Məhkəmə qərarları › İş №1(012)-350/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-350/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-350/2024 02.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1996-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 ünvanında qeydiyyatda olan barəsində «həbs» qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 avqust 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qaraçılar məhəlləsində yerləşən evin həyətinə, sonra isə həyətdə olan təsərrüfat otağına qanunsuz daxil olub, oradan 700 manat dəyərində 01 ədəd kombini və 270 manat dəyərində 01 ədəd elektrik tənzimləyicini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 970 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən tikintisi başa çatmamış evə 2-ci mərtəbənin pəncərəsindən qanunsuz daxil olaraq, oradan 50 manat dəyərində 01 ədəd laqondanı, 100 manat dəyərində 01 ədəd qaynaq ütüsünü, 250 dəyərində 01 ədəd pereferatoru, 450 manat dəyərində 01 ədəd qaynaq aparatını 120 manat dəyərində aliminium profilləri, 920 manat dəyərində elektrik naqillərini, 150 manat dəyərində 01 ədəd nərdivanı və 80 manat dəyərində 01 ədəd əl arabasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 2120 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən yeni tikilən fərdi yaşayış evinə zirzəminin pəncərəsindən keçmə yolu ilə qanunsuz daxil olaraq, oradan bir ədəd 600 manat dəyərində “Solcano” markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 28 avqust 2022-ci il tarixdə günorta saat təxminən 13 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Qaraçılar məhəlləsi deyilən ərazidən keçərkən ətrafda kimsənin olmadığını fürsət bilərək yaşayış olmayan evdən oğurluq etmək qərarına gəlmişdir. O, hasardan aşmaqla evin həyətinə daxil olmuş, həyətdə olan kiçik otağın qapısını açdıqda divarda kombi sisteminin quraşdırıldığını görmüş, kombini və tənzimləyicini sökərək həyətdən çıxmışdır. Oğruladığı əşyaları Binəqədi rayonunda yerləşən metal qəbulu məntəqəsinə satmışdır. O, əldə etdiyi 32 manat pulla şəxsi ehtiyaclarını ödəmişdir. Bundan başqa, o, 17 noyabr 2022-ci il tarixdə gecə saatlarında yaşadığı Mehdiabad qəsəbəsi ərazisində evdən çıxmış, bir qədər gəzdikdən sonra pula ehtiyacı olduğu üçün oğurluq etməyi qərara almışdır. Həmin gün təxminən saat 01 radələrində, Mehdiabad qəsəbəsi, M.Abdullayev küçəsində gəzişərkən tikintisi başa çatmamış fərdi evə yaxınlaşmış, oraya baxdıqda həmin yarımçıq tikilinin hasarla əhatələndiyini və evin ikinci mərtəbəsinə çıxışda pilləkən olduğunu görmüşdür. O, ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra evdən oğurluq etməyi qərarlaşlaşdırmışdır. O, evin həyətinə daxil olaraq, pilləkənlə ikinci mərtəbəyə qalxmış, mismar vasitəsi ilə plastik pəncərəni açaraq, evin içərisinə daxil olmuşdur. Evin ikinci mərtəbəsindən tikinti materialları - bir ədəd laqondanı, bir ədəd qaynaq ütüsünü, bir ədəd perefaratoru, çoxlu sayda alüminium profilləri, evin divarına çəkilmiş elektrik naqillərini, həmçinin istifıadə olunmamış elektrik naqillərini hissə-hissə evin içərisində çıxararaq, çöldə boşluq ərazidə gizlətmişdir. Səhər tezdən təxminən saat 10-11 radələrində yaşadığı evdən çıxaraq, gizlətdiyi yerdə olan tikinti materillarını torbaya yığaraq taksi sifariş etmiş və Bakı şəhəri 3-cü mikrorayon ərazisindəki tikinti materialları bazarına aparmış və satmışdır. Əldə etdiyi 200 manat pulu öz şəxsi tələbatları üçün xərcləmişdir Daha sonra o, 21 noyabr 2022-ci il tarixdə axşam saat 23:00 radələrində Abşeron rayonu, Mehdibad qəsəbəsi, Sülh küçəsində gəzərkən oğurluq etmək qərarına gəlmişdir. O, ətrafa nəzər saldıqda yaşayış olmayan iki mərtəbəli daşdan hörülmüş evi görmüş, ətrafda heç kəsin olmadığına əmin olaraq həmin evin həyətinə daxil olmuşdur. Həmin vaxt evin işıqları sönülü olduğundan əlində olan alışqanın işığı ilə evin içərisini gəzdikdə 3 mərtəbəli olduğunu görmüşdür. O, mənzilin yuxarı mərtəbələrini gəzsə də, içərisində heç bir əşya olmamışdır. Mənzilin ətrafını gəzən zaman kiçik pəncərədən zirzəmiyə düşmüş, əlində olan alışqanın işığı ilə ətrafı gəzdikdə divarın dibində iki ədəd veliosiped görmüşdür. O, həmin velosipedlərdən daha böyük olanı seçərək, oğurlamağı qərara almış və pilləkənlərlə yuxarı qalxaraq, evdən çıxmışdır. O, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin velosipedi sürərək, Mehdiabad qəsəbəsində olan qəbirstanlığa tərəf gəlmiş və orada ağacların altında gizlətmişdir. 22 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində qəbirstanlığa gələrək, velosipedi sürərək yolun kənarına gətirmiş və orada əvvəllər tanımadığı şəxsə 50 manata satmışdır. O, hər üç oğurluq əməlini törədən zaman tək olmuş və bu barədə heç kəsə məlumat verməmişdir. Oğurlanan malların oğurluq olması barədə heç kəsə bildirməmiş və həmin şəxslər də onların oğurluq olmasından şübhələnməmişdirlər. Sonda törətdiyi əməldən peşman olduğunu və hazırda zərər çəkmiş şəxslərə vurulmuş zərəri ödəməyə imkanı olmasa da, azadlıqda qalarsa işləyib, ziyanı ödəyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Abşeron rayon, Mehdiabad qəsəbəsi, Sülh küçəsində ona məxsus tikintisi tamamlanmamış yaşayış evinin zirzəmisində sağladığı “Solcano” markalı velosipedin oğurlanmasını aşkar etmiş bu barədə şikayət etmişdir. Həmin velosipetdən oğlu sağlamlığında olan problemlərlə əlaqədar istifadə edirmiş. Əmlakın dəyəri 600 manat olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün o, şikayətçidir və sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin ödənilmədiyini bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 28 avqust 2022-ci il tarixdə naməlum şəxs ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qaraçılar məhəlləsində yerləşən evinin həyətinə daxil olaraq, kiçik otaqdan kombi aparatını və elektrik tənzimləyicini oğurlamışdır. O, ilk olaraq hadisə ilə əlaqədar 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra ərazi üzrə Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona kombi aparatına görə 700 manat, elektrik tənzimləyiciyə görə 270 manat, ümumilikdə isə 970 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 16 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək olan müddət ərzində əvvəllər tanımadığı şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi M.Abdullayev küçəsində yerləşən ona məxsus tikitisi başa çatmamış evinə pənəcərədən daxil olaraq, 50 manat dəyərində laqondanı, 100 manat dəyərində qaynaq ütüsünü, 250 dəyərində pereferatoru, 120 manat dəyərində aliminium profilləri, 80 manat dəyərində əl arabasını, 920 manat dəyərində elektrik naqillərini, 450 manat dəyərində qaynaq aparatını və 150 manat dəyərində nərdivanı oğurlamış, bundan başqa naqillərin sökülməsi nəticəsində də 2.000 manat ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu Nərimanov küçəsində metal qəbulu məntəqəsini işlədir. 28 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs bir ədəd yarasız halda kombi və elektrik tənzimləyicini metal qəbulu məntəqəsinə gətirib, həmin əşyaların özünə məxsus olduğunu bildirib 32 manata ona satmışdır. Nurəddinin satdığı əşyaların oğurluq olmasından məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, HK-1/1408 №-li materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlamaqla, icraat qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - “ifadənin yerində yoxlanılması haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Orucov X1 Asim Mərdan oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qaraçılar məhəlləsində yerləşən evin həyətinə, sonra isə həyətdə olan təsərrüfat otağına qanunsuz daxil olub, oradan 700 manat dəyərində 01 ədəd kombini və 270 manat dəyərində 01 ədəd elektrik tənzimləyicini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 970 manat məbləğində ziyan vurmaqla oğurluq etdiyi yeri əyani şəkildə göstərmişdir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlamaqla, icraat qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - “İfadənin yerində yoxlanılması haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən tikintisi başa çatmamış evə 2-ci mərtəbənin pəncərəsindən qanunsuz daxil olaraq, oradan 50 manat dəyərində 01 ədəd laqondanı, 100 manat dəyərində 01 ədəd qaynaq ütüsünü, 250 dəyərində 01 ədəd pereferatoru, 450 manat dəyərində 01 ədəd qaynaq aparatını 120 manat dəyərində aliminium profilləri, 920 manat dəyərində elektrik naqillərini, 150 manat dəyərində 01 ədəd nərdivanı və 80 manat dəyərində 01 ədəd əl arabasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 2120 manat məbləğində ziyan vurmaqla oğurluq etdiyi yeri əyani şəkildə göstərmişdir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olduğundan faktla ********* nömrəli cinayət işi başlamaqla, icraat qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Orucov X3 Azər Fərhad oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən yeni tikilən fərdi yaşayış evinə zirzəminin pəncərəsindən keçmə yolu ilə qanunsuz daxil olaraq, oradan bir ədəd 600 manat dəyərində “Solcano” markalı velosipedi gizli olaraq taladığı yeri əyani şəkildə göstərmişdir. - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* №-li cinayət işi ********* №-li cinayət işinə birləşdirilmişdir. - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* №-li cinayət işi ********* №-li cinayət işinə birləşdirilərək, cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmiş və şəxsin əməli Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə və görünür ki, Orucov X4 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, sonuncu dəfə Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 09 ay müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(001)- 69/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayıt Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq, 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. ” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Orucov X4 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğun ödənilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət keçmədən yenidən 28 avqust 2022, 17 noyabr 2022 və 21 noyabr 2022-ci il tarixlərdə təkrar olaraq özgənin əmlakını ələ keçirərək, qəsdən cinayət əməlini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayətləri törədərkən məhkumluğu ödənilməmişdir ki, bu hal isə öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Həmçinin hazırda sadalanan əməllər Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl törədildiyi üçün həmin cinayət əməlləri təhlükəli residiv kimi qiymətlənirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər də azadlıqdan məhrum etmə cəzasına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməsini, məhkumluğunun ödənilməməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, eyni zamanda onun törətdiyi əməlin davamlılığını, təkrarlanmasını və əməlində cinayətlərin residivi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(001)-69/2023 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş, 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair digər cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalı, cəzasının əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərə görə Zərərçəkmiş şəxs3-970 manat, Zərərçəkmiş şəxs1-2120 manat və Zərərçəkmiş şəxs2-600 manat məbləğində pul vəsaiti tutularaq, onların xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(001)-69/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş qəti cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablansın və onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(001)-69/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınaraq, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərə görə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3-970 manat, Zərərçəkmiş şəxs1-2120 manat və Zərərçəkmiş şəxs2-600 manat məbləğində pul təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs tutularaq ödənilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar