Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-361/2022 13.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1988-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu S.Sani Axundov küçəsi 1 V-də kirayə yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs “Turba. Az “ saytında yerləşdirdiyi “ RAVON “ markalı avtomobilin göy rəngini gətirəcəyinə, ilkin olaraq 1500 manat 36 ay isə 500 manat ödəmək şərti ilə satacağına vəd verib aldadaraq bu məqsədlə xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “ MİLLİÖN “ ödəmə terminalı vasitəsi ilə kart hesabına göndərdiyi 1010 manat pulu, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “ MİLLİÖN “ ödəmə terminalı vasitəsi ilə kart hesabına göndərdiyi 110 manat pulu, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi “ UĞUR “ marketdə yerləşən “MİLLİÖN“ ödəmə terminalı vasitəsi ilə kart hesabına göndərdiyi 400 manat pulu və xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 saylı bina, Bravo Supermarketdə yerləşən “MİLLİÖN“ ödəmə terminalı vasitəsi ilə kart hesabına göndərdiyi 210 manat pulu vahid niyyətlə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 1730 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu S.Sani Axundov küçəsi 1 V–də ailəsi ilə birlikdə kirayə yaşayır. Özü maşın al veri ilə məşğul olur, Binəqədi rayonunda ofis icarəyə işlədərək həmin ofisdə maşın satışı ilə bərabər avtomobilləri günlük arendayada verir. O, satdıq avtomobillərini Turbo.Az saytında elanada yerləşdirir. ***-***-**-** saylı mobil nömrə ona məxsus olmuş hazırda isə həmin nömrəni istifadə etmir.Turbo.Az saytında avtomobil elana verən zaman əlaqə nömrəsi kimi özünə məxsus ***-***-**-** saylı mobil nömrəni elana yerləşdirirmiş. Təxminən 2021-ci ilin yanvar ayının 25-də bir nəfər tanımadığı şəxs onun istifadəsində olan nömrəsinə zəng vuraraq göy rəngdə RAVON markalı avtomobil istədiyini bildirmişdir. Bundan sonra onlar xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon ərazisində Nefçilər xəstəxanasında görüşüb bu barədə söhbət etmişdirlər həmin vaxtı bilmişdirki, onun adı Sənandır. O, ondan göy rəngli RAVON markalı avtomobil istəmiş o, isə demişdirki, göy rəngli yox ağ rəngli RAVON markalı avtomobili vardır. O, istəməyəndə ona demişdirki, 10-15 günə göy rəngini RAVON markalı avtomobil gətirə bilər. Söhbət əsnasında demişdirki, kreditə olsa daha yaxşı olar. O, həmin vaxtı ona bildirmişdirki, ilkin ödəniş kimi 1500 manat verərsən 36 ay isə 550 manatdan ödəniş edərsən. Həmin vaxtı onunlar razılaşmışdırlar. Sənan demişdirki, onda pulu necə verim o, isə demidirki, sənə kart verəcəm həmin pulu həmin karta göndərərsən. xx.xx.2021-ci il tarixdə həmin şəxs 1010 manat, xx.xx.2021-ci il tarixdə 110 manat, xx.xx.2021-ci il tarixdə 400 manat sonuncu dəfə isə 210 manat pul göndərməklə ümumilikdə ona 1730 manat pul göndərmişdir. Onlar maşını ilkin ödəniş kimi 1500 manata danışsalarda əlavə 230 manat pulun 100 manatı maşının qeydiyyat xərclərinə, 110 manat isə Sənanın srücülük vəsiqəsində olan cəriməsi ödəmək üçün aldığını bildirmişdir. Bundan sonra o, göy rəngli RAVON markalı avtomobil tapa bilmədiyi üçün onun puluna başqa bir avtomobil almışdır. Sənan ondan pulunu istəyəndə baş verənləri ona deyib əvəzinə başqa bir maşın verməsini demiş o, isə razılaşmamışdır. O, isə onun pulunu verə bilməmişdir. Ancaq, söz vermişdir ki, onun 1730 manat pulunu ödəyəcək. Təqsirləndirilən şəxs məqsədinin Sənana göy rəngli Ravon markalı avtomobil tapıb ona satmaq olduğunu lakin, göy rəngdə RAVON markalı avtomobil tapa bilmədiyi üçün həmin pula başqa bir maşın aldığını bildirmişdir. Həmin vaxtı onların yanında heç kim olmamış və Sənanın isə ona pulu əlbə-əl yox, kart vasitəsilə hissə-hissə göndərdiyini qeyd etmişdir. Sonda o, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Abşeron rayonu Xırdalan Şəhəri Y.Məmmədəliyev küçəsi dalan 4, ev 2-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə h həmin evddə yaşayıram. Təxminən 2021-ci ilin yanvar ayında özünə RAVON markalı avtomobil almaq istəyirmiş . Bunun üçün mütəmadi olaraq “ TURBO.AZ “ saytında elanlara baxırmış. Həmin vaxtı Dəyanət adlı şəxsin yerləşdirdiyi elanda olan ***-***-**-** saylı mobil nömrəni götürüb onunla əlaqə saxlamışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Mərkəzi Nefçilər xəstəxanasında görüşmüşdürıər. Təqsirləndirilən şəxs hazırda ağ rəngli RAVON markalı avtomobili olduğunu bildirdir. Lakin, o, göy rəngli avtomobil istədiyi üçün Təqsirləndirilən şəxs bu barədə demişdir ki, istədiyi, göy rəngli avtomobili 10-15 günə gətirəcək. Avtomobili 36 ay müddətinə aylıq 500-550 manata kreditlə verəcəyini bildirmişdir. İlkin ödəniş isə 1500 manat, 100 manat qeydiyyat xərcləri, həmçinin adında olan inzibati cəriumənin silinməsi üçün 110 manat istəmişdir. Maşın gələnə qədər pulu ödəməli olduğunu bildimişrdir. xx.xx.2021xx.xx.2021-ci tarix aralığında maaş alacağını maaşı alandan sonra pulu tam şəkildə ödəyəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 1010 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 110 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi “ UĞUR “ marketdə yerləşən ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 400 manat pul göndərmişdir. Sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 240 saylı bina, Bravo Supermarketdə yerləşən ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 210 manat pul göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs hesabına 1730 manat pul göndərmiş, Təqsirləndirilən şəxs isə avtomobili xx.xx.2021-ci il tarixdə ona təhvil verəcəyinə söz versədə həmin vaxtdan bu günə kimi müxtəlif bəhanələr gətirərək avtomobili ona təhvil verməyərək onun 1730 manat pulunu ələ keçirmişdir. O, Dəyanətə pulları hissə hissə terminal vasitəsi ilə ödəmişdir. Ona əl bə əl pul verməmişdir. Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** saylı zəng çatmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını başa düşüb bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən 01 il 11 ay 28 gün azadlığı məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 09 fevral 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, o, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalında həbsə alınmalı və cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2022-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi iə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ( on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-361/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-361/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver