Məhkəmə qərarları › İş №1(012)-363/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-363/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-363/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2anda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1, 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 dekabr 2020-ci il tarixdə saat 09 radələrində idarə etdiyi “Daewoo Gentra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində Quşçuluq yaşayış massivindən Xırdalan dairəsi istiqamətində 10-20 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, təhlükəsiz yan məsafə saxlamadığından hərəkəti istiqamətində yolun sağ kənarında hərəkət hissəsində dayanmış Zərərçəkmiş şəxs sağ ayağının üstündən keçmiş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ iç və bayır topuq sümüklərinin qapalı, yerdəyişən sınıqları, sağ ayaq pəncəsinin travmatik çıxığı, sağ əlin arxa səthinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına Az Ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmiş, həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2020ci ilin noyabr ayının sonlarında gündəlik kirayəyə “Daewoo Gentra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil götürüb taksi kimi işləyir. Avtomobili etibarnamə ilə idarə etmişdir. Avtomobilin sahibi tərəfindən verilən etibarnamə hər ay təzələnir. 26.12.2020-ci il tarixdə saat 09 radələrində idarə etdiyi “Daewoo Gentra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindən çıxıb Xırdalan dairəsi istiqamətində 10-20 km/saat sürətlə hərəkət edərkən avtomobilin salonuna gün düşdüyü üçün yolu görməmişdir. Bu zaman idarə etdiyi avtomobilin qabaq sağ təkəri yolun hərəkət hissəsində dayanmış qadının ayağının üstündən keçmişdir. Həmin qadın yerə yıxılmışdır. Dərhal avtomobili saxlayıb avtomobil ilə vurduğu sonradan adını bildiyi Zərərçəkmiş şəxs yanına gedib yerdən qaldırmış və onu avtomobilinə əyləşdirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhərində yerləşən poliklinikaya aparmışdır. Poliklinikaya çatdıqda poliklinikanın qapısının bağlı olduğunu görüb, Gülbənizi başqa xəstəxanaya aparmaq qərarına gəlmişdir. Bir qədər getdikdən sonra Xırdalan şəhərində avtomobilinin yanacağı bitdiyi üçün avtomobil dayanmışdır. Gülbənizə avtomobildə oturub gözləməsini xahiş edərək benzin almaq üçün getməli olduğunu demişdir. Gülbəniz ona bildirmişdir ki, əri ilə danışıb, əri gələsidir. Gülbəniz ona avtomobildən düşməsini və çöldə gözləmək istədiyini demişdir. Gülbənizi avtomobildən düşürüb yolun kənarında olan səkinin üzərində əyləşdirmişdir. Daha sonra avtomobilini yavaş-yavaş sürüb yanacaq almağa getmişdir. Təxminən 30 dəqiqə sonra avtomobilə benzin vuraraq geri qayıtdıqda Gülbənizi qoyduğu yerdə görməmişdir. “Daewoo Gentra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı maşını idarə edən zaman sürücülük hüququ olmuş, həmin maşını özünə məxsus AB 449730 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etmiş, piyada Zərərçəkmiş şəxs avtomobil ilə vuran zaman tək olmuş, başqa heç kimi vurmamış, heç kimə xəsarət yetirməmiş, avtomobili idarə edən zaman tək olmuş, hadisə baş verən zaman avtomobildə yanında sərnişin olmamış, hadisə baş verən gün, yəni 26.12.2020-ci il tarixdə saat 09 radələrində “Daewoo Gentra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman spirtli içki qəbul etməmiş, avtomobili 10-20 km sürətlə idarə etmiş, avtomobili texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə vurduqdan sonra və avtomobilindən düşürən zaman sonradan onunla əlaqə yaratması üçün ona özü barədə heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə vurduğu gün, yəni 26.12.2020-ci il tarixdə axşam saatlarında Gülbənizin tanımadığı yaxın qohumları onu üzr istəmək üçün Gülbənizin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evinə çağırmışlar. Gülbənizin evinə getmişdir. Orada evdə olan zaman Gülbənizin tanımadığı yaxın qohumları onu döyərək xəsarət yetirmişlər. Bu barədə polisə məlumat vermişdir. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyyatsızlığı üzündən baş vermişdir. Səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhərində Q.Qarayev metro stansiyasının yaxınlığında yerləşən 1 saylı uşaq xəstəxanasında tibb bacısı işləyir. 26.12.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Quşçuluq yaşayış massivində evdən çıxaraq bir az aralıda yerləşən qohumunun evinə getmək məqsədilə M.Əsədov küçəsi ilə hərəkət edib H.Əliyev prospektində olan avtobus dayanacağına getmişdir. Avtobus dayanacağında dayanan zaman ağ rəngli markası yadında qalmayan **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sol ayağının topuq nahiyəsindən vurmuşdur. Belə ki, həmin avtomobilin sürücüsü avtomobilin qabaq sağ təkəri ilə onun sol ayağının topuğunun üzərindən keçdiyi üçün aldığı zərbədən yerə yıxılmışdır. Həmin vaxt onu vuran avtomobilin sürücüsü avtomobili saxlamış, dayanacaqda olan tanımadığı bir neçə şəxsin köməyi ilə onu həmin avtomobilin qabaq sağ oturacağına əyləşdirmişlər. Sürücü avtomobili hərəkətə gətirmiş, bir qədər getdikdən sonra sürücü avtomobili saxlamış və yanacağın bitdiyini ona demişdir. Sürücüyə üstündə pul olduğunu və onu xəstəxanaya aparmasını xahiş etmiş, lakin sürücü onu digər taksi nişanlı avtomobillə xəstəxanaya yola salacağını demişdir. Bu məqsədlə onu vuran avtomobilin sürücüsü avtomobildən düşərək qarşıda dayanmış digər avtomobilin sürücüsü ilə söhbət etmiş, bir qədər sonra digər tanımadığı şəxs ona yaxınlaşıb avtomobildən düşürmək istədikdə o, tanımadığı həmin şəxsə digər şəxsin onu avtomobil ilə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra onu avtomobildən düşürərək yolun kənarında olan səkinin üzərində əyləşdirmişlər. Bundan sonra onu avtomobil ilə vuran şəxs avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Avtomobilin nömrə nişanını götürüb əri Abbasəliyə zəng edərək onu avtomobil vurduğunu və Xırdalan şəhərində H.Əliyev adına parkın yaxınlığında yolun kənarında səkinin üstündə oturduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra əri Abbasəli gələrək onu taksi ilə Respublika Mərkəzi xəstəxanasına aparmışdır. İlkin tibbi yardım göstərildikdən sonra o, Abşeron rayon polis idarəsinə gedərək ərizə ilə müraciət etmiş. Avtomobillə vurulan zaman yanında heç kim olmamış, avtomobillə vurulduqdan sonra ətrafda olan tanımadığı şəxslər kömək edərək onu vuran avtomobilə əyləşdirmişlər. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən 1 saylı Uşaq xəstəxanasında tibb bacısı işləyir. Bundan başqa qonşularda gedib sistem qoşmaqla da əlavə işləyir. 26.12.2020-ci il tarixdə saat 09 radələrində arvadı Gülbəniz evdən çıxaraq yaxınlıqda yaşayan qohumunun evinə getmişdir. Aradan təxminən bir neçə dəqiqə keçdikdən sonra arvadı Gülbəniz ona zəng edərək onu yaşadığı evdən bir qədər aralıda avtobus dayanacağında avtomobil vurduğunu, daha sonra həmin avtomobilin sürücüsünün onu bir qədər irəli apararaq Xırdalan şəhərində yerləşən Şahmat məktəbinin qarşısında düşürərək səkinin üzərində əyləşdirərək getdiyini bildirmişdir. Dərhal evdən çıxaraq arvadı Gülbənizin dediyi yerə, yəni Xırdalan şəhərində yerləşən Şahmat məktəbinin yanına getmişdir. Həmin yerə çatdıqda Gülbənizin yolun kənarında səkinin üzərində əyləşdiyini görmüşsür. Həmin vaxt Gülbənizin sol ayağının topuq hissəsi sındığı üçün ayağa qalxa bilməmişdir. Dərhal taksi sifariş edərək arvadı Gülbənizi Bakı şəhəri 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən Mərkəzi Respublika Xəstəxanasına aparmışdır. Gülbənizə ilkin tibbi yardım göstərildikdən sonra onlar evə qayıdarkən Abşeron rayon Polis İdarəsinə gələrək ərizə ilə müraciət etmişlər. Yoldaşı Zərərçəkmiş şəxs hansı şəraitdə avtomobil ilə vurulması və xəsarət alması barədə Gülbəniz ona zəng etdikdən sonra məlumatı olmuş, hadisə zamanı həmin yerdə olmadığı üçün hadisənin necə baş verməsini bilmir. X2 Anar Əli oğlunun idarə etdiyi “Daevo Gentra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı maşın ilə vurmasını sonradan bilmişdir. Təqsirləndirilən şəxs dediklərinin yalandır, Anarın özünü müdafiə etmək məqsədi ilə elə deyir, Anarı o və ailəsindən, eyni zamanda yaxınlarından heç kim döyməmiş və xəsarət yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən 1 saylı Uşaq xəstəxanasında tibb bacısı işləyir. Bundan başqa qonşularda gedib sistem qoşmaqla da əlavə işləyir. 26.12.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı evdə yatarkən atası Abbasəli ona zəng etdiyi üçün yuxudan oyanmış, atası ona anası Gülbənizin avtomobillə vurulduğunu və Xırdalan şəhərində yerləşən Şahmat məktəbinin qarşısında olduqlarını bildirmişdir. Dərhal evdən çıxıb taksi ilə atasının dediyi yerə getmişdir. Həmin vaxt anası Gülbənizin yolun kənarında səkinin üzərində əyləşdiyini və atası Abbasəlinin də onun yanında olduğunu görmüşdür. Bundan sonra atası taksi sifariş etmiş və onlar birlikdə anası Gülbənizi Bakı şəhəri 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən Mərkəzi Respublika Xəstəxanasına aparmışlar. Gülbənizə ilkin tibbi yardım göstərildikdən sonra onlar evə qayıdarkən Abşeron rayon Polis İdarəsinə gələrək ərizə ilə müraciət etmişlər. Anası Zərərçəkmiş şəxs hansı şəraitdə avtomobil ilə vurulması və xəsarət alması barədə atası ona zəng etdikdən sonra məlumatı olmuş, hadisə zamanı həmin yerdə olmadığı üçün hadisənin necə baş verməsini bilmir. Sonradan anası Gülbənizi Təqsirləndirilən şəxs idarə etdiyi “Daevo Gentra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı maşın ilə vurmasını sonradan bilmişdir. Təqsirləndirilən şəxs dediklərinin yalandır, Anarın özünü müdafiə etmək məqsədi ilə elə deyir, Anarı o və ailəsindən, eyni zamanda yaxınlarından heç kim döyməmiş və xəsarət yetirməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 16.01.2021-ci il tarixli 2726 nömrəli rəyində göstərilmişdir ki, 1972-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ iç və bayır topuq sümüklərinin qapalı, yerdəyişən sınıqları, sağ ayaq pəncəsinin travmatik çıxığı, sağ əlin arxa səthinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 26.12.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 18.01.2021-ci il tarixli 2734 nömrəli rəyində göstərilmişdir ki, 1975-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmadı. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 fevral 2021-ci il tarixli 8/217 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo Gentra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin 27.06.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.05.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli “Amnistiya” qərarının 1.1 bəndinə əsasən azad olunmuşdur.. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 10.04.2021-ci il tarixli, ********* nömrəli arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14.10.2011-ci il tarixdə “BC” kateqoriyalı AB seriyalı 449730 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri,ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1, 264-cü maddələrilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətmişdir. Onun əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra orada şəxsiyyətini təsdiq edən sənədləri, idarə etdiyi avtomaşına aid sənədləri təqdim etməmiş, zərərçəkmişi tibb müəssisəsinə çatdırmaq üçün tədbirlər görməmiş, başqa vasitələrlə özünü bəlli etməmiş, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmiş və ümumiyyətlə hadisəni törətdikdən sonra hadisə yerində qalıb gözləmədən hadisə yerindən qaçmış, özü barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs az ağır və yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi az ağır cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 29.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 114 manat məbləğində ekspertiza xərci təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 19 saat hüquqi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 114 manat məbləğdə pul köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 29.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 114 manat məbləğində ekspertiza xərci təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 19 saat hüquqi yardıma görə 114 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar