Məhkəmə qərarları › İş №1(012)-358/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-358/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-358/2021 13.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 5 mənzil 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş və etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 21 yanvar 2020-ci il tarixdə saat 10 radələrində tanışı X1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən ünvanda olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı elektrik çaydanında olan qaynar suyu qəsdən sonuncunun ayağının üzərinə töküb yandıraraq ona sağ budun aşağı 1/3-nin bayır səthinin çapıq toxuması-yanıq yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa o, 01 aprel 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qarayev adına 2 saylı X5 həyətində özünə məxsus “Vaz 2107” markalı avtomobildə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Aytəkin Məmmədovanın döş qəfəsinin sol hissəsinə qəsdən vuraraq ona döş qəfəsinin sol yarasının ön səthinin çapıq toxuması deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Yasamal rayonu ərazisində Azərbaycan Respublikası MİDA tətəfindən inşa edilmiş güzəştli evlərin alınmasında köməklik edəcəyini tanışı Zərərçəkmiş şəxs1 yalandan vəd verib 01.08.2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkında Zərərçəkmiş şəxs1 1200 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Yasamal rayonu ərazisində Azərbaycan Respublikası MİDA tətəfindən inşa edilmiş güzəştli evlərin alınmasında köməklik edəcəyini Zərərçəkmiş şəxs3 yalandan vəd verib 01.08.2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkında Zərərçəkmiş şəxs3 3000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Yasamal rayonu ərazisində Azərbaycan Respublikası MİDA tətəfindən inşa edilmiş güzəştli evlərin alınmasında köməklik edəcəyini Zərərçəkmiş şəxs2 yalandan vəd verib 05.08.2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki Nərimanov parkında 1000 manat pulunu və 20.08.2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki Nərimanov parkında 1950 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 2950 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Yasamal rayonu ərazisində Azərbaycan Respublikası MİDA tətəfindən inşa edilmiş güzəştli evlərin alınmasında köməklik edəcəyini Zərərçəkmiş şəxs4 yalandan vəd verib 02.08.2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkında 500 manat pulunu və 25.08.2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkında 1700 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs4 2200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin dekabr ayında iş yoldaşı Pünhan münasibətdə olduğu Nəcibə adlı xanımın rəfiqəsi X3 ilə onu tanış etmək istədiyini bildirdikdə, o da razılaşıb həmin xanıma çatdırmaq məqsədi ilə istifadəsində olan telefon nömrəsini Pünhana vermişdir. Həmin günü axşam saat 20 radələrində Aytəkindən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona onunla görüşmək istəməsi barədə sms gəlmiş, ondan harada olduğunu soruşduqda, Aytəkin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sanatoriyada olduğunu bildirmişdir. Bundan sonra o, idarə etdiyi “Vaz 2107” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sanatoriyanın qarşısına gedib istifadəsində olan mobil telefonla Aytəkinə zəng vurmuş, bir neçə dəqiqə sonra Aytəkin çölə çıxmış və onlar avtomobildə söhbət edərək sabaha görüş təyin etmişlər. Səhəri gün Mərdəkan qəsəbəsində yerləşən koteclərin birinə gedib Aytəkinlə çörək yeyib cinsi əlaqədə olmuşlar. Həmin vaxtdan onun Aytəkinlə münasibəti yaranmış və təxminən beş aya yaxın onunla görüşmüşdür. Görüşdükləri müddət ərzində o, bir neçə dəfə Aytəkinin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən kirayə qaldığı evə gedib onunla cinsi əlaqədə olmuşdur. Bir müddət sonra o, Aytəkindən ailəli olduğunu eşidib ondan ayrılmaq qərarına gəlmiş, lakin Aytəkin ondan ayrılmaq istəməmişdir. Bundan sonra Aytəkin guya onun tərəfindən döyülməsi, məcburi onunla cinsi əlaqədə olması barədə polisə şikayət etdikdə, Aytəkini vurmadığını, yalandan onu böhtan atdığını bildirmişdir. Bir neçə müddət əvvəl isə Aytəkinin zəhərlənərək vəfat etdiyini eşitmişdir. Aytəkinlə ayrılandan sonra onun istifadəsində olan telefon nömrəsini uşağının oxuduğu məktəbin valideynlər qrupuna atmış, buna görə də tanımadığı nömrədən ona bir qadın “Aytəkin necəsən” məzmunlu sms yazanda, o da həmin şəxsə “mən Aytəkin deyiləm” yazmış, sonra ona sms yazan Nərminə adlı qadınla Abşeron rayonu, Xırdalan şəhərində görüşmüş, ondan telefon nömrəsinin qrupa necə düşdüyünü soruşmuş, Nərminə də ona nömrəsinin Aytəkin tərəfindən qrupa atıldığını bildirmişdir. Həmin vaxtdan sonra o, mütəmadi olaraq Nərminə ilə görümüş, bir neçə dəfə də onun yaşadığı evə gedib gəlmişdir. Nərminə ilə söhbət edən zaman sonuncu ona ev almaq istədiyini bildirmiş, o da Nərminəyə yalandan “mənim sosial mənzillər düzəldən tanışım var, onun köməkliyi ilə sosial mənzil düzəldə bilərəm” demiş, həmin vaxt Nərminəyə ayıq sürücü işlədiyini bildirmiş, Nərminə onunla mənzil barədə danışandan təxminən üç ay sonra ev almaq istədiyini ona deyib onun üçün sosial mənzil düzəltmək üçün Abşeron rayonu, Heydər Əliyev prospektində yerləşən parkda ona 1000 manat pul vermiş, o da Nərminəyə 45 gün müddətində Bakı şəhəri, Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa edilən binalarda bir otaqlı mənzil düzəldəcəyinə söz vermişdir. Nərminə ona pul verəndən təxminən 3-4 gün sonra zəng vurub Xırdalan şəhərində yerləşən parkda onunla görüşməsini bildirmiş, onlar görüşən vaxt Nərminənin yanında Fərid və adını bilmədiyi özünü Fəridin dayısı kimi təqdim edən yaşlı şəxs olmuşdur. Həmin vaxt Fərid özünü Nərminənin qohumu kimi təqdim edib 3000 manat pulu olduğunu, sosial ev almaq istədiyini bildirdikdə razılaşıb onun üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa edilən sosial mənzil düzəldəcəyini bildirmişdir. O, Fəriddən pul alandan sonra Nərminə 350 manat borcu olduğunu ona deyəndə, o da Nərminə ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkı ilə üzbəüz binanın həyətinə getmiş və Nərminə ondan 350 manat pulu alıb borcunu verib gələcəyini bildirmişdir. O, Nərminəyə 350 manat pul verdikdən sonra sonuncu harasa gedib təxminən 10 dəqiqə sonra geri qayıtmış və o, Nərminəni yaşadığı evə aparmışdır. O, əldə etdiyi pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. Təxminən iki gün sonra Nərminə ona zəng vurub tanışı Elnur adlı şəxsin onunla görüşüb sosial mənzil barədə söhbət etmək istədiyini bildirdikdə, Nərminəyə hazırda başqa yerdə olduğunu, Abşeron rayonu, Xırdalan şəhərinə gələ bilməyəcəyini demişdir. Səhəri gün Elnur adlı şəxs istifadəsində olan mobil telefona zəng vurub Nərminənin tanışı olduğunu, sosial ev almaq istədiyini, hazırda Nərimanov rayonunda parkın yanında olduğunu və onunla görüşmək istədiyini bildirdikdə, o, Nərimanov adına parka getmiş və orada əvvəllər tanımadığı Elnur adlı şəxslə görüşmüş, həmin vaxt Elnur ona sosial ev almaq istədiyini, Nərminənin tanışı olduğunu, hazırda əlində 1950 manat pulu olduğunu bildirdikdə, o da həmin məbləğə ev almağın mümkün olmadığını, əlavə pul istəyəcəklərini deyib ona qalan məbləği nə vaxt ödəyəciyini soruşmuş, Elnura 45 gün müddətində iki otaqlı ev düzəldəcəyini bildirib ondan 1950 manat pulu almışdır. Təxminən 3-4 gün sonra Nərminə istifadəsində olan mobil telefona zəng vurub qohumu Elçin adlı şəxsin də onunla görüşmək istədiyini bildirdikdə, o, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında görüşməyə razılaşaraq parka getmiş və orada Elçin, Fəridin dayısı və Nərminə ilə görüşmüş, həmin vaxt Fəridin dayısı adını bilmədiyi yaşlı kişi sosial ev almaq üçün ona 1700 manat pul vermiş, o da 45 gün müddətində onun üçün bir otaqlı sosial ev düzəldəcəyinə yalandan söz vermişdir. İbtidai istintaq zamanı 03.11.2020-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 25 noyabr 2019-cu il tarixdə uşaqlarını Buzovna qəsəbəsində yerləşən sanatoriyaya aparmış, 08 dekabr 2019-cu il tarixdə orada Nəcibə adlı qadının vasitəsi ilə onunla qeyri-rəsmi münasibətdə olan Pünhan adlı şəxsin dostu Zaurla tanış olmuş, həmin şəxslə telefon vasitəsi ilə bir müddət danışmışdır. Zaur 12 dekabr 2019-cu il tarixdə sanatoriyadan çıxdıqdan sonra onu izləyərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədəki ünvanını öyrənmişdir. 2020-ci ilin yanvar ayında Zaurla bir neçə dəfə görüşüb Bakı şəhərində gəzmişlər. Həmçinin yanvar ayında əri Şahid1 evdə olmadığı zamanlarda bir neçə dəfə yaşadığı ünvana gəlmişdir. O, gələrkən həmin vaxt onun azyaşlı uşaqları Şahid2 və qızı Şahid3 da evdə olmuşlar. Bir müddət sonra o, evli ola-ola belə hərəkətlər etməyin düzgün olmadığını başa düşüb bu barədə Zaura zəng edib bildirdikdə, Zaur ona “mən səndən ayrılmaycam” demiş və Zaurun istifadəsində olan telefonun nömrəsini bloka atmışdır. Səhəri günü, 21 yanvar 2020-ci il tarixdə saat 10 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 1 saylı ev, 181 saylı mənzildə olan zaman Zaur onun evinə gəlmiş, cibindən tapanca çıxarmış, başına söykəmiş və ona “sən məndən ayrılmayacaqsan” demişdir. O, Zaura “sən mənə nə etsən də mən səninlə bir daha əlaqə saxlamayacam” demişdir. Bu sözləri Zaura dedikdən sonra, Zaur uşaqların gözü qarşısında qonaq otağında tefal çayniki götürüb içərisində olan qaynar suyu sağ ayağının üzərinə tökərək yandırmış, sonra da guya etdiyi hərkətdən peşman olub təcili tibbi yardıma zəng vurub həkimləri yaşadığı evə çağırmış, həkimlər gəlib ona ağrı kəsici vurmuş, o isə qorxusundan həkimlərə qaynar suyun ehtiyatsızlıqdan ayağına töküldüyünü bildirmişdir. Zaur ona hədə-qorxu gələrək onunla münasibətdə olmağı barədə ərinə deyəcəyini, əri Sarvanı öldürəcəyi ilə hədələmişdir. O da Zaurun hədəsindən qorxub ona etdikləri barədə polisə və tanışlarına heç nə deməmişdir. 25 yanvar 2020-ci il tarixdə Zaur onu uşaqları ilə birlikdə 5 saylı yanıq xəstəxanasına aparmış, onu həkimə göstərmiş, orada həkim müalicə yazdıqdan sonra onları idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə evinə gətirmişdir. 17 mart 2020-ci il tarixdə saat 14 radələrində evdə olan zaman Zaur onun evinə gəlmiş, onunla cinsi əlaqədə olmaq istəmiş, lakin o razı olmadıqda, onunla münasibətini əvvəlki kimi davam etdirmək məcburiyyətində qalmaq üçün çantasında olan onun və uşaqlarının sənədlərini götürərkən çantanın içərisində olan 01 ədəd 50 qram çəkidə, 583 əyarlı, 01 ədəd boyunbağı, 25 qram çəkidə, 583 əyarlı, 01 ədəd boyunbağı, bir dəst qızıldan 30 qram çəkidə, 583 əyarlı brliyant qaşdan olan bir ədəd üzük, bir cüt sırğanı, 50 qram çəkidə qızıldan, 583 əyarlı, 01 ədəd üzük, 02 ədəd qızıldan onluq 583 əyarlı, 02 ədəd qızıldan beşlik 583 əyarlı, 7 qram çəkidə qızıldan, 583 əyarlı, 01 ədəd üzüyü görmüş və həmin qızılları götürüb “sən özün məcbur olub mənim ardımca gələcəksən” demiş, o, Zaura tərəf gedib qızıllarını ondan almaq istəyən zaman Zaur onu əli ilə itələyib yerə yıxmış və evdən çıxmışdır. Həmin vaxtı evdə olan qızı Fatimə və oğlu Səlim də onun hərəkətlərini görmüşlər. O, Zaura dəfələrlə zəng edib qızılları geri qaytarmasını bildirsə də, Zaur onunla yaşamasını şərt qoymuşdur. Qızı Fatimə xəstələndiyi üçün 01 aprel 2020-ci il tarixdə əri Sarvan, qızı Fatimə və oğlu Səlimlə birlikdə Bakı şəhəri, Mərdanov qardaşları küçəsində yerləşən Ə.Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasına getmiş, Sarvan onları orada qoyduqdan sonra özü işinə getmiş, o, uşaqları ilə xəstəxanada qalmış, saat 14 radələrində o, Fatiməni palatada qoyub çıxaraq bir neçə dəqiqən sonra palataya qayıdanda Fatimə ona Zaurun gəlib telefonu götürüb getdiyini bildirdikdə, xəstəxanadan Zaurun ardınca çıxarkən Zaurun “VAZ 21” markalı avtomobilinin həyətdə dayanıqlı vəziyyətdə olduğunu görüb avtomobilə yaxınlaşmış, Zaurun avtomobildə oturduğunu görüb telefonunu qaytarmasını tələb etmiş, Zaur ona telefonu verməyəcəyini demiş və ona avtomobildə əyləşməyini söyləmiş, o da avtomobildə əyləşmişdir. Zaura ondan əl çəkməsini, onu narahat etməməsini bir daha bildirdikdə, Zaur ona onu əri Sarvanla birlikdə yaşamağına imkan verməyəcəyini demiş, o, Zaurdan telefonunu geri qaytarmasını tələb etmiş, o, telefonu vermiş, əli ilə başını tutub özünə sıxıb cibindən çıxardığı bıçaqla sinəsinin sol hissəsinə vurmuş və ondan uzaqlaşacağı halda onu öldürəcəyini bildirmişdir. Sonralar Zaur teztez zəng edib ondan əl çəkməmiş, uşaqlarını və onu hədələmişdir. O, Zaurdan qurtulmaq üçün yegənə çıxış yolunu onunla olan münasibətini Sarvana deməkdə tapmış, ona görə də Zaurla olan münasibətini və Zaurun onu öldürəcəyi ilə hədələdiyini Sarvana bildirmişdir. Sarvan da 16 aprel 2020-ci il tarixdə Zaur barəsində Abşeron rayon polis şöbəsinə şikayət etmiş, polisdə araşdırma aparılmış, lakin heç bir nəticə olmamışdır. Ona görə də, o, prokurorluğa şikayət etmiş, onun müraciəti yenidən araşdırılmışdır. O, əlavə olaraq bildirmişdir ki, 21 yanvar 2020-ci il tarixdə saat 10 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 1 saylı ev, 181 saylı mənzildə Təqsirləndirilən şəxs ayağına tefalda olan qaynar suyu tökən zaman oğlu Səlim və qızı Fatimə görmüş, 01 aprel 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Mərdanov qardaşları küçəsində yerləşən Ə.Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasının həyətində Təqsirləndirilən şəxs bıçaqla onu vuran zaman ətrafda heç kim olmamış, həmin vaxtı o, hər hansı tibb müəssisəsinə müraciət etməmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş və məhkəmə baxışında ifadəsi tədqiq edilmiş X4 ifadəsində göstərmişdir ki, bacısı X3 17.02.2021ci il tarixdə yaşadığı evdə dəm qazından ölmüşdür. Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə mərhum bacısı X3 2019-cu ilin dekabr ayında sanatoriyada tanış olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs bacısını aldadıb etibarını qazandıqdan sonra onu şantaj etməklə münasibətdə olmuşdur. Aytəkinin ərini öldürməklə hədələmiş, mərhum bacısı da bundan qorxaraq məcbur qalıb Zaurla görüşmüşdür. Təqsirləndirilən şəxs bir neçə dəfə bacısını döyərək xəsarət yetirmiş, ayağını qaynar su ilə yandırmış, bıçaqla müxtəlif dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən bir il olar ki, Aytəkinin vasitəsilə tanımışdır. Zaur özünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yüksək vəzifəli işçisi kimi təqdim etmişdir. Zaur hər hər yerdə tanışları olduğunu, hətta Yasamal rayonunda verilən sosial evlərin alınmasında yaxınlarına köməklik edə bildiyini ona bildirmişdir. Zaur ona təklif etmişdir ki, əgər tanışlar varsa, ilkin olaraq 10 faiz, yəni təxminən bir otaqlı evlərin 2200 manat, üç otaqlı ev üçün 3000-3500 manat ödəniş etməklə hazır evdə, yəni təmirli ev əşyaları ilə bilrikdə yaşamaq mümkündür. Zaur bildirmişdir ki, onun üçün iki otaqlı sosial evlərin alınmasında köməklik edə bilər. O da Zaura inanmış, kirayə qaldığı üçün Zaurla razılaşmış, bu barədə kirayə evdə yaşayan ərinin əmisi oğlu Fəridə, Fərid də bu barədə dayısı oğlu Zərərçəkmiş şəxs4 demişdir. Elçinlə Fərid ona zəng vuraraq ev almaq üçün Zaurla əlaqə saxlamaq istədiklərini bildirdikdə, Zaurun ***-***-**-** nömrəsini onlara vermişdir. Zaur ona Elçin və Fəridlə danışdığını, onların da sosial ev almaq üçün ilkin olaraq pul vermək istədiyini və onlardan pulu onun yanında alacağını, eləcə də ona verəcəyi ilkin ödəniş olaraq 3000 manat pulu da həmin günü istədiyini bildirmişdir. O da Elçin və Fəridlə əlaqə saxlamış, onlarla bilrikdə 01 avqust 2020-ci ildə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına olan parkda Təqsirləndirilən şəxslə görüşmüş, onun iki otaqlı sosial ev alması üçün ilkin olaraq 1200 manat və özünün övladlarının şəxsiyyət vəsiqəsinin surətini Zaura vermiş, Elçin 2200 manat, Fərid isə 3000 manat pulu ona vermiş, Zaur 45 gün ərzində ev məsələsini həll edəcəyini və onların evə köçə biləcəyini onlara demişdir. Zaurun dediyi vaxt ona zəng etmiş, lakin Zaurun telefonlarına zəng çatmamış, bu günə kimi Zaur verdiyi vədə əməl etməmiş, ondan aldığı 1200 manat pulu, eləcə də Elçin və Fəriddən aldığı pulları qaytarmamışdır. Zaur ona dələduzluq etməklə 1200 manat maddi ziyan vurmuşdur. Hazırda ondan şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs evində təmizlik işlərini görən Nərminənin vasitəsi ilə tanımışdır. 2020-ci ilin iyul ayının sonlarında Nərminə evində təmizlik işlərini görən zaman Zaur adlı tanışı vasitəsi ilə Yasamal rayonunda inşa edilmiş sosial ev alacağını ona deyərkən, o da sosial ev almaq istədiyini bildirdikdə, Nərminə problem olmadığını, Zaurun ona yaxın şəxs olduğunu, Zaurun yüksək vəzifədə tanışları olduğunu, onların vasitəsi ilə sosial ev almaqda köməklik edəcəyini bildirmişdir. O da Nərminənin dediyinə inanmış, Zaurun ***-***-**-** mobil nömrəsini Nərminədən alıb onunla danışmış, üç otaqlı ev almaq istədiyini bildirdikdə, Zaur Qurban bayramına görə evlərin qiymətlərinin aşağı düşdüyünü, üç otaqlı evin 60.000 manata satıldığını, ilkin olaraq 5900 manat ödəmək lazım olduğunu, 20 il müddətinə də hər ay 300 manat, sənədləşmə üçün 2950 manat verilməli, qalan 2900 manatı isə evi alan zaman ödənilməli olduğunu izah etmişdir. O da Zaurun dediklərinə inanmış, 05 avqust 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonunda metronun yaxınlığında parkın qarşısında Zaurla görüşüb ailə üzvlərinin və öz şəxsiyyət vəsiqəsinin surətini və 1000 manat pulu Zaura vermiş, qalan 1950 manatı da 20 avqust 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonunda metronun yaxınlığında parkın qarşısında Zaura vermiş, Zaur 2020-ci ilin sentyabrın 15-də evlə təmin olunacağını ona demişdir. 14 sentyabr 2020-ci il tarixdə Zaura zəng etmiş, Zaur səhəri günü yəni, 15 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində Yeni Yasamalda görüşüb evi almağa gedəcəklərini demişdir. 15 sentyabr 2020-ci il tarixdə Zaurun mobil nömrəsinə zəng etmiş, lakin Zaur zənglərinə cavab verməmiş, bu günə kimi də Zauru tapa bilməmişdir. Sonradan o, başa düşmüşdür ki, Zaur onu aldatmışdır. Zaur ona qarşı etdiyi dələduzluq cinayəti nəticəsində ona 2950 manat ziyan vurmuşdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş və məhkəmə baxışında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Zauru əvvəllər tanımamış, onunla Nərminə vasitəsi ilə tanış olmuşdur. Belə ki, 2020-ci ilin iyulun sonlarında Nərminə ona Zaur adlı tanışı olduğunu, Zaurun yüksək vəzifədə olan qohumları vasitəsi ilə sosial evlər düzəltdiyini bildirib Zaurun mobil nömrəsini ona vermiş, o, Zaura zəng etmiş, Nərminənin tanışı olduğunu, ev almaq istəyini ona bildirdikdə, Zaur ona Nərminə ilə danışaçağını və birlikdə Abşeron rayonu, Xırdalan şəhərində görüşüb söhbət edəcəklərini bildirmişdir. Bir neçə gün keçdikdən sonra dayısı Şahid4 və Nərminə ilə birlikdə onunla Abşeron rayonu, Xırdalan şəhərində görüşdükdə, Zaurla söhbət zamanı o, üç otaqlı ev almaq istədiyini bildirmişdir. Zaur da onlara demişdir ki, Yasamal rayonunda üç otaqlı evin 48.000 manata olmaqla, ilkin ödənişi 3000 manata, hər ay 200 manat verməklə evi almaq olar. O, Zaurun dedikləri ilə razılaşmış, 01 avqust 2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhərində Heydər Əliyev adına olan parkda dayısı Şahid4 və Nərminə ilə birlikdə Təqsirləndirilən şəxslə görüşmüş, dayısı Rasim ona məxsus olan 3000 manat və şəxsiyyət vəsiqəsinin surətini vermiş, Zaur onlara 40 gün ərzində evi ala biləcəklərini demişdir. Zaurun dediyi vaxtda Zaurun mobil nömrəsinə zəng etmiş, lakin Zaura zəng çatmamış, Nərminəyə də zəng vurub Zaur barədə soruşanda, Nərminə də Zauru tapa bilmədiyini demişdir. Məlum olmuşdur ki, Zaur onları aldadıb onun 3000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ondan şikayətçi olduğunu, ona vurulmuş ziyanı tələb etdiyini bildirən ərizə ilə məhkəməyə müraciət etmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş və məhkəmə baxışında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayının axırında Nərminə ona Yasamal rayonunda tikilmiş güzəştli sosial ev almaq ərəfəsində olduğunu demişdir. O da Nəriminəyə ev almaq istədiyini bildirdikdə, Nərminə Zaur adlı tanışı olduğunu, onun yüksək vəzifədə olan qohumları vasitəsi ilə sosial evlər almaqda köməklik edə biləcəyini deyib, ona Zaurun mobil telefon nömrəsini vermiş, o, Zaura zəng edərək Nərminənin tanışı olduğunu, ev almaq istəyini bildirmiş, Zaur ona bir neçə nəfər şəxsə də sosial ev almaqda köməklik etdiyini dedikdə, Zaur onunla görüşmək istədiyini bildirmişdir. O da Zaurun təklifi ilə razılaşmış, Abşeron rayonu, Xırdalan şəhərində onunla görüşmüş, söhbət zamanı Zaur ona Yasamal rayonunda yerləşən güzəştli sosial evlərin alınmasında köməklik edə biləcəyini bildirdikdə, o, bir otaqlı ev almaq istədiyini və həmin evi almaq üçün hansı şərtlər altında evi ala biləcəyini Zaurdan soruşanda, Zaur bir otaqlı 40 kv evin 64.000 manata satıldığını, 20 il müddətinə o, hər ay 500 manat, ilkin olaraq 2200 manat pul verməli olduğunu bildirmiş, o da Zaura inanıb razılaşmış, 02 avqust 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkda Zaurla görüşmüş, Zaura ilkin olaraq 500 manat pul vermiş, qalan pulu da on gün müddətinə verəcəyini bildirmişdir. 25 avqust 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkada əmisi Şahid4 iştirakı ilə Zaurla görüşmüş, Zaura 1700 manat pul verdikdə Zaur 2020-ci ilin sentyabrında ev ala biləcəyini ona demişdir. O da Zaurla razılaşmış, onun dediyi vaxtda, sentyabr ayında ona zəng etmiş, lakin Zaura zəng çatmamışdır. Bu günə kimi Zauru tapa bilmir. Zaur nə ona verdiyi pulu qaytarmış, nə də ki, verdiyi vədə əməl etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Zaur onu aldadıb onun 2200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ondan şikayətçi olduğunu, ona vurulmuş ziyanı tələb etdiyini bildirən ərizə ilə məhkəməyə müraciət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi tədqiq edilmiş yetkinlik yaşma çatmayan 2015-ci il təvəllüdlü Şahid3 ifadəsində göstərmişdir ki, anası X3 dəm qazından rəhmətə getmişdir. Anasının tanışı Təqsirləndirilən şəxs tez-tez onun yaşadığı evə gəlib getmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı evə gələndə mərhum anası Aytəkin ona “çıx get həyatımdan, bir daha gəlmə bizə” demiş, lakin Zaur anasına gələcəyini bildirmiş, bu səbəbdən də anası Aytəkinlə Zaur arasında tez-tez mübahisə yaranmışdır. 21.01.2020-ci il tarixdə saat 10 radələrində ünvan 4 ünvanında o, anası və qardaşı Şahid2la evdə olan zaman Zaur evə gəlmiş, anası bir daha Zaura “bizə gəlmə” demiş, anası Aytəkinlə Zaur mübahisə etmiş, Zaur qonaq otağında tefal çaynikdə olan qaynar suyu anası Aytəkinin sağ ayağının üzərinə tökərək yandırmış, anası onun bu hərəkətlərindən atasına zəng vurub məlumat vermək istəyərkən Zaur üzərində olan tapanca ilə anasını hədələmişdir ki, əgər atası nə isə bilsə anasını öldürəcəkdir. Anasının ayağı yandıqdan sonra Zaur təcili tibbi yardıma zəng vurub həkim çağırmış, həkimlər gəldikdən sonra Zaur çıxıb getmişdir. Həmin gün axşam saatlarında atası işdən evə gələndən sonra anası yalandan ona ayağını özü bilmədən yandırdığını demişdir. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib-getmişdir. Təxminən 2020-ci ilin mart ayının sonlarında anası evi təmizləmiş, evin giriş qapısını açıq qoymuşdur ki, evə hava daxil olsun, həmin vaxt Zaur onun yaşadığı evə gəlmiş və zalda olan kresloya əyləşmiş, kreslonun yanında yerləşən termonun qırağında anasının qızıllarını saxladığı çantanı açıb oradan anasının qızıl qabını götürdüyünü görmüş, anası da həmin vaxt orada olduğu üçün Zaura “sən niyə mənim qızıllarımı götürürsən” demiş, Zaur da anasına “gələrsən evimdə qızıllarını qaytararam” demişdir. Təxminən 5-10 dəqiqə Zaur evdə oturandan sonra çıxıb getmişdir. Bir neçə gün sonra onun qarnında ağrılar olduğu üçün 01 aprel 2020-ci il tarixdə saat 11 radələrində atası Sarvan onu anası və qardaşı ilə birlikdə xəstəxanaya aparmış, atası onları xəstəxanaya yerləşdirdikdən sonra işə getmişdir. Həkim onu müayinə etdikdən sonra palataya yerləşdirmiş, o, palatada olan zaman anası harasa getmiş, bir neçə dəqiqə sonra Zaurun onun yatdığı palataya daxil olduğunu, həmin vaxt anasının telefonu palatada çarpayının üzərində olduğundan Zaurun telefonu götürüb harasa getdiyini görmüşdür. Bir neçə dəqiqə sonra anası palataya gəlmiş və o, anasına “Zaur palatadan sənin telefonunu götürdü” demiş, anası da bu sözlərdən sonra Zaurun arxasınca çölə çıxmışdır. Təxminən 5-10 dəqiqə keçdikdən sonra anası palataya gəlmiş, həmin vaxt anasının sinə nahiyəsindən sol tərəfdən qan axdığını görüb anasından nə baş verdiyini soruşanda, anası avtomobildə Zaur tərəfindən bıçaqlandığını bildirmişdir. O, yodu və pambığı anasına vermiş, anası da yarasına yod və spirt vurub bağlamışdır. Onlar 10 gün xəstəxanada qalmış, həmin vaxt Zaur oraya gəlməmiş, onlar xəstəxanadan çıxıb kirayə yaşadıqları evə getmişlər. Evdə olarkən Zaur bir neçə dəfə onun yaşadığı evə gəlib anasına onunla birlikdə yaşamasını təklif etmişdir. Əlavə olaraq bildirmişdir ki, Zaur qaynar suyu anasının ayağına tökərkən qardaşı Səlim evdə olsa da, həmin vaxt yataq otağında yatdığı üçün hadisənin necə baş verdiyini görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi tədqiq edilmiş yetkinlik yaşına çatmayan 2009-cu il təvəllüdlü Şahid2 ifadəsində göstərmişdir ki, anası X3 dəm qazından rəhmətə getmişdir. Anasının tanışı Təqsirləndirilən şəxs yaşadıqları evə teztez gəlib getmişdir. Təqsirləndirilən şəxs onlara gələndə mərhum anası ona “çıx get həyatımdan, bir daha gəlmə bizə” demiş, lakin Zaur anası Aytəkinə gələcəyini bildirmiş, bu səbəbdən də anası ilə Zaur arasında tez-tez mübahisə yaranmışdır. 21.01.2020-ci il tarixdə ünvan 5 ünvanında yuxudan oyanandan sonra anasının ayağının yandığını görüb bacısı Fatimədən bunu kim etdiyini soruşduqda, o, Zaurun anasının ayağına qaynar suyu töküb yandırdığını bildirmişdir. Zaur anasının ayağını yandırandan sonra atası evə gələndə anası tefal çaynikin ehtiyatsızlıqdan ayağına düşərək qaynar suyun yandırdığını atasına bildirmişdir. Bir neçə gün sonra o, Zaurun onların yaşadığı evə gələrək anasının qızıllarını götürdüyünü, anası qızılları ondan istəyəndə, Zaurun anasına “gəlib evində qızılları götürərsən” dediyini eşitmişdir. Bir neçə gün sonra bacısının qarnında ağrılar olduğu üçün 01 aprel 2020-ci il tarixdə saat 11 radələrində atası Sarvan bacısını və anasını onunla birlikdə xəstəxanaya aparmış, atası onları xəstəxanaya yerləşdirdikdən sonra evə qayıtmışdır. Bacısı xəstəxanadan evə qayıdandan sonra Zaurun xəstəxananın həyətində anasının sinəsindən bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Zaur bir neçə dəfə onların yaşadığı evə gəlib anasına onunla birlikdə yaşamasını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci il avqust ayında bacısı oğlu Zərərçəkmiş şəxs3 onun yaşadığı evə gələrək qohumları Nərminənin tanıdığı şəxsin sosial mənzillər düzəltdiyini bildirəndə, o da Fəridə “zəng elə, həmin adamla görüşüb söhbət edək” demiş, Fərid onun yanında həmin şəxsin istifadəsində olan mobil telefona zəng vurub Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev parkına çağırtdırmış, sonra da Nərminəyə zəng vurub onu da görüşəcəyi yerə dəvət etmişdir. Bundan sonra onlar parka getmiş, bir neçə dəqiqə sonra Nərminə, sonra Zaur adlı şəxs oraya gəlmişlər. O, Zaurdan harada işlədiyini soruşmuş, sonuncu ona Bakı şəhəri, Yasamal rayonunda inşa edilən sosial evlərin satışı ilə məşğul olduğunu bildirərək, hətta Fəridə müqavilə təqdim etmişdir. Zaur ilkin ödəniş kimi iki otaqlı mənzilə görə 3000 manat pul tələb olunduğunu, 10 il müddətində də hər ay 250 manat pul ödəməli olduğunu bildirmişdir. Fərid telefonda əvvəlcədən mənzili 3000 manata alacağına razılaşdığından həmin məbləğdə pulu ona vermişdir. O da 3000 manat pulu Zaura Fəridin və Nərminənin yanında verib, Fəridin atasız uşaq olduğunu bildirib, bu işdə dəqiq olmasını xahiş edəndə, Zaur da onları qısa müddətdə ev məsələsini həll edəcəyinə əmin etmişdir. Bu söhbəti qardaşı oğlu Zərərçəkmiş şəxs4 danışanda o da ev almaq istədiyini demiş, bundan sonra o, Zaura istifadəsində olan mobil telefonla zəng vurub qardaşı oğlu Elçinin də ev almaq istədiyini bildirib, onunla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev parkında görüşmüş, həmin vaxt Zaur onlar üçün bir otaqlı mənzilə görə 2200 manat pul istəyib 10 il müddətində də hər ay 180 manat ödəməli olduqlarını bildirmişdir. Elçin onun yanında 500 manat pulu Zaura vermiş, təxminən bir həftə sonra Zaurla Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkda görüşmüş, orada Zaura 1700 manat pul vermişdir. Zaurla 15.09.2020-ci il tarixdə onlara ev verəcəyinə razılaşmışlar. Həmin vaxt çatanda və onlara ev verilməyəndə Zaurun dələduzluq edərək onları aldadıb pullarını ələ keçirdiyini başa düşmüşlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2008-ci ildə X3 ilə ailə həyatı qurmuş, həmin nikahdan oğlu Səlim və qızı Fatimə anadan olmuşdur. 16.04.2020-ci il tarixdə işə getmək istəyərkən Aytəkin ona “işə getmə, səni tutacaqlar, iş yerində narkotik atacaqlar, öldütdürəcəklər” deyəndə, o, Aytəkindən nə baş verdiyini, niyə belə danışdığını soruşmuş və onun sözlərinə fikir verməyərək işə getmiş, işdə olarkən Aytəkin ona zəng vurub tez evə gəlməyini tələb etmiş, o, iş yerini bağlayıb evə qayıtmışdır. Ondan bir daha nə baş verdiyini soruşduqda, Aytəkin sinəsində olan bıçaq yarasını və ayağını göstərib bunları Zaurun etdiyini demişdir. O, Zaurun kim olduğunu soruşmuş, Aytəkin də ona səhv etdiyini, uşaqları ilə sanatoriyada olarkən rəfiqəsinin vasitəsi ilə Zaur adlı şəxslə tanış olduğunu, bir müddət Zaurla görüşdüyünü bildirmiş, o, Aytəkindən Zaurun evə gəlib-gəlmədiyini soşuşduqda, Aytəkin ona Zaurun evin qapısını döyüb hədə-qorxu gəldiyini, buna görə də evə buraxdığını, qorxduğu üçün əvvəllər ona bu barədə heç nə demədiyini, qızıllarını da Zaurun apardığını, ona hədə-qorxu gəldiyini bildirmişdir. Bundan sonra o, polisə zəng vurmuş, Aytəkin Zaurdan şikayət etmiş, o da Aytəkinin bu hərəkətlərinə görə ondan boşanmaq qərarına gəlmiş və 2020-ci ilin avqust ayında Aytəkindən boşanmışdır. Aytəkin boşandıqdan sonra uşaqları ilə birlikdə Abşeron rayonu Xırdalan şəhərində kirayədə qalmışdır. 16.02.2021-ci il tarixdə Aytəkin və uşaqları dəm qazından zəhərlənmiş, Aytəkin xəstəxanaya çatmamış ölmüş, uşaqları da xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışlar. O, Zauru heç vaxt görməmiş, onunla heç bir münasibəti olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan X3 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş və məhkəmə-tibbi ekspertizasının 19.06.2020-ci il tarixli 1073 saylı ekspert rəyində göstərilmişdir ki, 1985-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zaman bədəninin üzərində aşkar olunmuş xəsarətlər-sağ budun aşağı 1/3-nin bayır səthinin çapıq toxuması-yanıq yarasının izi olmaqla yüksək hərarətin yerli təsirindən əmələ gəlmişdir; 21.01.2020-ci il tarixində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Döş qəfəsinin sol yarısının ön səthinin çapıq toxuması deşilmiş-kəsilmiş yarasının izi olmaqla iti deşici kəsici alətin təsirindən törənmişdir, törənmə müddəti müayinədən 2-3 ay əvvəllə uyğun gəlir və 01.04.2020-ci il tarixində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, o, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə göstərdikləri məhkəmə tərəfindən təqsirləndirilən şəxsin məsuliyyətdən və cəzadan qismən olsa da azad olunmaq məqsədi ilə verilmiş müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 23.02.2012-ci il tarixli Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, dörd il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.10.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən onun məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə, həmin məcəllənin 128-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməli, həmin məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş, o, 16.03.2021-ci il tarixli şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 16.03.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 16.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar