Məhkəmə qərarları › İş №1(012)-353/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-353/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-353/2024 11.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 2002-ci ildə Sabirabad rayonu, Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olan, lakin Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 mart 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,322 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamış, 18 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində küçədə olan zaman Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən, həmin 01 ədəd şəffaf sellofana bükülmüş 0,322 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 18 avqust 2023-cü il tarixdə, Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı şəxsdən 20 manat müqabilində narkotik vasitə alıb Abşeron rayonu, Saray qəsəbəsinə gedən zaman saat 03 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını,ondan narkotik vasitələrin istifadə etməsində şübhələndikləri üçün onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə getməli olduğunu söyləmişlər. Bu səbəbdən o, polis əməkdaşlarının idarə etdiyi avtomaşına əyləşərək Abşeron RPİ-nin Saray PB-nə gəlmiş, bölmədə onun üzərinə baxış və şəxsi-axtarış keçiriləcəyi barədə bildirildikdə o etiraz etməmişdir. Daha sonra xidməti otaqlardan birində dövlət hesabına ayrılmış müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, heroin olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra içərisinə baxış keçirilmiş və haradan və nə vaxt aldığı ondan soruşulmuşdur. O isə həmin kütləni Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı şəxsdən 20 manata aldığını, həmin kütləni şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, heroin olan bükülü zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçisi tərəfindən imzalanaraq qablaşdırılmışdır. O saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Hal-hazırda əməlindən səmimi peşmançılıq çəkir və məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində iş yoldaşı Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin onlardan uzaqlaşması və qeyri-adekvat hərəkətləri onlarda şübhə yaratmış,həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuş və onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq polis bölməsinə gəlmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Gülhüseyn üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli, toz şəkilli narkotik vasitənin heroin olmasını, həmin narkotik vasitə heroini Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında həmin 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Şahid2 ifadəsi ilə eyni məzmunda olan Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilmiş və həmin ifadəyə qarşı təqsirləndirilən şəxs və onun vəkili tərəfindən etiraz daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə kimyəvi ekspertizasının 18 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4433 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,322 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,322 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,272 qramdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Məhkəmənarkoloji ekspertizasının 21 avqust 2023-cü il tarixli, 5366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olnur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş 18 avqust 2023cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 18 avqust 2023-cü il tarixdə saat 04:40-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin təhqiqatçısı, polis kapitanı Elməddin Əsgərovun əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində almışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 0,272 qram narkotik vasitə olan heroini iş üzrə xx.xx.2023-cü il tarixdə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan şübhəli şəxsin tutlması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:25-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatətinin Abşeron rayon prokuroru tərəfindən təmin edilməməsi və onun barəsində müstəntiqə həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması barədə qərar verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin Abşeron rayon Pİ-in MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən Abşeron rayon məhkəməsinə ünvanlandığı məktubdan görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli,axtarış qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-in əməkdaşları tərəfindən tutularaq,xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi- 0,322 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroini əldə edib saxlaması şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-in 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallardan hər hansı biri müəyyən olunmadı. Məhkəmə cəzanın həddi və növü məsələsini müzakirə edib, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəmənin çağırışlarına heç bir üzürlü səbəb olmadan gəlməməsi və barəsində axtarış elan olunmaqla tutularaq məhkəmədə iştirakının təmin olunması kimi halların baş verməsini nəzərə alaraq hesab edir ki, onun şəxsiyyəti çətin islah olunmağa meyilli şəxs kimi qiymətləndirilməli və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür və həmin cəza cinayət qanununun vəzifələri, ədalət prinsipi və cəzanın məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məclləsinin 2-ci, 8-ci və 41-ci maddələrinin tələblərinə cavab verir. Azərbaycan Respublikasının CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı,o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdən, 19 avqust 2023-cü il tarixədək tutulduğu 2 gün, 1 günə 1 gün hesablanmaqla, 2 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən cəza müddətindən çıxılmalı və cəzaçəkmə müddətinin başlanğıcı,tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-in maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.272 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci 65 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdən, 19 avqust 2023-cü il tarixədək tutulduğu 2 gün, 1 günə 1 gün hesablanmaqla, 2 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-in maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.272 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci 65 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar