Məhkəmə qərarları › İş №1(012)-365/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-365/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-365/2024 05.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 02 iyul 2023-cü il tarixdə saat 23:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan «Azərmaş MMC»-yə məxsus etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Peugeot 405» markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olduğu zaman Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, Ə.Vahid heykəlinin yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunnun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara riayət etməyərək, yolu sağdan sola keçmək üçün yolun hərəkət hissəsinə daxil olmuş və hadisə anında yolun orta hissəsində sol tərəfdəki səkidən 6 metr aralıda dayanmış (hərəkətsiz) vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs avtomaşının ön sol güzgü hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya başbeynin orta dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol qulaq seyvanının əzilmiş-cırılmış yarası ilə nəticələnən, ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda qismən təqsirli bilmiş, izahatında göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi əmək fəaliyyəti ilə məşqul olur. «PEUGEOT 405 minik» markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci il tarixdə «Azərmaş MMC» dən aylıq 396 manat olmaqla Lizinq müqaviləsi ilə əldə edərək, etibarnamə əsasında idarə etmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək etibarlıdır. Nəqliyyat vasitəsini «B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 23:00 radələrində o, texniki cəhətdən saz vəziyyətdə olan yol vərəqəsi əsasında idarə etdiyi «PEUGEOT 405 minik» markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 40-50 km/sürətlə Abşeron rayonu, Masazır qəsəbəsi istiqamətindən Masazır dairəsi istiqamətinə 1 zolağdan ibarət olan yol ilə hərəkətdə olan zaman yolun orta hissəsində piyada bir kişini ani anda görüb avtomaşını sağa doğru çəksədə idarə etdiyi avtomobilin yan sol güzgüsü həmin piyada kişiyə dəymişdir. Həmin zərbədən piyada yerə yıxılaraq bədən xəsarəti almışdır. Həmin an o, dərhal əyləci basaraq avtomobili saxlamış, avtomobildən düşmüş və həmin şəxsə yaxınlaşaraq ətrafda olan kənar şəxslərin köməkliyi ilə ona ilk yardım göstərmişlər. Bundan sonra həmin kişini idarə etdiyi avtomobilə qoyaraq oradan X7 xəstəxanasına aparmışlar. Əlavə olaraq bildirmişdir ki, idarə etdiyi avtomobillə piyadanı vurarkən hərəkət sürəti təxminən 40-50 km/saat olmuşdur. Hadisə anidən baş verdiyi üçün o, əyləci basaraq avtomobili saxlamış və avtomobildən düşərək xəsarət alan şəxsə yaxınlaşmış, onu orada dayanmış adamların köməkliyi ilə idarə etdiyi avtomobilə qoyaraq xəstəxanaya aparmışdır. Hadisədən əvvəl və bilavasitə hadisə ərəfəsində o, alkoqol, dərman, narkotik, uyuşdurucu-kefləndirici və digər maddələr qəbul etməmişdir. Hadisə zamanı ayıq vəziyyətdə olmuş, o, ümumiyyətlə spirtli içki qəbul etmir. Bununla bağlı sərxoşluq müayinəsindən keçmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə o, tək olmuş, sərnişin olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomaşında heç bir texniki nasazlıq olmamışdır. Əvvəllər heç bir zaman yol-nəqliyyat hadisəsi törətməmişdir.Hazırda zərərçəkənlə barışmışlar.Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 02 iyul 2023-cü il tarixdə təxminən saat 23:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Əliağa Vahid» heykəlinin yaxınlığında yaşadığı evə getmək üçün yolu əks istiqamətə keçmək məqsədi ilə ətrafa baxmış, onun sol tərəfindən gələn avtomobillərin keçib qurtarmasını gözləmişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. Bu zaman o, avtomobillərin keçib qurtarmasına əmin olduqdan sonra yolu keçmək istərkən gözlənilmədən onu markasını və dövlət nömrə nişanını görmədiyi avtomobil vurmuşdur. O, həmin zərbədən yerə yıxılmış və onun başı asfalta dəymiş, o, huşunu itirmişdir. Bundan sonra nə olmasından onun xəbəri olmamışdır. O, gözünü Təcili Tibbi yardım avtomaşınında açmış və onu Kliniki Tİbbi Mərkəzə gətirmişlər. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra onu «Medera Hospitala» aparmışlar.Xəstəxanada təxminən bir həftə müalicə aldıqdan sonra evə buraxılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, onu «Peugeot 405» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə vuraraq xəsarət yetirmişdir.Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənilmişdir, hər hansı şikayəti,tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq Avtomobil yolları dövlət agentliyində baş mütəxəssis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun doğma atasıdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 23:00 radələrində o, yaşadığı evdə televizora baxmışdır. Təxminən bir az keçmiş bayırdan səs gəldiyini eşitmiş və mənzilin eyvanından yola baxanda görmüşdür ki, yolun ortasında çoxlu adamlar yığışıb və bir avtomobil bir piyadanı vurub, piyada yerdə uzanıb. O, diqqətlə baxanda həmin piyadanın onun atası Naibin olduğunu görmüş və tez əynini geyinib hadisə yerinə getmişdir. O, hadisə yerinə yaxınlaşanda görmüşdür ki, bir ağ rəngli «PEUGEOT 405 minik» markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil yolun ortasında dayanıb atası Naib isə yerdə uzanıb və hüşsuz vəziyyətdədir. O, tez istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əvvəl DİN-nin 102 xidmətinə, sonra isə TTYS-na zəng vuraraq həkim briqadası çağırmışdır. Lakin atası hüşsuz vəziyyətdə olduğundan orada olan adamların köməkliyi ilə atası Naibi avtomobilə qoyaraq əvvəl X7 xəstəxanasına aparmışlar. Orada ilkin tibbi yardım göstərildikdən sonra isə atasını «MedEra hospitala» aparmışlar. Atası Zərərçəkmiş şəxs təxminən bir həftə həmin xəstəxanada yataraq müalicə almışdır. İstintaq zamanı şahid Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zaman, istintaqa verdiyi ifadəsini bir daha təsdiqləmiş və hadisə yerini əyani şəkildə göstərərək, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 02 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, Ə.Vahid heykəlinin yaxınlığında baş vermişdir. İbtidai istintaq zamanı «Peugeot 405 minik» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə yol-nəqliyyat hadisəsinə(piyada vurmaya) xarakterik zədələr aşkar edilmiş, avtomobilin texniki cəhətdən saz vəziyyətdə olması müəyyən edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 2/16787 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 1840 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər –baş-beynin orta dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol qulaq seyvanının əzilmiş-cırılmış yarası bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, müayinə olunan şəxsin göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az-Ağır zərərvurmaya aiddirlər. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 17 avqust 2023-cü il tarixli, 3-16-16/2-8/2291 saylı rəyindən görünür ki, 1.istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Peugeot 405» markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi üzrə şahid Təqsirləndirilən şəxs idarə etdiyi «Peugeot 405» markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin özünün ifadəsi,şahidin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə etməsi yüngülləşdirən hal kimi müəyyən edildi, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, zərərçəkənlə barışıq əldə etməsini nəzərə alır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, zərərçəkəınin hüquqi varisi ilə barışıq əldə etməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın məhkumu islah etməsi və cəzanın məqsədlərinə nail olmanın mümkünlüyünü təyin ediləcək cəza həddini müəyyən edərkən onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Peugeot 405» markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Peugeot 405» markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X9 idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar