Məhkəmə qərarları › İş №1(012)-355/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-355/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-355/2022 21.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, İsmayıllı rayonu, Aşıqbayramlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Maştağa qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 17 radələrində qardaşı Zərərçəkmiş şəxs Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin plastik materialdan olan pəncərəsini sıxıb açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, qonaq otağından bir ədəd 600 manat dəyərində “Sony” markalı, 40 VVE663 model, 2017/06 tarixdə istehsal edilmiş televizoru, evdəki şkafdan bir ədəd 70 manat dəyərində və bir ədəd 35 manat dəyərində olan qış gödəkçələrini, həyat yoldaşına aldığı bir ədəd 100 manat dəyərində olan qadın qış gödəkçəsini, bir ədəd 38 manat dəyərində olan kişi ayaqqabısını və bir ədəd 2 manat dəyərində olan CD formatlı toy diskini gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 845 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bu hərəkətləri ilə vət. Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan qardaşı Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə evdə olmadıqlarını, İsmayıllı rayonunda olduqlarını bildiyi üçün onun evindən oğurluq etmək qərarına gəlmişdir. Ona görə də həmin gün saat 17 radələrində Aslanın yaşadığı evin qarşısına getmiş, sonra evin arxa tərəf hasarı alçaq olduğu üçün oradan həyətə daxil olmuş, bundan sonra evin qarşı tərəfindəki pəncərəni açmaq üçün pəncərənin qarşısına tökülmüş qumun üstünə çıxıb pəncərəni itələyib açmış, daha sonra da pəncərədən evə daxil olub qonaq otağından 1 ədəd “Sony” markalı televizoru, 1 ədəd ağ rəngli qadın idman ayaqqabısını, 1 ədəd toy diskini oğurlayıb evdən çıxmış, sonra isə həmin əşyaları küçməyə çıxarıb bir qədər qarşıya gedib tanımadığı bir taksi ilə kirayədə yaşadığı evə aparmışdır. Lakin həmin əşyaları bir neçə gün kirayədə yaşadığı evdə saxlasa da, sonradan Aslanın evindən oğurladığı həmin televizoru Sumqayıt şəhərində yaşayan rəfiqəsi Elnarəyə hədiyyə göndərmək qərarına gəlmiş, ona görə də həmin əşyaları tanımadığı bir taksiyə qoyub Elnarənin ünvanını sürücüyə başa salıb göndərmişdir. Əlavə olaraq göstərmişdir ki, etdiyi əməlini səmimi olaraq etiraf edir, ona heç kim bununla əlaqədar təzyiq göstərməmiş, oğurluq hadisəsini tək törətmiş, Aslanın evindən 1 ədəd televizoru, 1ədəd qadın ayaqqabısını və 1 ədəd toy diskini oğurladığını etraf edir, həmin ayaqqabı onun özünə məxsus olmuş, lakin Aslan gildə qaldığına görə onu da götürmüşdür. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, xx.xx.2019cu il tarixdə saat 08:00 radələrində İsmayıllı rayonunda yaşayan anası Qızılgül Ağayevanın səhhəti ilə əlaqədar ailəsi ilə birlikdə yaşadığı evdən çıxaraq qapıları bağlayıb İsmayıllı rayonuna getmişdir. xx.xx.2019-cu il tarixdə saat 15:00 radələrində evə qayıdan zaman həyətin darvazasının açıq vəziyyətdə olduğunu, həyətə daxil olduqda isə evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Həmçinin evə daxil olaraq otaqlara nəzər yetirdikdə qonaq otağındakı 1 ədəd 1438 manat dəyərində olan “Sony” markalı televizorun, qonaq otağındakı şkafdan 1 ədəd 70 manat və 1 ədəd 35 manat dəyərində olan qış gödəkçələrinin, 1 ədəd 38 manat dəyərində olan ayaqqabının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüş, ona görə də həmin vaxt DİN-in “102” xidməti zəng mərkəzinə yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və müstəntiq gəlmiş, hadisə yeri müayinə edilmiş, bundan 2 gün sonra həyat yoldaşı X4 rayondan qayıdaraq evə baxdıqda sadaladığı əşyalarla yanaşı qonaq otağındakı şkafdan həyat yoldaşına aldığı 1 ədəd 100 manat dəyərində olan qış gödəkçəsinin və 1 ədəd ağ rəngli 20 manat dəyərində olan qadın idman ayaqqabısının da oğurlanmış olduğunu bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisədən təxminən 20 gün əvvəl istifadəsində olan ***-***-**-** nomrəli mobil telefonunun “Vhatsapp” xidmətinə tanımadığı ***-***-**-** nömrəsindən SMS gəlmiş və həmin şəxs ona tanış olmağı təklif etmişdir. O, həmin şəxsə ailəli olduğunu bildirib tanış olmağa ehtiyac olmadığını söyləmişdir. Həmin şəxsə bu sözləri yazsa da ona SMS yazmağı davam etmiş, təxminən 3-4 gündən sonra ona yenidən SMS yazaraq ailəsinin ona xəyanət etdiyini söyləmiş, sonra ondan dediyi sözü sübut etməyi tələb etdikdə onu Bakı şəhərinə 20 yanvar dairəsinə çağırmış ki. sübut etsin. O, deyilən yerə 2 dəfə getsə də həmin şəxs onu aldadaraq görüşəcəyi yerə gəlməmiş, ona polisə şikayət edəcəyimi bildirdikdə isə heç kimdən qorxmadığını deyib sözünün üstündə durduğunu söyləmişdir. Təxminən 2-3 gün həmin şəxslə aralarında heç bir danışıq olmamış, evində baş vermiş oğurluq hadisəsindən 1 gün sonra mobil nömrəsinə həmin ***-***-**-** nömrəsindən yenidən SMS gəlmiş və həmin şəxs evindən oğurluq olub-olmamasını soruşmuş, o, yenidən həmin şəxsdən kim olmağı və evindən oğurluq olmasını hardan bildiyini soruşduqda ona yazaraq bildirmişdir ki, ailə üzvlərinin hamısını tanıyır və televizoru da hal hazırda Sumqayıt şəhərində 41-ci məhəllə, 41-ci yataqxana, A-7 ünvanında ***-***-**-** nömrəsinin sahibində olduğunu yazmışdır. Bundan başqa evindən toy diskinin də oğurlanıb-oğurlanmadığını soruşanda toyu olmadığı üçün diskinin də olmadığını demiş, ona cavab yazaraq bildirmişdir ki, yəqin uşağın toy diski oğurlanmışdır. Həmin şəxsin bu sözündən sonra evdə uşağın kiçik toy məclisinə aid toy diskini qoyduğu yerə baxsa da tapa bilməmiş və həmin diskin həqiqətən də oğurlanmış olduğu ona məlum olmuş, həmin şəxs xx.xx.2019-cu il tarixdə SMS vasitəsilə ***-***-**-** nömrəsini ona göndərib sahibinin Elnarə adlı şəxs olduğunu və bu adamın da hadisədən məlumatlı olduğunu bildirmiş, o, ***-***-**-** nömrəsinə “Vatsapp” vasitəsilə sms yazaraq adının Elnarə olub olmadığını soruşduqda həmin şəxs adının Elnarə olmadığını yazmış, həmçinin o, əşyalarının onda olduğunu və geri qaytarmasını bildirdikdə həmin şəxs cavab yazaraq adının Aslan olub-olmadığını soruşmuş və bildirmişdir ki, “sən qızılları qaytar, mən də əşyalarım”. Ona görə də hadisənin ona SMS yazan şəxs tərəfindən, həmçinin “vatsapp” vasitəsilə ona göndərdiyi mobil nömrələrin sahibləri tərəfindən törənməsini, yaxud da həmin şəxslərin bu işdən məlumatlı olmalarını ehtimal edir. Bildirmişdir ki, oğurluq nəticəsində ona ümumilikdə 1703 AZN maddi ziyan dəymiş, belə ki, yaşadığı evdə qonaq otağından 1 ədəd 1438 manat dəyərində olan “Sony” markalı televizor, qonaq otağındakı şkafdan 1 ədəd 70 manat və 1 ədəd 35 manat dəyərində olan qış gödəkçələri, 1 ədəd 38 manat dəyərində olan kişi ayaqqabısı, həyat yoldaşı Samirə Nəsibovaya aldığı 100 manat dəyərində olan 1 ədəd qış gödəkçəsi, 1 ədəd 20 manat dəyərində olan qadın idman ayaqqabısı və 1 ədəd 2 manat dəyərində olan CD diski naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir ki, o, ilk anda oğurluğun Zərnişan tərəfindən törədildiyini bilmədiyi üçün və qadın idman ayaqqabısını da Zərnişana özü aldığına görə həmin əşyaları ümumilikdə göstərmişdir. Lakin hazırda bildirir ki, Zərnişan onun evindən oğurladığı yuxarıda qeyd etdiyi əşyaların arasında olmuş bir ədəd ayaqqabını həqiqətən o, Zərnişana almışdır və ayaqqabı həqiqətən onun özünə məxsus olmuşdur. Bir daha bildirir ki, hadisə baş verdiyi ilk anlarda oğurluğun Zərnişan tərəfindən törədildiyini bilmədiyi üçün bütün əmlaklarla yanaşı ayaqqabının da özünə məxsus olduğunu bildirmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 elan olunmuş ifadəsindən ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin yay aylarından tanıyır. Belə ki, həmin vaxt Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində Könül adlı şəxsin evinin həyətində olan kirayə verdiyi evlərin birində 1 ay müddətinə kirayədə yaşamış, həmin vaxt Könülün həyətində olan evlərin birində Zərnişan da tək kirayədə yaşadığı üçün bir-birlərini orada tanımış, onun Zərnişanla təxminən 5 ay olar ki, heç bir əlaqəsi yoxdur. Belə ki, Zərnişanla Könül adlı şəxsin evindən çıxaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində birlikdə 1 ay müddətinə kirayədə yaşamış, lakin sonradan o, işləmədiyinə və evin kirə puluna köməklik etmədiyinə görə kirayədə yaşadığı həmin evdən çıxıb getmiş, sonra onun Zərnişanla heç bir əlaqəsi olmamışdır. Zərnişanla Qaraçuxur qəsəbəsində kirayədə yaşadığı zaman sonuncu şəxsiyyət vəsiqəsinin rayonda olduğunu deyərək ondan xahiş etmişdir ki, onun şəxsiyyət vəsiqəsi ilə ona mobil nömrə alınsın, ona görə də həmin mobil nömrəni onun şəxsiyyət vəsiqəsi ilə almış və onun adına alınmış ***-***-**-** saylı GSM mobil nömrə Zərnişanın istifadəsində olmuşdur. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, 2018-ci ilin iyun ayında Tacikistan Respublikasının Düşənbə şəhərində yaşayan bacısı Mənsumə Abdullayeva onunla telefon əlaqəsi saxlayaraq Düşənbə şəhərində yaşadığı evin qonşuluğunda yaşayan əslən azərbaycanli olan Knyaz adlı şəxsin vəfat etdiyini bildirmiş və ona bir neçə mobil nömrə verərək xahiş etmişdir ki, həmin şəxsin qohum-əqrabalarına məlumat versin. Sonra bacısının ona verdiyi mobil nömrələrin biri ilə əlaqə saxlayıb bu haqda məlumat vermişdir. Həmçinin bacısı Mənsumənin mobil nömrəsini həmin şəxslərə verərək bu nömrə ilə əlaqə saxlamalarını demiş, bir müddət sonra bacısı ilə əlaqə saxlayan zaman sonuncu ona bildirmişdir ki, qonşuluğunda vəfat edən həmin Knyaz adlı şəxsin Azərbaycanda yaşayan qızı Zərnişan adlı şəxs onunla mütəmadi əlaqə saxlayır və aralarında telefon vasitəsilə dostluq münasibətləri yaranmışdır. Belə ki, Zərnişan atasının dəfnində bacısının köməklik göstərməsinə görə təşəkkürünü bildirmiş və bununla da aralarında münasibət yaranmışdır. Bu səbəbdən də onun da bir neçə dəfə telefon vasitəsilə həmin Zərnişan adlı qadınla danışıqları olmuşdur. 2019-cu ilin sentyabr ayında bacısı Mənsumə onunla telefon əlaqəsi saxlayaraq ondan xahiş etmişdir ki, Zərnişanı qonaq qismində qarşılasın. xx.xx.2019-cu il tarixdə Zərnişan Sumqayıt şəhərinə yaşadığı evə qonaq gəlmiş, söhbət əsnasında anasının və qardaşının, həmçinin uşağının vəfat etdiklərini bildirmişdir. Özünə qapandığına görə bir neçə gün onunla qalmaq istədiyini söyləmişdir. Zərnişan bir neçə gün onunla qaldıqdan sonra qızıl-zinyət əşyası evindən itmiş, həmin əşyanın evindən yoxa çıxmasında Zərnişandan şübhələnsə də, əlində dəqiq sübutu olmamışdır. Bundan sonra Zərnişanla arasında münasibətləri pisləşmiş və sonuncu onun evindən çıxıb getdikdən sonra mobil əlaqəsini dəyişmişdir. Buna baxmayaraq Zərnişan iş yoldaşına, qonşusuna və qohumlarına məxsus ***-***-**-**. ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələri ilə SMS yazaraq xahiş onunla əlaqə saxlamasını xahiş etmiş, buna baxmayaraq o, Zərnişanla əlaqə saxlamamışdır. Zərnişan 2019-cu ilin noyabr ayının 23-də onunla ***-***-**-** nömrəsinin vatçapı ilə danışaraq oğlu Bəxtiyara hədiyyə göndərmək istədiyini demiş, o, hədiyyə istəmədiyini söyləyəndə ona təkidlə bildirmişdir ki, qardaşının evində televizor sındığına görə qardaşı yeni 2 ədəd televizor almışdır. Yeni aldığı ekranı 102 ölçülü həmin televizorlardan birini oğlu Bəxtiyara hədiyyə vermək istəyir. xx.xx.2019-cu il tarixdə saat 19:02-də Zərnişan ***-***-**-** nömrəsi ilə onun ***-***-**-** nomrəli telefonuna sms göndərərək yaşadığı yataqxananın 1ci mərtəbəsinə əşyalar qoyduğunu və həmin əşyaları götürməsini bildirmiş, həmçinin ona tez-tez sms yazaraq əşyaları götürüb-götürmədiyini soruşmuşdur. Lakin o, aşağı mərtəbəyə düşməmiş, ertəsi günü səhər saat 07:30 radələrində oğlu Bəxtiyarı məktəbə yola salarkən həqiqətən də 1-ci mərtəbədə girişdə televizor və ağ sellofon torba olduğunu görmüş, belə olduqda həmin əşyaların başqa şəxs tərəfindən götürülməməsi üçün yataqxananın aşağı mərtəbəsində olan boş otağa qoymuşdur. xx.xx.2019-cu il tarixdə tanımadığım ***-***-**-** nömrəsindən vatçap vasitəsilə mənim mobil nömrəsinə sms gəlmiş və adını deməyən şəxs onda əşyalarının olduğunu söyləmiş, o, əvvəlcə elə zənn etmişdir ki, Zərnişandı yazan, ona görə də cavab yazaraq bildirdir ki, “mənim də səndə əşyalarım var”. Cavab olaraq yazmışdır ki, “sən əşyaları qaytar mən də əşyalarınızı qaytarım”. Lakin daha sonra həmin şəxsin Zərnişan olmadığı, Zərnişanın qardaşı olduğu və əşyaların da sonuncunun evindən oğurlanmış əşyalar olduğu məlum olmuşdur. Əlavə olaraq göstərmişdir ki, Zərnişan onun oğlu Bəxtiyarı çox istədiyinə görə və ona çox yaxşılıqlar etdiyinə görə Zərnişan onlara yeni il hədiyyəsi göndərmək istədiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhələr olduğundan xx.xx.2020-ci il tarixdə onun barəsində şübhəli şəxs qismində axtarış elan edilərək tutulması haqqında qərar qəbul edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyindən həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaq davam etdirilmişdir. Toplanmış sübutlar əsasında xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin Abşeron rayon prokurorunun xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan seçilməsi göstərilmiş, odur ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxlandığı Abşeron rayon Pİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi və onunla bir sıra istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün qeydiyyatda olduğu ünvana məktub göndərilərək və istifadəsində olan mobil telefona dəfələrlə zəng olunaraq Abşeron RPİ-nin istintaq şöbəsinə dəvət edilməsinə baxmayaraq o, çağrışlara məhəl qoymayıb üzrlü səbəb olmadan istintaq şöbəsinə gəlmədiyinə və çağrışlardan yayındığına görə xx.xx.2020-ci il tarixdə barəsində axtarış elan olunmuş və həmin tarixdə ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Ağayeva X3 RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyindən cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altanı vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan protokoldan görünür ki, X2 təqdim etdiyi bir ədəd “Sony” markalı televizor və toy çəkilişinin köçürüldüyü bir ədəd CD diski götürülmüşdür. Azərbaycan Respublikası MEM-dən alınmış xx.xx.2019-cu il tarixli, 30030 nömrəli rəylə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd qara rəngli Malaziyada istehsal edilmiş, “Sony” markalı, 40 VE663 model, 2017/06 tarixdə istehsal edilmiş, istifadədə olmuş, normal vəziyyətdə olan televizorun 2019-cu ilin noyabr ayına orta bazar qiyməti təxminən 600 manat müəyyən olunur. 1 ədəd istifadədə olmuş (toy çəkilişi olan) disk (satışı nəzərdə tutulmadığından) qiymətsiz müəyyən edilir. Cinayət işi üzrə bir ədəd qara rəngli Malaziyada istehsal edilmiş, “Sony” markalı, 40 VE663 model, 2017/06 tarixdə istehsal edilmiş, istifadədə olmuş, normal vəziyyətdə olan televizor və bir ədəd istifadədə olmuş toy çəkilişi olan disk maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində qardaşı Zərərçəkmiş şəxs evindən sonuncuya məxsus 02 ədəd qış gödəkçələrini və bir ədəd kişi ayaqqabısını, həmçinin Zərərçəkmiş şəxs həyat yoldaşı Samirə Nəsibovaya məxsus qış gödəkçəsini oğurlamaması barədə göstərdiyi xüsusat istintaq zamanı sübuta yetmədiyindən, əsassız və özünü müdafiə xarakterli olduğundan rədd edilmişdir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ekol klinikasından təqdim olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 6 həftə 1 günlük hamilədir. İş materiallarında olan Bakı şəhər Xəzər İHB-tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayonu, Maştağa qəsəbəsində fərdi evdə yaşayır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3 -cü ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini , hamilə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Sadıqov Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixlərdə şübhəli şəxs qismində 02 gün nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli Malaziyada istehsal edilmiş, “Sony” markalı, 40 VE663 model, 2017/06 tarixdə istehsal edilmiş, istifadədə olmuş, normal vəziyyətdə olan televizor və bir ədəd istifadədə olmuş toy çəkilişi olan diskin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 gün müddət hazırki hökmdə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli Malaziyada istehsal edilmiş, “Sony” markalı, 40 VE663 model, 2017/06 tarixdə istehsal edilmiş, istifadədə olmuş, normal vəziyyətdə olan televizor və bir ədəd istifadədə olmuş toy çəkilişi olan diskin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar