Məhkəmə qərarları › İş №1(012)-367/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-367/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-367/2024 19.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1990-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, məhkum olunmamış,ünvan 1 ünvanda yaşayan, barəsində "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə, saat saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər şəhərciyində” istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd şəffaf sellofana bükülmüş, ümumi çəkisi 0,201 qram olan, qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində Abşeron rayon polis idarəsinin post-patrul xidmətinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “”Gənclər” şəhərciyində saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 23:35dən saat 23:42-ə kimi orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf selofana bükülümüş çəkisi 0,201 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstədi ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Xırdalan şəhəri, “Kristal-Abşeron-1” yaşayış kompleksinin ərazisində piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və ona şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. O, üzərində şəxsiyyət vəsiqəsi olmadığını demiş və polis əməkdaşları onun şəxsiyyətini müəyyən etmək üçün Abşeron RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmiş və RPİ-də üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və dəvət olunmuş müqdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet varsa təqdim etməyi təklif edilmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibində olan şəffaf selofana bükülmüş bir ədəd bükümü təqdim edib içərisində narkotik vasitə heroin olduğunu və narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Xırdalan şəhərində dayanacaqda tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokolu şəxsi axtarışda iştirak edən şəxslər imzalamışlar. Halhazırda əməlindən səmimi peşmançılıq çəkir və məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin post patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22:40 radələrində iş yoldaşı Şahid2 ilə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksində xidmətdə olarkən 1-ci binanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini istəmişlər.Həmin şəxs üzərində sənədi olmadığını bildirmiş və şəxsiyyətini müəyyənləşdirmək üçün həmin şəxsi Abşeron RPİ-nin növbətçi hissəsinə gətirmişlər. Növbətçi hissədə həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və buna görə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsinə başlanılmış və axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən sonuncuya şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Xırdalan şəhərində dayanacaqda tanımadığı bir nəfər şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılaraq imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. Şahid1 ifadəsi ilə eyni məzmunda olan Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilmiş və həmin ifadəyə qarşı təqsirləndirilən şəxs və onun vəkili tərəfindən etiraz daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Abşeron RPİ-nin Təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddəni çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Xırdalan şəhərində dayanacaqda tanımadığı bir nəfər şəxsdən 10 manata öz istifadəsi üçün almış və üzərində saxlayaraq, daşımışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli 6/4492 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Vət. Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,201 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,151 qram təşkil edir. İş materiallarından görünür ki, ekspert tədqiqatından qalıq qalmış 0,151 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, bir ədəd DVD diskinin saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Həmçinin aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər xuliqanlıq cinayəti törətdiyinə görə hazırda barəsində Sumqayıt Ağır cinayətlər məhkəməsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi baxılma mərhələsindədir. İş materiallarında olan şübhəli şəxsin tutlması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21.08. 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatətinin Abşeron rayon prokuroru tərəfindən təmin edilməməsi və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi barədə qərar verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs MSY-dən azad edilməsi haqında 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Abşeron rayon Pİ-in MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki,iş materiallarına əlavə edilmiş Lənkəran şəhər,İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,xx-xx/3953 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il tarixli X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın həddini və hansı cəza növünü təyin etmək məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməs Cinayət Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilmş ədalət prinsipinin tələblərinə uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdən, 23 avqust 2023-cü il tarixədək tutulduğu 2 gün, 1 günə 2 gün hesablanmaqla, 4 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən cəza müddətindən çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş yaşadığı-Lənkəran şəhər, Səttarxan küçəsi, ev 76A saylı mənzili təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək, Lənkəran şəhər ərazi hüdudlarını tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan qeydiyyatda olduğu və yaşadığı Lənkəran şəhər, Səttarxan küçəsi, ev 76A-ünvanını dəyişdirməmək,cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.151 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs 81 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdən, 23 avqust 2023-cü il tarixədək tutulduğu 2 gün, 1 günə 2 gün hesablanmaqla, 4 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş yaşadığı-Lənkəran şəhər, Səttarxan küçəsi, ev 76A saylı mənzili təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək, Lənkəran şəhər ərazi hüdudlarını tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan qeydiyyatda olduğu və yaşadığı Lənkəran şəhər, Səttarxan küçəsi, ev 76A-ünvanını dəyişdirməmək,cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.151 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs 81 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar