Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-369/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2i evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq audio və video yazı aparılmaqla məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanında yerləşən fərdi evin həyətində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsinə və ona məxsus torpaq sahəsinin satılmasına maneə olmasına əsəbiləşib mübahisə edərək şəxsi münasibətlər zəminində yumruq və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq burun sümüyünün yerdəyişməyən sınığı, hər iki gözaltı, burun, sağ diz oynağı nahiyyələrinin və sağ əlin arxa səthinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs vurmamış və ona xəsarət yetirməmişdir. Əksinə Aygün onun üstünə hucum çəkmişdir. Ona qarşı elan olunmuş ittihamı qəbul etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Aygün ilə 2019-cu ildə tanış olmuşdur, belə ki, vəfat etmiş atası onu tanış etmişdir və yaşamağa yeri olmadığı üçün Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən mərhum atasına məxsus olan qohumu Rahilə Hacıyevanın adına fərdi yaşayış evində yaşamağa başlamışdır. Təxminən 3 ay bundan əvvəl Novxanı qəsəbəsi ərazisində yerləşən Aygünün yaşadığı evin yaxınlığında olan özünə məxsus Rahilə Hacıyevanın adina torpaq sahəsini Əmrah adlı şəxsə satmışdır. xx.xx.2024- cü il tarixdə saat təxminən 16 radələrində Əmrah adlı şəxs istifadə etdiyi mobil telefon nömrəmə zəng edərək Novxanı qəsəbəsi ərazisində yerləşən ona satdığı torpaq sahənin kordinatlarının müəyyən edilməsi məqsədilə gəldiyini lakin, Aygün adlı şəxs ona həmin torpaq sahəsində heç bir bölgü aparılmayacağını kordinatların müəyyən olunmasına icazə verməyəcəyini bildirmişdir. Buna görədə o Əmrah adlı şəxsə satdığı özünə məxsus olan sözügedən torpaq sahəsinə getmişdir. Bu zaman Aygün sözügedən torpaq sahəsində bölgü aparılmayacağını icazə verməyəcəyini bildirmiş, ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Buna görə də Aygün ilə aralarında sözlə mübahisə baş vermişdir. O yerdə olan mişar daşını götürüb onun üzərinə hücum etmək istədikdə Təqsirləndirilən şəxs əli ilə daşa zəbə vurub geri itələmişdir və daş Aygünün sifət nahiyyəsinə dəymiş, o yerə yıxılmışdır. Bundan sonra oradan çıxıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Elməddin adlı şəxsi təxminən 7-8 il müddət olar ki, tanıyır. Təxminən 6 ilə yaxın olar ki, Abşeron Rayonu, Novxanı kəndində Əliağa Vahid küçəsində 1 sot torpaq sahəsi alaraq həmin torpaq sahəsinin içərisində ev tikərək orada yaşayır. Həmin evi onun atası Qibləli Yaqubovdan 10000 (on min) manat müqabilində almışdır. Həmin torpaq sahəsini atası X4 Yaqubovdan etibarnamə yolu ilə almışdır. Təqsirləndirilən şəxs isə Qibləli Yaqubovun oğludur. 2020-ci il tarixdə onun atası Sərdar Sovzəliyev və Qibləli Yaqubov vəfat etdikdən sonra həmin evdə olan X2 onu mütəmadi olaraq incitməyə başlamışdır. Bildirmişdir ki, həmin torpaq sahəsi 1 sot yarım olmuşdur. O həmin torpaq sahəsinin 1 sotunu etibarnamə yolu ilə Təqsirləndirilən şəxs almışdır. Belə ki, bir həyətin içərisində ayrı-ayrı evlərdə həm o həmdə Təqsirləndirilən şəxs birlikdə yaşamışlar. Bundan başqa bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində yaşadığı mənzildə olan zaman görmüşdür ki, onların həyətindən səs gəlir. O nə baş verdiyinə baxmaq üçün həyətə çıxmış, bu zaman görmüşdür ki, icra hakimiyyətinin işçiləri əllərində bəzi aparatlarla evin həyətində çertyoj çəkirlər. O həmin şəxslərdən nə olduğunu soruşduqda, həmin şəxslərdən biri ona demişdir ki, icra hakimiyyətinin işçisidir həmin ərazi başqa bir şəxsə satılmışdır. O bildirmişdir ki, həmin ev onun öz evidir və həmin evdə kirayə qalmır İcra hakimiyyətindən gələn işçilər isə həmin evin ona məxsus olduğunu gördükdən sonra öz aparatlarını yığıb çıxıb getmişlər. Birlikdə həyətdə yaşadıqları Elməddin 2024-cü ilin yanvar ayında öz evini Əmrah adlı şəxsə satmışdır. O icra hakimiyyətinin işçilərinə ölçü götürməklərinə maneə olan zaman Əmrah Elməddinə zəng vuraraq onun icra hakimiyyətinin işçilərinə iş görməyə qoymadığını bildirmişdir. Təxminən 10 dəqiqə sonra Elməddin evə gəlmişdir. Elməddin həyət qapısını açıb içəri daxil olduqdan sonra birbaşa onun üzərinə gəlmiş, qışqıra-qışqıra nalayiq ifadələrlə onu söyüb təhqir eləməyə başlamışdır. O Elməddinə pul verib torpaq aldığını, onun torpaq sahəsini ondan başqa heç kəs sata bilməyəcəyini bildirmişdir. Bu zaman Elməddin Əmrah adlı şəxsin və İcra Hakimiyyətinin işçilərinin yanında onun saçından tutaraq başını irəli çəkmiş və dizi ilə onun burun nahiyyəsindən vurmuşdur. Bu zaman onun burnundan qan gəlməyə başlamışdır. Daha sonra Elməddin onun saçından tutaraq sürütləməyə başlamışdır. Onu Elməddinin əlindən həyətdə işləyən icra hakimiyyətinin işçiləri almışdırlar. Onun huşu getdiyindən bundan başqa olanlar onun yadında deyil. Təqsirləndirilən şəxsdən şikayətçidir, cəza verlməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs Abşeron Rayonu, Novxanı qəsəbəsi adlanan ərazidən Elməddin Hacıyevin qohumu Rəhilə Hacıyevanın adına 1.7 sot torpaq sahəsi almışdır. xx.xx.2024-cü il tarixdə aldığı torpaq sahəsinin koordinatlarını müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları ilə birlikdə həmin torpaq sahəsinə gəlmişlər. Bu zaman sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək istəyən zaman qonşuluqda yaşayan Aygün adlı şəxs evindən çıxaraq təhqiramiz sözlərlə onları təhqir edərək torpaq sahəsinin koordinatlarını müəyyən etməklərinə imkan verməyəcəyini onlara bildirmişdir. Buna görə o da torpaq sahəsini aldığı Elmədddin Yaqubovun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək olanlar barədə məlumat vermiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əməkdaşlarının koordinat götürməsi üçün gəldiyini lakin Aygün adlı qonşuluqda yaşayan qadının səs-küy salaraq buna icazə vermədiyini bildirmişdir. Təxminən 30 dəqiqə sonra Elməddin həmin torpaq sahəsinə gəlmişdir. Bu zaman Aygün Elməddini görən kimi onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, torpaq sahəsinin koordinatlarının müəyyən etməyə imkan verməyəcəyini bildirmişdir. Bu zaman Elməddin ilə Aygünün arasında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Aygün yenidən Elməddinin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman Elməddin Aygünün saçından əli ilə tutub kənara itələmişdir və həmin vaxt Aygün yerə yıxılmışdır. 0 gördüyü qədəri ilə Elməddin Aygünün saçından tutaraq yerə yıxmış, ayaq və yumruq zərbələri ilə onu vurmağa başlamışdır. Şahid onların mübahisə elədiyini görüb Əmlak xidmətinin işçilərinin köməkliyi ilə onları ayırmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024- cü il tarixli 344 saylı rəyindən görünür ki, 1983-ci il təvəllüdlü A.S. Sovzaliyevanın bədənində aşkar edilmiş xəsarətlər burun sümüyünün yerdəyişməyən sınığı, hər iki gözaltı, burun, sağ diz oynağı nahiyələrinin, və sağ əlin arxa səthinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaqdan yayınmağa, qaçıb gizlənməyə cəhd etdiyi üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yaqubov X3 RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılaraq MSY-nə təhvil veriimiş və cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmadığını və sonuncuya xəsarət yetirmədiyini kimi gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təkzib edilmişdir. Eyni zamanda ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin üzləşdirilməsi zamanı zərərçəkmiş şəxs onun dediklərini təkzib edərək, Təqsirləndirilən şəxs gözləmədiyi halda onun saçından tutaraq başını irəli çəkmiş və dizi ilə onun burun nahiyyəsindən vurduğunu təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024- cü il tarixli 344 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsi, həmin xəsarətlərin bərk küt əşya(əşyalar) təsirindən, insan bədəninin hissələrinin (əl, baş və.s) təsirindən və eyni zamanda dava-dalaş nəticəsində nəticəsində əmələ gələ bilməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspert rəylərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.9-cu maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmamış və barışmaq istəmədiyini bəyan etmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət etmək, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, maddi sübut yoxdur; cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq üzərində 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-369/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-369/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver