Məhkəmə qərarları › İş №1(012)-36/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-36/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-36/2020 24.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs və onun müdəfiəçisi, vəkil X5 iştirakı ilə, xx xxx 1964-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, evli, Yevlax şəhəri, C.Mustafayev küçəsi 106, mənzil 6-da qeydiyyatda olan, Abşeron Gənclər şəhərciyi blok 62, mənzil 30-da yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə «Akkord» şirkətlər qrupunun X4 inşa etdiyi və 20 illik kredit müqaviləsi ilə həyat yoldaşı X2 adına aldığı blok 62-də yerləşən 30 saylı 70 kvadrat metr sahəsi olan 2 otaqlı mənzilini Zərərçəkmiş şəxs satacağını və 2 ay müddətinə onun adına rəsmiləşdirəcəyini vəd edib inandırmış, evin təmirinə çəkdiyi xərci 7000 manat həcmində hesablayaraq qabaqcadan Zərərçəkmiş şəxs həmin məbləği tələb etmiş və bundan sonra evin onun adına sənədləşdiriləcəyini bildirmiş, bu niyyətlə 2015-ci ilin mart ayının 16-da yaşadığı ünvan 1 ünvanında ekvivalentlə 524 manat 35 qəpik təşkil edən 500 ABŞ dollarını, 2015-ci ilin aprel ayının 21-də yenidən həmin evdə 6500 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 7024 manat 35 qəpik məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etməyib evi sonuncunun adına sənədləşdirmədən Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu, Gənclər şəhərciyi, blok 62-də yerləşən 30 saylı mənzili həyat yoldaşı X3 adına alınmış, həmin mənzil ilkin ödəniş edilmədən alınmış, mənzilin sahəsi 70 kvadrat metr olmuş və mənzilin dəyəri 35.000 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə görə hər ay 405 manat mənzil ödənişi olmuş, mənzili təmir etdirib, orada köçüb yaşamağa başlamış, mənzilə dair 1 il 6 ay müddətində hər ay 405 manat olmaqla ödənişlər etmiş, lakin sonradan maddi çətinlikləri ilə bağlı mənzilə dair heç bir ödəniş edə bilməmiş, buna baxmayaraq, növbəti 6 ay ərzində həmin mənzildə heç bir ödəniş etmədən yaşamışdır. Bu səbəbdən də evi satmağı qərara almışdır ki, torpaq sahəsində bir ikiotaqlı ev tikib oraya köçüb yaşasın, bundan başqa ailə üzvləri 9 nəfərdən ibarət olduğundan yaşadığı mənzilin sahəsi də kiçik olmuş, buna görə də adını sonradan bildiyi Tariyel adlı maklerə müraciət etmiş, tikintini aparan şirkətə evi qaytaracağı təqdirdə evin təmirinə çəkdiyi xərc ona ödənilməyəcəyini, buna görə də qərara almışdır ki, evini alacaq şəxsdən yalnız evin təmirinə dair pulu alsın və evi alacaq şəxs özü tikintini aparmış Akkord şirkəti ilə razılaşıb ödənişləri edərək mənzili götürsün. Həm də mənzili alacaq şəxs şirkətlə tam razılaşacağı təqdirdə, onun 1 il 6 ay ərzində mənzilə dair ödədiyi pul ona ödənilməli olmuş, həm də hazır mənzilə köçüb yaşamalı olmuşdur. Buna görə də Tariyel adlı maklerə evin təmir pulunun əvvəlcədən müştəridən alınması ilə bağlı danışdıqda evin təmirini çox xərc çəksə də, təmiri ümumilikdə 5000 manata qiymətləndirmişlər. Maddi imkansızlığı ilə bağlı Tariyellə razılaşmış, həmçinin Tariyel ona bildirmişdir ki, evinə baxması üçün gətirəcəyi müştəriyə ümumilikdə 7000 manat pul desin ki, həmin pulun 2000 manatını Tariyel zəhmət haqqı kimi götürsün, qalanını isə özü götürsün. xx xxxx 2015-ci il tarixdə adını sonradan bildiyi Səbuhi adlı şəxs Tariyel adlı maklerlə onun evinə gəlmiş və onun 2 otaqlı mənzilinə baxıb bəyənmişdir. Bundan sonra evdən çıxıb həyətə düşmüş, Səbuhi binanın qarşısında maşının içərisində ona 500 ABŞ dolları beh vermiş, həmin günü Səbuhinin evini almaq istəyən şəxs kimi tanımış, aralarında olan söhbət zamanı Səbuhi ilə evlə bağlı danışıq olduqda ona bir müştəri kimi gedib Akkord şirkətinə müraciət etməsini, həmin şirkətdə onun mənzilinin alınması təklif edildikdə öz razılığını verəcəyəyini və Səbuhi də bundan sonra özü şirkətlə həmin mənzilin ödənişlərini razılaşacağa barədə razılaşma olmuş, belə ki, ilkin ödəniş kimi ödəyəcəyi pulu, yəni onun 1 il 6 ay ərzində ödədiyi pul ona ödənilməli və Səbuhinin adı həmin mənzilin sənədlərinə əvvəlcədən yazılmalı, bundan sonra sonuncu həmin mənzilin sahibi olmalı idi. Səbuhi ilə dəfələrlə mənzilinin ona satılması ardıcıllığını müzakirə etmiş, sonuncuya başa salmağa çalışmışdır ki, mənzil şirkətə məxsusdur, o, yalnız əvvəlcədən ilkin olaraq təmirin pulunu istəyir. Bundan sonra xx xxxxx 2015-ci il tarixdə yenidən Səbuhi ilə yaşadığı evdə görüşmüş, Səbuhi makler Tariyel ilə onun evinə gəlmiş, evdə Səbuhi evə dair əvvəlcə 6500 manat pul ödəməli olduğu halda, evin dəyərinə görə artıq pulu ona ödəmək istəmiş, lakin sonuncuya yenə də başa çalmağa çalışmışdır ki, evin yalnız təmirinə görə əvvəlcədən 7000 manat pulu ondan yalnız təmirə çəkdiyi xərclə bağlı istəyir, qalan məsələləri özü gedib şirkətlə həll etsin. Belə olduqda Səbuhi evində Tariyelin yanında ona 6500 manat pulu sayıb vermiş və çıxıb getmişlər. Onlar gedəndən bir neçə dəqiqə sonra Tariyel geri qayıtmış və ondan zəhmət haqqı kimi əvvəlcədən razılaşdıqları 2000 manat pulu alıb getmişdir. Lakin binanın məxsus olduğu Akkord şirkətində onların mənzilə dair ərizənin baxılması prosesi yubanmış, Səbuhiyə deyilən vaxtda sənədləşmə işi həll olunmamışdır. Səbuhiyə bildirmişdir ki, ondan aldığı pulu maddi imkansızlığına görə xərcləmiş, ev tikdirəcəyi torpağın daş hasarını çəkmişdir. Həmçinin Səbuhiyə demişdir ki, ondan aldığı pulun 2000 manatı qalmışdır. Sonrakı vaxtlarda Səbuhi onunla tək görüşdüyü üçün onunla söhbəti zamanı bildirmişdir ki, təmir üçün ona 5000 manat pul verilmişdir, 2000 manat isə makler Tariyelə verilmişdir. Səbuhi mənzili almaq fikrindən daşınmış və ondan pulunu tələb etməyə başlamışdır. Belə olduqda Səbuhiyə bildirmişdir ki, gedib pulunu maklerdən tələb etsin. Eyni zamanda Səbuhiyə məsləhət görmüşdür ki, polisə şikayət etsin və ödədiyi pullarla bağlı özü də izahat verəcəkdir. Bundan sonra maddi sıxıntıları ilə bağlı Səbuhinin pulunu ödəyə bilməmiş, sonradan 2016-cı ilin aprel ayında işləmək üçün Rusiya Federasiyasına çıxıb getmişdir. Əlavə olaraq göstərmişdir ki, ilkin izahat zamanı düzgün qeyd etməmiş, reallıqda pulun ilkin 500 ABŞ dolları, daha sonra 6500 manatı ona Tariyelin iştirakı ilə ödənilmiş, sonradan Tariyel qayıdaraq razılaşdığı 2000 manat pulu zəhmət haqqı kimi ondan almışdır. Bundan başqa göstərmişdir ki, həqiqətən Səbuhi ilə evin ona satılması üçün razılıq əldə etmiş və bildirmişdir ki, mənzilin alınması ilə bağlı Akkord şirkəti ilə razılaşsın, onun təmirə çəkdiyi xərci əvvəlcədən ona ödəsin, Səbuhi ona əvvəlcə 500 ABŞ dolları, sonra isə 6500 manat pulu ödədikdən sonra maddi vəziyyəti ilə bağlı pulu xərcləmiş, bunu Səbuhinin özünə də demiş, həmin pulun 2000 manatını isə maklerə vermişdir. Artıq Səbuhi mənzilin sənədləşməsini şirkətlə həll bilmədiyi üçün pulunu geri tələb etməyə başlamış, onun verdiyi pulu xərclədiyi üçün həmin pulu ona geri qaytara bilməmişdir. Etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, kirayə yaşadığı üçün özünə büdcəsinə münasib ev axtarmış, bununla bağlı ona X4 yaşayan Tariyel adlı maklerin nömrəsi verilmiş, o, 2015-ci ilin 15-16 mart tarixlərində sonuncu ilə görüşmüşdür. Tariyel ona münasib ev olduqda xəbər verəcəyini bildirmiş, üstündən təxminən yarım saat keçmiş Tariyel ona zəng vuraraq münasib variantla ev olduğunu demiş, onunla görüşdükdə onu Natiq adlı maklerin yanına aparmışdır. Gənclər şəhərciyində ona adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin mənzilini satmaq istədiyi bildirilmiş və onunla birlikdə həmin şəxsin mənzilinə, yəni Gənclər şəhərciyində yerləşən binanın 9-cu mərtəbəsinə getmiş, mənzil iki otaqdan ibarət olmuş, ev sahibi evin sənədlərində heç bir problemin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs mənzilin təmirinə çəkdiyi xərclərlə bağlı maklerə verəcəyi pullarla ondan 7000 manat pul istəmiş, bundan əlavə evin dəyərinin 32.000 manat olduğunu, əvvəlcədən 12.000 manat pulun ödənilməli olduğu, qalan hissəsinin isə kreditlə ödəməsi ona bildirilmişdir. Sonradan Təqsirləndirilən şəxsla söhbət edərkən bilmişdir ki, maklerlərə zəhmət haqqı kimi pulun 2000 manatı veriləcəkdir. Təqsirləndirilən şəxs tərəfindən mənzilin başqa şəxsə satılmaması üçün ona əvvəlcədən 500 dollar beh vermiş, xx xxxxx 2015-ci ildə isə o, Tariyelə zəng vuraraq qalan pulu da düzəltdiyini bildirmiş, bundan sonra Tariyellə birlikdə Təqsirləndirilən şəxs evinə gəlmişlər. Eldar ona danışdıqları pulu ödədiyi təqdirdə 20 gün müddətində həmin satağacı mənzili onun adına sənədləşdirəcəyini vəd etmiş, belə olduqda Tariyelin iştirakı ilə Eldara 6500 manat pul vermişdir. Bundan sonra vədləşdikləri 20 gün keçdikdə, Eldarla əlaqə saxlamış, sonuncu ona tezliklə sənədləşmə aparacağını bildirmiş, sonrakı günlərdə dəfələrlə Eldarla əlaqə saxlasa da, sonuncu hər dəfə ona təkrar eyni vədləri verməkdə davam etmiş, sonradan müxtəlif bəhanələr gətirməyə başlamışdır. Dəfələrlə Eldarla evlə bağlı söhbət etdikdən sonra sonuncu ona pul lazım olduğunu və buna görə də onu aldadıb pulunu ələ keçirdiyini etiraf etmişdir. Bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona ev satacağını vəd edib pulunu ələ keçirmiş və qaçıb gizlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Şahid2 təxminən 2011-ci ildən tanıyır. Belə ki, Natiq yaşadığı X4 bərbər işləyir, mən də bir müddət onunla birlikdə bərbər işləmişdir. Təqsirləndirilən şəxs da onunla qonşudur, Eldar əvvəllər onun işlədiyi bərbərxanaya gələrək saçını ona düzəltdirmiş, təxminən 2015-ci ilin mart ayı olardı, Eldarla görüşdükdə ona bildirmişdir ki, yaşadığı mənzili satmaq istəyir. Bu barədə məlumat aldıqda Eldarın təklifini Natiqə bildirmiş, Natiq makler Tariyellə həmişə birlikdə olduğu üçün Eldarın evinin satılması barədə məlumat almış, həmin günü Eldarı Natiqgil ilə tanış etmişdir. Həmin günü axşam radələrində rayonda hüzürü düşdüyü üçün çıxıb rayona getmiş və təxminən 7-8 gün rayonda qalmış, sonra geri qayıtdıqda işlədiyi bərbərxanada olarkən Natiq cibinə 500 manat pul qoymuş, ondan həmin pul barədə maraqlandıqda, demişdir ki, «neyləyirsən, qoy cibinə». Natiqdən bu barədə bir söz soruşmadan pulu xərcləmiş, təxminən üstündən 6 ay keçmiş Natiqgili polisə izahat vermək üçün çağırmış, həmin vaxtı ona məlum olmuşdur ki, ev satdıqları üçün onları izahat vermək üçün çağırmışlar. Lakin sonradan məlum olmuşdur ki, Natiqin ona verdiyi 500 manat pul onun vasitəsilə tanış olduğu Eldarın evini satdığına görə onlara verilmiş zəhmət haqqının bir hissəsidir. Sonradan Natiq ona bildirmişdir ki, Eldarın satmaq istədiyi evə görə polisə şikayət edilmişdir və bu səbəbdən də hər kəs kimi o da aldığı 500 manat pulu geri qaytarmalıdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ev alqı-satqısında maklerlik etməklə məşğul olur və bu barədə dəftərçəsində qeydiyyatlar aparır, evin alqı-satqısı baş tutduqda isə tərəflərdən «şirinlik» kimi pul alır. 2015-ci ilin fevral ayının əvvəllərində Əminə adlı tanışı ona zəng vuraraq qohumu Səbuhi adlı şəxsin X4 kreditdə olan və təmirli mənzil axtardığını bildirib ondan bu işdə köməklik etməsini xahiş etmişdir. Bundan sonra Səbuhi adlı şəxslə görüşmüş, sonuncu ona 25.000 manat civarında ev axtardığını bildirmiş, bundan sonra şəhərcikdə bərbər işləyən Natiq adlı şəxslə görüşmüş və Səbuhinin dediyi şərtlərlə ev axtardığını bildirmiş, söhbət əsnasında Natiq ona Eldar adlı şəxsin kreditdə olan mənzilini satmaq istədiyini bildirmiş, belə olduqda Eldarın evinə gedib onunla görüşmüşlər. Eldarın mənzili 2 otaqlı olmaqla 70 kvadrat metr sahəsi olmuş, söhbət əsnasında Eldar mənzili 20 illik kreditlə götürdüyünü, 6 il ərzində mənzilin kredit borcunu ödədiyini, 19.000 manat pul veriləcəyi təqdirdə evin Səbuhiyə sata biləcəyini və qalan pulun isə 14 il ərzində aylıq 407 manatdan olmaqla ödəməli olduğunu demişdir. Səbuhi Eldarla razılaşmış, əvvəlcə qərara almışlar ki, ilk əvvəl 7000 manat pul təmir üçün ödənilsin, qalan 12.000 manat isə alınmalı olan ev Səbuhinin adına keçirildikdən sonra ödənilməli olmuşdur. Eldar evi bir ay müddətində rəsmiləşdirəcəyinə söz vermiş, bundan sonra onun olmadığı vaxt Səbuhi Eldarla görüşüb 500 dollar pul vermiş, xx xxxxx 2015-ci il tarixdə Səbuhi Eldarla görüşüb qalan 6500 manat pulu da vermiş, sonuncu isə öz növbəsində bir ay ərzində evi rəsmiləşdirəcəyinə söz vermişdir. Eldara Səbuhi tərəfindən 6500 manat pul ödənilib getdikdən sonra, Eldarla görüşmüş, əvvəlcədən sonuncunun ona müştəri tapılmasında köməklik edəcəyi təqdirdə 2000 manat pul verəcəyini vəd etdiyi üçün Eldar ona vəd etdiyi həmin məbləği ona ödəmişdir. Səhubi isə evin alqı satqı prosesi başa çatdıqdan sonra ona şirinlik verəcəyini bildirmişdir. Eldara məxsus mənzilin Səbuhiyə satılması prosesində satıcı tərəfdən, alıcı tərəfdən isə Natiq və sonuncunun tanışı Marif iştirak etdiyi üçün həmin məbləğin 500 manatı zəhmət haqqı kimi Marifə verilmiş, qalan pulu isə Natiqlə öz arasında bölmüşdür. Eldar Akkord şirkəti ilə razılaşmışdı ki, aldığı kreditdə olan mənzili təkrar şirkətə qaytarmalı və Səbuhi də şirkətdən həmin mənzili almalı idi. Eldarın kreditlə aldığı mənzilə görə şirkətə 16.000 manat borcu olmasına baxmayaraq, müharibə veteranı olduğu üçün borcunu 12.000 manatadək salmasına, sonradan Səbuhidən həmin məbləği də alıb evin kreditinə ödəməsi barədə razılıq əldə etmişdir. Lakin şirkət güzəştə getməmiş və Səbuhidə də belə olan halda pulunu Eldardan geri tələb etməyə başlamış, Eldar aldığı pulu xərclədiyi üçün Səbuhidən 2015-ci ilin iyun ayna kimi vaxt almış, lakin həmin müddətdə pulu ödəyə bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2011-ci ilindən X4 yaşayır və orada da bərbər işləyir. Həmin vaxtardan Eldar adlı şəxsi tanıyır. Eldar mütəmadi olaraq onun işlətidyi bərbərxanaya gəlir və onunla birlikdə işləyən Marif adlı ustaya çaçını düzəltdirmişdir. 2015-ci ilin mart ayının əvvəllərində Eldar bərbərxanada olarkən özünə məxsus şəhərcikdə yerləşən 70 kvadrat metrlik kreditdə olan mənzilini satmaq istəməsi barədə fikrini Marifə bildirmiş, sonuncu da Eldarın fikrini öz növbəsində ona demişdir. Bundan sonra Eldarla görüşdükdə sonuncu ona satdığı mənzilə görə hazırkı dövrədək ödədiyi pulun və evin təmirinə çəkdiyi xərcin ödənilməsini bildirmiş, öz növbəsində yanına müştəri gələrsə, bu barədə məlumat verəcəyini demişdir. Bundan sonra makler Tariyelə bu barədə bildirmiş, bir-iki gün sonra Tariyel yanına adını sonradan bildiyi Səbuhi adlı şəxslə birlikdə gəlmiş və Eldarın evinə baxmaq istədiyini bildirmiş, belə olan halda Eldarın evinə gedib orada onunla görüşmüşlər. Eldarın evi 2 otaqdan ibarət olmaqla 70 kvadrat metr sahəyə malik olmuşdur. eldar mənzili 20 illik kreditlə götürdüyünü, 6 il ərzində krediti ödədiyini və 19.000 manat pul verildiyi təqdirdə evi Səbuhiyə sata biləcəyini demiş, qalan pulu isə 14 il ərzində aylıq 407 manatdan olmaqla səbuhi ödəməli olmuşdur. Səbuhi Eldarla razılaşmış, əvvəlcə belə qərara gəlmişlər ki, Səbuhi Eldara 7000 manat pul ödəsin, qalan 12.000 manat isə ev rəsmiləşdikdən sonra Səbuhi Eldara ödəməli olmuş, sonuncu bir ay ərzində evin sənədləşdirəcəyini vəd etmiş, onun iştirakı ilə Səbuhi Eldara 500 dollar beh vermiş, bundan sonra xx xxxxx 2015-ci il tarixdə Səbuhinin Eldara 6500 manat pul verdiyi barədə məlumat almışdır. Eldar ev üçün müştərinin tapılmasında köməklik göstərildiyinə görə onlara 2000 manat pul verəcəyini bildirdiyi üçün həmin məbləği Tariyelə ödəmiş, bundan sonra Tariyelə verilmiş pulun 500 manatı evin təklif edilməsində vasitəçilik etdiyinə görə Marifə vermiş, qalan 1500 manatı isə Tariyellə öz arasında bölmüşdür. Bundan sonra Eldarın kreditlə aldığı mənzilə görə şirkətə 16.000 manat borcu olmasına baxmayaraq, müharibə veteranı olduğu üçün borcunu 12.000 manatadək salmasına, sonradan Səbuhidən həmin məbləği də alıb evin kreditinə ödəməsi barədə razılıq əldə etmişdir. Lakin şirkət güzəştə getməmiş və Səbuhidə də belə olan halda pulunu Eldardan geri tələb etməyə başlamış, Eldar aldığı pulu xərclədiyi üçün Səbuhidən 2015-ci ilin iyun ayına kimi vaxt almış, lakin həmin müddətdə pulu ödəyə bilmədiyi üçün Səbuhi aldanıldığını başa düşmüş və Eldar barəsində Abşeron rayon Pİ-nə ərizə ilə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli tutulduğu andan hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Pİ-in xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Komvoy Toboru tərəfindən Rusiya Federasiyasının səlahiyyətli nümayəndələrindən qəbul edilərək 03 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Abşeron rayon Pİ-in İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 1756 manat dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 1756 manat dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı və məhkəmə zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə zalında həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar