmaması barədə heç bir məlumatı olmamış, o, 07 yanvar 2021-ci il tarixdə gecə Məhəmmədin evinə gedən zaman mətbəx stolunun üzərində olan pul qabının içərisində çoxlu miqdarda pul olduğunu görüb maddi sıxıntıları olduğu üçün sonradan həmin pulu oğurlamaq qərarına gələrək həmin pulu oğurlamış. Zərərçəkmiş şəxs dedikləri ilə qismən razı olduğunu, lakin içərisində 3000 ABŞ dolları və 5000 manat pul olan pul qabını Məhəmmədin yaşadığı mənzilin dəhlizində olan asılqandan asılmış gödəkçədən deyil, mətbəxdə stolun üzərindən oğurlamış, pul qabında qızıl-zinət əşyası olmamış, Məhəmmədin dediyi qızılları və qeyd etdiyi məbləğdən artıq pul oğurlamamışdır. Onun oğurluq etməyindən heç kimin məlumatı olmamış, oğurluq cinayətini tək törətmiş və bu barədə də heç kimə məlumat verməmişdir. Mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs iddianı qəbul etmədi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, anket məlumatında göstərilən ünvanda tək yaşayır. Heç bir yerdə işləmir. 2017-ci ildən özünə məxsus olan “Hunday-accent” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Hamının Nigar kimi tanıdığı, əsl adı isə Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, tanıyır. Fəxriyyə ilə Abşeron rayonu Abşeron Gənclər Şəhərciyində müştəri kimi maşınına minəndə tanış olmuş. Fəxriyyəni həmişə Bakı və Sumqayıt şəhərində yerləşən klublara müştəri kimi aparmış. Fəxriyyə ilə həmişə normal münasibəti olmuş. Təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında X5 Şəhərciyində özü “44” adlı kafeni icarəyə götürüb işlədərkən Fəxriyyə maddi durumu yaxşı olmadığı üçün həmin kafedə Nurlan adlı şəxslə birlikdə yaşayırdı. Fəxriyyə onun yaşadığı evə arada gəlib gedirdi. 01 yanvar 2021-ci il tarixdə axşam saatlarında Fəxriyyə ona istifadəsində olan ***-***-**-** mobil nömrədən zəng edərək onun üçün yemək və siqaret almağını xahiş etmiş. O, da marketdən siqaret alaraq Fəxriyyənin işlətdiyi kafeyə gedərək Fəxriyyə ilə görüşüb aldığı siqareti ona vermiş, həmin vaxt Fəxriyyə pis vəziyyətdə olmuş, o, Fəxriyyəyə nə vaxt istəsə evinin açarını ona verə biləcəyini demiş, Fəxriyyə də onunla razılaşmış, həmin vaxt orada Abşeron Gənclər Şəhərciyində yaşayan Vasif də olmuşdur. Bir qədər söhbət etdikdən sonra o, evə getmişdir. 02 yanvar 2021-ci il tarixdə gecə saat 03 radələrində ona zəng edərək kafenin soyuq olduğunu, onun evinə gəlmək istədiyini bildirdikdə o, Fəxriyyəyə evinə gəlməyini demiş, Fəxriyyə bir neçə dəqiqə sonra onun yaşadığı evə gəlmiş, evdə olan zaman yemək yeyib digər otaqda yatmış, səhər o, evdən çıxan zaman Fəxriyyə yatdığı üçün onu narahat etməmiş, saat 17 radələrində Fəxriyyə ona zəng edərək kafeyə gedəcəyini, qapını bağlayıb açarı özü ilə aparacağını bildirmiş,evin açarını kafedə ondan götürməyini demiş, oda bir söz deməmiş, axşam saatlarında o, Fəxriyyənin işlətdiyi kafeyə gəlib evinin açarını götürüb evə getmiş, bir neçə dəfə belə hal baş vermiş, 06 yanvar 2021-ci il tarixdə saat 20 radələrində o, evinin açarını Fəxriyyədən götürmək üçün onun işlətdiyi kafeyə getmiş, kafeyə daxil olduqda Abşeron Gənclər Şəhərciyində yaxınlıqda yaşayan Əlini görmüş. Əlidən Fəxriyyənin harada olduğunu soruşduqda, Əli ona Fəxriyyənin çölə çıxdığını, birazdan qayıdacağını demiş, oda Fəxriyyəni kafenin qabağında bir qədər gözlədikdən sonra maşına minib yaşadığı binanın qarşısında saxlamış, o, maşından düşüb evə getmək istədikdə evinin işığının yandığını görmüş, bundan sonra o, binaya daxil olub liftlə yaşadığı mənzilə qalxmış. Liftdən çıxarkən Fəxriyyənin evin qapısını bağlayıb çıxdığını görmüş, o, evin açarını Fəxriyyədən almış, Fəxriyyə də çıxıb getmişdir. Əlavə olaraq Fəxriyyənin borcları olduğunu bildiyini, Fəxriyyənin hər dəfə ona borcu olduğuna görə sıxıldığını dediyini, buna görə də ondan işlətdiyi kafeyə müştəri tapıb onun adına icarəyə keçirmək istədiyini dediyini, oda 4000 manat verib kafeni Məhəmmədin adına sənədləşdirməsini təklif etdiyini, Fəxriyyənin də onunla razılaşdığını, Fəxriyyənin bir neçə gün sonra ondan sənədləşmə işləri üçün Şəhərciyin kommunal idarəsinə getməyi dedikdə oda Fəxriyyəyə səbr etməsini, hələ bu barədə dəqiq qərara gəlmədiyini dediyini, 06 yanvar 2021-ci il tarixdə axşam evdə yatmış. 07 yanvar 2021-ci il tarixdə Fəxriyyə 02:06 dəqiqədə onun istifadəsində olan telefonuna ***-***-**-** mobil nömrəsindən zəng etdiyini, yuxulu olduğu üçün telefona cavab vermədiyini, ikinci dəfə yenə zəng etdikdə, o, Fəxriyyəyə adboy verdiyini, daha sonra isə yatdığını, yatarkən evin qapısını bağlamağı unutduğunu, 07 yanvar 2021-ci il tarixdə saat 05:30 radələrində yuxudan qalxdığını, o, evin giriş hissəsində asılqandan asdığı gödəkçəsinin cibinə baxdıqda gödəkçənin sol iç cibinə qoyduğu içərisində 13060 ABŞ dolları, 2000 manat və 1 ədəd 583 əyarlı təxminən 5 qram çəkidə 300 manat dəyərində qızıl qolbaq, 1 cüt 583 əyarlı təxminən 4 qram çəkidə 200 manat dəyərində qızıl sırğa olan qara rəngli 20 manat dəyərində pul qabının yerində olmadığını gördüyünü bildirmişdir. Həmin pul qabını qara rəngli sellofana bükmüşdü. O, dərhal Fəxriyyənin mobil nömrəsinə zəng etsə də Fəxriyyəyə zəng çatmamış. O, Fəxriyyənin gecə ona zəng etdikdən sonra gəlib evindən oğurluq etdiyini başa düşmüş, bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 24722 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmədə iddia qaldıraraq cavabdeh Təqsirləndirilən şəxs 24722 manat məbləğində pul tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, heç bir yerdə işləmir. Hamının Nigar kimi tanıdığı, əsl adı isə Təqsirləndirilən şəxs təxminən bir olar ki, tanıyır. Fəxriyyə ilə Abşeron Gənclər Şəhərciyində yerləşən kafedə ofisiant işləyərkən tanış olmuş, həmişə normal dostluq münasibətləri olmuşdur. O, tək yaşadığı üçün gündəlik yeməyini Fəxriyyənin işlədiyi kafedə yeyirdi, təxminən 3-4 ay olar ki, X5 Şəhərciyində özü “44” adlı kafeni icarəyə götürüb işlədirdi. Sonuncu dəfə o, Fəxriyyə ilə 07 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Abşeron Gənclər Şəhərciyində onun işlətdiyi kafedə görüşmüş, o, kafenin kabinetində oturmuş, həmin vaxt Fəxriyyə kabinetdə oturmağını deyərək dükana gedib beş dəqiqəyə qayıdacağını bildirmiş bu zaman Abşeron Gənclər Şəhərciyində yaşayan taksi sürücüsü kimi tanıdığı Məhəmməd kafeyə daxil olmuşdur. Məhəmməd ondan Fəxriyyənin yerini soruşduqda o, da Məhəmmədə Fəxriyyənin indicə çıxdığını, beş dəqiqəyə qayıdacağını bildirdikdə Məhəmməd çıxıb getmiş, o isə kafenin qapısını bağlayıb çıxarkən Fəxriyyə kafeyə qayıtmış, o, Fəxriyyəyə Məhəmmədin gəldiyini və evinin açarlarını istədiyini bildirmiş, o, Fəxriyyə ilə kafenin kabinetində oturub söhbət edərək çay içmiş, arada çölə çıxıb marketdən siqaret alıb kafeyə qayıtmış, kafeyə qayıdanda Fəxriyyənin yanında Abşeron Gənclər Şəhərciyində yaşayan Vasif adlı şəxsi görmüş, daha sonra onlar üçü çay içmiş, saat təxminən 23 radələrində o, evinə getmiş, söhbət əsnasında o, Fəxriyyədən kafedə qalıb-qalmayacağını soruşmuş. Fəxriyyə onun da tanıdığı taksi sürücüsü olan Məhəmmədin evinə gedib orada qalacağını bildirmişdir.. Fəxriyyənin dediyinə görə təxminən son 15 gün o, taksi sürücüsü X2 Şəhərciyində yerləşən evində qalmışdır. Son vaxtlar Fəxriyyə onunla söhbət edən zaman borcları olduğu üçün sıxıldığını demiş, hətta bir dəfə Fəxriyyə ona Məhəmmədin həmin kafeni almaq istədiyini bildirmişdir. 2021-ci ilin ilk günlərində, hadisə baş verməmişdən 2-3 gün əvvəl Məhəmməd özü də ona həmin kafenin necə işləyib-işləməməsini soruşmuşdur Əlavə olaraq bildirmişdir ki, X4 Gülməmmədovun evindən oğurluq edib-etməməsi barədə heç bir məlumatı olmamışdır, çünki onlar həmişə çox yaxın münasibətdə olmuş, Fəxriyyə həmişə Məhəmmədin uzaqdan qohumu olduğunu və ona dayısı kimi münasibət saxladığını deyirdi. Hətta Məhəmməd evinin açarlarını da ona verirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, şəxsi maşını ilə mütəmadi olaraq Bakı şəhərinə meyvə-tərəvəz gətirib müxtəlif yerlərdə satır. Hamının Nigar kimi tanıdığı, əsl adı isə Təqsirləndirilən şəxs təxminən iki il olar ki tanıyır. Fəxriyyə ilə 2018-ci ilin mart ayında sosial şəbəkədə tanış olmuş, daha sonra Fəxriyyə ilə görüşərək yaxından tanış olmuş və sonradan qeyri-rəsmi münasibətdə olmuşlar. Fəxriyyə əvvəllər kafedə işlədiyi üçün bu işdə təcrübəli olduğundan onunla birlikdə 2020-ci ilin sentyabr ayında Abşeron Gənclər Şəhərciyində “44” adlı kafeni icarəyə götürüb işlətməyə başlamışlar. Onlar əvvəllər Abşeron rayonu, Xırdalan şəhərində 120 nömrəli marşrut avtobusunun son dayanacağının yaxınlığında kirayədə qalmış, Əvvəllər kafeyə müştərilər gəldiyi üçün kafeni normal işlədirdilər. İşlədikləri müddətdə kafe üçün aldıqları əşyaların borcundan müəyyən qədərini də ödəmişlər. Son zamanlar ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq kafenin fəaliyyətini onlayn xidmətə keçirsələr də, işlədə bilməmişlər. Buna görə də son bir ayı o, Fəxriyyə ilə kafedə qalmışdır. Abşeron Gənclər Şəhərciyində yaşayan və orada taksi sürücüsü kimi tanıdığı Məhəmmədi Fəxriyyə ilə münasibət qurduğu zamandan tanıyır. X3 öz maşını ilə işə və digər yerlərə aparıb gətirmiş, onların qohumluq münasibətlərinin olduğunu bilmişdir. 2020-ci ilin dekabr ayının ortalarında Məhəmməd onların işlətdiyi kafeyə gəlmiş, onunla söhbət əsnasında Məhəmməd kafeni almaq istədiyini demiş. Məhəmməd kafeni Fəxriyyə üçün aldığını deyib kafeni Fəxriyyənin işlətməyini bildirsə də, onun oraya gəlməməyini demişdir. Bir neçə gün keçdikdən sonra onlar Məhəmməddən kafeni alıb-almamağını soruşduqda Məhəmməd bu barədə fikirləşdiyini demiş, bir neçə dəfə Fəxriyyəyə onun yanında Məhəmmədin yaşadığı evdə stolun üstündə pulu hazır qoyduğunu, onunla bu barədə evdə söhbət etmək istədiyini bildirmişdir. Fəxriyyənin Məhəmmədin evinə gediş-gəlişi olduğu üçün evinin açarının arada Fəxriyyədə olurdu. Əvvəllər yeni tanışlıqları vaxtı o, da bir neçə dəfə Məhəmmədin dəvəti ilə onun Abşeron rayonu Abşeron Gənclər Şəhərciyində yerləşən evində olmuş. 31 dekabr 2020-ci il tarixdə o, yaşadığı Masallı rayonu Xırmandalı kəndinə getmiş. 06 yanvar 2021-ci il tarixdə saat təxminən 23 radələrində Fəxriyyə istifadəsində olan ***-***-**-** nömrəsi ilə onun istifadəsində olan ***-***- **-** nömrəsinə zəng edib onu tək qoyub getdiyini, maddi durumunun pis vəziyyətdə olduğunu ona deyərək ağlayırdı. O, da Fəxriyyəyə bir neçə gündən sonra qayıdacağını bildirib sonra sağollaşmışdır. 08 yanvar 2021-ci il tarixdə axşam saatlarında Məhəmməd ona zəng edərək Fəxriyyənin onun evindən oğurluq etdiyini bildirdikdə o, dərhal Fəxriyyəyə zəng etsə də Fəxriyyənin telefonuna zəng çatmamışdır. X4 Gülməmmədovun evindən oğurluq edib-etməməsi barədə heç bir məlumatı olmamış, Fəxriyyə həmişə Məhəmmədin uzaqdan qohumu olduğunu və ona dayısı kimi münasibət saxladığını, hətta Məhəmmədin evinin açarlarını arada Fəxriyyəyə verdiyini bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07.01.2021-ci il tarixdə, saat 02 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilin açıq qapısından yaşayış sahəsinə qanunsuz daxil olub evin dəhlizində asılqandan asılmış sonuncuya məxsus gödəkçənin sol iç cibindən içərisində həmin dövrün məzənnəsi ilə 22202 manat məbləğində olan 13060 ABŞ dolları, 2000 manat pul, 1 ədəd 583 əyarlı 5 qram çəkidə 300 manat dəyərində qızıl qolbaq və 1 cüt 583 əyarlı 4 qram çəkidə 200 manat dəyərində qızıl sırğa olan 20 manat dəyərində qara rəngli pul qabını ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 24722 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsii özünün qismən etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə dair ifadəsi məhkəmə tərəfindən araşdırılarkən bu xüsusatların özünü müdafiə və cinayət məsuliyyətindən və cəzadan azad olunması xarakteri daşıdığı qənaətinə gətirir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, 18.12.2014-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1, 69.3-cü maddəsi ilə 104 (bir yüz dörd) saat ictimai işlər cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10.04.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və məhkəmə orqanı tərəfindən həmin tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və məhkəmə zamanı həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və ev dustaqlığında olduğu müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 10.04.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbs edilməlidir. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı məhkəmədə qaldırdığı 24722 manat məbləğində pul tələbinə dair mülki iddiası təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 24722 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə məhkəmə məsrəfi və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 10.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanilsın. Hökmün icrası Açşeron polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı məhkəmədə qaldırdığı 24722 manat məbləğində pul tələbinə dair mülki iddiası təmin edilsin, cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 24722 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Təqsirləndirilən şəxs tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar