Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-348/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1976-ci ildə Lənkəran rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi ev 38-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu Hökməli qəsəbəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 13.11.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”–in siyahısına (Siyahi İ) daxil olan təmiz çəkisi 0,163 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 12 fevral 2021-ci il tarixdə saat 09 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Qobu PB-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində şalvarının sağ yan cibindən 0,163 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün Abşeron rayonu Hökməli-Qobu yolunda yerləşən Oba marketlə üzbəüz yerləşən yol kənarında avtotəmir emalanatxanası icarəyə götürüb elektrik kimi fəaliyyət göstərmiş. Təxminən 1 il olar ki, tanımadığı şəxs ona bir dəfə heroin verdiyi üçün istifadə etmişdir. Ondan sonra arada bir tapanda istifadə edirmiş. 11 fevral 2021-ci il tarixdə arada bir müştəri kimi emalanatxanaya gələn adını Elçin kimi bildiyi şəxs idarə etdiyi VAZ 2107 markalı nömrə nişanının bilmədiyi avtomobillə gəlmiş, avtomobildə müəyyən nasazlıqları aradan qaldırandan sonra ona bir ədəd bükümdə heroin vermişdir. Lakin istifadə etməmiş və axşam evə getmişdir. Həmin heroin də cibində qalmışdır. 12 fevral 2021-ji il tarixdə səhər tezdən durub işə gedən zaman artıq işə çatmağa az qala yanına polis əməkdaşları yaxınlaşmış və ondan şübhələndiklərini bildirib Qobu PB-nə aparmışlar. PB-də dəvət edlmiş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Əynindəki şalvarımın sağ cibindən bir gün əvvəl ona verilən həmin narkotik maddə olan heroini təqdim etmişdir. Sonra müvafiq sənədləşmə aparılmış və və həmin narkotik vasitə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili işləyir. 12 fevral 2021-ci il tarixdə Lənkəran rayonunda qeydiyyatda olan, faktiki Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması və daşıması ilə məşğul olması barədə məlumat əldə etmişdir. Məlumatın yoxlanmasına göstəriş verilməsi üçün xidmət etdiyi Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisinə həmin tarixdə raportla müraciət etmiş və Qobu PB-nin rəisi tərəfindən təsdiq edilmiş 12 fevral 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmış və onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Həmin günü səhər saatlarında o və sahə rəisi Şahid2 aparılan əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu Hökməli qəsəbəsində müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra o Qobu PB-nə aparılmışdır. Orada raport tərtib edilərək material təhqiqatçıya həvalə edilmişdir. Sonra ona hüquq və vəzifələri izah edilmiş, üzərinə video çəkiliş aparmaqla şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan jibindən bir ədəd büküm aşkar edilmişdir. Kamal bildirmiş ki, həmin bükümdəki heroindir və öz istifadəsi üçün Elçin adlı şəxsdən əldə etmişdir. Aşkar olunaraq götürülmüş heroin qablaşdırılaraq, Polis Bölməsinin “245” nömrəli möhürü ilə möhürlənmiş,bu barədə təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs dediyi Elçin adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbiri keçirilməsinə baxmayaraq həmin şəxsin şəxsiyyətini müəyyən edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin sahə rəisi vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 6/638 nömrəli məhkəmə kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №245” möhür əksi, “… Təqsirləndirilən şəxs …” və s. yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,163 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,113 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin Azərbayjan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”–in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 03 mart 2021-ci il tarixli 655 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 20.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 12.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.02.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13.02.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in 23.11.2021-ci il tarixli, 129-93017 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-in əməkdaşları tərəfindən 13.11.2021-ci il tarixdə tutulmuş, həmin tarixdə Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində şalvarının sağ yan cibindən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, onun törətdiyi cinayətlərin xarakterini, onun cinayət törədildikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13.11.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.02.2021-ci il tarixdən 13.02.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,113 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə 109 manat məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.02.2021-ci il tarixdən 13.02.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,113 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 109 manat məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs, iş materialları ilə tanış olmaqla birlikdə, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-348/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-348/2021
27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver