Məhkəmə qərarları › İş №1(012)-344/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-344/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-344/2022 21.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Özbəkistan Respublikası, Daşkənd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvəllər məhkum olunmamış, “X3 FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialında mühafizəçi işləyən, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Nübar yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə saat 12:45-də yaşadığı Abşeron rayonu, Nübar yaşayış massivi, nömrəsiz fərdi evin qarşısında həmin əraziyə gəlmiş uzun müddət, yəni 7 ay ərzində "xxxx" ASC-nin mərkəzləşmiş xətlərindən qidalanan xətt vasitəsi ilə sudan istifadə ilə bağlı ödənişin tam və ya hissəli aparılmasını tələb edən, yüksək borclu abonentlərin ödənişə cəlb olunması və borclu abonentlərin ödənişdən imtina etdiyi zaman onların hissəli ödənişə cəlb olunması, abonent borcunu ödəmədiyi halda su xəttinin müvəqqəti borca görə dayandırılması, borca görə su təchizatı dayandırılmış xəttə nəzarət, şübhəli sərfiyyat, abonentin kodunu yazaraq mənzillərə xəbərdarlıq bildirişlər verilməsi kimi vəzifələr həvalə edilmiş, "xxxx"- ASC-nin Abşeron rayon “Sukanal” İdarəsinin ödənişin təşkili qrupunun nəzarətçisi, yəni hakimiyyət nümayəndəsi funksiyalarını yerinə yetirən Zərərçəkmiş şəxs qanuni əsaslarla ona yaranmış su borcunu ödəməsini şifahi tələb etdikdə, kobud şəkildə və nümayişkaranə ödəniş aparmayacağını bildirərək yaşadığı evin qarşısında ona qarşı zor tətbiq edib qəsdən sifət nahiyəsinə yumruqla zərbələr endirərək sonuncuya sağ yanaq-almacıq nahiyəsinin qançır şişkinliyi və sağ yanağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası kimi sağlamlığa qəsdən yüngül xəsarətlər yetirməklə hakimiyyət nümayəndəsi olan "xxxx"- ASC-nin Abşeron rayon “Sukanal” İdarəsinin ödənişin təşkili qrupunun nəzarətçisi, Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2010cu ildə ailə həyatı qurmuş və 3 azyaşlı uşağı ilə birlikdə hal-hazırda Abşeron rayonu, Nübar yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır. 7 ildir ki, "xxxx" MMC-də növbə rəisi vəzifəsində işləyir. Təxminən 7-8 ay olar ki, yaşadığı evə qonşular ilə birlikdə yığışaraq su xətti çəkdirmiş və həmin xəttinin qanuni və ya qanunsuz çəkilməsi barədə heç bir məlumatı olmamışdır. Yaşadığı evə su xətti çəkdirəndən sonra heç bir vaxt "xxxx" ASC-yə borcu ilə bağlı pul ödənişi etməmişdir. Belə ki, iki dəfə "xxxx" ASC-nin Abşeron rayon, Sukanal İdarəsinin nəzarətçiləri ona yaxınlaşaraq xəbərdarlıq olan bildiriş vərəqəsi vermiş, özü isə nəzarətçilərə “gətirin mənim evimə sayğac quraşdırın” deyə bildirmiş, lakin rəsmi olaraq su sayğacının quraşdırılması ilə bağlı heç bir müəssisəyə müraciət etməmişdir. 17 fevral 2022-ci il tarixdə saat təxminən 13 radələrində işdən növbədən çıxaraq evə gəlmiş, evdə olan vaxt birdən yaşadığı mənzilin qapısı döyülmüş və o, namaz qıldığı üçün qapıya həyat yoldaşı çıxmışdır. Bir neçə dəqiqə sonra özü namazı bitirmiş və həyat yoldaşı ona su idarəsinin işçiləri gələrək onunla danışmaq istədiyini söyləmişdir. Bunu eşidib əynini geyinərək qapıya çıxmış və 4 nəfər su idarəsinin əməkdaşının qapıda dayandıqlarını görmüşdür. Adını bilmədiyi əməkdaşın biri ona “Suya olan borcunuzu ödəməlisiz” deyə bildirmişdir. Bu vaxt həmin nəzarətçiyə “gətirin mənim evimə sayğac qoyun, sonra məndən ödəniş tələb edin” cavab vermişdir. Bu vaxt ilk dəfə gördüyü onunla üzbəüz dayanmış nəzarətçi Zərərçəkmiş şəxs aqressiv şəkildə ona “Sən qanunu bilirsən? ” deyə demişdir. Bu sözü eşidəndən sonra o, Zərərçəkmiş şəxs qəfildən sağ üz nahiyəsinə iki yumruq vurmuş və nəticədə sonuncu zərbənin təsirindən yerə yıxılmışdır. Sonra digər Abşeron rayon, Sukanal İdarəsinin 3 əməkdaşları ona tərəf gəlmiş və o bir az geri çəkilərək “gəlin demiş”, lakin heç biri ona yaxın gəlməmiş, həmçinin heç bir söz deməmişdir. Sonra işçilərdən biri Elbrusu yerdən qaldıraraq demişdir ki, “üzərini təmizlə gedək polis idarəsinə”. Özü isə minik avtomobilinə minərək uşaqlarını məktəbə aparmışdır. Abşeron rayon, Sukanal İdarəsinin nəzarətçisi Zərərçəkmiş şəxs əvvəl tanımamış, yaşadığı evə 7-8 aydır ki, su xətti çəkdirmiş, amma borcu ilə bağlı heç bir ödəniş etməmişdir. Belə ki, iki dəfə yaşadığı evə nəzarətçi gəlmiş və nəzarətçidən tələb etmişdir ki, su sayğacı qoyaraq ona kod verilsin, həmçinin su sayğacı ilə bağlı heç bir yerə rəsmi müraciət etməmişdir. Zərərçəkmiş şəxs yumruqla üz nahiyəsinə vuran zaman yanlarında Abşeron rayon Sukanal İdarəsinin adını bilmədiyi 3 əməkdaşı olmuşdur. Törətdiyi əməldən peşmançılıq çəkir, zərərçəkmiş şəxslə üzür istəyib barışmışdır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 6 ildir ki, "xxxx" ASC-nin tərkibində olan, Abşeron rayon, “Sukanal” idarəsinin Su kəmər təsərrüfatının nəzarətçisi vəzifəsində işləyir. Onun vəzifəsi abonentlərin borclarını araşdırılması, yüksək borclu abonentlərin ödənişə cəlb olunması, borclu abonentlərin ödənişdən imtina etdiyi zaman onların hissəli ödənişə cəlb olunması, abonent borcunu ödəmədiyi halda su xəttinin müvəqqəti borca görə dayandırılması, borca görə su təchizatı dayandırılmış xəttə nəzarət, dayandırılmış su təchizatının bərpası, şübhəli sərfiyyat, abonentin kodunu yazaraq mənzillərə xəbərdarlıq vərəqəsi olan bildirişlərin verilməsi və ödənişin təşkil edilməsindən ibarətdir. İşin mahiyyəti üzrə onu bildirmişdir ki, Abşeron rayon, Nübar yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs əvvəl tanımamış və sonuncunun yaşadığı evə ilk dəfə idi ki, getmişdir. Belə ki, xx.xx.2021-ci tarixdə Abşeron rayon, Nübar yaşayış massivində, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayon “Sukanal” idarəsi ilə müqavilə bağlamadan qanunsuz olaraq qonşular ilə birlikdə yaşadığı evə su xətti çəkdirmişdir. Abonent kartına əsasən bir nəfər üçün 5m³ (kub) su sərfiyyatı hesablanmış, həmin ünvanda 4 nəfər yaşadığı üçün ümumi 20m³ (kub) su sərfiyyatı hesablanmış və hər 1m³ (kub) isə 0.70 qəpiyə vurulmuş, çünki çirkab suyun şəbəkəsi olmadığı üçün yalnız içməli suyun dəyəri hesablanır və onun dəyəri 0.70 qəpikdir, bu isə o deməkdir ki, 20 m³ (kub) hesabladıqda hər ay 14 manat abonent pul ödənişi etməlidir. Abonent Təqsirləndirilən şəxs isə xx.xx.2021-ci il tarixdən, yəni 7 ay borcu ilə bağlı "xxxx" ASC-yə heç bir vaxt pul ödənişi etməmişdir. Təqsirləndirilən şəxs suya olan borcunu ödəmədiyi üçün əməkdaşları olan nəzarətçi Şahid2 tərəfindən abonentin yaşadığı evə gedilərək borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq yazılan bildiriş verilmiş, ən son bildiriş isə xx.xx.2022-ci il tarixdə qeydiyyat alınmış, lakin abonent yenə də ödənişdən boyun qaçırmışdır. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə saat 12:45-də abonentə borcunun ödənilməsi ilə bağlı borclular siyahısına qrup rəhbəri Şahid1 baxmış və vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs borcu olduğu üçün elə qrup rəhbəri Şahid1, mühəndis Orxan Paşayev, həmçinin nəzarətçi Şahid2 və o, abonentin evinə getmişdir. Onlar Abşeron rayonu, Nübar qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində Təqsirləndirilən şəxs evinə yaxınlaşmış, qapını Səbuhi döymüş, bir hicablı xanım qapıya çıxmış və onlar vəzifə təlimatına əsasən xanıma borclarının olduğunu bildirmişlər və həmin borcun ödənişi təmin edilməsi üçün həyat yoldaşı ilə əlaqə saxlamasını xahiş etmişdir. Qadın heç bir söz deməmiş, 2 dəqiqə sonra bir kişi qapıya yaxınlaşmış və onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu şəxsdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqdim etmədən əsəbi halda evin qapısından çölə çıxaraq onlara kobud şəkildə müraciət edərək “ Kimdir mənim suyumu kəsmək istəyən?, Mənə su çəkmisiz?, Suyu mən özüm çəkmişəm və suyun pulunu ödəmirəm” deyə söyləmişdir. Elə bu vaxt Şahid1 abonentə “Su xəttini siz çəkə bilərsiz, lakin siz işlətdiyiniz suyun yaranmış borcunu ödəməlisiz” deyə bildirmişdir. Təqsirləndirilən şəxs bu sözlərdən sonra yenidən kobud şəkildə qışqıraraq “ Gedin rəisinizə deyin ödəmirəm, nə istəyir eləsin, kəsə bilirsiz kəsin suyumu” deyə cavab olaraq bildirmişdir. Elə bu vaxt Elbrus telefon vasitə ilə Təqsirləndirilən şəxs portalda olan borcunu yoxlamış və sonuncu kobud danışdığı üçün demişdir ki, “Qardaş, biz söz aparıb gətirmirik, xahiş edirik borcunuzu ödəyəsiniz” və ona başqa bir söz deməmişdir. Daha sonra Təqsirləndirilən şəxs son söz olaraq demişdir ki, “Ödəmirəm!”. Elbrus paltosunun sağ cibindən telefonunu çıxaraq yenidən portala daxil olmaq istəmişdir ki, anidən özünü yerdə oturmuş görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs qəfildən onun üz nahiyəsinə yumruq vurmuş və sonuncunun üzünə neçə yumruq vurduğunu hiss eləməmiş, artıq özünə gələndə zərbənin təsirindən yerdə oturmuşdur. Şahid1 tez gələrək onu ayağa qaldırmiş və həmin vaxt onun üzü keyimiş, heç nə hiss eləməmiş, habelə ağzından qan gəlməyə başlamışdır. Sonra sağ üz nahiyəsi zərbənin təsirindən ağrımağa başlamış, bu vaxt telefonu yerə düşdüyü üçün onu götürməyə çalışmış və hal-hazırda xatırlamadığı əməkdaşlardan kimsə ona kömək edərək telefonu vermişdir. Təqsirləndirilən şəxs həmin vaxt təxminən ondan 7-8 metr uzaqda dayanmış və o, sonuncuya demişdir ki, “Sən düzgün eləmədin, amma eybi yox”. Sonra Şahid1 onu minik avtomobilinə otuzdurmuş, həmçinin əməkdaşlara tapşırmışdır ki, heç kəs Təqsirləndirilən şəxs yaxınlaşmasın. Müzəffər Mahmuduova həmin vaxt heç bir söz deməmiş və onlar sonuncuya yaxınlaşmadan ordan uzaqlaşmışlar. Sonra o, üz nahiyəsinə vurulan yumruğun təsirindən ağzı partladığı üçün xəstəxanaya getmiş, həmçinin DİN-102 xidmətinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 ildir ki Abşeron rayon “Sukanal” idarəsində nəzarətçi işləyir. Onun vəzifəsi abonentlərə borc, bildiriş və xəbərdarlıq olan qəbizlərin verilməsindən ibarətdir. Abşeron rayon, Nübar qəsəbəsində, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs əvvəl tanımamış və sonuncu evinə su xətti çəkdirəndən sonra heç bir vaxt borcu ilə bağlı "xxxx" ASC-yə pul ödənişi etməmişdir. Təqsirləndirilən şəxs suya olan borcunu ödəmədiyi üçün onun tərəfindən sonuncunun yaşadığı evə gedilərək borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq yazılan bildiriş verilmiş, ən son bildiriş isə 14.02.222-ci il tarixdə qeydiyyat alınmış, lakin abonent yenə də ödənişdən boyun qaçırmışdır. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə sat 12:45-də abonentə borcunun ödənilməsi ilə bağlı borclular siyahına nəzarətin rəisi Şahid1 baxmış və vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs borcu olduğu üçün, o, Şahid1, nəzarətçi Zərərçəkmiş şəxs, həmçinin mühəndis Orxan Paşayev abonentin evinə getmişdir. Abşeron rayonu, Nübar qəsəbəsi, nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs evinə yaxınlaşmışlar, qapını o döymüş və bir hicablı xanım qapıya çıxmış və o, vəzifə təlimatına əsasən xanıma borclarının olduğunu bildirmiş və həmin borcun ödənişi təmin edilməsi üçün həyat yoldaşı ilə əlaqə saxlamasını xahiş eləmişdir. Qadın heç bir söz deməmiş, 2 dəqiqə sonra bir kişi qapıya yaxınlaşmış və onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu şəxsdir. Daha sonra Təqsirləndirilən şəxs əsəbi halda evin qapısından çölə çıxaraq onlara kobud şəkildə müraciət edərək “Suyu mən özüm çəkmişəm və suyun pulunu ödəmirəm” demişdir. Şahid1 həmin vaxt abonentə bildirmişdir ki, “suyun su xəttini siz çəkə bilərsiz, lakin siz işlətdiyiniz suyun yaranmış borcunu ödəməlisiz”. Təqsirləndirilən şəxs bu sözlərdən sonra yenidən onlara kobud şəkildə demişdir ki, “Gedin rəisinizə deyin ödəmirəm, nə istəyi eləsin”. Elə bu vaxt digər nəzarətçi Zərərçəkmiş şəxs telefon vasitə ilə Təqsirləndirilən şəxs portal vasitə ilə borcunu yoxlamış və sonuncuya demişdir ki, “Qardaşı, biz söz aparıb gətirmirik, xahiş edirik borcunu ödə” və Təqsirləndirilən şəxs bu sözü eşidib anidən nəzarətçi Zərərçəkmiş şəxs əli ilə sağ üzünə iki yumruq vurmuş və nəticədə Elbrus zərbənin təsirindən yerə yıxılaraq ağzı qana bulaşmışdır. Şahid1 Elbrusu yerdən qaldırmış və Təqsirləndirilən şəxs Elbrusu güclü zərbə ilə vurduğu üçün onlara tapşırmışdır ki, heç kəs Təqsirləndirilən şəxs yaxınlaşmasın. Müzəffər Mahmuduova həmin vaxt heç bir söz deməmişlər və sonuncuya yaxınlaşmamışlar. Sonra onlar Elbrusu maşına otuzduraraq oradan uzaqlaşmış və sonra rəhbərliyə və DİN-102 xidmətinə məlumat vermişlər. Təqsirləndirilən şəxs nəzarətçi Zərərçəkmiş şəxs yumruqla vuran zaman sonuncu əlində telefon vasitə ilə portaldan həmin abonentin borcunu yoxlamışdır. Nəzarətçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruqla üzünə vuran zaman yanında Mühəndis-qrup rəhbəri Şahid1, mühəndis Orxan Paşayev və o olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-cildən "xxxx" ASC-nin tərkibində müxtəlif vəzifələrdə işləmiş, habelə 5 ildir ki Abşeron rayon “Sukanal” idarəsinin ödənişin təşkili mühəndis qrupunun rəhbəri vəzifəsində işləyir. Onun vəzifəsi borcu olan abonentlərin borclarını araşdırılması və ödənişin təşkil edilməsindən ibarətdir. Abşeron rayon, Nübar qəsəbəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs əvvəl tanımamışdır. Abonent Təqsirləndirilən şəxs evinə su xətti çəkdirdikdən sonra heç bir vaxt borcu ilə bağlı "xxxx" ASC-yə pul ödənişi etməmişdir. Təqsirləndirilən şəxs suya olan borcunu ödəmədiyi üçün nəzarətçi Şahid2 tərəfindən sonuncunun yaşadığı evə gedilərək borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq yazılan bildiriş verilmiş, ən son bildiriş isə 14.02.222-ci il tarixdə qeydiyyat alınmış, lakin abonent yenə də ödənişdən boyun qaçırmışdır. Bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə saat 12:45-də abonentə borcunun ödənilməsi ilə bağlı borclular siyahına baxmış və vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs borcu olduğu üçün o, mühəndis Orxan Paşayev, nəzarətçi Zərərçəkmiş şəxs, həmçinin nəzarətçi Şahid2 abonentin evinə getmişdir. Abşeron rayonu, Nübar qəsəbəsi, nömrəsiz ünvanda Təqsirləndirilən şəxs evinə yaxınlaşmışlar, qapını Səbuhi döymüş və bir hicablı xanım qapıya çıxmış və onlara vəzifə təlimatına əsasən xanıma borclarının olduğunu bildirmiş və həmin borcun ödənişi təmin edilməsi üçün həyat yoldaşı ilə əlaqə saxlamasını xahiş eləmişdir. Qadın heç bir söz deməmiş, 2 dəqiqə sonra bir kişi qapıya yaxınlaşmış və onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu şəxsdir. Daha sonra Təqsirləndirilən şəxs əsəbi halda evin qapısından çölə çıxaraq onlara kobud şəkildə müraciət edərək “Suyu mən özüm çəkmişəm və suyun pulunu ödəmirəm” demişdir. O da həmin vaxt abonentə bildirmişdir ki, “ suyun su xəttini siz çəkə bilərsiz, lakin siz işlətdiyiniz suyun yaranmış borcunu ödəməlisiz”. Təqsirləndirilən şəxs bu sözlərdən sonra yenidən onlara kobud şəkildə demişdir ki, “ Gedin rəisinizə deyin ödəmirəm, nə istəyi eləsin”. Elə bu vaxt nəzarətçi Zərərçəkmiş şəxs telefon vasitə ilə Təqsirləndirilən şəxs portal vasitə ilə borcunu yoxlamış və sonuncuya demişdir ki, “Qardaşı, biz söz aparıb gətirmirik, xahiş edirk borcunu ödə” və Təqsirləndirilən şəxs bu sözü eşidib anidən nəzarətçi Zərərçəkmiş şəxs üzünə iki yumruq vurmuş və nəticədə Elbrus zərbənin təsirindən yerə yıxılaraq ağzı qana bulaşmışdır. O. Elbrusu yerdən qaldırmış və Təqsirləndirilən şəxs Elbrusu güclü zərbə ilə vurduğu üçün yanında olan əməkdaşlara tapşırmışdır ki, heç kəs Təqsirləndirilən şəxs yaxınlaşmasın. Müzəffər Mahmuduova həmin vaxt heç bir söz deməmişlər və sonuncuya yaxınlaşmamışlar. Sonra onlar Elbrusu maşına otuzduraraq oradan uzaqlaşmış, sonra rəhbərliyə və DİN-102 xidmətinə məlumat vermişlər. Təqsirləndirilən şəxs nəzarətçi Zərərçəkmiş şəxs yumruqla vuran zaman sonuncu əlində telefon vasitə ilə portaldan həmin abonentin borcunu yoxlamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 235 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: Sağ yanaq-almacıq nahiyəsinin qançır şişkinliyi və sağ yanağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən müayinədən bir qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən 17 fevral 2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan yüngül zərərvurmaya aid edilir. ”Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Abşeron Sukanal” İdarəsinin 09 aprel 2022-ci il-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Nübar yaşayış massivi nəzarətçi Zərərçəkmiş şəxs xidmət göstərdiyi ərazidir. Habelə təqdim olunmuş abonent kartından görünür ki, xx.xx.2021-ci il tarixdən abonent Təqsirləndirilən şəxs sərf etdiyi suya görə 210 manat məbləğində borcu yaranmışdır. ”Azərsu” Aşıq Səhmdar Cəmiyyəti “Abşeron Sukanal” İdarəsinin 07 iyun 2021-ci il tarixli 42 saylı əmrdən görünür ki, Zərərçəkmiş şəxs “Abşeron Sukanal” İdarəsinin Abonentlərlə iş şöbəsinin ödənişin təşkili qrupunun 5-ci dərəcə ilə su kəmər təsərrüfatında nəzarətçi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Belə ki, hakimiyyət nümayəndəsi dedikdə, təşkilati-hüquqi formasından, tabeliyindən, idarə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün hakimiyyət səlahiyyətlərinə malik olan şəxs başa düşülür. Hakimiyyət nümayəndəsinin statusu hər şeydən əvvəl hakimiyyət səlahiyyətləri ilə əlaqədardır. Hakimiyyət səlahiyyətləri dedikdə, xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı idarəetmə sahəsində müxtəlif qərarlar qəbul etmək, icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan tələblər irəli sürmək hüququ başa düşülür. Hazırkı işdə zərərçəkmiş şəxs hadisə məqamında hakimiyyət səlahiyyətlərinə malik hakimiyyət nümayəndəsi olmuşdur. Həmçinin, burada bir məqam xüsusilə qeyd edilməlidir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yaranmış mübahisə sonuncunun xidməti fəaliyyəti məqamından ayrıca şəxsi münasibətlər zəminində deyil, məhz zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar baş vermişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əməlin etiraf edilməsi, peşmançılığın ifadə olunması, cinayətə görə təəssüflənmək şəxsi belə davranış nümayiş etdirməyərək əməllərini inkar edən, peşman olmadığını bildirən, yəni törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən şəxslərdən fərqləndirmək üçün ciddi əsasdır və baxmayaraq ki, CM-nin 59.1.1-59.1.14-cü maddələrində bu hal birbaşa göstərlməmişdir, məhkəmələr tərəfindən həmin halın cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınması cinayət qanununun pozuntusu kimi şərh edilə bilməz, çünki CMnin 59.2-ci maddəsi CMnin 59.1-ci maddəsində göstərilməyən halların (yəni cinayətin törədilməsindən sonrakı davranışın səmimi peşmançılığa dəlalət edən, lakin CM-nin 72-ci maddəsində əks olunmayan təzahür formalarının) da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 55 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 55 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar