Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-355/2024 24.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi "xxxx" MMC-nin nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 17 mart 1967-ci idə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 iyun 2023-cü il tarixdə saat 03 radələrində Azersun Holding MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “AL” marketə pəncərənin dəmir barmaqlıqlarını qıraraq pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin marketdə yerləşən Modenis MMC-yə məxsus "xxxx" ödəmə terminaldan 1538 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Modenis MMC-yə 1538 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və müharibə veteranıdır. Gündəlik qazanc əldə etmək üçün günlük 25 manata Xəzər markalı 99- PB-874 dövlət qeydiyyat nişanlı avtomobili arendaya götürüb taksi fəaliyyəti ilə məşğul olur. Günlük yanacaq xərci və arenda pulu çıxmaq şərti ilə 25-30 manat qazancı olur. Anası yeni dünyasını dəyişmiş, maddi vəziyyəti yaxşı olmadığı üçün nisyə anasına baş daşı düzəltdirmişdir. Baş daşının pulundan 2000 manat borcu qalmışdır. Baş daşının pulunu düzəltmək və pulunu yığıb baş daşının borcunu qaytarmaq üçün kirayə ev də tutmamışdır. Elə ona görə də arendaya götürdüyü avtomobildə gecələyirmiş. 18 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixdə keçən gecə saat 02 radələrində o, 3-4 ədəd spirt tərkibli Go enerji içkisi alıb elə arendaya götürdüyü avtomobildə içmişdir. Həmin içkiləri içəndən sonra artıq sərxoş olmuş və baş daşının borcunu düşünmüşdür. Həmin vaxt ağlına hansısa mağazadan oğurluq etmək ağlına gəlmişdir. Elə bu məqsədlə Xəzər markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan şəhərində ara küçələrlə gəzməyə başlamış və 27-ci məhəllədə yerləşən Al market qarşısına çıxmışdır. Həmin vaxt o, marketə girib oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə avtomobildə olan mantirovkanı götürüb marketin arxa tərəfinə keçmişdir. Saat təxminən 03 radələrində mağazanın dəmir barmaqlıqla əhatə olunan pəncərəsini əlində olan mantirovka ilə qırıb plastik pəncərəni də açıb mağazaya daxil olmuşdur. Mağazaya girəndən sonra içəridə eManat ödəmə terminalını görmüş və ödəmə terminalında olan pulları oğurlamağa qərar vermişdir. Terminalın yerləşdiyi yer dar olduğu üçün terminalı sürüyüb mağazanın arxa tərəfində olan otağa aparmışdır. Orada əlində olan mantirovka ilə terminalın pul saxlanılan yerinin qapısını açmış, terminalda olan pulları götürmüşdür. Terminalda təxminən 1500-1600 manat pul olmuşdur. Pulları götürdükdən sonra isə mağazaya girdiyi pəncərədən də çölə çıxmışdır. Oradan da avtomobilə minib hadisə yerindən uzaqlaşmışdır. Oğurluqda istifadə etdiyi mantirovkanı da yolda olarkən tanımadığı yerə atmışdır. Gecəni yenə də avtomobildə yatıb gecələmişdir. Səhəri gün hava işıqlanandan sonra isə oğurladığı puldan 1500 manatını baş daşına görə borclu olduğu şəxsə göndərmişdir. Həmin günü bir neçə saat sonra Abşeron rayon polis idarəsinin əməkdaşları onu polis idarəsinə dəvət etmiş və o, törətdiyi oğurluğu etiraf etmişdir. Həmin oğurluq əməlini o, tək törətmişdir. O, oğurluq edən zaman da onu heç kim görməmişdir. Həmin oğurluqdan başqa da əlavə heç bir oğurluq etməmişdir. Etdiyi əməldən də çox peşmandır. Həmin oğurluq hadisəsini tək eləmişdir. Ona heç kim kömək etməmişdir. Qeyd edilən cinayət əməlindən başqa o, ayrı oğurluq etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən "xxxx" MMC-nin nümayəndəsi Şahid1 bildirdi ki, o, 2021-ci ilin fevral ayından Modenis MMC şirkətinin təhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsində işləyir. 19 iyun 2023-cü il tarixdə o, işə gələn zaman müştəri xidmətləri ona 18 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixə keçən gecə Modenis MMC- nin Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Al” marketdə quraşdırdığı "xxxx" ödəmə terminalından oğurluq olmasını bildirmişdir. Bundan sonra, şirkət tərəfindən araşdırılma aparılmış və məlum olmuşdur ki, baş vermiş oğurluq hadisəsi nəticəsində naməlum şəxs ’’eManat” ödəmə terminalının qabaq hissəsini sındırın terminalın pul olan hissəsini açaraq içərisindən 1538 manat pul oğurlamışlar. Bundan başqa, həmin terminalın sındırılıb yarasız hala düşməsi nəticəsində Modenis MMC-yə maddi ziyan dəymişdir. Oğurluq hadisəsi 18 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək olan müddət ərzində baş vermişdir. Həmin oğurluq hadisəsi ilə bağlı onun şübhələndiyi şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, o, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci Məhəllədə yerləşən AL marketin 3239 saylı filialında mağaza müdiri vəzifəsində işləyir. Həmin vəzifədə təxminən 3 il olar ki, işləyir. İş fəaliyyəti mağazanı ümumi idarə etmək, həm də mağazaya cavabdehlik daşımaqdır. Mağaza hər gün saat 08 radələrində açılır, axşam saat 22 radələrində isə bağlanır. 18 iyun 2023-cü il tarixdə həmişəki kimi axşam saat 22 radələrində mağazanı bağlayıb çıxıb getmişlər. Mağazanı bağlamazdan əvvəl də kassada olan bütün pulları eManat vasitəsi ilə "xxxx" MMC-nin bank hesabına göndərmişlər. Hər axşam marketi bağlamazdan əvvəl günlük qazancı eManat vasitəsi ilə Al Market MMC-nin bank hesabına göndərdiklərindən hər axşam kassada pul olmur. Həmin günün səhəri, yəni ki, 19 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində işə gələn zaman mağazada yerləşən eManat ödəmə terminalının yerində olmadığını müəyyən etmişdir. Mağazanı gəzdikdə terminalı marketin depo otağında aşkar etmişdir. Terminalın qapısı sındırılmış vəziyyətdə olmuş və kassasından pul olmamışdır. O, gecə saatlarında marketə oğru girdiyini başa düşmüş və marketi gəzib marketdən oğurluq olub-olmamasını yoxlamışdır. Terminaldan oğurluq olsa da, marketdən heç nə oğurlanmamışdır. O, marketin arxa tərəfində olan pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş və oğrunun marketə həmin pəncərədən girdiyini müəyyən etmişdir. Oğurluq olduğunu yəqin etdikdən sonra o, 102-yə zəng edib bu barədə məlumat vermişdir. "xxxx" MMC istintaq zamanı mülki iddia ərizəsi ilə müraciət edərək, cinayət mühakimə icraatı qaydasında "xxxx" MMC-yə vurulmuş maddi ziynın əvəzinin tam ödənilməsini təmin edərək, cavabdeh Təqsirləndirilən şəxs 2003 (iki min üç) manat məbləğin tutulmasının təmin edilməsini xahiş etmişdir.İddia ərizəsi üzrə dövlət rüsumu ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə edilməmiş və məhkəmədə də belə bir qəbz təqdim edilməmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 iyun 2023-cü il tarixdə saat 03 radələrində Azersun Holding MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “AL” marketə pəncərənin dəmir barmaqlıqlarını qıraraq pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin marketdə yerləşən Modenis MMC-yə məxsus "xxxx" ödəmə terminaldan 1538 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Modenis MMC-yə 1538 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsii özünün qismən etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini,o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşdə olan Müharibə veteranları ictimai Birliyinin 65669 saylı üzvlük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarda iştirak etmişdir. Məhkəmə prosesində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarda iştirak etməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edildi. Məhkəmə prosesində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları,vurulmuş ziyanın ödədnilməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)- 459/2023 saylı qərarına əsasən onun barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.Məhkəmə tərəfindən həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və ev dustaqlığında olduğu müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin nümayəndəsi ibtidai istintaqı zamanı təqdim etdiyi mülki iddia üzrə dövlət rüsumu ödənilməmişdir.Məhkəmə prosesində dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə mülki iddia tələbini əsaslandıran müvafiq sənədləri təqdim etməmişdir. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs "xxxx" MMC-yə cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında pul tələbinə dair tələb hüquqları izah edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, müsadirə olunması təklif edilən alət və ya vasitə yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Hökmün icrası Abşeron polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs "xxxx" MMC-yə cinayət nəticəsində dəymiş ziyanı mülki iddia icraatı qaydasında tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-355/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-355/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver