Məhkəmə qərarları › İş №1(012)-351/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-351/2020

31.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-351/2020 31.05.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli kəndində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “120-nin sonuncu dayanacağı” adlanan ərazidə kirayədə yaşayan Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun yaşadığı evdə telefon vasitəsi ilə birbirilərinin ünvanına nalayiq mesajlar yazmaları üstündə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs bədəninin (sifət, baş və.s) müxtəlif nahiyyələrinə vuraraq, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz ətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, sol göz almasının kontuziyası (əziyi), sağ yanaq və boyun nahiyələrinin sıyrıqları ilə nəticələnən, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib, qəsdən sağlamlığına Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Fatmanı təxminən 1 il olar ki, tanıyır. Əvvəllər Fatma ilə Xırdalan şəhərində yerləşən “Həzz” adlı kafedə ofisiant işləmişlər. Sonra isə Fatma ilə münasibətlər yaxşı olduğu üçün onunla dostluq edib telefonda danışıb mesajlaşmışlar. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Fatma ilə telefonda mesajlaşarkən Fatma onun ünvanına təhqiramiz sözlər yazıb göndərmiş, o da buna görə Fatmaya öz iradını bildirmək üçün onun Xırdalan şəhəri, H.Əliyev prospektində kirayədə yaşadığı evə getmişdir. Həmin vaxt Fatmanın rəfiqəsi də onlarda olmuşdur. O, Fatmaya yazdığı mesajlara görə iradını bildirdikdə o, “yaxşı etmişəm” cavabını vermişdir. Bu səbəbdən aralarında sözlə mübahisələri baş vermişdir. Mübahisə zamanı əsəbləşərək yumruğu ilə Fatmanın sifət və baş nahiyələrindən vuraraq onu döymüşdür. Baş vermiş mübahisə zamanı yanlarında olan Xəyalə onları aralaşdırıb sakitləşdirmişdir. Mübahisə 5-10 dəqiqə davam etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Əvvəllər onunla Xırdalan şəhərində yerləşən “Həzz” adlı kafedə bir yerdə işləmişdir. Ənvərlə aralarında dostluq münasibətləri olmuş, mütəmadi olaraq bir-birləri ilə telefonla da danışıb mesajlaşmışlar. xx.xx.2020-ci il tarixdə gecə saat 03 radələrində Ənvər istifadə etdiyi ***- ***-**-** saylı telefon nömrəsi ilə mesajlaşarkən ünvanına təhqiramiz mesajlar yazmış, o da Ənvərə qarşılıqlı cavab mesajları yazmışdır. Bundan təxminən 30 dəqiqə sonra Ənvər onun yaşadığı evə gəlmiş və ona təhqiramiz mesajlar yazdığını deyərək onunla sözlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ənvər onun üzərinə gələrək yumruqla bədəninin müxtəlif nahiyələrinə sifətin, başına vuraraq onu döymüşdür. Həmin vaxt yanlarında olan rəfiqəsi Xəyalə onu Ənvərin əlindən alıb kənara çəkmişdir. Bundan sonra Ənvər evdən çıxıb getmişdir. Baş vermiş mübahisənin 5-10 dəqiqə davam etmişdir və həmin vaxt yanlarında başqa şəxslər olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Ənvər adlı şəxsi təxminən 1 ilə yaxındır ki, tanıyır. Əvvəllər onunla Xırdalan şəhərində yerləşən “Həzz” adlı kafedə bir yerdə işləmişlər. xx.xx.2020-ci il tarixdə rəfiqəsi Fatmagilə qonaq getmiş, həmin vaxt rəfiqəsi Fatma tanışı Ənvərlə telefonda mesajlaşarkən Ənvər ona təhqiramiz mesaj yazıb göndərmiş, Fatmada ona eyni məzmunlu cavab mesajları yazdığı üçün aralarında mübahisələri yaranmışdır. Təxminən saat 04 radələrində Ənvər evə gəlmiş və Fatmayla mübahisə edərək üzərinə gəlib yumruğu ilə sifət nahiyəsindən, eyni zamanda bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döymüşdür. Həmin vaxt Ənvəri sakitləşdirib kənara çəkmişdir. Bundan sonra Fatma DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 705 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz ətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, sol göz almasının kontuziyası (əziyi), sağ yanaq və boyun nahiyələrinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə dava-dalaş yumruq zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi və şahidin məhkəmə iclasında elan olunmuş ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənildiyini, onunla barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhqiqat zamanı 05 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 (otuz) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı 05 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 (otuz) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar