Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-351/2025 02.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, 29 avqust 1987-ci il tarixdə Zaqatala rayonu, Mosul kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Zaqatala rayonu, Mosul ərazi dairəsi, Mosul kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 mart 2024-cü il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı yolu adlanan ərazidə yerləşən yeni inşa edilən evin daş hasarla əhatə olunmuş və taxta qapısı olan həyətinə qapını açmaqla qanunsuz daxil olub oradan 1500 manat dəyərində olan su çənini və həyətdə yerləşən binaya sanitar qovşağının plastik qapısını fiziki güc tətbiq edib açmaqla qanunsuz daxil olub oradan hər birinin dəyəri 150 manat olan 02 ədəd laqondanı və hər birinin dəyəri 180 manat olan 03 ədəd prefaratoru, gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2340 (iki min üç yüz qırx) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zaqatala rayonu, Mosul ərazi dairəsi, Mosul kəndində qeydiyyatdadır və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanımır. Zərərçəkmiş şəxslə hər hansı ədavət və düşmənçiliyi yoxdur. O, xeyli müddətdir fəhlə kimi işləyib qazanc əldə edir. 2024-cü ilin fevral ayında Şahid2 ilə tanışlığı yaranmışdır. Belə ki, o, Mənsurla Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən gündəlik kirayəyə verilən evdə birlikdə qalmış, bu ərəfədə onlar Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evində fəhlə kimi işləmişdir. Daha sonra isə o, Abşeron rayonu, Saray qəsəbəsində iş tapmış, belə ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin hörgü işini görməyə başlamışdır. Həmçinin Mənsur da onunla birlikdə təxminən 15 gün orada işləmiş, bu ərəfədə isə onlar onun Abşeron rayonu, Saray qəsəbəsində tapdığı fərdi yaşayış evində kirayədə qalmışdır. İş gördükləri vaxtda Mənsur ona yaxınlıqda yerləşən fərdi yaşayış evinin həyətində dəmir metaldan su çəninin olduğunu və həmin su çənini oğurlamağı təklif etmiş, o isə Mənsurun bu təklifi ilə razılaşmamışdır. 13 mart 2024-cü il tarixdə saat 22 radələrində siqaret almaq üçün yaşadığı evdən çıxıb piyada hərəkətlə marketə getmiş, lakin market bağlı olduğundan evə qayıtmağa başlamışdır. Bu zaman Mənsurun Saray qəsəbəsində yolun kənarında yerləşən yeni inşa edilən və taxta qapısı olan fərdi yaşayış evinin içərisinə baxdığını görmüş, yaxınlaşıb Mənsurdan nə etmək istədiyini soruşmuş, Mənsur ona əvvəllər oğurluq üçün təklif etdiyi su çəninin həmin evin həyətində olduğunu demiş və su çənini oğurlamaq üçün oraya gəldiyini bildirmişdir. Daha sonra fərdi yaşayış evinin taxta qapısını açaraq həyətə daxil olmuş, o isə evin həyətinə daxil olmayaraq çöldə gözləmişdir. Mənsur əvvəlcə su çəninin krantını açaraq içərisindəki suyu boşaltmağa başlamış, daha sonra isə su çənini aparmaq üçün oraya yük avtomobili çağırmışdır. Bir qədər sonra oraya evakuator sürücüsü yaxınlaşmış və Mənsur su çənini evakuatora yükləmişdir. Bundan sonra o və Mənsur evakuatora əyləşmiş, evakuatorda olan zaman Mənsur tanımadığı bir nəfər şəxslə mobil telefon vasitəsilə əlaqə saxlamış və evakuatoru götürdüyünü bildirərək həmin şəxsi çağırmışdır. Onlar evakuatorla Saray qəsəbəsi, Saray-Novxanı yolunda yerləşən metal əritmə zavodunun qarşısına gəlmiş, o, orada avtomobildən düşmüş, təxminən 5 dəqiqə sonra Mənsurun bir qədər əvvəl mobil telefon vasitəsilə əlaqə saxladığı şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobillə oraya gəlmişdir. Həmin avtomobilin içərisində tanımadığı əlavə bir nəfər şəxs də olmuşdur. “Toyota Prius” markalı avtomobilin sürücüsü zavodun həyətinə getmiş, Mənsur isə zavodun həyətinə getməyərək ondan bir qədər aralıda gözləmişdir. Bir qədər sonra “Toyota Prius” markalı avtomobilin sürücüsünün zavodun həyətindən çıxdığını görmüş, bundan sonra o, özü zavodun həyətinə getmişdir. Orada dəmir metaldan olan su çəninin çəkisinin 1700 kiloqram olmasını bilmiş, zavodun həyətindən çıxdıqdan sonra Mənsurdan su çəninin hansı qiymətə satıldığını soruşmuş, Mənsur isə bu barədə ona heç bir məlumat verməmişdir. Bundan sonra onlar “Toyota Prius” markalı avtomobilə əyləşmiş, o, Abşeron rayonu, Xırdalan dairəsi yaxınlığında avtomobildən düşüb yaşadığı evə getmiş, həmin vaxtdan sonra Mənsurla heç bir əlaqəsi olmamışdır. O, ifadəsində əlavə olaraq oğurluq hadisəsi törətmədiyini, belə ki, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindən 02 ədəd laqonda və 03 ədəd prefaratorun oğurlanması barədə heç bir məlumatının olmadığını, lakin X1 məxsus evin həyətindən metal su çənini oğurlayıb satan zaman orada olduğunu, Şahid2 ifadəsində oğurluq hadisəsini onunla birlikdə törətməsi, oğurluq barədə qabaqcadan razılaşmaları və oğurluq hadisəsini törətməyi onun təklif etməsi ilə bağlı Şahid2 qərəzli ifadə verdiyini, Mənsurun oğurluq hadisəsini tək törətdiyini, sadəcə olaraq həmin zaman orada olduğunu, baş vermiş hadisəni gördüyünü, satılmış su çəninə görə ona heç bir pul verilmədiyini, oğurluq hadisəsi baş verən gün orada onunla Mənsurla başqa heç kəsin olmadığını göstərmişdir. Məhkəmə istintaqının sonunda özünü təqsirli bilərək, törətdiyi əməldən peşmançılıq çəkdiyini, himayəsində xəstə anası olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı adlanan ərazidə 9 sot torpaq sahəsi almışdır. Həmin tarixlərdə maddi vəziyyəti pis olduğuna görə sözü gedən torpaq sahəsində tikinti işləri apara bilməmişdir. 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı adlanan ərazidə 9 sot torpaq sahəsində fərdi ev inşa etmək qərarına gəlmişdir. Sözü gedən torpaq sahəsi mişar daşaları ilə hasarlanmış və evin giriş hissəsinə müvəqqəti taxta qapı qoymuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında evində işləyən ustalar onunla əlaqə saxlamış və evdən oğurluq olduğunu bildirmişlər. Bu səbəbdən həmin ünvana getmiş, orada evin ümumi həyətindən 1500 (min beş yüz) manat dəyərində su çəni oğurlandığını aşkar etmişdir. Daha sonra evin sanitar qovşağının plastik qapısının sındırıldığını aşkar etmişdir. O, sanitar qovşağına daxil olmuş və oradan Çin istehsalı olan 1800 dövürlü, hər biri 150 manat olan 02 ədəd laqondanın və “Bosch” markalı hər biri 180 manat olan 03 ədəd prefaratorların oğurlandığını aşkar etmişdir. Daha sonra baş vermiş hadisə ilə əlaqədar Saray polis bölməsinə müraciət etmişdir. Qeyd olunan alətlərin hamısı ona məxsus olmuşdur. Hadisə zamanı 1500 manat dəyərində su çəni, hər biri 150 manat olan 02 ədəd laqonda və hər biri 180 manat olan 03 ədəd preparatorlar oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2340 manat maddi ziyan dəymişdir. O hadisə baş verən zaman oğurlanmış əmlaklarımın qiymətini təxmini olaraq hesabladığından ona 2500 manat maddi ziyan dəydiyini bildirmişdir. Lakin daha sonra oğurlanan əmlakların dəyərini dəqiq hesablamış və 2340 manat etdiyini müəyyən etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2023-cü il tarixdən etibarən "xxxx" MMCdə metal təchizatı agenti vəzifəsində işləyir. "xxxx" MMC müxtəlif növdə metalların əritməsi və yenidən istehsala verilməsi ilə məşğul olunur. Günorta və səhər saatlarında böyük yük avtomobilərinin şəhərdə hərəkəti qadağan olunduğuna görə saat 22 radələrindən ertəsi günü saat 08 qədər işləyir. Onun işi zavoda gətirilən metalları qəbul etməkdir. xx.xx.2024cü il tarixdə saat 22 radələrində əvvəllər tanıdığı Şahid1 telefonla onunla əlaqə saxlamış və əlində metalının olduğunu bildirmişdir. Ramin əvvələr də onun işlədiyi zavoda müxtəlif növdə metal gətirdiyinə görə təkliflə razılaşmışdır. Raminlə danışdıqdan bir saat sonra evakuatorla 01 ədəd su çəni gətirmişdir. Həmin vaxtı Raminin yanında əvvəllər tanımadığı iki şəxs də olmuşdur. Sözü gedən su çəninin çəkisini ölçmüş və 1700 kq olduğu müəyyən etmişdir. Bu səbəbdən 1700 kq qara metaldan olan su çəninə görə 930 manat Raminə pul vermişdir. Daha sonra su çəni əridilməsi üçün zavoda verilmişdir. Həmin vaxtı gecə saatları olduğuna görə su çəninin yararlı vəziyyət olduğunda diqqət etməmişdir. Ramin ona sözü gedən su çənini adını demədiyi şəxsdən aldığını bildirmişdir. Şahid1 su çənini alan zaman qəbz tərtib etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2023-cü il tarixdən etibarən qara metalların alqı-satqısı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə əvvəllər tanıdığı Şahid5 telefon vasitəsi ilə onunla əlaqə saxlamış və qardaşı Şahid2 işlədiyi yerdən pul əvəzinə metal verildiyini və həmin metalı satmaqda köməklik etməyini xahiş etmişdir. Vəfadarı tanıdığına görə təklifi ilə razılaşmışdır. Bundan sonra Mənsurla telefonla əlaqə saxlamış və harada olduğunu müəyyən etmiş, bundan sonra həmin yerin yaxınlığında olan Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı adlanan ərazidə yerləşən "xxxx" metal əritmə zavoduna metalı gətirmələrini bildirmişdir. Bir neçə dəqiqədən sonra zavodun yaxınlığında görüşmüş, həmin vaxtı onun yanında Vəfadar, Mənsurun yanında isə tanışı, əvvəllər tanımadığı Tərlan adlı şəxs olmuşdur. Evakuator avtomobilinin üzərində su çəni gətirdiklərini görmüşdür. Mənsura evakuatoru zavodunun həyətinə sürmələrini bildirmişdir. Evakuator tərəziyə çıxarılmış və orada su çənin çəkisi ölçülərək 1700 kq olduğu müəyyən edilmişdir. Zavodun metal qəbul etmə üzrə agenti Şahid3 sözü gedən su çənini 930 manata almışdır. Həmin puldan Vəfadar 660 manat qardaşı Mənsura verməsini bildirmişdir. O da Mənsura 660 manat pul vəsaitini Mənsura vermişdir. Yerdə qalan 270 puldan 150 manatını Vəfadara vermiş, qalan 120 manatını isə özünə götürmüşdür. Həmin vaxtı Mənsurun və Tərlanın üzərlərində hər hansı bir sənəd olmadığını bildirmişdir. Vəfadarı tanıdığına görə də oğurluq mal satmayacaqlarını güman etmişdir. Mənsurla edilən söhbət zamanı su çənini işlədikləri yerdən pul əvəzinə verdiklərini demişdir. Bir neçə gün sonra Paşa onunla əlaqə saxlamış və xx.xx.2024-cü il tarixdə işlədiyi zavoda satdığı su çənin oğurluq olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid2 onun doğma qardaşıdır. Mənsur əvvəllər cinayət törətdiyinə görə bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Buna baxmayaraq Mənsuru bu yoldan çəkindirmək üçün imkanı çatdığı qədər köməklik göstərmişdir. Mənsur 2024-cü ilin fevral ayında işləmək üçün yaşadığı Sabirabad rayonundan Bakı şəhərinə gəlmişdir. 13 mart 2024-cü il tarixdə günorta saatlarında Mənsur Bakı şəhəri, Binəqədi rayonu, “DSK” yolunda yerləşən iş yerinə gəlmişdir. Söhbət zamanı Mənsur işlədiyi yerdə pul əvəzinə dəmir çən verildiyini demiş və çəni verə biləcəyi adam tanıyıb-tanımadığını soruşmuşdur. O, Ramin adlı şəxsi tanıdığını və çəni Raminə verə biləcəyini demişdir. Həmçinin Raminlə əlaqə saxlayıb bu barədə bildirmişdir. Ramin çəni satmaqda köməklik edə biləcəyini demişdir. Bundan sonra Mənsur çıxıb getmişdir. Həmin gün, yəni 13 mart 2024-cü il tarixdə saat 22 radələrində Mənsur onunla əlaqə saxlayaraq çəni evakuatorla gətirdiyini demişdir. O, telefonu yanında olan Raminə verərək Mənsura çəni aparaqları yeri deməsini bildirmişdir. Ramin Mənsurla danışdıqdan sonra ona həmin yerə getməyini demişdir. O, Raminlə birlikdə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı yolunda yerləşən metal əritmə zavodunun qarşısına gəlmişdir. Bu zaman Mənsurun artıq orada olduğunu görmüşdür. Həmçinin Mənsurun yanında bir nəfər şəxs olduğunu görüb həmin şəxsin kim olduğunu soruşmuşdur. Mənsur həmin şəxsin iş yoldaşı olduğunu demişdir. Daha sonra Ramin, Mənsur və yanında olan tanımadığı şəxs çəni zavoda vermək üçün getmişlər. O isə avtomobildə oturub gözləmişdir. Təxminən 30 dəqiqə sonra geri qayıtmışlar. Avtomobilin içərisində çənin 930 manat satılması ona məlum olmuşdur. Ramin həmin puldan 660 manatını Mənsurla iş yoldaşına, qalan 270 manatdan 150 manatını isə ona verib yerdə qalan 120 manat pulu özünə götürmüşdür. Daha sonra Ramin avtomobili ilə Mənsurla iş yoldaşını Sulutəpə dairəsinə, onu isə yaşadığı ünvana aparıb düşürtmüşdür. Bir neçə gün sonra Mənsurla iş yoldaşının gətirdiyi çənin oğurluq olduğunu bilmişdir. Onun çənin oğurluq olması barədə məlumatı olmamışdır. Bu barədə məlumatı olsaydı Mənsura çəni satmaq üçün Ramindən yer tapmaqda xahiş etməzmiş. O, Raminlə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı yolunda yerləşən metal əritmə zavodunun qarşısına getdikdə orada evakuatorun üstündə yalnız dəmir çən olduğunu görmüşdür. Sonradan həmin çənin Mənsur və iş yoldaşı tərəfindən oğurlandığını bildiyindən hesab etmişdir ki, digər təmir alətləri Mənsur tərəfindən oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin oktyabr ayından etibarən Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində eyni torpaq sahəsində yerləşən iki ədəd fərdi yaşayış evlərində usta kimi işləyərək suvaq işlərini görməyə başlamışdır. O, hazırki müddətdə də orada usta kimi işləyir. O, hər gün saat 09 radələrində işə gəlib saat 17 radələrinədək orada işləyir. Evin həyətində sudan istifadə etmək məqsədilə ev sahibi Zərərçəkmiş şəxs məxsus dəmir su çəni vardır. 13 mart 2024-cü il tarixdə saat 17 radələrində işini yekunlaşdırdıqdan sonra ev sahibi Zərərçəkmiş şəxs məxsus təmir alətlərini, o cümlədən 02 ədəd laqonda və 03 ədəd prefaratorları evin sanitar qovşağına qoyub plastik qapısını kilidlə bağladıqdan sonra çıxıb getmişdir. 14 mart 2024cü il tarixdə saat 09 radələrində həmişəki kimi iş yerinə gəlmişdir. Evin həyətinə daxil olduqda dəmir su çəninin həyətdə olmadığını görmüşdür. Əvvəlcə dəmir su çəninin ev sahibi Zərərçəkmiş şəxs tərəfindən götürüldüyünü fikirləşmişdir. Daha sonra əynini dəyişmək və təmir alətlərini götürüb işə başlamaq üçün evin sanitar qovşağına getmişdir. Bu zaman sanitar qovşağının plastik qapısının sındırılaraq açıq vəziyyətdə olduğunu və içərisindəki bəzi təmir alətlərinin olmadığını görmüşdür. Bundan sonra oğurluq hadisəsi olması ona məlum olmuşdur. Buna görə də dərhal ev sahibi Zərərçəkmiş şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs oraya gəlmişdir. Bundan sonra evin həyətindən bir ədəd dəmir su çəninin, fərdi yaşayış evlərindən birinin sanitar qovşağının içərisindən isə 02 ədəd laqonda və 03 ədəd prefaratorların oğurlandığını bilmişdir. Oğurluq hadisəsi 13 mart 2024-cü il tarixdə baş vermişdir. Belə ki, o, gündəlik olaraq Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə işləmək üçün gedirmiş. Oğurluq hadisəsi baş verənə qədər, yəni 13 mart 2024-cü il tarixədək dəmir su çəni, 02 ədəd laqonda və 03 ədəd prefarator yerində olmuşdur. O, 14 mart 2024-cü il tarixdə saat 09 radələrində oraya getdikdə həmin əşyaların yerində olmadığını görmüşdür. Yəni ki, dəmir su çəni ilə digər təmir alətlərinin oğurlanması eyni gündə baş vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin fevral ayının axırlarında işləmək məqsədi ilə Abşeron rayonuna gəlmiş, həmin tarixdə Abşeron rayonu, Saray qəsəbəsində dəqiq ünvanını xatırlamadığı fərdi tikili evdə fəhlə kimi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə tanışlığı da 2023-cü ilin fevral ayında yaranmışdır. xx.xx.2024-cü il tarixdə Tərlanla söhbət edən zaman sonuncu ona işlədikləri fərdi tikili evin bir qədər yaxınlığında Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı adlanan ərazidə təmirsiz fərdi tikili evin ümumi həyətində dəmir metaldan su çəni olduğunu və həmin su çənini oğurlamağı təklif etmiş, həmin vaxt maddi vəziyyəti pis olduğuna görə Tərlanın təklifi ilə razılaşmışdır. 13 mart 2024-cü il tarixdə saat 22 radələrində dəmir su çəninin olduğu yerə getmiş, həmin ünvana çatdıqdan sonra evin müvəqqəti olaraq qoyulmuş taxta qapısını açaraq həyətə daxil olmuşlar. Daha sonra su çəninin içərisinin dolu olduğunu görüb krantı açaraq çənin içərisindəki suyu boşaltmış, Tərlan tanımadığı şəxsə zəng etdikdən sonra sözü gedən ünvana yük avtomobili gəlmiş, lakin su çəni ağır olduğuna görə avtomobilə yükləyə bilməmişdir. Daha sonra Tərlan dəqiq bilmədiyi şəxslə telefonla danışmış və oraya avtokar gəlmişdir. xx.xx.2024-cü il tarixdə 22 radələrində avtokarın köməkliyi ilə su çənini oradan götürmüşlər. Daha sonra o, qardaşı Şahid5 ilə telefon vasitəsilə əlaqə saxlamış, Vəfadara tanışı Tərlanın iri həcmli su çənini satmaq istədiyini və buna görə köməklik etməsini xahiş etmiş, Vəfadar ona su çənini Abşeron rayonu, Saray qəsəbəsi, Saray- Novxanı adlanan ərazidə yerləşən metal qəbul məntəqəsinə aparmalarını, orada rahatlıqla su çənini satacaqlarını bildirmişdir. Vəfadarın dediyi kimi oğurladıqları su çənini Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı adlanan ərazidə yerləşən metal qəbul məntəqəsinə aparmış, orada qardaşının tanışı Şahid1 vasitəsi ilə sözü gedən su çənini Şahid3 660 manata satmışlar. Həmin puldan 100 manatı avtokarın sürücüsünə, 280 manat isə ona verilmişdir. Bundan sonra orada uzaqlaşmışlar. O, oğurluq nəticəsində əldə olunan pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. O, ifadəsində əlavə olaraq oğurluq hadisəsini 13 mart 2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindən iş yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə törətdiyini, oğurluq hadisəsini törətməyi Tərlanın ona təklif etməsini, onun da maddi vəziyyəti pis olduğu üçün bu təkliflə razılaşdığını göstərmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-in xx.xx.2024-cü il tarixli qərarından görünür ki, istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsindən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xırdalan şəhərində xx.xx.2024-cü il tarixdə tutularaq Anşeron RPİ-nin MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respubliklası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə xətşünaslıq eksprtizasının xx.xx.2025-ci il tarixli 4/588 nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, 1(012)-351/2025 nömrəli cinayət işinin 115-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza, i/v 116-117- də olan xx.xx.2024-cü il tarixli vəkillərin siyahısının təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokolun 1-ci və 2-ci vərəqələrində Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 123-də olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə müdafiəçi təqdim edilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 124-124A-da olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 125-127-də olan təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişdə Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 128-də olan xx.xx.2024-cü il tarixli ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 129-da olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 130-da olan xx.xx.2024-cü il tarixli bildirişdə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 131-134-də olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 140-da olan xx.xx.2024-cü cü il tarixli həbs qətimkan tədbiri seçilərkən məhkəməyə təqdim edilən sənədlərə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 164-167-də olan xx.xx.2024-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 175-178-də olan xx.xx.2024-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 191-də olan xx.xx.2024-cü il tarixli ibtidai istintaqın qurtarması barədə məlumat vermə haqqında protokolda X3 adından olan imza, i/v 193- də olan işinin materialları ilə tanış etmə protokolunda Təqsirləndirilən şəxs” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1 (012)-351 /2025 nömrəli cinayət işinin 111 -ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması ilə əlaqədar protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 il 03 ay 17 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etmədiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 il 03 ay 17 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 03 (üç) il ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 126 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-351/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-351/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver