Məhkəmə qərarları › İş №1(012)-367/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-367/2021

16.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-367/2021 16.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 oğlunun iştirakı ilə, xx.xx.1983-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : 12.04.2021-ci il tarixdə, saat 11 radələrində Abşeron rayonu Aşağı-Güzdək qəsəbəsi H.Aslanov küçəsində Zərərçəkmiş şəxs ilə qonşusu Təqsirləndirilən şəxs arasında sonuncunun zərərçəkmişin yola daş tökməsinə etiraz etməsi səbəbindən əvvəldən aralarında mövcud olmuş ədavətin nəticəsi olaraq şəxsi və məişət münasibətləri zəminində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı tərəflər qarşılıqlı olaraq dalaşmaqla bir-birlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. Nəticədə Təqsirləndirilən şəxs Xanmirzə Həşimova sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumalarının şişkinlik halında hematoması, şişkinlik və hematoma hesabına görmə zəifliyi ilə; təpə nahiyəsinin əzilmiş yarası, sağ qulaq seyvanının qançır-şişkinlik halında əzilməsi, bel və sol baldır nahiyələrinin sıyrıqlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə əməli törətmiş şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında cinayət qanunu ilə əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı məhəllədə ona məxsus fərdi yaşayış sahəsi və tövlə vardır. Həmin tövlə isə Xanmirzənin evinin yolu üzərində yerləşir. Xanmirzə həmin yolu düzəltdirmək adı ilə oraya bərk tullantılar tökmüş və beləliklə də yolun 1 metrə yaxın səviyyədə qalxmasına səbəb olmuşdur. Belə olan halda isə onunla birlikdə yaşayan 72 yaşlı bibisi Ömrüqum İsmayılovanın həmin yolda hərəkəti çətinləşir, eləcə də yola toplanan yağış və qrunt suları onun həyətinə axır. Bu səbəbdən də o, Xanmirzəyə dəfələrlə yola tullantı tökməsi ilə əlaqədar irad bildirmişdir. 12.04.20212-ci il tarixdə, saat 11 radələrində həyətinin hasarını düzəldərkən Xanmirzə onu çağırmış, o yola çıxdığı zaman Xanmirzənin yenə də yola daş yığdığını görmüşdür. Buna görə də o, Xanmirzədən daşları yığışdırmasını tələb etmiş, sonuncu isə yerdən daş götürərək onun üzərinə hücum etmək istəmişdir. O da öz növbəsində Xanmirzənin daş tutduğu əlini kənara itələyib onun sifətinin sol hissəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən Xanmirzə yerə yıxılmış və onu söyüb-təhqir etməyə başlamışdır. O, təhqirlərə son verməsini tələb etsə də Xanmirzə buna davam etdiyindən yumruqla Xanmirzənin sifətinə daha bir neçə zərbə vurmuşdur. Bu zaman Xanmirzə də ona əli və ayaqları ilə qarşılıq verdiyindən onlar yerdə sürüpləşməyə başlamışlar. Həmin vaxt onun arvadı Şahid2 onu arxadan tutaraq çəkib ayırmaq istəyən zaman özü yıxılmış, bundan sonra o, kənara çəkilmişdir. Xanmirzə isə yaşadığı evin həyətinə girib oradan bel götürmüş və yenidən onun üzərinə gəlmək istəmişdir. Lakin bu dəfə də Xanmirzənin arvadı Gülər onun qarşısına keçərək həyətdən çıxmasına imkan verməmişdir. Buna baxmayaraq Xanmirzə qapının arasından belin taxtadan olan sap hissəsi ilə onu vurmuşdur. Daha sonra Xanmirzə onu söyüb dava-dalaşa təşviq etsə də o, buna əhəmiyyət vermədən evinə qayıtmışdır. O, əlavə olaraq qardaşı Vasifin bu dava-dalaşda iştirak etmədiyini və hadisə yerinə sonda gəldiyini bildirmiş, həmçinin Xanmirzənin kürəyində olan xəsarətləri onunla dalaşan zaman daş və dəmirlərin üzərinə yıxılarkən aldığını qeyd etmişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs və onun qardaşı Şahid1 onunla eyni məhəllədə yaşamaqla qonşudurlar. Məhəllənin yolları pis olduğundan onlar həmin yolu düzlətmək üçün oraya daş tökdürmüşlər. Lakin Yusif bu daşların yola düzüləcəyi təqdirdə yağış sularının onun həyətinə axacağını bəhanə edərək yolun düzəlməsinə imkan vermir. 12.04.2021-ci il tarixdə, saat 11 radələrində məhəllədə olan zaman o, Yusifi görüb yolun təmirinin yekunlaşdırılmalı olduğunu demiş, sonuncu isə bir söz demədən həyətinin kənarında hasar çəkdiyi yerdən daş baltasını götürərək onun üzərinə hücum çəkmiş və həmin balta ilə onun sifətinin sol nahiyəsinə zərbə vurub ona xəsarət yetirmişdir. Aldığı zərbənin təsirindən o, müvazinətini itirərək yerə yıxılmış, yerdə olan zaman Yusif üstünə çıxaraq yumruqla onun başına, sifətinə və sinə nahiyələrinə yumruqla zərbələr vurmağa başlamışdır. Həmin vaxt o, ayağa qalxan zaman Yusif yerdən daş götürüb onun sağ qulaq nahiyəsinə zərbə vurmuşdur. Yusifin səs-küyü eşidərək oraya gələn qardaşı Vasif isə dəmir parçası ilə onun belinə zərbə vurmuşdur. Bundan sonra qadınlar onları ayırarkən arvadı Gülər onu çəkib həyətə salmaq istəyən zaman Yusif yenidən onlara hücum edərək həyət qapısından içəri girmək istəmiş, lakin orada olan insanlar Yusifi oradan kənarlaşdırmışlar. O, əlavə olaraq sözügedən münaqişə və davadalaşın yaşadığı evin qarşısında başlayıb təxminən 25-30 dəqiqə davam etdiyini, həmin vaxt orada adlarını izahatında göstərdiyi şəxslərdən başqa kimsənin olmadığını, eləcə də hadisə vaxtı yüksək səslə danışma, söyüş söymə və s bu kimi halların baş vermədiyini də qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Mayıl oğlunun ifadəsindən görünür ki, onlarla eyni məhəllədə yaşayan Zərərçəkmiş şəxs məhəllədəki yolu düzəldirmək adı ilə bərk tullantıları oraya tökmüş və beləliklə də yolun 1 metrə yaxın səviyyədə qalxmasına səbəb olmuşdur. Belə olan halda isə onlarla birlikdə yaşayan 72 yaşlı bibisi Ömrüqum İsmayılovanın həmin yolda hərəkəti çətinləşmiş, eləcə də yola toplanan yağış və qrunt suları həyətə axmağa başlamışdır. Bu səbəbdən də onlar Xanmirzəyə dəfələrlə yola tullantı tökməsi ilə əlaqədar irad bildirmişlər. 12.04.2021-ci il tarixdə, saat 11 radələrində yaşadığı evdə olan zaman o, yolda səs-küy eşidib çölə çıxmış və həmin yerə yaxınlaşmışdır. Oraya çatan zaman Xanmirzənin arvadı Gülərin başqaları ilə birlikdə onun qardaşı Yusiflə dalaşan Xanmirzəni ayırmağa çalışdıqlarını, Yusiflə Xanmirzənin isə qarşılıqlı olaraq bir-birlərini söydüklərini görmüşdür. Bundan sonra isə onlar hər ikisi sakitləşmişlər. O, əlavə olaraq sözügedən dava-dalaşın şahidi olmadığını və Zərərçəkmiş şəxs döymədiyini bildirmiş və sonuncu tərəfindən bununla əlaqədar qeyd olunan xüsusatların yalan olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, onlarla eyni məhəllədə yaşayan Zərərçəkmiş şəxs məhəllədəki yolu düzəltdirmək adı ilə bərk tullantıları oraya tökmüş və beləliklə də yolun 1 metrə yaxın səviyyədə qalxmasına səbəb olmuşdur. Belə olan halda isə Yusifin onlarla birlikdə yaşayan 72 yaşlı bibisi Ömrüqum İsmayılovanın həmin yolda hərəkəti çətinləşmiş, eləcə də yola toplanan yağış və qrunt suları həyətə axmağa başlamışdır. Bu səbəbdən də Yusif Xanmirzəyə dəfələrlə yola tullantı tökməsi ilə əlaqədar irad bildirmişdir. 12.04.2021-ci il tarixdə, saat 11 radələrində Yusif həyətin hasarını düzəldərkən Xanmirzə Yusifi çağırmış, Yusif isə ilk əvvəl çağırışa əhəmiyyət verməsə də Xanmirzə onu davamlı çağırdığından küçəyə çıxmışdır. Bir qədər sonra isə o, küçədən səs-küy gəldiyini eşidib həyətdən çıxmış və Xanmirzə ilə Yusifin əlbəyaxa olub bir-birlərini itələdiklərini görmüşdür. Həmin vaxt o, Xanmirzənin arvadı Gülərlə birlikdə onları ayırmışlar. Lakin Xanmirzə bununla da sakitləşməmiş və gah yerdən daş, gah həyətdən bel və ya ling götürərək küçəyə çıxmaqla Yusifi vurmağa çalışmış və onu həmin əşyalarla vurub öldürəcəyini demişdir. O, əlavə olaraq qaynı Şahid1 hadisə yerinə sonradan gəldiyini və dava-dalaşa ümumiyyətlə müdaxilə etmədiyini də qeyd etmişdir Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X2 ifadəsindən görünür ki, əri Zərərçəkmiş şəxs barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs və onun qardaşı Şahid1 onlarla eyni məhəllədə yaşamaqla qonşularıdırlar. Məhəllənin yolları pis olduğundan Xanmirzə həmin yolu düzlətmək üçün oraya daş tökdürmüş, lakin Yusif bu daşların yola düzüləcəyi təqdirdə yağış sularının onun həyətinə axacağını bəhanə edərək yolun düzəlməsinə imkan vermir. Bu səbəbdən də Xanmirzə ilə Yusif arasında bir neçə dəfə mübahisə olmuşdur. 12.04.2021-ci il tarixdə, saat 11 radələrində o, yaşadığı evdə olan zaman səs-küy gəldiyini eşidib küçəyə çıxan zaman Xanmirzənin arxası üstə yerə yıxıldığını, Yusifin isə onun sinəsi üzərində oturub əlindəki daşla Xanmirzənin baş və sifət nahiyələrinə zərəbələr vurduğunu görmüş və dərhal onlara yaxınlaşaraq Yusifin arvadı Sənəmlə birlikdə onları ayırmışlar. Həmin vaxt Sənəm yerdən daş baltasını götürüb həyətə atmış, o isə Xanmirzəni öz həyətlərinə aparmışdır. Lakin Yusif sakitləşməyərək dayanmadan onun üzərinə gəlmiş və həyət daxil olub Xanmirzəyə xəsarət yetirməyə çalışmışdır. Lakin sonradan Sənəm əri Yusifi oradan aparmağa müvəffəq olmuşdur. O, əlavə olaraq hadisə yerinə gələn zaman Yusifin qardaşı Vasifin də əlində dəmir parçası ilə orada dayanmasını gördüyünü bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 12.04.2021-ci il tarixli 742 nömrəli rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumalarının şişkinlik halında hematoması, şişkinlik və hematoma hesabına görmə zəifliyi ilə; təpə nahiyəsinin əzilmiş yarası, sağ qulaq seyvanının qançır-şişkinlik halında əzilməsi, bel və sol baldır nahiyələrinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə yəni 12.04.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir.Zərərçəkmiş şəxs bədən səthində baltanın kəsər hissəsi ilə yetirilməyə xarakterik (kəsilmiş-çapılmış yara) xəsarətlər aşkar olunmadı. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 12.04.2021ci il tarixli 755 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə - tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol almacıq və boyun nahiyələrinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 12.04.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 21.04.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Aşağı Güzdək qəsəbəs MTİİTSnin rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, ev 7, mənzil 4-də yaşayır və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Həmçinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.11.2006-cı il təvəllüdlü Heyyət İsmayılzadə, 28.11.2010-cu il təvəllüdlü Əsnat İsmayılzadə və 30.06.2016-cı il təvəllüdlü Gülarə İsmayılzadə adlı bir yetkinlik yaşına çatmayan və iki azyaşlı övladı var. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahid ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, himayəsində onun bir yetkinlik yaşına çatmayan və iki azyaşlı övladı olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar