Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-355/2023 04.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Cəlilabad şəhəri, Vaqif küçəsi ev 17-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, 2ci mikrorayon, Cavadxan küçəsi, ev 58, mənzil 56da kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 04 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Toyota Prius” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Təzə bazar” istiqamətindən “Heydər Əliyev” Parkı istiqamətinə hərəkətdə olarkən həmin küçədə yerləşən “Bizim” marketin qarşısında, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin, 33-cü maddəsinin 4-cü hissəsinin, 64-cü maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidi ilə piyadanın yolu keçməsini nəzərə alaraq sürətini lazım olan həddə qədər azaltmalı, keçidə yaxınlaşarkən nizamlanmayan piyada keçidi ilə yolu keçən piyadaya yol verməli, piyadanın nizamlanmayan piyada keçidi ilə yolu keçməsi üçün təhlükəsiz şərait yaratmalı və hərəkət istiqamətlərini ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli olduğu halda həmin tələblərə əməl etməmiş, avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətlə idarə edərək həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda 1.1 üfiqi nişanlanma xəttini kəsərək əks hərəkət zolağına çıxıb piyada keçidi ilə yolu sağdan sola keçmiş piyada Zərərçəkmiş şəxs Rəfael oğlunu həmin yolun sol kənarında avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ gicgah-təpə nahiyəsinin epidural hematoması, sağ gicgah-təpə-ənsə sümüyünün xətti sınığı, sol dirsək oynağı və sol baldır nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmasa da, avtomobil idarə etməyi bacardığı və maddi vəziyyəti yaxşı olmadığı üçün xx.xx.2022-ci il tarixdə tələbə yoldaşı X1 idarə etdiyi “Toyota Prius” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncudan gündəlik 15 manat ödəmək şərti ilə götürüb həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 25 avqust 2022-ci il tarixdə saat 04 radələrtində idarə etdiyi həmin “Toyota Prius” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Təzə bazar” istiqamətindən üzü Abşeron rayon Məhkəməsi istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olduğu zaman həmin küçədə yerləşən “Bizim” marketin qarşısında yolu sağdan sola 3 nəfər piyadanın keçdiyini görmüşdür. Həmin vaxt avtomobilin əyləcini basıb sürəti azaldaraq sükanı mümkün qədər sola doğru çəkməklə əks istiqamətdən gələn avtomobillərin hərəkət zolağına çıxsa da, məsafə çox yaxın olduğu üçün həmin şəxslərdən birini idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə vurmuşdur. Bu zaman həmin şəxs idarə etdiyi avtomobilin ön alın şüşəsinə çırpılaraq yerə yıxılmış, sonra avtomobili saxlayıb yerə düşərək həmin şəxsə köməklik etməyə başlamışdır. Həmçinin tələbə yoldaşı Eşqin Müseyibova zəng edərək onu hadisə yerinə çağırmış, Bundan sonra isə həmin piyadanı, yəni sonradan adını bildiyi Şahsuvar adlı şəxsi onun yanında olan Mehman və Aysel adlı tanışları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X5 məntəqəsinə aparmışdır. Orada həkimlər Şahsuvarı müayinə etdikdən sonra ona Respublika Klinik Xəstəxanasına getməsini məsləhət görmüşlər. Həmin vaxt Şahsuvarı müayinə etdirmək məqsədilə Respublika Klinik Xəstəxanasına aparmaq istəsə də, sonuncu həmin xəstəxanaya getməkdən imtina edib onu yaşadığı evə aparmağını xahiş etmişdir. Ona görə də Şahsuvarı Xırdalan şəhərində yaşadığı evə aparmış, sonrakı günlərdə də Şahsuvarın müalicəsi üçün maddi köməklik etmişdir. Hadisə baş verən zaman “Toyota Prius” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Həmin şəxslərin yolu əks tərəfə keçdiklərini gördüyü zaman arasındakı məsafə təxminən 5 metr olmuş, ona görə də əyləci basaraq sükanı mümkün qədər sola doğru çəksə də, onlardan birini idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur. Hadisə baş verən zaman idarə etdiyi avtomobildə sərnişin və yük olmamış, hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. Sonda o, əməlindən peşman olduğunu əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Rəfael oğlu ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 04 radələrində mən tanışları Mehman və Aysel adlı şəxslərlə birlikdə yaşadığı evin yaxınlığında, Qalubiyyə küçəsində yerləşən H.Əliyev adına parkdan çıxaraq evə getmək üçün həmin küçədə, yəni Qalubiyyə küçəsində yerləşən “Bizim marketin qarşısında yolu piyada keçidi ilə əks tərəfə keçərək yolun ehtiyat hissəsində olduğu zaman Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Təzə bazar” istiqamətindən üzü “Bizim market” istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı avtomobil əks istiqamətdən gələn avtomobillərin hərəkət zolağına və ehtiyat hissəyə çıxaraq qabaq sol tərəfi ilə onu vurmuşdur. Nəticədə isə o, aldığı zərbə nəticəsində müxtəlif bədən xəsarətləri alaraq yerə yıxılmışdır. Bundan sonra aldığı xəsarətlərə görə çox ağrıdığı üçün təxminən 10 dəqiqə özündə olmamış, sonra isə idarə etdiyi avtomobillə onu vuran sürücü, yəni adını sonradan bildiyi Şamil adlı şəxs və tanışı Mehman onu Xırdalan şəhər X5 məntəqəsinə aparmışlar. O, X5 məntəqəsində olduğu zaman ilkin olaraq yıxıldığını bildirmiş və həkimlər ona ağrıkəsici iynə vurmuşlar. O, bu barədə şikayət etmək istəmədiyi üçün həmin gün bu barədə heç bir yerə məlumat verməmişdir. Ona görə də Şamil və Mehman onu həmin vaxt yaşadığı evə aparmışlar. Həmin gün anası Şahid3 evdə olmamış və anası xx.xx.2022-ci il tarixdə evə gələndən sonra halının pis olduğunu görmüşdür. O anasına hadisəni etiraf edərək avtomobil vurması səbəbindən xəsarət aldığını bildirmişdir. Bundan sonra da anası çağırdığı X5 avtomobili ilə onu Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasının Travmatalogiya şöbəsinə aparmış, həmin xəstəxanada 21 gün qalaraq müalicə almış, sonra isə müalicəsini ev şəraitində davam etdirmişdir. Sonda o, təqsirləndiirlən şəxsin ona maddi və mənəvi cəhətdən dəstək göstərmədiyinə görə şikayətçi olduğunu bildirdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Laçın şəhəri, Nizami küçəsi ev 32-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 10, mənzil 1-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun oğludur. 26 avqust 2022-ci il tarixdə o, yaşadığım evə gələrkən oğlu Şahsuvarın halının özündə olmadığını görmüş və ondan nə baş verməsi barədə maraqlanmışdır. Şahsuvar əvvəlcə yol-nəqliyyat hadisəsi baş verməsi barədə ona məlumat vermək istəməsə də, sonradan ağrıları artdığına görə yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını bildirmişdir. Bundan sonra o, Şahsuvardan həmin hadisə barədə maraqlandıqda ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 04 radələrində Şahsuvar yalnız adlarını bildiyi tanışları Mehman və Aysel adlı şəxslərlə birlikdə yaşadıqları evin yaxınlığında, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən H.Əliyev adına parkdan çıxaraq evə getmək üçün həmin küçədə, yəni Qalubiyyə küçəsində yerləşən “Bizim marketin qarşısında yolu piyada keçidi ilə əks tərəfə keçərək yolun ehtiyat hissəsində olduğu zaman Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Təzə bazar” istiqamətindən üzü “Bizim market” istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı avtomobil əks istiqamətdən gələn avtomobillərin hərəkət zolağına və ehtiyat hissəyə çıxaraq qabaq sol tərəfi ilə onu vurmuşdur. Nəticədə isə oğlu Şahsuvar aldığı zərbə nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Bundan sonra Şahsuvar aldığı xəsarətlərə görə çox ağrıdığı üçün təxminən 10 dəqiqə huşu özündə olmamış, sonra onu vuran sürücü Şahsuvarı idarə etdiyi avtomobilə əyləşdirib Xırdalan şəhər X5 məntəqəsinə aparmışdır. Lakin Şahsuvar əvvəlcə ağrılarını hiss etmədiyi üçün xəsarətinin yüngül olduğunu zənn etmiş, evə gəldikdən sonra isə bədənində və başında kəskin ağrılar olmuşdur. Ona görə də o, Şahsuvarı Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasının Travmatalogiya şöbəsinə aparmışdır. Oğlu Şahsuvar həmin xəstəxanada 21 gün qalaraq müalicə almış, sonra da müalicəsini ev şəraitində davam etdirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. “Toyota Prius” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər ona məxsus olmuşdur. Təxminən 2 il bundan əvvəl isə o, həmin avtomobili Teymur adlı şəxsə 11000 manata etibarnamə əsasında satmışdır.Aldığı məlumata görə Teymur da həmin avtomobili ondan aldıqdan bir müddət sonra həmin avtomobil bir neçə nəfər ayrı-ayrı şəxslərə satılmışdır. Həmçinin sözügedən avtomobilin X2 tərəfindən idarə edilməsi üçün sonuncuya sürmək üçün etibarnamə verilmişdir. Hazırda da həmin avtomobilin harada olması, kim tərəfindən idarə olunması və hansı yol-nəqliyyat hadisəsinin baş verməsindən heç bir məlumatı yoxdur. Çünki həmin avtomobilin hazırda ona heç bir aidiyyəti yoxdur. O, həmin avtomobili təxminən 2 il bundan əvvəl Teymur adlı şəxsə etibarnamə əsasən satarkən ona həmin avtomobili öz adına rəsmləşdirməsini bildirmişdir. Buna baxmayaraq Teymur həmin avtomobili ondan aldıqdan sonra öz adına rəsmləşdirmədiyi üçün avtomobil rəsmi olaraq onun mülkiyyətində görünür. İstintaq zamanı şahid qismində dindirilmiş X1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Göygöl rayonu, Qızılqaya qəsəbə ərazi dairəsi, Qızılqaya qəsəbəsi, ev 12, mənzil 2-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, D.Dünyadzadə küçəsi, ev 5a, mənzil 131-də ailəsi ilə birlikdə yaşayır. Etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Tələbə yoldaşı Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə ona pula ehtiyacı olduğuna görə idarə etdiyi avtomobili müvəqqəti olaraq taksi fəaliyyəti ilə məşğul olması üçün ona verməyi xahiş etmişdir. O da buna etiraz etməmiş və həmin “Toyota Prius” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etməsi üçün Şamilə vermişdir. O, Şamilin sürcülük vəsiqəsi olmadığı üçün avtomobli idarə edən zaman ehtiyatlı olmasını bildirmişdir. Bundan sonra Şamil ondan həmin “Toyota Prius” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb getmişdir. 25 avqust 2022-ci il tarixdə saat 04 radələrində Şamil ona zəng edərək Xırdalan şəhərində müştəri götürmək üçün getdiyi zaman bir nəfər piyadanı vurduğunu bildirmişdir. O, dərhal Şamildən hadisə yerini öyrənib taksi ilə həmin yerə gəlmişdir. Bu zaman ona Şamilin həmin avtomobillə Xırdalan şəhəri, Qalubiyyə küçəsində hərəkətdə olarkən “Bizim Market” mağazasının qarşısında piyada keçidi ilə yolu keçən bir nəfər piyadanı vuraraq ona xəsarət yetirdiyi məlum olmuşdur. O, həmin vaxt Şamil ilə birlikdə xəsarət alan şəxsi, yəni sonradan adını bildiyi Şahsuvar adlı şəxsi Xırdalan şəhərinə poliklinikaya aparmışlar. Orada Şahsuvara ilkin tibbi yardım göstərilmiş və həkimlər Şahsuvara Respublika Kliniki Xəstəxanasına getməsini bildirsələr də, Şahsuvar özünü yaxşı hiss etdiyini bildirib onu evlərinə aparmağı demişdir. Bundan sonra o, Şamil və Şahsuvarın Mehman adlı tanışı ilə birlikdə Şahsuvarı evlərinə aparıb düşürmüşlər. Şahsuvar həmin vaxt şikayətçi olmayacağını, xəsarətinin yüngül olduğunu, sadəcə əzildiyini bildirmişdir. Sonra isə Şahsuvar Şamildən pul istədiyi üçün Şamil ona 30 manat pul vermişdir. X3 tanışı Mehman adlı şəxsə nəsə lazım olsa zəng vurması üçün mobil telefon nömrəsini vermişdir. Hadisə nəticəsində etibarnamə əsasında idarə etdiyi avtomobilin qabaq alın şüşəsi və sol yan güzgüsü qırılmışdır. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2222 saylı rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Rəfael oğlunun bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ gicgah-təpə nahiyəsinin epidural hematoması, sağ gicgah-təpə-ənsə sümüyünün xətti sınığı, sol dirsək oynağı və sol baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 06 yanvar 2023-cü il tarixli 8/3619 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsindən alınaraq cinayət işinə əlavə olunumş xx.xx.2022-ci il tarixli, 016-165684-1222 nömrəli məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, bu peşmançılığını zərərçəkmiş şəxsin hüququ varisinə göstərdiyi mənəvi dəstəkdə bir daha ifadə etmişdir. Məhkəmə zamanı onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhər Probasiya İdarəsinə, Bakı şəhər Nəsimi rayon İcra və şöbəsinə və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhər Probasiya İdarəsinə, Bakı şəhər Nəsimi rayon İcra vəProbasiya şöbəsinə və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-355/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-355/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver