Məhkəmə qərarları › İş №1(012)-354/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-354/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-354/2024 01.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Kamil qızının Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə (Videokonfrans əlaqə sistemindən istifadə edilməklə qoşulmuş) xx xxxx 1989-cu il tarixdə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-285/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində istintaqa məlum olmayan şəxsdən 70 manat pul qarşılığında satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahılarına (İ siyahısı) əsasən şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd kibrit qutusunda çəkisi 5,92 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşımış və saxlamış, 02 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində Abşeron rayon polis idarəsinin X10 əməkdaşları tərəfindən Abşeron rayonu Qobu qəsəbəsində, Ç.Mustafayev küçəsində “Yurd” marketin yaxınlığında saxlanılmaqla, Abşeron rayon polis idarəsinin X10 inzibati binasına gətirilərək həmin gün saat 21:30-dan 21:45-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulmuş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, bədənində ağrılar olduğu üçün təxminən 3 ildən artıq olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində adını xatırlamadığı bir küçədə tanımadığı bir şəxsdən 70 manat müqabilində bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana alaraq ondan istifadə etməsi üçün əynində olan cins şalvarının cibininə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Ç.Mustafayev küçəsində, “Yurd” marketin yaxınlığında dayanıb siqaret çəkən zaman onun cibində bir neçə saat bundan öncə Abşeron rayonu,Qobu qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığı narkotik vasitə qurudulmuş marixuana da olmuşdur. Bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirərək, onun narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək, Qobu PB-nə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə X11 getmiş və orada ona təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bölmənin xidməti otaqlarının birində ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etdikdə, o, könüllü olaraq əynində olan şalvarının cibindən içərisində narkotik vasitə olan bir ədəd kibrit qutusunda olan bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi kibrit qutusuna orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, o, kibrit qutusunda olan narkotik vasitənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində adını xatırlamadığı küçədə dayanacaqda olarkən tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən özü istifadə etmək üçün 70 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Himayəsində 03 azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxsin özünün olmasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, o, X9 əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 sentyabr 2023-cü il tarixdə məxfi mənbədən ona Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən küçəsində yaşayan və hal-hazırda Abşeron rayonu, Qobu qəsəbəsində olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində hal hazırda qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana olması barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması üçün bölmənin rəisinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsindən ötrü onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmişdir. X10 sahənin polis nəfəri polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və birgə Abşeron rayonu, Qobu qəsəbəsi, Ç.Mustafayev küçəsində, “Yurd Markefin yaxınlığında təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs onların tərəfindən müəyyən edilmişdir. Ona yaxınlaşaraq özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və hal hazırda üzərində qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana olmasında şübhəli olduğunu bildirib, onu Qobu PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməyərək onlarla Polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs ilə bağlı təhqiqatçı Kənan Əmirli tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibində 1 ədəd kibrit qutusunu təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində, dayanacaqda tanımadığı şəxsdən öz istifadəsi üçün 70 manata aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində tünd yaşıl rəngli bitki mənşəli kütlə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə olmuşdur. Həmin maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində də müvafiq əməliyyat tədbirləri keçirilmiş, lakin onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması tərəfindən müəyyən edilməmiş, onun üzərində aşkar edilmiş narkotik vasitə marixuananı özü qəbul etmək üçün əldə etmişdir. Habelə Təqsirləndirilən şəxs üzərinə sadəcə Abşeron RPİ-də müdafiəçini iştirakı ilə baxış keçirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılarkən habelə X11 gətirilərəkən heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dəvət edilərək, dindirilmiş Abşeron rayon polis İdarəsinin X10 sahənin polis nəfəri, polis serjantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 02 sentyabr 2023-cü il tarixdə, saat 21:20 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1244 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,92 qram, olan bitki mənşəli kütlə, tərkibində çətənə, (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanın təmiz çəkisi - 5,92 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 5,87 qramdır. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir; - “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsi barədə vəsatətin təmin edilməməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Məhəmməd Məmmədovun xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Əşyanın maddi sübut hesab edilməsi” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 5,87 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, Nəbiyev X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 01 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhrum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək qəti olaraq 07 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2021- ci il tarixdə isə Azərbaycan Respublikası Milli Məclisin Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il Qərarı tətbiq edilməklə məhkum təyin edilmiş cəzadan azad edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 6817 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşağı vardır. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda içərisində tünd yaşıl rəngli, bitki mənşəli çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan bükümü təqdim edərək, həmin narkotik vasitənin qurudulmuş marixuana olmasını, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsdən 70 manata aldığını və istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak üçün yuxarı miqdarı 5,0 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü hissəsinin müddəalarına müvafiq olaraq onun cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, himayəsində azyaşlı üç uşağının olmasını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-285/2024 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6817 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmənarkoloji ekspertizasının rəyini tədqiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalı, məcburi müalicənin təyin edilməsi üçün əsaslar müəyyən edildikdə və müalicəyə qarşı əks göstərişlər olmadıqda müddətini göstərmədən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirini təyin edir (21-ci bənd). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin edilə bilməz. Lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 5,87 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Kamil qızına 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 2 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00dək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-285/2024 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlancına təhvi verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 5,87 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 70 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Kamil qızına məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar