Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-345/2023 22.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən yaşadıqları evin həyətində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı sonuncunu itələyib yerə yıxdıqdan sonra qəsdən yumruqla başına və digər nahiyələrinə, eləcə də üzərində oturmaqla başını yerə vuraraq ona başın ənsə və sol gicgah nahiyələrinin dərialtı hematomaları, sağ kürəkaltı, hər iki süd vəzisi, sol bazu oynağı, sol said nahiyələrinin, sol əlin arxa səthinin qançırları və sol bilək oynağı nahiyəsinin deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verilən suallara cavab bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təxminən beş-altı ildir ki, Xızı rayonu, Əmbizlər kəndində yerləşən fermada çoban işləyir. Vaxtının çox hissəsini həmin fermada keçirdiyi üçün Saray qəsəbəsində yerləşən ona məxsus evdə çox az hallarda olur. xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində Saray qəsəbəsində yerləşən yaşadığı evə getmişdir. Evə getdikdən sonra arvadı Həqiqətə cinsi əlaqədə olmaqını bildirmişdir. Həqiqiət ona etiraz etsə də, o, onu təkid etmişdir. Bir qədər mübahisə etdikdən sonra Həqiqət həyətə çıxmışdır. O Həqiqətin arxasınca həyətə çıxmışdır. O, Həqiqətlə danışmaq istədikdə Həqiqət ona qarşılıq verməmişdir və o, onu itələyərək yerə yıxmışdır. Bu vaxt qızı Nisə də həyətə çıxmışdır. O, əvvəl Nisənin evdə olduğunu bilməmişdir. Həmin vaxt əsəbiləşdiyi üçün yumruqla Həqiqətin başından vurmuş və saçından tutaraq başını yerə vurmuşdur. Daha sonra yumruqla onun bədəninə vurmağa başlamışdır və bu, zaman Nisə onu tutaraq kənara çəkdi. Bundan sonra Həqiqət qaçaraq həyətdəki yardımçı tikiliyə girmişdir və qapını içəridən bağlamışdır. Daha sonra onun telefonla polisə məlumat verdiyini eşitmişdir və əsəbiləşdiyi üçün həyətdən götürdüyü kərpic parçasını Həqiqətin olduğu yardımçı tikilinin qapısına doğru tullamışdır. Həmin vaxt qapıdakı şüşə pəncərə qırılaraq içəri tökülmüşdür. Həqiqət çölə çıxdıqda şüşənin onun sağ biləyini kəsdiyini görmüşdür. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, övladları ilə birlikdə yuxarıdakı ünvanda yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Salmanla 1991-ci ildə ailə həyatı qurmuşdur. Bir evdə yaşasalarda təxminən beş ildir ki, Salman tüfeyli həyat sürdüyünə və ailəyə baxımsızlıq etdiyinə görə münasibətləri pozulmuş, bu səbəbdən də, onunla danışmır. Salman son vaxtlar evə gəlmirmiş. Salman təxminən 10-15 gündən bir evə gəlib bir qədər qaldıqdan sonra çıxıb gedirmiş. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Salman içkili vəziyyətdə evə gəlmişdir. Həmin vaxt qızı Nisə də evdə imiş. Salman ona cinsi əlaqədə olmaq istədiyini bildirmişdir o, əvvəlcə ona etiraz etməyə çalışsa da gücünün çatmadığını görüb qorxduğu üçün, çölə çıxıb oğluna zəng edərək evə gəlməsini tələb etmişdir. Bu vaxt Salman da onun arxasıyca yaşadığları evin həyətinə çıxmışdır. Salman onunla yenidən cinsi əlaqədə olmaq istədiyini bildirdikdə o, yenə də etiraz etmişdir. Buna görə də Salman onu itələyib yerə yıxmışdır. Salman daha sonra onun əynindəki paltarları zorla çıxartmaq istəmişdir. Həmin vaxt səs-küyə qızı Nisə çölə çıxmışdır. Nisə onu, Salmanın əlindən almağa çalışsa da gücü çatmamışdır. O, Salmana müqavimət göstərdikdə yumruqla başına vurmuşdur. O, Salmanı sakitləşdirməyə çalışsa da Salman onun saçından tutaraq başını yerə vurmağa başlamışdır. Daha sonra üzərimdə oturaraq yumruğu ilə sağ və sol döş qəfəsimdən vurmağa başladı. Daha sonra Nisə birtəhər Salmanı sakitləşdirib kənara çəkmişdir. O, Salmanın əlindən çıxmış və qaçaraq həyətdə yerləşən yardımçı tikiliyə daxil olmuşdur və baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Salman bunu eşitdikdən sonra daha əsəbiləşib həyətdən götürdüyü kərpici onun olduğu yerin qapısına tərəf tullamışdır. Həmin vaxt qapının pəncərəsindəki şüşə qırılaraq üstünə tökülmüşdür və şüşə parçası sağ biləyini kəsmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında Şahid elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. O, bildirmişdir ki, Atası uzun illərdir ki, narkotik vasitələrə və spirtli içkilərə olan aludəçiliyinə görə demək olar ki, evə gəlmirmiş. Həftədə bir iki dəfə sərxoş vəziyyətdə gəlib dava salıb anasını döyüb gedirmiş. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində atası yenə də içkili vəziyyətdə evə gəlmişdir. O, gündəlik işə getsə də həmin gün xəstə olduğu üçün evdə qalıbdır. Atası evə gəldikdən sonra anası ilə mübahisə etməyə başlamışdır. Qonşu otaqda olduğundan və qapı örtülü olduğu üçün onların hansı səbəbdən mübahisə etdiklərini bilməmişdir. Bundan sonra onların həyətə çıxdıqlarını eşitmişdir. Bir qədər sonra anasının möhkəmdən qışqırdığını eşidib çölə çıxmışdır. Həmin vaxt atasının həyətdə anasını yerə yıxdığını və saçından tutaraq başını yerə vurduğunu görmüşdür. O, Atasını anasından ayırmağa çalışsa da gücü çatmamışdır. Daha sonra atası onun anasının üzərində oturaraq yumruqla bədəninə vurmağa başlamışdır. O, birtəhər atasını sakitləşdirib kənara çəkmişdir. Anası qaçaraq həyətdə yerləşən yardımçı tikiliyə girib qapını içəridən bağlamışdır. Həmin vaxt atası həyətdən götürdüyü kərpici yardımçı tikilinin qapsina tullamışdır. Qapının pəncərəsində olan şüşə qırılıb içəri tökülmüşdür. Anası təkrar qışqırmağa başlamışdır və o, anasına yaxınlaşdıqda şüşənin anasının sağ biləyini kəsdiyini görmüşdür. Buna görə əvvəlcə Saray polis bölməsinə baş vermiş hadisə barədə məlumat verib, daha sonra xəstəxanaya müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2284 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın ənsə və sol gicgah nahiyələrinin dərialtı hematomaları, sağ kürəkaltı, hər iki süd vazisi, sol bazu oynağı, sol said nahiyələrinin, sol əlin arxa səthinin qançırları, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sol mil-bilək oynağı nahiyəsinin deşilmiş- kəsilmiş yarası iti uclu əşyanın təsirindən törənmişdir qərarda qeyd olunan müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. 18 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 18 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-345/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-345/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver