Məhkəmə qərarları › İş №1(012)-351/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-351/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-351/2023 27.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 7- ci mikrorayon, S.S.Axundov küçəsi 1, inzibati binada qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndi, yeni yaşayış massivində yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan ağ rəngli kağız parçasına bükülmüş, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxil edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,350 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manat müqabilində əldə edib Abşeron rayonu, Novxanı kəndinə daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron RPİ- nin Saray polis bölməsinin əməkdaşları Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmətdə olduqları zaman o, özünü şübhəli apardığına görə yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı, həmin bir ədəd bükümdə 0,350 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal hazırda heç bir yerdə işləmir və əvvəllər məhkumluğu olmamışdır. Təxminən 1 il olar ki, psixotrop maddə olan metamfetamin qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən bir büküm psixotrop maddə metamfetamini 20 manat müqabilində alaraq həmin bükümü sonra istifadə edəcəyi məqsədilə öz üzərində cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Novxanı kəndi, yeni məhəllədə yaşadığı evin yaxınlığında piyada yaşadığı evə tərəf gedən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar və özlərini təqdim edərək Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan anket məlumatlarını soruşmuşlar. O, da həmin vaxt polis əməkdaşlarına anket məlumatlarını bildirsə də hərəkətləri onlarda şübhə doğurmuşdur. Belə ki, həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin qəbulu ilə məşğul olmağından, həmçinin üzərində narkotik vasitə saxladığından şübhələndiklərini bildirib onu Abşeron RPİnin Saray PB-nə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Saray PB-də xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra o, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmçinin o, həmin psixotrop maddə metamfetamini bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 20 manat müqabilində alaraq sonra istifadə ecəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Sonra üzərindən aşkar olunmuş həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Protokolun doğruluğu da imzaları ilə təsdiq edilmişdir. Bildirir ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və polis bölməsinə gətirildikdən sonra ona hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Törətdiyi əməldən səmimi peşmandır, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron RPİ-nin Saray PB-nin sahənin polis sahə rəisi Şahid1 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmətdə olduqları zaman bir nəfər şəxsin yeni məhəllədə piyada hərəkət etdiyini və özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim etdikdən sonra ondan adını və soyadını soruşmuşlar. Həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onlar hıəmnin şəxsdən özünü çox şübhəli aparmasının səbəbini soruşub ona üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Bu zaman həmin şəxs aralaşıb getmək istədiyi üçün onun üzərində narkotik vasitə olduğundan daha da şübhələnib ona birlikdə Saray PB-nə getməsini bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Saray PB-nə gətirmişlər və onun üzərinə şəxsi axtarış keçirilməsinə aidiyyatı üzrə göstəriş verilməsi üçün Saray PB-nin rəisinə raportla müraciət etmişlər. Bundan sonra Saray PB-nin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs dəkönüllü olaraq əlini əynində olan gödəkçəsinin sol yan cibinə salıb oradan ağ rəngli kağız parçasına bükülmüş bir ədəd bükümü çıxarıb stolun üstünə qoyaraq içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi ağ rəngli kağız parçasına bükülmüş həmin bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bir ədəd bükümdəki kütlə psixotrop maddə olan metamfetamindir və həmin psixotrop maddə metamfetamini bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 20 manat müqabilində alaraq sonra istifadə ecəcəyi məqsədilə öz üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 07 dekabr 2022-ci il tarixli 6/6923 saylı məhkəməkimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Əliyev..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,350 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metafetaminin təmiz çəkisi-0.350qr, tədqiqata sərf edildi-0,050 qr, qalıq 0, 300 qr təşkil edir. İş üzrə şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində olan psixotrop maddə metamfetamini təqdim etmiş və həmin maddə qablaşdırılaraq götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi psixotrop maddə olan 0,300 qram metamfetamin mühüm sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Pİ-nin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 dekabr 2022-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı bir məlumat olmamışdır. İş materiallarında olan Abşeron rayon Novxanı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X3 rayonu Novxanı kəndi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına Elektron Məhkəmə İS-dən əlavə edilən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Seymur adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Əməlin etiraf olunması ilə peşmanlıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmanlıq hissi çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən o digər əşyalar ilə yanaşı, narkotik vasitəni də təqdim etmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarış aparıİmazdan əvvəl narkotik vasitənin gizlətməyərək, polis əməkdaşlarına təqdim etməsi onun əməlindən peşmanlığının məntiqi nəticəsi kimi , dəyərləndirilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinə seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yenə də həmin Məcəllənin 95.0.1-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizanın 27 yanvar 2023-cü il tarixli, 419 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin vəpsixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardir. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınmasi məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi psixotrop maddə olan 0,300 qram metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81(səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ümumi çəkisi psixotrop maddə olan 0,300 qram metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar