Məhkəmə qərarları › İş №1(012)-356/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-356/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-356/2025 24.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkill Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus, Abşeron rayonu, Masazır qəsəbəsi, şəhid Faiq Həsənov küçəsində yerləşən, yaşayış olmayan nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, sonra isə evin zirzəmisinin kilidlə bağlı olmayan qapısını açmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan bir ədəd 900 manat dəyərində olan “Lotus” markalı kombi istilik sistemi aparatını və bir ədəd 120 manat dəyərində olan su qızdırıcısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1020 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda anası ilə birlikdə yaşayır. Subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirir ki, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində yaşadığı evin qonşuluğunda yerləşən evin yeni alındığını, lakin həmin evdə heç kim yaşamadığını bildiyi üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, əvvəlcə yaxın ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra əvvəlcə evin hasarından həyətə daxil olmuş, bundan sonra da evin kilidlə bağlı olmayan zirzəmisinin qapısını çəkib açaraq içəri daxil olmuşdur. Bundan sonra o, həmin zirzəmidə divarda quraşdırılmış bir ədəd kombi istilik sistemini və bir ədəd su qızdırıcısını divardan sökərək oğurlamışdır. Sonra isə həmin əşyaları bir-bir aparıb yaşadığı evin zirzəmisində gizlətmişdir. Ertəsi gün günorta saatlarında da o, həmin kombi istilik sistemini və su qızdırıcısını Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən obyektdə məişət texnikalarının təmiri və alqı-satqısı ilə məşğul olan Cavid adlı şəxsə ümumilikdə 50 manata sataraq öz ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi həmin cinayət əməlini səmimi olaraq etiraf edir. Bildirir ki, o, həmin oğurluq hadisəsini tək törətmişdir və bu barədə heç kimə bir söz deməmişdir. Həmçinin o, həmin əşyaların özünə məxsus olduğunu, sadəcə olaraq yenisi ilə əvəzlədikləri üçün satdığını deyib inandırdığına görə Cavid adlı şəxsin qeyd olunan məişət əşyalarını oğurluq yolla əldə etməyindən məlumatı olmamışdır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 3 ay olar ki, Abşeron rayonu, Masazır qəsəbəsi, şəhid Faiq Həsənov küçəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evi almışdır. O, hazırda həmin evində yaşamasa da mütəmadi olaraq həmin evə gəlib nəzarət edir. Həmçinin Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yaşayan kürəkəni Şahid1 da mütəmadi olaraq həmin evə nəzarət edirdi. xx.xx.2024-cü il tarixdə kürəkəni Afiq ona zəng edərək xx.xx.2024- cü il tarixdə həmin evə gedib baxan zaman hər şeyin qaydasında olduğunu, hazırda isə həmin evə gedib baxan zaman naməlum şəxs və ya şəxslərin evin zirzəmisinin qapısını açıb içəri daxil olaraq zirzəmidə divarda quraşdırılmış bir ədəd kombi istilik sistemini və bir ədəd su qızdırıcısını oğurladıqlarını bildirmişdir. Bundan sonra o, kürəkəni Afiqə hazırda rayonda olduğuna görə DİN-in “102” xidmətinə onun zəng edib məlumat verməyini bildirmişdir. Bundan sonra da Afiqin DİN-in “102” xidmətinə verdiyi məlumatla əlaqədar hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Eləcə də bundan bir neçə gün sonra da o, həmin evə gəlib baxan zaman həqiqətən də evin zirzəmisində divarda quraşdırılmış bir ədəd 900 manat dəyərində olan, markasını xatırlamadığı kombi istilik sisteminin və bir ədəd də 120 manat dəyərində olan, markasını xatırlamadığı su qızdırıcısının divardan sökülərək oğurlandığını görmüşdür. Bir daha bildirir ki, həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1020 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qaynatasıdır. Zərərçəkmiş şəxs 2024-cü ilin təxminən fevral-mart aylarında Abşeron rayonu, Masazır qəsəbəsi, şəhid Faiq Həsənov küçəsində fərdi yaşayış evi almışdır. Lakin qaynatası Sərkar ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Bəydövül kəndində yaşadıqlarına görə Masazır qəsəbəsi ərazisində yeni aldığı fərdi yaşayış evinə mütəmadi olaraq o, nəzarət edir. Sonuncu dəfə o, xx.xx.2024- cü il tarixdə qaynatasına məxsus həmin evə gedib baxan zaman hər şey öz qaydasında olmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, yenidən qaynatasına məxsus həmin evə gedib baxan zaman naməlum şəxs və ya şəxslərin hasardan həyətə daxil olaraq evin zirzəmisinin kilidlə bağlı olmayan qapısını açıb içəri daxil olaraq zirzəmidə divarda quraşdırılmış bir ədəd 900 manat dəyərində olan “Lotus” markalı kombi istilik sistemi aparatını və bir ədəd 120 manat dəyərində olan, markasını xatırlamadığı su qızdırıcısını oğurladıqlarını görmüşdür. Ona görə də o, əvvəlcə qaynatası Sərkara zəng edib bu barədə məlumat vermişdir. Həmçinin qaynatsı Sərkar ona hazırda rayonda olduğuna görə DİN-in “102” xidmətinə onun zəng edib məlumat verməyini bildirmişdir. Bundan sonra da o, DİN-in “102” xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermiş və bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Eləcə də bundan bir neçə gün sonra qaynatası Sərkar yaşadığı rayondan həmin evinə gəlib baxan zaman həqiqətən də evin zirzəmisində divarda quraşdırılmış bir ədəd kombi istilik sistemi aparatının və bir ədəd də su qızdırıcısının divardan sökülərək oğurlandığını görmüşdür. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, təxminən 1 il olar ki, Şahid3 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində, yol kənarında icarəyə götürərək məişət texnikalarının təmiri və alqı-satqısı ilə məşğul olduğu obyektdə fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə o, həmin obyektdə işdə olduğu zaman üzdən tanıdığı, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Orxan adlı şəxs günorta saatlarında həmin obyektə bir ədəd “Lotus” markalı kombi istilik sistemi aparatı və bir ədəd markasını xatırlamadığı su qızdırıcısı gətirərək satmaq istədiyini bildirmişdir. O, Orxandan həmin kombi istilik sistemi aparatını və su qızdırıcısını haradan aldığını, nə üçün satdığını soruşduqda o, həmin əşyaların özünə məxsus olduğunu, sadəcə olaraq yaşadıqları evdə yenisi ilə əvəzlədikləri üçün tullantı metal kimi gətirib satmaq istədiyini bildirmişdir. Bundan sonra o, həmin kombi istilik sistemi aparatını və su qızdırıcısını ümumilikdə 50 manata almağı ilə bağlı Orxanla razılığa gəlmiş və ona 50 manat pul verib həmin kombi istilik sistemi aparatını və su qızdırıcısını ondan almışdır. Qeyd edir ki, onlar həmin obyektdə məişət texnikalarının həm təmiri, həm də alış verişi ilə məşğul olduqlarına görə bundan təxminən 2-3 gün sonra o, Orxandan aldığı su qızdırıcısını tanımadığı bir nəfər müştəriyə 10 manata satmışdır. Bir ədəd kombi istilik sistemi də hazırda işlədikləri həmin obyektdədir. Hazırda da Orxan adlı şəxsin həmin kombi istilik sistemi aparatını və su qızdırıcısını oğurluq yolla əldə edərək işlədikləri obyektə gətirib ona satdığı məlum olduğuna görə o, həmin bir ədəd kombi istilik sistemi aparatını istintaqa təqdim edə bilər. Bir daha bildirir ki, Orxan həmin əşyaların özünə məxsus olduğunu, sadəcə olaraq yaşadıqları evdə yenisi ilə əvəzlədiklərini deyib onu inandırdığına görə onun qeyd olunan məişət əşyalarını oğurluq yolla əldə etməyindən məlumatı olmamışdır. Məhkəmə iclasına şahid qismində dindirilməsi üçün dəvət edilmiş Şahid3 teleqram göndərərək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını, verdiyi izahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, təxminən 5 il olar ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində, yol kənarında icarəyə obyekt götürərək həmin obyektdə məişət texnikalarının təmiri və alqı-satqısı ilə məşğul olur. Eyni zamanda Şahid2 da təxminən 1 il olar ki, həmin obyektdə onunla birlikdə işləyir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, işlədiyi həmin obyektə gələn zaman ona məlum olmuşdur ki, Cavid həmin gün günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan, üzdən tanıdığı bir nəfər şəxsdən 50 manata bir ədəd kombi istilik sistemi aparatı və bir ədəd su qızdırıcısı almışdır. Cavid ona bildirmişdir ki, Orxan adlı şəxs həmin əşyaların özünə məxsus olduğunu, sadəcə olaraq yaşadıqları evdə yenisi ilə əvəzlədikləri üçün həmin əşyaları tullantı metal kimi satmaq istədiyini bildirmişdir. Ona görə də Cavidin həmin məişət avadanlıqlarını alarkən həmin avadanlıqların oğurluq yolla əldə olunmasından məlumatının olmadığını düşünür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işi başlamaq və icraata qəbul etmə haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X1 Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2.1 və 62-ci maddələri ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqında” qərardan görünür ki, iş üzrə Şahid2 ioğlunun təqdim etdiyi bir ədəd “ Lotus” markalı kombi istilik sitemi aparatı ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə bir ədəd “Lotus” markalı kombi istilik sistemi aparatının xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmasının nəzərə alınması və işin məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsilə ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etiraf etməsini, cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində 02 gün nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Lotus” markalı kombi istilik sistemi aparatının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 18 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 108 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 gün müddət hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Lotus” markalı kombi istilik sistemi aparatının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 18 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 108 (bir yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar