Məhkəmə qərarları › İş №1(012)-366/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-366/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-366/2023 16.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, eləcə də hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə əməl etməyərək Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsindən Masazır dairəsi istiqamətində piyadaların hərəkətinə fikir verməyib idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsinin sol tərəfindən sağ tərəfinə iti yerişlə piyada qismində və əl-ələ tutulmuş vəziyyətdə hərəkətdə olan X7 və Şahid vurmuş, nəticədə X5 başın alın-sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, burunun küt travması-burun nahiyəsinin şişkinlik halında qançırı, burun tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişən sınığı, çənəaltı, sağ əl, hər iki diz nahiyələrinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, eləcə də, digər piyada Şahid sol qalça nahiyəsinin və sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Renault Megan” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 10 fərdi əməklə məşğul olmaqla qazanc əldə edir. Fiziki və psixi cəhətdən sağlamdır. Yol-nəqliyyat hadisəsi baş verən gün, işlədiyi "İlkin92" adlı şirkətin müdiri X3 məxsus “Ford Transit” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə ilə idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “Ford Transit” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə saatda 40 km/saat sürətlə Masazır dairəsi istiqamətinə hərəkətdə olan zaman piyada Şahid və yanında olan X2 anidən yola çıxaraq yolun hərəkət hissəsini iti yerişlə sol tərəfdən sağ tərəfə keçmək istədiklərini görmüş, o, həmin şəxsləri vurmamaq üçün avtomobili tormozlamağa çalışmış, buna baxmayaraq məsafə az olduğu üçün idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə həmin şəxsləri vurmuş, nəticədə hər iki piyada hadisə baş verəndən sonra yerə yıxılmış, o, bundan sonra idarə etdiyi avtomobili saxlamış və həmin şəxsləri avtomobilinə əyləşdirib Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışdır. “Ford Transit" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etmiş, hadisə zamanı idarə etdiyi avtomobilin sürətinin təxminən 40 km/saat olmuş, həmin vaxt spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, hadisədən sonra sərxoşluq müayinəsindən keçmiş, həmin vaxt idarə etdiyi avtomobildə yük olmamış, piyadaların yolun hərəkət hissəsinə daxil olmasını və yolun hərəkət hissəsini sol tərəfdən sağ tərəfə keçmələrini təxminən 4-5 metr məsafədə görmüş və həmin vaxt idarə etdiyi avtomobildə özündən başqa heç kəsin olmamışdır. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş 2013-cü il təvəllüdlü X7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadıqları evdən çıxaraq Abşeron rayonu, Masazır qəsəbəsi, "Şok" market yaxınlığında yerləşən riyaziyyat fənnindən dərs hazırlığına getmiş, saat 14 radələrində əmisi Şahid onu dərs hazırlığından evə gətirmək üçün oraya gəlmiş, dərs hazırlığından çıxdıqdan sonra piyada hərəkətlə Masazır qəsəbəsi, Ə.Vahid küçəsinə gələrək yolu əks tərəfə keçmək üçün gözləmiş, Masazır dairəsindən Ə.Vahid küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkət axını sıxlıq olduğu üçün əmisi Elvinlə birlikdə əl-ələ vəziyyətdə iti yerişlə yolun hərəkət hissəsini sol tərəfdən sağ tərəfə keçmək üçün hərəkətə başlamış, həmçinin Ə.Vahid küçəsindən Masazır dairəsi istiqamətində avtomobil gəlmədiyini görüb dayanmayaraq hərəkətlərini olduğu kimi davam etdirmiş, bu zaman Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində hərəkətdə olan "Ford Transit" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə onu və əmisi Elvini vurmuş, o və əmisi Elvin hadisə nəticəsində xəsarətlər almış, daha sonra “Ford Transit" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onları müayinə olunmaq üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına gətirmiş, həmçinin hadisə zamanı üstündə olan "Samsung A20" markalı mobil telefon sınaraq yararsız vəziyyətə düşmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində sifət, burun, alın, çənə, əl və ayaq nahiyələrindən xəsarətlər almış, “Ford Transit" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətini təxminən 1-2 metr məsafədə görmüş, hadisə baş verənə qədər əmisi Elvinlə birlikdə yolun hərəkət hissəsinin sol tərəfindən sağ tərəfinə doğru təxminən 8 metr məsafə qət etmişlər. Sürücü onun müalicəsinin bütün xərclərini ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində 2013-cü il təvəllüdlü qardaşı qızı X6 dərs hazırlığından götürüb yaşadığı evə gətirmək üçün qardaşı Eminin yaşadığı evdən çıxaraq piyada yola düşmüş, Dünya Məmmədzadəni hazırlıqdan götürdükdən sonra yaşadıqları evə aparmaq üçün Masazır qəsəbəsi, Ə.Vahid küçəsinə gələrək yolu əks tərəfə keçmək üçün gözləmiş, Masazır dairəsindən Ə.Vahid küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkət axını sıxlıq olduğu üçün Dünya ilə birlikdə əl-ələ vəziyyətdə iti yerişlə yolun hərəkət hissəsini sol tərəfdən sağ tərəfə keçmək üçün hərəkətə başlamış, həmçinin Ə.Vahid küçəsindən Masazır dairəsi istiqamətində avtomobil gəlmədiyini görüb dayanmayaraq hərəkətlərini olduğu kimi davam etdirmiş, bu zaman Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində hərəkətdə olan "Ford Transit" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə onu və qardaşı qızı Dünya Məmmədzadəni vurmuş, o və qardaşı qızı Dünya Məmmədzadə hadisə nəticəsində xəsarətlər almış, daha sonra “Ford Transit" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onları müayinə olunmaq üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Hadisə nəticəsində sol qol və ayaq nahiyələrindən xəsarətlər almış, “Ford Transit" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətini təxminən 1-2 metr məsafədə görmüş, hadisə baş verənə qədər qardaşı qızı Dünya ilə birlikdə yolun hərəkət hissəsinin sol tərəfindən sağ tərəfinə doğru təxminən 8 metr məsafə qət etmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 227 nömrəli rəyindən görünür ki, 2013-cü il təvəllüdlü X2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – başın alın-sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, burunun küt travması-burun nahiyəsinin şişkinlik halnda qançırı, burun tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişən sınığı, çənəaltı, sağ əl, hər iki diz nahiyələrinin sıyrıqları-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 227 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli 273 rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Şahid məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol qalça nahiyəsinin və sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 22 fevral 2023-cü il tarixli 8/555 №li ekspert rəyində göstərilmişdir ki, “Ford Transit" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 1066 saylı məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 442249 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli, 1/531 nömrəli aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış “Ford Transit" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 05 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə isə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə 01 il 04 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. Zərərçəkmiş şəxs X7 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onunla barışıb və təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarı elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs özü Abşeron RPİ-nə xx.xx.2023-cü il tarixdə könüllü gəlmiş və o həmin tarixdə Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 85 manat məbləğində pul təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş bşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş bşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar