Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-353/2025 10.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi- Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1982-ci ildə Kürdəmir rayonu, Sor-Sor kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Muradxan ərazi dairsi, Sor-Sor kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-ci məhəllədə yerləşən “Güvən Lahmacun” adlı kafenin arxasında olan “Ana-Bala” adlanan parkda vətəndaşların gur toplaşdığı yerdə tanışı Zərərçəkmiş şəxs onu söyüb təhqir etməsini bəhanə gətirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan hərəkətlər edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına nalayiq ifadələr işlədib ətrafdakı larin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər edib ictimai yerdə insanların gözü qarşısında əl və ayaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya sol gözünün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltıalmacıq nahiyəsinin qançır- şişkinliyi (hematoması), sıyrıqları, sol qulaq seyvanının sıyrıqları, başın ənsə nahiyəsinin şişkinlik fonunda qançırından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurub bu hərəkətlərini 6 dəqiqə davam etdirməklə ərazidə olan şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onun uzaq qohumudur. Natiqlə əvvəllər münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, qohumluqlarının ilk 4-5 ayı olmuşdur ki, Natiq və onun arvadı Şahid1 adlı qadın onun arvadı olan X3 narkotik maddə verib onu narkotikə otuzdurub pullarını xərclətdikdən sonra onun yoldaşını aldadıb Türkiyəyə göndərmək istədiyini, onun yoldaşını əxlaqsızlığa çəkərək ondan pul qazandıqlarını güman edib Natiqlə və Natiqin saxladığı Afətlə sözlü mübahisəsi olmuş və həmin gündən sonra da o, ailəsindən ayrılmışdır. Bundan sonra onun Natiqlə münasibəti kəskin pisləşdiyi üçün o, dəfələrlə Natiqdən şikayət etmiş və bu səbəbdən də Natiq ondan acıqlı qalmışdır. O ki, qaldı Natiqin şikayətində qeyd etdiyi döyülməsi ilə bağlı xüsusatlara əlaqədar bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən axşam vaxtlarında onun arvadı ona zəng edərək bildirmişdir ki, “Natiqin saxladığı Afət ona zəng edib təhqir edir və hədələyir”. O da həmin nömrəyə zəng edəndə Natiq zəngə cavab vermişdir. O, Natiqlə görüşmək istədiyini bildirmişdir. O, Natiqlə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-ci məhəllədə yerləşən “Güvən Lahmacun” adlı kafenin arxasında görüşmüşlər. Həmin vaxt Natiq narkotik maddənin təsiri altında olmuşdur. Natiq onu küçədə söyərək təhqir etmişdirr. O da əsəbləşib yumruq və ayaqla Natiqi vuraraq Natiqi döymüşdür. Oraya gələn oğlu Turan və tanımadığı şəxslər onları ayırmışlar. Bildirmişdir ki, hadisə baş verən zaman Natiqi təkcə o, vurmuş, Natiqi ondan başqa heç kim vurmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun uzaq qohumudur. Alimlə qohum kimi hadisə baş verən günədək münasibətləri normal olmuşdur, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında uzaq qohumluq əlaqəsi olan Alimin arvadı Aynurə ona zəng vuraraq onunla qeyri rəsmi ər və arvad münasibətlərində olduğu Afətin onu polisə verməsi barədə məlumat vermişdir. O, bu xəbərdən məlumatı olmamasını Aynurəyə bildirmişdir. Təxminən 30 dəqiqə sonra Alim ona zəng vuraraq onun harada olmasını soruşmuş, o, Alimə yerini dedikdə Alim ona nalayiq söyüşlər söyərək bildirmişdir ki, “gözlə orada mən gəlirəm”. O, həmin vaxt Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Köhnə bazarın yaxınlığında tikinti işi ilə məşğul olduğundan öz işinə davam etmişdir. Alim həmin gün təxminən saat 19:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-ci məhəllədə yerləşən “Güvən Lahmacun” adlı kafenin arxasında ona yaxınlaşaraq onu söyüb təhqir edərək əli ilə onun sifət nahiyəsindən ayağı ilə başına vurmuşdur. Bir necə dəqiqə sonra Alimin oğlu Turan oraya gəlib tanımadığı şəxslərlə birlikdə onları ayırmağa başlamışdır. Alimin onu döyərək yetirdiyi xəsarətlərə görə müalicəsi ilə bağlı ona ümumilikdə 450 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. Natiqlə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs və onun arvadı X4 tanıyır, əri Natiqin uzaq qohumudur. Əvvəllər Alim və Aynurla münasibətləri normal olmuş sonradan pozulmuşdur. Alimgilnən münasibətlərinin pozulmasına səbəb Alimin yalandan onlara şər ataraq guya arvadı Aynurun pis yola düşməsini onlarla əlaqələndirməsi olmuşdur. Halbu ki, onların bundan heç bir xəbəri olmamışdır. Alimlə arvadı Aynur boşanmışlar. Alim arvadı Aynur ilə münasibətlərinin pozulmasında onları günahkar bilmişdir. Bununla bağlı onların aralarında mübahisələri olmuş və bununla bağlı müraciətləri əsasında hüquq mühafizə orqanlarında araşdırma aparılmışdır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun mobil telefonuma zəng edərək mənimlə kobud danışmış, o da telefonda Alimin cavanı verib telefonu bağlamışdır. Həmin günü axşamı əri Zərərçəkmiş şəxs evə gələndə Natiqin ağız-burunun əzilmiş vəziyyətdə üst-başının dağılmış vəziyyətdə olduğunu görüb Natiqdən nə baş verdiyi soruşduqda Natiq ona demişdir ki, “Alim Natiqə zəng edib mənim onu söydüyümü, sonra onunla Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Güvən Lahmacun” adlı restoranın arxasında olan ana-bala adlanan parkda görüşdüyünü, sonra isə onu söyərək döymüşdür”. Sonra o, DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Natiqi Abşeron rayonu, Mərkəzi xəstəxanasına aparmış, orada həkimlər Natiqə tibbi yardım göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Anası ilə boşanmış və ayrı evdə yaşayır. Atası Alim onlardan ayrı yaşamasına baxmayaraq münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs tanıyır, onun uzaq qohumudur. Natiqlə əvvəllər münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki, 09 aprel 2024-cü il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, köhnə bazarın yaxınlığında ana-bala parkı kimi tanınan yerdə piyada gedən zaman görmüşdür ki, atası Təqsirləndirilən şəxs uzaq qohumları Zərərçəkmiş şəxs ilə əlbəyaxa olub dalaşmışlar. Həmin vaxt orada tanımadığı şəxslər də olmuşdur. O, tez onlara yaxınlaşıb atası ilə Natiqi ayırmağa başlamışdır. Həmin vaxt atası yumruqla Natiqin sifətindən, sinəsində və bədənin müxtəlif nahiyələrinə vurmağa davam etmişdir. O, atası ilə Natiqi ayırmış və sonra Natiq oradan ayrılıb getmişdir. Sonra o, atası ilə yaşadığı evə getmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 24027079 nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 708 saylı ekspert rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gözünün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi (hematoması), sıyrıqları, sol qulaq seyvanının sıyriqları, başın ənsə nahiyəsinin şişkinlik fonunda qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə insan baş, bədəninin hissələrinin(əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. -“Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixli hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 62-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Axtarışda olan şəxsin tutuımasına dair” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. -“Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. -Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə istintaqı zamanı X6 göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, X6 törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, X6 əməlindən peşman olmasını, əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. X6 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, X6 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 12..09.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam”qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində qərardan bilavasitə və ya Abşeron Rayon Məhkəməsi və ya həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(012)-353/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-353/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver