Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-360/2020 31.05.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən onun yaşadığı evə qonaq gəlmiş bacısı oğlu Zərərçəkmiş şəxs ilə arasında sonuncunun ona qohumluq məsələləri ilə bağlı irad bildirməsinə qarşılıq olaraq kobud cavab qaytarması səbəbindən mübahisə yaranmış və həmin mübahisə zamanı o, əsəbləşərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə əli ilə zərbə endirərək ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi; alın nahiyəsinin orta hissəsinin dərialtı hematomasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur, münasibətləri hər zaman normal olmuş və əvvəllər aralarında hər hansı bir ədavət olmamışdır. Hətta o, mütəmadi olaraq Samirə maddi cəhətdən yardım göstərən insan olmuşdur. xx.xx.2020-ci il tarixdə, təxminən saat 23 radələrində Samir onun evinə qonaq gəlmiş və həmin vaxt o, Samirə xalası oğlu Camalla aralarında olan soyuq münasibətə görə irad bildirmişdir. Bu zaman spirtli içkinin təsiri altında olan Samir artıq müstəqil bir şəxs olduğunu və onun işlərinə qarışmağa heç kimin haqqı olmadığını bildirməklə ona kobud şəkildə cavab qaytardığından onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı o, əsəbləşərək sillə ilə bir dəfə Samirin sifət nahiyəsinə zərbə vurmuş, daha sonra isə onu evdən qovmuşdur. Bundan sonra Samirin həmin vaxt orada olan qardaşı Səməd onu sakitləşdirərək oradan aparmışdır. Samirlə aralarında yaranmış mübahisən 4-5 dəqiqə davam etmişdir, həmin vaxt orada onlardan şəxslərdən başqa heç kim olmamışdır və Samir ona hər hansı bir formada müqavimət göstərməmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə istintaqının onun iştirakı olmadan aparılmasını, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun dayısıdır, münasibətləri hər zaman normal olmuş və əvvəllər aralarında hər hansı bir ədavət olmamışdır. Hətta Təqsirləndirilən şəxs mütəmadi olaraq ona maddi cəhətdən yardım göstərən insan olmuşdur. xx.xx.2020-ci il tarixdə, təxminən saat 23 radələrində o, dayısı Rayisgilə qonaq getmiş və həmin vaxt sonuncu onu xalası oğlu Camalla aralarında olan soyuq münasibətə görə danlamışdır. Bu zaman o, dayısının ona irad bildirməsinə görə əsəbləşib ona cavab qaytardığından onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı dayısı Rayis onun üzərinə gələrək sillə ilə bir dəfə onun sifət nahiyəsinə zərbə vurmuş, daha sonra isə onu evdən qovmuşdur. Buna görə də o, hadisə zamanı orada olan qardaşı Səmədlə birlikdə oradan çıxıb getmişdir. O, əlavə olaraq dayısı Rayislə aralarında yaranmış mübahisənin 3-4 dəqiqə davam etdiyini, həmin vaxt orada adlarını ifadəsində qeyd etdiyi şəxslərdən başqa heç kimin olmadığını bildirmiş, həmçinin həmin vaxt dayısı Rayisə hər hansı bir formada müqavimət göstərmədiyini də qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə o, dayısı Rayisin yaşadığı evə getmişdir. Bir qədər sonra qardaşı Samir də oraya gəlmişdir. Bu zaman Samirin spirtli içki qəbul etməsinə görə dayısı ilə Samirin arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Samir dayısına cavab qaytardığından dayısı əsəbləşib ona bir sillə zərbəsi vurmuşdur. O, onları sakitləşdirmiş və Samirlə birlikdə yaşadıqları evə getmişlər. Mübahisə zamanı Samir dayısı Rayisə heç bir müqavimət göstərməmişdir və ona heç bir xəsarət yetirməmişdir. Mübahisə təxminən 3-4 dəqiqə davam etmiş və onlardan başqa orada heç kim olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 739 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi; alın nahiyəsinin orta hissəsinin dərialtı hematoması bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında elan olunmuş ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənildiyini, onunla barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 saat və məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 saat və məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-360/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-360/2020
31.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver