Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-353/2023 02.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1983-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə saat 13:00 radələrində qonşusu Zərərçəkmiş şəxs ilə icarə əsasında idarə etdiyi göy rəngli “Opel Astra” markalı 77-PD- 621 dövlət qeydiyyat nişanlı minik avtomobilini sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlaması və Zərərçəkmiş şəxs avtomobilinin üzərinə çirkli su atmasını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sağ qolunu əli ilə qəsdən dəmir darvazaya vuraraq və ayağı ilə sol ayağına qəsdən zərbə endirərək Zərərçəkmiş şəxs sağ mil sümüyünün tipik yerini qapalı dəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxısında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən dörd il olarki ünvan 4 ünvanında yerləşən evdə arvadı Gülnar, qayınanası Emilya və yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və icarə əsasında idarə etdiyi “Opel Astra” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə gündəlik taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs onların evindən təxminən 15-20 metr aralı məsafədə yerləşən özünə məxsus evdə tək yaşayır və arabir Tərtər şəhərinə gedib-gəlir. 2022-ci ilin sentyabr ayında ailə üzvləri ilə birlikdə Xaçmaz şəhərindən yaşadığı ünvana qayıtmışdır. Bundan sonra Almas xanım avtomobilini evinin qarşısında saxlamasını bəhanə etməklə ailə üzvləri ilə tez-tez mübahisə yaratmağa başlamışdır. Belə ki, Almas xanım onun avtomobilini həyətdə saxlamasını qəbul edə bilməmiş, tez-tez evinin qarşısında yerləşən ərazidə mişar daşları ilə əhatələdiyi güllüyü sulamaq adı ilə avtomobilin üzərinə çirkli su atmış, normal qonşuluq münasibəti saxlamamışdır. Buna görə də arvadı Gülnarla Almas xanım arasında tez-tez ailə-məişət zəminində mübahisələr yaranmışdır. Bu mübahisələrə görə Almas xanım əvvəllər bir dəfə polisə müraciət etmiş, Ramin adlı polis əməkdaşı yaşadıqları ünvana gələrək izahatlar alıb profilaktik söhbət aparmışdır. Ancaq bundan sonra da Almas xanım inadkarcasına onun avtomobili saxlamasına maneçilik yaratmaq üçün mişar daşlarını avtomobili saxladığı yerin qarşısında üst-üstə yığmışdır. Ümumiyyətlə, Almas xanım qonşular arasında heç kimi gözü-götürməyən, mübahisə yaratmağa meyilli, kobud, şər-böhtan atmaqla gününü keçirən biri kimi tanınır. 07 dekabr 2022-ci il tarixdə saat 01:00 radələrində hər gün olduğu kimi işdən qayıdıb idarə etdiyi “Opel Astra” markalı avtomobili Almas xanımın evinin yaxınlığında saxlayaraq evə getmişdir. Onun avtomobilini həmin yerdə saxlamasının səbəbi öz evinə gedən yolun çox dar olması, buna görə də avtomobili öz evinin qarşısında saxlaya bilməməsidir. Həmin gün saat 13:00 radələrində işə getmək üçün evdən çıxıb avtomobilə yaxınlaşanda avtomobilin üzərinin çirkli su ilə bulaşmasını görmüşdür. Avtomobili işə salmazdan əvvəl qabaq örtüyünü qaldırıb yağının və suyunun qədərində olub-olmamasını yoxlamışdır. Elə bu vaxt Almas xanım evdən çölə çıxmış, o, avtomobilin üzərinə çirkli suyun Almas xanım tərəfindən qəsdən atıldığını düşündüyü üçün Almas xanımdan nə üçün belə hərəkətlərə yol verdiyini soruşmuşdur. Almas xanım avtomobili evinin qapısı qarşısında saxlamasını irad tutub onunla mübahisə edərək səs-küy salmış və yaşadığı evə daxil olaraq mobil telefonunu götürdükdən sonra videoçəkiliş aparmaqla danışmağa başlamışdır. Bu zaman o, Almas xanıma demək olar ki, hər gün avtomobilin üzərinə su atdığını bildirmiş, Almas xanım gülləri sulayarkən suyun sıçradığını desə də, orada dayanan oğlu Nicat suyun avtomobilədək gəlib çatdığını söyləmişdir. Almas xanımın səs-küy yaratdığını eşidən qayınanası Emilya çölə çıxıb onlara sarı gələrək Almas xanımdan nə üçün belə davrandığını soruşmuşdur. Lakin Almas xanım daha çox səs- küy salmaqla əsassız şəkildə narazılıq etməyi davam etdirdiyi üçün arvadı Gülnar yaxınlaşıb Almas xanımın sözlərinə cavab vermişdir. Təxminən 1-2 dəqiqə ərzində arvadı ilə Almas xanım arasında sözlə mübahisə davam etmiş, onların heç biri Almas xanıma yaxınlaşmamışlar. Mübahisə zamanı bir daha Almas xanımdan hansı səbəbdən çirkli suyu avtomobilin üzərinə atdığı soruşularkən Almas xanım “Xoşun gəlmir, get həyətində saxla” cavabını vermişdir. Bu zaman oğlu Nicat, arvadı Gülnar, qayınanası Emilya, həmçinin qonşuluqda yaşayan Şirzad, Röyal və Məlakət baş verənləri kənardan izləmişlər. Daha sonra Almas xanımın mobil telefonu vasitəsilə videoçəkiliş apardığını görüb avtomobilinə əyləşərək əvvəlcə yaşadığı dalanın başına, oradan isə işə getmişdir. Bundan sonra nələrin baş verməsindən məlumatı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində 07 dekabr 2022-ci il tarixdə baş vermiş hadisə zamanı Almas xanımı vuraraq heç bir xəsarət yetirmədiyini, itələmədiyini və qapıya çırpmadığını, onunla Almas xanım arasındakı mübahisənin yalnız sözlə baş verdiyini və təxminən 5-10 dəqiqə davam etdiyini, hadisə zamanı oraya özündən, arvadı Gülnardan, oğlu Nicatdan, qayınanası Emilyadan və qonşuları Şirzad və Məlakətdən başqa kənar şəxs və ya şəxslərin toplaşmadıqlarını, Almas xanımın bədəni üzərində aşkar edilmiş xəsarətlərin hansı şəraitdə və kim tərəfindən yetirilməsi barədə heç bir məlumatı olmadığını, qeyd olunan tarixdə mübahisənin Almas xanımın onlarla normal qonşuluq münasibəti saxlamaması, avtomobilini evinin qarşısında saxlamasını qəbul etməməsi və avtomobilin üzərinə çirkli su atması səbəbindən baş verdiyini bildirmişdir. Sonda o, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 07 dekabr 2022-ci il tarixdə saat 17:28-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə edilmiş, həmçinin 08 dekabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə ünvanlanmış müraciətlər ona məxsusdur. 2016-cı ilin aprel ayında Tərtər şəhərindən gəlib ünvan 3 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evini almış, heç vaxt həmin evdə daimi yaşamamışdır. Bununla belə mütəmadi olaraq həmin evə gəlib-getməklə evi nəzarətdə saxlamışdır. Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə 2019cu ildə onun evindən təxminən 15-20 metr aralıda yerləşən evə köçmüş, onların köçməsindən təxminən 10 gün sonra o, Tərtər şəhərinə qayıtmışdır. 2020-ci ilin sentyabrnoyabr aylarında baş vermiş 44 günlük Vətən müharibəsi dövründə Tərtər şəhərindən Abşeron rayonuna gəlmiş, müharibədən sonra Tərtər şəhərinə yollanmışdır. Sonuncu dəfə 2022-ci ilin avqust ayında yenidən Tərtər şəhərindən Abşeron rayonuna qayıdaraq öz evində tək yaşayır. 2022-ci ilin sentyabr ayından qonşusu Gülümbala və arvadı Gülnar onunla normal münasibətdə saxlamamışdır. Əvvəllər Gülümbalanın avtomobilini onun evinin qarşısında saxlaması, həmçinin başqa bir neçə xırda səbəbdən dolayı aralarında mübahisə yaranmışdır. 18 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Gülümbala barəsində “102” xidmətinə müraciət etmiş, müraciətləri ilə bağlı polis sahə rəisi gəlib izahatını alaraq profilaktik söhbət aparsa da, Gülümbala və ailə üzvləri özlərinə yığışmamış, .mübahisəyə meyilli hərəkətlərini davam etdirmişlər. Belə ki, evinin qarşısını abadlaşdırmağa, daş düzməyə, səliqə-sahman yaratmağa çalışmasına baxmayaraq Gülümbala və ailəsi buna imkan verməmişlər. 07 dekabr 2022-ci il tarixdə saat 13:00 radələrində mağazaya getmək üçün evdən çıxarkən Gülümbalanın avtomobilini qapısının qarşısında saxladığını, özü və oğlunun avtomobilin yanında dayandıqlarını, avtomobilin qabaq örtüyünün açıq vəziyyətdə olduğunu görmüşdür. Gülümbala onu görən kimi avtomobilinin üzərində çirkli su ləkələri olduğunu demiş, onu avtomobilin üzərinə çirkli su atmaqda günahlandırmışdır. Gülümbalaya həmin ləkələrin ya evinin sağ tərəfindəki güllüyü sulayarkən yarana, ya da pişiyin ayaq izləri ola biləcəyini demişdir. Gülümbala və arvadının bu bəhanə ilə mübahisə yaratmaq məqsədilə “qurğu qurduqlarını” düşündüyündən bunu sonradan sübut etmək məqsədilə evə daxil olaraq mobil telefonunu götürmüş və qapısının qarşısında dayanmaqla videoçəkiliş aparmışdır. Bunu görən Gülnar səs-küy salaraq onunla mübahisə etməyə başlamışdır. Yaranan mübahisə zamanı Gülümbala və Gülnar ondan hansı səbəbdən çirkab suyu avtomobilin üzərinə atdığını soruşmuş, o isə “xoşun gəlmir, get həyətində saxla” cavabını vermişdir. Bu zaman orada Gülümbalanın qayınanası Emilya və oğlu Nicat olmuşlar. Gülnar getdikcə daha yüksək səs tonu ilə danışmış, o, çəkiliş aparmaqla Gülnarın dediklərinə cavab vermişdir. Gülnar ona güllərini yolacağını, özünü isə sürüyəcəyini bildirdikdə, əgər bunu edərsə, qanun qarşısında cavab verəcəyini demişdir. Elə bu vaxt Gülümbala yaxınlaşaraq qapını üzünə çırpmış və sağ qolu qapının arasında qalıb sıxılmışdır. Qapı üzünə çırpılan kimi əlindəki mobil telefon və gözündəki eynək yerə düşmüş və videoçəkiliş dayanmışdır. Bir neçə dəfə qapını açmağa cəhd etsə də, Gülümbala buna imkan verməmiş, qapının ağzında sağ qolunu burub mobil telefonu əlindən almağa çalışmış, ancaq cəld telefonu götürüb ekranını kilidləmişdir. Gülümbala daha da əsəbiləşərək əli ilə onun boynuna və başına, ayağı ilə isə sol ayağına bir neçə dəfə zərbə vurmaqla onu döymüşdür. O, Gülümbalanın zərbələrinə müqavimət göstərə bilməyib yerə yıxılmış, Gülümbala və arvadı onun yıxıldığını görüb qapını örtərək çıxıb getmişlər. Bundan sonra yerdən qalxıb dərman atmış və bir qədər uzanıb nə edəcəyini fikirləşmişdir. Həmin vaxt sağ qolunda və sol ayağında möhkəm ağrılar hiss etmiş, ürəyi bulanmışdır. Ona görə də mobil telefon vasitəsilə qonşuluqda yaşayan Türkana zəng etmiş, Türkan zəngi cavablamadığı üçün evdən çıxıb Türkangilə getmiş, onlara çatanda Türkanın qıcolma xəstəliyindən əziyyət çəkən uşağının xəstəliyinin şiddətləndiyini görmüşdür. Türkan uşağına dərman verdikdən sonra onunla maraqlanaraq divana uzatmış, mobil telefon vasitəsilə sağ qolunun fotoşəkillərini çəkib ona göstərmiş və qolunun sındığını demişdir. Bir neçə saat uzanıb özünə gəldikdən sonra tanışı Elnurəyə səsli ismarış göndərərək qolunun sındırıldığını bildirmiş, təcili yardıma necə zəng etməyi soruşmuş, həmçinin ətrafda ona kömək edə biləcək qonşu olmadığını demişdir. Elnurədən cavab gəlmədiyinə görə Türkan “103” təcili tibbi yardım xidmətinə və “102” xidməti-zəng mərkəzinə müraciət edərək onun adından məlumat vermişdir. Bir müddət sonra yaşadığı ünvana gələn təcili tibbi yardım əməkdaşları vəziyyətinin ağır olduğunu görmüş, buna görə də onu “M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X10 aparmışlar. Bir gün xəstəxanada qaldıqdan sonra evə buraxılmış, sonrakı günlərdə “Sumayə” deyə çağırdığı qonşusu ona baş çəkmiş, Türkanın özü və “Mərziyə” adı ilə tanıdığı anası qulluğunda durmuşlar. Adlarını çəkdiyi şəxslər onun hadisədən sonrakı vəziyyətini görsələr də, hadisənin birbaşa şahidi olmamışlar. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində müraciətlərində həm Gülümbala, həm də arvadı Gülnar tərəfindən döyüldüyünü bildirsə də, hadisə zamanı Gülnarın ona hər hansı ciddi xəsarət yetirmədiyini, Gülnarın səs-küy salaraq onunla sözlə mübahisə etdiyini, müraciət edərkən hadisənin təsirində olduğuna görə Gülnarın da ona xəsarət yetirdiyini düşünüb bu şəkildə məlumat verdiyini, hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, hadisə zamanı oraya özündən və adlarını qeyd etdiyi şəxslərdən başqa kənar şəxs və ya şəxslərin toplaşmalarına fikir vermədiyini, barəsindəki ekspert rəyində qeyd olunan xəsarətlərin Gülümbala tərəfindən yetirildiyini, Gülümbalanın guya onun tərəfindən avtomobilinin üzərinə çirkli su atıldığını bildirməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı onu əlləri və ayağı ilə vurub xəsarət yetirdiyini, bu zaman səs-küy yaransa da, söyüş və nalayiq ifadələr eşitmədiyini bildirmişdir.Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən bunun nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs vəkili X6 dəymiş maddi ziyanın ödənilməsinə dair mülki iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirdi ki, cavabdeh Təqsirləndirilən şəxs cinayətkarcasına təqsirli hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına vurulmuş ziyana görə sonuncu tərəfindən çəkilmiş xərclərin əvəzi kimi 6147 (altı min bir yüz qırx yeddi) manat, həmçinin çəkilməli olan xərclərin əvəzi kimi 8000 (səkkiz min) manat, mənəvi zərərə görə 15000 (on beş min) manat olmaqla, cəmi 29147 (iyirmi doqquz min bir yüz qırx yeddi) manat məbləğində pulun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddianı qəbul etməyərək məhkəmədən mülki iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təxminən dörd il olarkı Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi M.Araz küçəsində yerləşən evdə əri Gülümbala, anası Emilya və azyaşlı uşaqları ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qeyd etdiyi ünvanda yaşamağa başladıqları vaxtdan tanıyır. Almas xanım onların evindən təxminən 15-20 metr aralıda yerləşən evdə tək yaşayır və arabir Tərtər şəhərinə gedib-gəlir. 2022-ci ilin sentyabr ayında ailə üzvləri ilə birlikdə Xaçmaz şəhərindən yaşadığı ünvana qayıtmışdır. Təxminən 15-20 gün sonra Almas xanım əri Gülümbalanın avtomobilini onun evinin qapısı qarşısında saxladığını bəhanə etməklə mübahisə yaratmış və barəsində icra hakimiyyətinə və polisə müraciət etmiş, lakin müraciətləri əsassız olduğundan heç bir nəticəsi olmamışdır. Həmin vaxtdan Almas xanım müxtəlif vaxtlarda ərinin avtomobili qapısı qarşısında saxlamasını bəhanə etməklə mübahisələr yaratmışdır. Almas xanım heç kimlə yola getməyən, daim qonşularla mübahisə yaratmağa meyilli, kobud, şər- böhtan atmaqla gününü keçirən biridir. 07 dekabr 2022-ci il tarixdə saat 01:00 radələrində əri Gülümbala işdən evə qayıtmış, saat 13:00 radələrində işə getmək üçün evdən çölə çıxıb qapının qarşısında dayanmış avtomobili işə salmağa getmişdir. Bir neçə dəqiqə sonra Almas xanımın səs-küy saldığını eşitdiyindən anası Emilya və oğlu Nicatla birlikdə evdən çölə çıxmışdır. Bu zaman Almas xanımın Gülümbalaya avtomobili evinin qapısı qarşısında saxlamasını irad tutduğunu görmüş, onu görən kimi mübahisə etməyə başlayaraq səs-küy salmış, söyüş və nalayiq ifadələr işlətdiyini eşitmişdir. Mübahisə zamanı Gülümbala Almas xanımdan hansı səbəbdən çirkab suyu avtomobilinin üzərinə atdığını soruşduqda Almas xanım “Xoş deyilsə, burda saxlama” cavabını vermişdir. Həmin vaxt qonşuları Röyal və Şirzad evlərindən çölə çıxıb baş verənləri gözləri ilə görmüşdür. Daha sonra onlar Almas xanımın mobil telefonu vasitəsilə videoçəkiliş apardığını, mübahisə etməyin mənasız olduğunu başa düşüb evə daxil olmuş, əri isə avtomobilə əyləşərək çıxıb getmişdir. Bundan başqa Şahid1 ifadəsində Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs sağ qolunu burub telefonu əlindən almağa cəhd etməsi, qapıya tərəf itələyib başını və qollarını dəmir qapının arasında qoyması, boynuna və başına endirilən zərbələrlə döyülməsi, daha sonra ərinin evin qapısını bağlayıb içəri keçməsi ilə bağlı düzgün olmayan məzmunda ifadə verdiyini, Almas xanımın göstərdiklərinin hamısının şər-böhtan xarakterli məlumatlar olduğunu, nə özü, nə də əri Gülümbalanın 07 dekabr 2022-ci il tarixdə baş vermiş mübahisə zamanı Almas xanımı vuraraq xəsarət yetirmədiklərini və itələmədiklərini, əri ilə Almas xanım arasındakı mübahisənin yalnız sözlə olduğunu və təxminən 5 dəqiqə davam etdiyini, Almas xanımın bədəni üzərində aşkar edilmiş xəsarətlərin hansı şəraitdə və kim tərəfindən yetirilməsi barədə heç bir məlumatı olmadığını, mübahisə zamanı səs-küy yaransa da, oraya əri Gülümbala, anası Emilya, oğlu Nicat və qonşusu Şirzaddan başqa hər hansı şəxsin gəlmədiyini, söyüş və nalayiq ifadələr eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, təxminən 3-4 ildir qızı Şahid1, kürəkəni Təqsirləndirilən şəxs və azyaşlı nəvələri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi M.Araz küçəsində yerləşən evdə yaşayır. Zərərçəkmiş şəxs 08 dekabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə etdiyi müraciətlə tanış olmuşdur. Almas 2016-cı ildə qeyd edilən ünvandakı evlərdən birini almış, ancaq həmin evdə daimi yaşamamış, tez-tez Tərtər şəhərinə gedib-gəlmişdir. Hazırda Almas təkbaşına onlarla qonşuluqda yaşayır. Əvvəllər nə onun özü, nə də qızının ailəsi ilə Almas arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Sonuncu dəfə Almas 2022-ci ilin avqust ayında Tərtər şəhərindən Abşeron rayonuna gəlib öz evində yaşamağa başlasa da, həmin vaxtdan heç kimlə yola getməmiş, əsaslı səbəb olmadan bir çox qonşularla, əsasən qızının ailəsi ilə mübahisə yaratmışdır. Həmin mübahisələrin əsas mövzusu Gülümbalanın avtomobilini Almasın yaşadığı evin qarşısında saxlaması olmuşdur. Almas qonşularla yola getməyən, şər- böhtan atmağa meyilli biri kimi tanınmış və əksər vaxtlarda qonşuların hər birinə yersiz irad tutaraq gününü keçirmişdir. 2022-ci ilin sentyabr ayından başlayaraq Almas Gülümbalanın avtomobilini evinin qarşısında saxlaması ilə bağlı bir neçə dəfə mübahisə yaratmış, avtomobil saxlanıldığı yeri mobil telefon vasitəsilə qeydə almışdır 07 dekabr 2022-ci il tarixdə saat 13:00 radələrində evdə olan zaman həyətdən səs-küy gəldiyini eşidib çölə çıxmışdır. Bu zaman Almasın qızı Gülnar arasında sözlə mübahisə yaşandığını görmüşdür. Mübahisə zamanı Almas baş verənləri mobil telefon vasitəsilə videoçəkiliş apararaq qeydə almış, kürəkəni Gülümbala və nəvəsi Nicat sakit şəkildə, heç nə demədən avtomobilin yanında dayanmışlar. O, avtomobilin arxa tərəfində dayanıb Almasa yaxın getmədən nə üçün belə davranmasının səbəbini soruşmuş, lakin Almas səs-küy salmaqla əsassız narazılıqlarını davam etdirmişdir. Gülnar yaxınlaşıb Almasın sözlərinə cavab vermiş, təxminən 1-2 dəqiqə davam edən mübahisə zamanı nə özü, nə Gülnar, nə də Gülümbala Almasa yaxın getməmişlər. Gülümbala bir daha Almasdan hansı səbəbdən çirkab suyu avtomobilin üzərinə atdığını soruşanda Almas “Xoşun gəlmir, get həyətində saxla” ifadəsini işlətmişdir. Bu zaman Gülümbala, Gülnar, Nicat və adları yadında qalmayan qonşular baş verənləri kənardan izləmişlər. Gülümbala həmin yerdə bir qədər dayandıqdan sonra Almasın videoçəkiliş apardığını görüb avtomobilinə əyləşərək çıxıb getmiş, özü isə qızı və nəvəsi ilə birlikdə evə daxil olmuşdur. Mübahisə zamanı heç kim Almasın üzərinə getməmiş, zor tətbiq etməmiş, xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, təxminən 3-4 ildir Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi M.Araz küçəsində yerləşən evdə atası Gülümbala, anası Gülnar, nənəsi Emilya və azyaşlı qardaşı Cümşüdlə birlikdə yaşayır. Atası rəsmi olaraq heç bir yerdə işləmir və idarə etdiyi “Opel Astra” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə gündəlik taksi fəaliyyəti ilə məşğul olaraq onları dolandırır. Zərərçəkmiş şəxs qeyd etdiyi ünvanda yaşamağa başladığı vaxtdan tanıyır. Almas xanım onların evindən təxminən 15-20 metr aralı məsafədə yerləşən evdə tək yaşayır və arabir Tərtər şəhərinə gedib-gəlir. 2022-ci ilin sentyabr ayında ailəsi Xaçmaz şəhərindən evə qayıtmış, bundan sonra Almas xanım atasının avtomobilini evinin qarşısında saxlamasını bəhanə etməklə ailə üzvləri ilə tez-tez mübahisə yaratmağa başlamışdır. Almas xanım atasının avtomobili evinin yaxınlığında saxlamasına narazılıq etməklə tez- tez qapının ağzındakı gülləri sulamaq bəhanəsi ilə avtomobilin üzərinə çirkab su atmış, normal qonşu münasibəti saxlamamışdır. Buna görə də əsasən anası Gülnarla Almas xanım arasında tez-tez ailə-məişət zəminində mübahisələr baş vermişdir. Ümumiyyətlə, Almas xanım qonşular arasında heç kimlə yola getməyən, münasibət saxlamayan, şər- böhtan atmağa və yalan sözlər danışmağa meyilli biri kimi tanınır. 07 dekabr 2022-ci il tarixdə saat 12:00 radələrində atası işə getməzdən əvvəl evdən çıxıb avtomobili təmizləyərək yenidən evə daxil olmuşdur. Təxminən 1 saat sonra atası Gülümbalanı işə yola salmaq üçün yenidən çölə çıxıb avtomobilə yaxınlaşmışdır. Bu zaman Almas xanım əlində mobil telefonla evinin qapısı qarşısında dayanmışdır. Avtomobilə baxarkən ön örtüyün üzərinin çirkli, qumlu suya bulaşdığını görmüşdür. Almas xanım əvvəllər bir neçə dəfə avtomobilin üzərinə çirkli su atdığına görə atası Almas xanımdan nə üçün belə hərəkətlərə yol verdiyini soruşmuş və bir daha avtomobili bulaşdırarsa, barəsində polisə məlumat verəcəyini demişdir. Almas xanım avtomobili evinin qapısı qarşısında saxlamasını irad tutub atası ilə mübahisə edərək səsküy salmış, yaşadığı evə daxil olub mobil telefonla videoçəkiliş aparmağa başlamışdır. Atası Almas xanıma demək olar ki, hər gün avtomobilin üzərinə su atdığını bildirəndə Almas xanım gülləri sulayarkən suyun sıçradığını demişdir. Həmin vaxt o, suyun avtomobilədək gəlib çatdığını Almas xanıma söyləmişdir. Almas xanımın səs-küy yaratdığını eşidən anası Gülnar və nənəsi Emilya evlərindən çölə çıxıb onlara sarı gələrək Almas xanımdan nə üçün belə davrandığını soruşmuşlar. Lakin Almas xanım daha çox səs-küy salmaqla əsassız şəkildə narazılıq etməyi davam etdirmişdir. Buna görə də anası Gülnar yaxınlaşıb Almasın sözlərinə cavab vermişdir. Təxminən 1-2 dəqiqə ərzində anası ilə Almas xanım arasında sözlə mübahisə davam etsə də, nə anası, nə də atası Almas xanıma yaxınlaşmamışlar. Atası mübahisə zamanı Almas xanımdan hansı səbəbdən çirkab suyu avtomobilin üzərinə atdığını bir daha soruşmuş, Almas xanım “Xoşun gəlmir, get həyətində saxla" ifadəsini işlətmişdir. Həmin vaxt qonşuluqda yaşayan Şirzad və şəkili Məlahət xalanın adını bilmədiyi qohumu baş verənləri kənardan izləmişdir. Şirzaddan başqa ətrafda hər hansı qonşunun dayandığını görməmişdir. Təxminən 2-3 dəqiqə sonra atası avtomobilə əyləşərək işə getmiş, o isə anası və nənəsi ilə birlikdə evə yollanmışdır. Hadisə vaxtı kiminsə Almasın üzərinə getdiyini, zor tətbiq etdiyini, əllə və ya digər hər hansı formada Almas xanıma xəsarət yetirdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, 2001-ci ildən ailə üzvləri ilə birlikdə ünvan 9 ünvanında yaşayır. 2010-cu ildən Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsində sahə rəisi işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanıyır. Həmin dövrdə 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsində sahə rəisi işləmiş mərhum Elsevər Səmədov onunla əlaqə saxlayıb “Quşçuluq" yaşayış massivi M.Araz küçəsi dalan 2 ünvanında qeydiyyatsız yaşayan Tərtər şəhər sakini Zərərçəkmiş şəxs qonşusunun evinin qarşısında avtomobil saxlaması, evinin qarşısındakı gülləri əzməsi, sayğacı sındırması barədə şikayət etdiyini bildirmişdir. Ertəsi gün günorta saatlarında məsələni aydınlaşdırmaq məqsədilə icra hakimiyyətinin ərazidəki nümayəndələri kimi mərhum Elsevər Səmədovla birlikdə sözügedən ünvana yollanmışlar. Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına çatıb baxış keçirən zaman evin qarşısında abadlıq işləri apardığını, gül əkdiyini, ətrafda səliqə-səhman yaradıldığını görmüşlər. Həmin vaxt qeyd edilən ünvanda olmalarından xəbər tutan qonşular evdən çölə çıxıb baş verənləri kənardan izləməyə başlamışlar. Almas xanım onları qarşılayıb qonşusu Gülümbalanın avtomobilini evinin qarşısında saxlamasından narazı olduğunu, bununla bağlı Gülümbalaya irad bildirəndə Gülümbala və ailə üzvlərinin mübahisə yaratdıqlarını bildirmişdir. Gülümbala adlı şəxsin arvadı olmasını bildiyi Gülnar adlı qadın onların gəlişindən xəbər tutan kimi Almas xanımın ünvanına nalayiq ifadələr işlədərək üzərinə hücum etmiş və Almas xanımı vurmaq istəmişdir. Buna görə də Elsevər Səmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə müraciət edib qonşular arasında mübahisə yaranması barədə məlumat verib ünvana polis əməkdaşlarının göndərilməsini xahiş etmişdir. Müraciət etdikdən təxminən 15-20 dəqiqə sonra bir neçə polis əməkdaşı həmin ünvana gəlmişdir. Polis əməkdaşlarının gəlişindən xəbər tutan Gülümbala nəhayət evdən çıxıb onlara yaxınlaşmışdır. O, Gülümbalanı kənara çəkib dilə tutmaqla Almas xanımın tək yaşadığını, sonsuz biri olduğunu xatırladaraq qonşu kimi mehriban şəkildə birgə yaşamağı məsləhət görmüşdür. Gülümbala dediklərindən bir qədər yola gəlmişə oxşada da, “Gülü” deyə çağırılan arvadı heç cür yola gəlməmiş, əksinə, qızışaraq Almas xanımdan evin özünə məxsus olmasına dair sənəd təqdim etməsini tələb etmiş, ardı-arası kəsilməyən nalayiq ifadələr işlətmişdir. Həmçinin Almas xanımın yaşadığı ünvanda olarkən Gülümbalanın qonşusu Şirzadla sözü bir yerə qoyub avtomobillərini bir-birinə mane olmadan saxlamağa dair razılığa gəldiklərini, yaxın münasibətdə olmalarını müşahidə etmişdir. Gülümbalanın daha avtomobilini Almas xanımın evinin qarşısında saxlamaması məqsədilə polis əməkdaşlarının yardımı ilə yerə mişar daşları düzdürmüş və Gülümbalaya şifahi şəkildə avtomobilini həmin yerdən irəlidə saxlamamasını bildirib ünvanı tərk etmişlər. Bir neçə gün sonra eşitmişdir ki, düzülmüş daşlar Gülümbala və Şirzadın uşaqları tərəfindən dağılaraq kənara yığılmışdır. 07 dekabr 2022-ci il tarixdə saat 21:00 radələrinədək başı işlərinə qarışmış, mobil telefonuna gələn zənglərə və ismarışlara cavab verə bilməmişdir. İşlərini yekunlaşdırıb evə qayıdanda Almas xanımın günorta saatlarında ona səsli ismarış göndərdiyini görmüşdür. Almas xanım səsli ismarışda qolunun sındırıldığını demiş, təcili yardıma necə zəng etməyi soruşmuş, ətrafında kömək edə biləcək qonşunun olmadığını, yalnız qonşuluqda yaşayan cavan gəlin tərəfindən yardım göstərildiyini bildirmişdir. Dərhal Almas xanımın yaşadığı ünvana gedib evinin qapısını döyməsinə baxmayaraq qapını açan olmamışdır. Bu zaman sonradan adının Türkanə olmasını bildiyi gənc qadın öz evindən çölə çıxıb Almas xanımın günorta saatlarında qonşusu Gülümbala tərəfindən döyülərək qolunun sındırılması, hadisədən sonra Almas xanıma evində yardım göstərməsi, “103” təcili tibbi yardım xidmətinə müraciət etdikdən sonra təcili tibbi yardım əməkdaşlarının gəlib Almas xanımı “M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X10 aparmaları barədə məlumat vermişdir. O, Almas xanımla telefon əlaqəsi saxlayıb ertəsi gün evinə qayıtmasını məsləhət görmüş, xəsarəti ilə bağlı yataq şəraitində müalicəsi davam etdiyi günlərdə isə bir neçə dəfə baş çəkib vəziyyəti ilə maraqlanmışdır. Bununla belə baş vermiş hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, o, oğulları Ceyhun Süleymanlı, Yusif Süleymanlı, gəlini Nəzrin Süleymanlı ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə etdiyi 08 dekabr 2022-ci il tarixli müraciətlə və həmin tarixli ərizəsi ilə tanış olmuşdur. Qeyd olunan ünvanda 08 mart 2016-cı il tarixdən yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayırlar. Əvvəllər onların heç biri ilə arasında düşmənçilik və ya ədavət olmamışdır. Almas qonşularla yola getməyən, deyingən, insanları şərləməklə hədələyən biridir. Ancaq Gülümbala və ailə üzvlərini yaxından tanımır, indiyədək birbirilərinin evlərinə gediş-gəlişləri olmamış, aralarında heç bir münasibət yaşanmamışdır. 2022-ci ilin sentyabr ayında Gülümbalanın ailə üzvləri ilə Almas arasında mübahisə baş versə də, həmin tarixdə evdə olmamış, bu barədə sonradan xəbər tutmuşdur. 07 dekabr 2022-ci il tarixdə səhər saatlarında Şəki rayonunda yaşayan qohumları, o cümlədən bacısı Məlahət oğlu Yusifin körpəsinin dünyaya gəlməsi ilə əlaqədar onun evinə qonaq gəlmişlər. O, qonaqları yerbəyer etdikdən sonra gəlini və yenidoğulmuş nəvəsini evə gətirmək üçün xəstəxanaya getmişdir. Ancaq bacıları Məlahət, Şərafət və digər qohumları evdə qalmışlar. Həmin gün saat 15:00 radələrində evə qayıdanda bacıları və digər qohumları qonşularının bir-biri ilə sözlə mübahisə etdiklərini, yaranan səs-küyə görə həyətə çıxdıqlarını, təxminən 5-10 dəqiqə ərzində mübahisənin başa çatdığını bildirmişlər. O, başa düşmüşdür ki, Almas və Gülümbalanın arvadı bir-biri ilə mübahisə etmişlər. Lakin qohumları ona hər hansı şəxsin Alması döyüb xəsarət yetirməsi, zor tətbiq etməsi və sair bu kimi şeylər barədə məlumat verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, o, 2014cü ilin dekabr ayında ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçüb qızı və kürəkəni ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs təkbaşına, Təqsirləndirilən şəxs isə ailəsi ilə birgə onunla qonşuluqda yaşayırlar. Əvvəllər nə Almas, nə də Gülümbala və ailə üzvləri ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Almas yaşadıqları ünvana köçdükdən sonra heç kimlə yola getməmiş, əsaslı səbəb olmadan qonşularla mübahisə yaratmışdır. Ümumiyyətlə, Almas kobud, heç kimi gözü götürməyən, şər-böhtan atmağa meyilli biri kimi tanınır və qonşulara yersiz irad tutaraq gününü keçirir. Gülümbala isə sakit, həddindən artıq mədəni, ailəcanlı, qayğıkeş, mehriban, köməksevər və ürəyiyanımcıl biridir. 2021-ci ilin avqust ayında Almas evinin qarşısındakı kiçik ərazidə mişar daşlarını 3 cərgə üst-üstə yığmış, həyətdə oynayarkən daşlara toxunduğundan daşlar nəvəsinin üzərinə aşmış, nəvəsini son anda xəsarət almaqdan xilas etmişlər. Həmin vaxt Almasa irad bildirib daşları oradan yığışdırmasını tələb edəndə Almas sözlərinə məhəl qoymamış və barələrində şikayət edəcəyini bildirərək onu şərləməklə hədələmişdir. Buna baxmayaraq o, başqalarının xəsarət almalarının qarşısını almaq üçün qızı ilə birlikdə Almasın üst-üstə yığdığı daşları aparıb dalanın başına yığmışdır. Almas bundan xəbər tutan kimi səs-küy salıb onun barəsində polis orqanlarına şikayət edəcəyini, onları həbs etdirəcəyini demişdir. Həmin vaxtdan nə özü, nə də qızı Alması danışdırmamışdır. 2021 -ci ilin dekabr ayında yaşadıqları ev yandığı üçün o, qızı ilə birlikdə Bakı şəhərinə köçüb orada kirayədə yaşamağa başlamış, ancaq evi təmir etdirdiklərinə görə arabir həmin evə gəlib-getmişdir. 2022-ci ilin sentyabr ayında növbəti dəfə həmin ünvanda olarkən Almasın yenidən evinin qarşısında mişar daşlarını üst-üstə yığdığını və yerə sementlədiyini görmüşdür. Həmin ay bir neçə gün qızının artıq təmir işləri başa çatmaqda olan evində qalmış, Almasın bu müddətdə Gülümbalanın avtomobilini evinin qarşısında saxlaması səbəbindən mübahisə yaratmasının, qonşuların heç biri ilə normal münasibət saxlamamasının şahidi olmuşdur. Hətta Almas həyətdə Gülümbala və Şirzadın uşaqlarının oynadıqlarını görəndə onlara qarğış etmiş, heç kimi gözü götürməmişdir. Bundan başqa həmin dövrdə Almas evinin qarşısında daşları üstüstə hördüyü üçün qonşular məcbur qalıb istehsalat-istismar təmir sahəsinə müraciət etmiş, bir neçə gün sonra həmin qurumun və polis sahə rəisi yaşadıqları dalana gələrək Almasa daşları üst-üstə hörməsinin qanunsuz olduğunu bildirmiş, əməkdaşların şifahi göstərişindən sonra qonşuların uşaqları Almasın hördüyü daşları yerindən söküb kənara yığmışlar. 07 dekabr 2022-ci il tarixdə günorta saatlarında evdən çıxıb marketə gedərkən Gülümbalanın təkbaşına avtomobilinin yanında dayanıb işə getməyə hazırlaşdığını görmüşdür. Avtomobilin yanından ötüb keçəndə Gülümbala onunla salamlaşmış və Almasın avtomobilinin üzərinə çirkli su atmasından gileylənərək narazılığını dilə gətirmişdir. O, orada dayanmayıb marketə getmiş və təxminən yarım saat sonra geri qayıtmışdır. Bu zaman Gülümbalanın avtomobili ilə dalanın başında dayandığını görmüşdür. Nə baş verdiyini soruşduqda Gülümbala Almasın səs-küy saldığını, arvadı Gülnar və qayınanası Emilyanın səs-küyü eşidib evdən çıxaraq Almasla sözlə mübahisə etdiklərini demişdir. Almasın evinin qarşısına çatanda orada heç kimi görmədiyindən artıq mübahisənin başa çatdığını yəqin etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. Adı Türkanə olsa da, bəzi insanlar, o cümlədən Almas xanım onu “Türkan” adı ilə tanıyır. Almas xanım təkbaşına, Gülümbala isə ailə üzvləri ilə birlikdə onunla qonşuluqda yaşayır. Əvvəllər nə Almas xanım, nə də Gülümbala və ailə üzvləri ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Almas xanım xeyirxah, hamının hörmətini qazanan, hamı ilə dil tapıb yola gedən, insanlara qarşı xoş münasibət bəsləyən, inanclı biridir. 2022-ci ilin sentyabr ayında Almas xanım evinin qarşısında Gülümbalanın avtomobil saxlamaması üçün oraya mişar daşları düzmüş, ancaq Gülümbalanın uşaqları daşları yerindən götürüb qırağa tullamışlar. Buna görə də Almas xanım mişar daşlarını sementləməklə onların götürülmələrinin qarşısını almışdır. Almas xanımın bu hərəkətinə məhəl qoymayan Gülnar qonşuların gözləri qarşısında Almas xanımın ünvanına nalayiq ifadələr işlədib uşaqlarına daşları yerindən sökmələrini demiş və uşaqlar daşları sökmüşlər. Həmin vaxt Gülnar qonşuların gözləri qarşısında Almas xanıma yaxınlaşıb döyməyə cəhd etsə də, ətrafdakılar buna imkan verməmişlər. Bundan sonra Gülümbala avtomobilini Almas xanımın evinin qarşısında saxladığına görə bir neçə dəfə onlar arasında sözlə mübahisə baş vermiş, Gülümbala və Gülnar tez-tez Almas xanıma guya evinin qarşısında mətbəx otağı tikdirdiyini, daşları bu səbəbdən düzdüyünü və Almas xanımın avtomobilin üzərinə çirkab su atdığını bəhanə etməklə mübahisə yaratmışlar. 07 dekabr 2022-ci il tarixdə saat 13:00 radələrində evdə olarkən Almas xanımın evinin qarşısından səs-küy gəldiyini eşitmişdir. Ancaq qıcolma xəstəliyindən əziyyət çəkən uşağının ağrıları şiddətləndiyindən çöldə baş verənlərə baxa bilməmişdir. Təxminən 10- 15 dəqiqə sonra çöldən gələn səs-küy kəsilmişdir. Bir qədər sonra yaşadığı evin qapısı döyülmüş, qapını açanda Almas xanımı halsız vəziyyətdə qapının qarşısında görüb içəri dəvət etmiş, yer göstərdikdən sonra uşağı ilə maraqlanmışdır. Almas xanımın halı özündə olmadığı üçün divana uzandırmışdır. Almas xanımdan nə baş verdiyini soruşduqda ona Gülümbala tərəfindən döyüldüyünü bildirmişdir. Ardınca o, Almas xanıma qolunun sındığını bildirib xəsarətinə baxması üçün mobil telefonunu götürərək qolunun fotoşəkillərini çəkib göstərmişdir. Almas xanım bir neçə saat uzanıb özünə gəldikdən sonra tanışı Elnurəyə səsli ismarış göndərərək qolunun sındırıldığını, yenicə ayıldığını bildirmiş və təcili yardıma necə zəng etməyi soruşmuşdur. Elnurədən cavab gəlmədiyinə görə o, “103” təcili tibbi yardım xidmətinə zəng edib Almas xanımın adından məlumat vermişdir. Daha sonra Almas xanım istifadəsində olan mobil telefon vasitəsilə “102” xidməti-zəng mərkəzinə müraciət edərək döyüldüyünü bildirmişdir Bir müddət sonra təcili tibbi yardım əməkdaşları gəlib Almas xanımı vəziyyəti ağır olduğu üçün birbaşa “M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X10 aparmışlar. Bir sutka xəstəxanada qalıb evə buraxıldıqdan sonrakı günlərdə o, Oğuz rayonundan qonaq gəlmiş anası Mərziyyə ilə tez-tez Almas xanıma baş çəkmiş, yeri gələndə qulluğunda dayanmışlar. Lakin hadisəni birbaşa gözləri ilə görmədiyindən Almas xanıma konkret kim tərəfindən xəsarət yetirildiyini bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2015-ci ildən əri Şahsəddin Zamanov və 6 yaşlı qızı Zəhra ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən “AST Studio” gözəllik salonunda saç ustası işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. Almas xanım 2016-cı ildən təkbaşına, Gülümbala isə 2019-cu ildən arvadı Gülnar, adını bilmədiyi qayınanası və azyaşlı uşaqları ilə birlikdə göstərdiyi ünvanda qonşuluqda yaşayırlar. Əvvəllər nə Almas xanım, nə də Gülümbala və ailə üzvləri ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Almas xanım xeyirxah, hamının hörmətini qazanan, hamı ilə dil tapıb yola gedən, insanlara qarşı xoş münasibət bəsləyən, inanclı biridir. Ancaq Gülümbalanın arvadı Gülnar davakar, mübahisəyə meyilli, dinləmə qabiliyyəti olmayan, insanlarla kobud rəftar edən, tez-tez insanların ünvanına təhqirlər işlədən biri kimi tanınır. Gülümbala arvadının sözü ilə oturub-duran, arvadından çəkinib qorxan xarakterə sahibdir, mübahisə yarananda və ya nəsə xoşuna gəlməyəndə müharibə iştirakçısı olduğunu deməklə özünü haqlı çıxarmağa çalışır. Bu xarakterinə görə Gülümbalanı “arvadının əsiri” adlandırır. Özünə problem yaratmamaq üçün həmişə Gülnarla ünsiyyətdən qaçır, Gülnar nəsə deyəndə reaksiya verməməyə çalışır, bir sözlə, Gülnarı yola verir. Gülümbala ailəsi ilə qonşuluqdakı evə köçdükdən sonra Gülnar tez-tez qonşularla mübahisəyə girişmiş, kimsə dediyinin əksinə fikir söyləyəndə cavab olaraq dərhal sağa-sola təhqirlər və nalayiq ifadələr sovurmuş, yaşadıqları dalanda qonşular üzərində hegemonluq nümayiş etdirməyə çalışmışdır. 2022-ci ilin sentyabr ayında Almas xanım evinin qarşısında Gülümbalanın avtomobilini saxlamaması üçün mişar daşları düzmüş, Gülümbalanın uşaqları daşları yerindən götürüb qırağa tullamışlar. Buna görə də Almas xanım mişar daşlarını sementləyib onların götürülməsinin qarşısını almışdır. Almas xanımın bu hərəkətinə məhəl qoymayan Gülnar qonşuların gözləri qarşısında Almas xanımın ünvanına nalayiq ifadələr işlədərək öz uşaqları vasitəsilə mişar daşlarını yerindən sökmüşlər. Həmin vaxt Gülnar qonşuların gözləri qarşısında Almas xanıma yaxınlaşıb döyməyə cəhd etsə də, o, buna imkan verməmişdir. Həmin gündən Gülnar və Gülümbala onu və ailə üzvlərini danışdırmamışlar. Bundan sonra Gülümbala avtomobilini Almas xanımın evinin qarşısında saxladığına görə bir neçə dəfə onlar sözlə arasında mübahisə baş vermiş, Gülümbala və Gülnar tez-tez Almas xanıma guya evinin qarşısında mətbəx otağı tikdirdiyini, mişar daşlarını əslində bu səbəbdən üst-üstə yığdığını bəhanə edərək, həmçinin Almas xanımın avtomobilin üzərinə çirkab su atdığını bildirərək mübahisə yaratmışlar. 07 dekabr 2022-ci il tarixdə saat 13:00 radələrində yaşadığı evdə olan zaman Almas xanımın evinin qarşısından səs-küy gəldiyini eşitmişdir. Çölə çıxıb səslərin Gülnar və Gülümbalaya məxsus olduğunu, onların Almas xanımla sözlə mübahisə etdiklərini görmüşdür. Onların dayandıqları yerə yaxınlaşmadan və özünü göstərmədən dalanın tinindən Almas xanımın evinin qarşısında baş verənləri izləyərkən Almas xanımın əlindəki mobil telefon vasitəsilə çəkiliş apardığını, Gülnarın isə səs-küy salaraq Almas xanımla mübahisə etdiyini görmüşdür. Mübahisə zamanı Gülümbala və Gülnar Almas xanımdan hansı səbəbdən çirkab suyu avtomobilin üzərinə atdığını soruşmuş, Almas xanım isə “Xoşun gəlmir, get həyətində saxla” cavabını vermişdir. Bu zaman Gülnarın adının sonradan Emilya olmasını bildiyi anası və Nicat adlı oğlu avtomobilin yanında dayanmışlar. Gülnar getdikcə daha yüksək səs tonu ilə danışmaqla sözlə mübahisəni davam etdirmiş, Almas xanıma güllərini yolacağını, özünü isə sürüyəcəyini, sonuncu isə Gülnara bunu edərsə, qanun qarşısında cavab verəcəyini söyləmişdir. Daha sonra Gülnar qəflətən Almas xanımın üzərinə hücum edib mobil telefonu əlindən almağa çalışmış, ardınca Gülümbala yaxınlaşaraq qapını itələyib arvadı ilə birlikdə Almas xanımın evinə daxil olmuşdur. Həmin vaxt yaxınlaşıb Almas xanıma kömək etməməsinin səbəbi Gülümbala və Gülnarın onu da vuracaqlarından çəkinməsi olmuşdur. Almas xanımın evinin qapısı içəri tərəfdən örtüldükdən sonra Almas xanım “Çıxın gedin”, “Məndən əl çəkin” və sair bu kimi ifadələr işlətmişdir. O, qapı örtüldükdən sonra daha orada durmayıb evə qayıtmışdır. Sonradan eşitmişdir ki, Almas xanım hadisədən sonra qonşuluqda yaşayan Türkanın evinə getmiş, Türkan tərəfindən Almas xanıma yardım göstərilmiş, təcili tibbi yardım xidmətinə məlumat verilmişdir. Almas xanım aldığı xəsarətlərə görə bir sutka xəstəxanada yatdıqdan sonra evə buraxılmışdır. Növbəti günlərdə vaxt olduqca Almas xanımın evinə gedərək baş çəkmiş, nəyə ehtiyacı olduğunu soruşmuşdur. Hadisədən sonra Almas xanımın sağ qolu gipslə sarınmış, evində olarkən bədəninin müxtəlif nahiyələrinin, bu zaman sol bud, sol bazu nahiyələrinin və sağ qolunun göyərdiyini gözləri ilə görmüşdür. Söhbət zamanı Almas xanım həmin xəsarətlərin Gülümbala tərəfindən yetirildiyini bildirmişdir. İş üzrə Şahid4 məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Abşeron rayon şöbəsinin 14 dekabr 2022ci il tarixli 2858 №-li rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizasına və adına olan tibbi sənəddə qeyd olunanlara əsasən onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ mil sümüyünün tipik yerini qapalı dəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; 07 dekabr 2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, təpik və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 Abşeron rayon şöbəsinin 21 fevral 2023-cü il tarixli T77/2023 nömrəli rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə əsasən belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs sağ mil sümüyünün tipik yerinin qapalı yerdəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 07 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə mil sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Sağ mil sümüyünün sınıq fraqmentasiyalarının xarakteri lokal hədəfli küt zərbə trayektoriyasına uyğunluğu göstərir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən onların ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün olmamışdır. Mübarizə və ya özünü müdafiə xarakterli xəsarətlərin təyini məhkəmə-tibb ekspertlərinin səlahiyyətlərinə aid deyildir. Xəsarətlərin əlçatan nahiyədə olmasına baxmayaraq onların xarakteri və xüsusiyyətləri şəxsin özü- özünə yetirə bilməsini inkar edir. İş materiallarında olan kompleks komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X2” X8 01 fevral 2023-cü il tarixli 230 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun anlaqlı olub-olmaması, Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşüb-düşməməsi barəsində qoyulmuş sual ona şamil edilmir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs psixi inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs ətrafında baş verən hadisələri düzgün anlamaq və qavramaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs psixi inkişafı nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, onun hazırda özünü təqsirli bilməyərək verdiyi ifadəsində real əsaslar müəyyən olunmadığından qeyri-səmimi olmaqla müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, o cümlədən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə iş üzrə ittiham hökmü çıxarılmalı və Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Abşeron rayon İH başçısının 4 saylı MTTİİTS-i tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Dadaşov X1 rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi Niyazi küçəsi ev 4/7 ünvanında həyat yoldaşı-Şahid1, xx.xx.2003-cü il təvəllüdlü oğlu-Şahid3, 30.10.210-cu il təvəllüdlü oğlu- Cümşüd Nağıyevdən ibarət ailə tərkibində yaşayır və həmin ünvanda yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materillarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə qeydiyyatda olduğu və yaşadığı yer üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu ərazisini, saat 23:00-dan saat 06:00-dək isə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə mülki iddianı və təqdim olunan sübutları nəzərdən keçirib müvafiq hüquq normalarına əsaslanıb belə qənaətə gəlir ki, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə kifayət qədər sübutlar təqdim edilmədiyi üçün mülki iddia baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməldir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətilməsind təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini, saat 23:00-dan saat 06:00-dək isə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə, nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-353/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-353/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver