Məhkəmə qərarları › İş №1(012)-36/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-36/2021

06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-36/2021 06.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, AR Səhiyyə Nazirliyinin Klinik Psixatrik Xəstəxanasının həkimi X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 07.08.1971-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhərində Quşçuluq yaşayış massivi, Z. Bünyadov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Klinik Psixatrik Xəstəxanasının inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11.02.2020-ci il tarixdə səhər saat 07 radələrində Abşeron rayonu Xırdalan şəhəri Nizami Gəncəvi küçəsi, ev-26-da yerləşən evlərində olan zaman arvadı Zərərçəkmiş şəxs səhər saatlarında işığı yandırıb-söndürməsi, həmçinin məişət əşyalarından mətbəxdə istifadə edərkən səs-küy yaratması səbəbindən əri Təqsirləndirilən şəxs ilə arasında ailə-məişət münasibətləri zəminində mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurmaqla ona sol tərəfli Vİİ qabırğanın yerdəyişməyən sınığı, boyun nahiyyəsinin sıyrıqlarından ibarət sağlamlığına qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 1996-cı ildən evlənmiş, birgə nikahlarından dörd övladları vardır. Son dövrlərdə arvadı Zərərçəkmiş şəxs ilə yaşadıqları evlə əlaqədar münasibətləri pozulmuşdur. Belə ki, Vəsilə qızları Səkinənin ailəsinin evi olmadığı üçün onlarla yaşamasını istəyir. O da Vəsilə ilə razılaşmadığı üçün onunla münaqişə edib onu ruhi-əsəb xəstəxanasına yerləşdirmək istəyir. O da Zərərçəkmiş şəxs ilə razılaşmır. 11.02.2020-ci il tarixdə səhər saat 07 radələrində Vəsilə yatdığı otağa daxil olub tez-tez işığı yandırıb-söndürmüş, çayniki, çaydanı, həmçinin qab-qacağı mətbəxdə ora-bura ataraq onu oyatmağa çalışmış, o da əsəbi halda oyanıb niyə belə etdiyini soruşmuş, Vəsilə də acıqlı və hikkəli formada ona cavab qaytardıqda əsəbləşib əli ilə saçından tutub silkələmiş, Vəsilə ona əl atdıqda isə sonuncunu yerə yıxıb təpiklə ilə bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuş, sonra isə çıxıb getmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində aralarındakı mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə əli və ayağı ilə zərbələr vurmaqla sonuncuya xəsarət yetirməsini, qeyd olunan hadisənin Abşeron rayonu Xırdalan şəhəri Nizami Gəncəvi küçəsi, ev-26-da yerləşən evlərində baş verdiyini, həmin vaxt yanlarında heç kimin olmadığını, münaqişənin təxminən 5 dəqiqə davam etdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, ailələrində mütəmadi olaraq ailə-məişət zəmnində münaqişələr olduğunu bildirdi. İbtidai araşdırmada cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə 1996-cı ildən evlənmiş, birgə nikahlarından 4 övladları vardır. Təqsirləndirilən şəxs əvvəllər ruhi əsəb xəstəxanasında müalicə almış, xaraktercə aqressivdir. 11.02.2020 ci il tarixdə Təqsirləndirilən şəxs ondan saatın neçə olduğunu soruşmuş, o da cavabında ona saatın 07 olduğunu bildirmiş, Əlibəy isə ona inanmamış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Əlibəy əli və ayağı ilə onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmiş, o da təcili tibbi yardıma müraciət etmiş, həkimlər onu müayinə etdikdən sonra qabırğasının birinin sındığını, bir neçə qabırğasının əzilmiş və onurğasının zədələnmiş olduğunu demişlər. Zərərçəkmiş şəxs həmçinin ifadəsində əri Təqsirləndirilən şəxs 11.02.2020-ci il tarixdə əli və ayağı ilə onun qarın və bel nahiyyələrinə zərbələr vuraraq ona xəsarət yetirməsini, qeyd olunan hadisənin Abşeron rayonu Xırdalan şəhəri Nizami Gəncəvi küçəsi, ev-26-da yerləşən evlərində baş verdiyini, həmin vaxt yanlarında heç kimin olmadığını, mübahisə vaxtı özünün Təqsirləndirilən şəxs oğlunu vurmadığını, ailələrində mütəmadi olaraq ailə-məişət zəmnində münaqişələr olduğunu, Təqsirləndirilən şəxs oğlu barəsində şikayətçi olmadığını və həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini tələb etmədiyini göstərdi. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs oğlu ilə barışdığını, ona qarşı şikayətçi olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” 29.02.2020-ci il tarixli 424 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı ifadəli şəxsiyyət pozuntusu, ağıl zəifliyi və psixi fəaliyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən olunmadığı üçün o, ittiham edilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X2 ona ittiham olunan əmələ görə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı iş materiallarının hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvü şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla” diaqnozlu psixi xəstəlikdən əziyyət çəkdiyi üçün o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, icimai təhlükəliliyini tam dərk etmək və onalrı tam idarə etmək iqtidarında olmamışdır. Göstərilənlərlə əlaqədar yoxlanılan şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 22 fevral 2021-ci il tarixli 348 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol tərəfli Vİİ qabırğanın yerdəyişməyən sınığı, boyun nahiyyəsinin sıyrıqları bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 11.02.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1 maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2 maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 bəndindən görünür ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci, 1.15 bəndlərinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci, 1.15 bəndlərinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar